Page 1 of 3

Zavodun işə başlamaq siqnalı verilmişdi, lakin fəhlələr hələ işə başlamamışdılar.

Ayrapet, Əsgər və Məmməd Pavluşanın başına yığışıb, Tbilisidən gətirilmiş «Kvali» qəzetini harada oxumaq üçün məsləhətləşirdilər. Vasya da onlara yanaşdı. Qəzeti oxumağı axşama qoyub ayrıldılar.

Pavluşa maşanı götürüb kürəni qurdalayırkən, emalatxananın mexaniki Çelman bayırda durub, pəncərənin deşiyindən gözünü Pavluşaya zilləmişdi. O, hər gündə olduğu kimi, yenə də Pavluşanın kimlərlə danışdığını öyrənmək istəyirdi. Çelman emalatxana müdirinə bu barədə raport vermək üçün Pavluşanın kimlə danışdığını cib dəftərçəsinə yazdı, yenə də gözünü Pavluşaya çevirdi. O, öz dəftərçəsinə bu sözləri yazdı:

«Özü çox dikbaş və söz götürməyən bir adamdır; dili çox acıdır. Lakin nədənsə bütün fəhlələr onu sevir, fəhlələr arasında bir sözü iki deyil. Bu gün nahar yeməyində, işə başlamadan qabaq, yenə də Ayrapet, Əsgər, Məmməd və Vasya onun başına toplaşmışdılar. Pıçıldaşırdılar, sözləri də şübhəli sözlərə oxşayırdı — oğru və şübhəli adamlar kimi danışırdılar. Mənə qalırsa, bu dəstəni dağıtmaq lazımdır, çünki onlar emalatxananı zəhərləmişlər».

Sonra Çelman emalatxanaya girdi, Pavluşaya yanaşıb dedi:

– Mənim gözümün içinə yaxşı bax! Bura emalatxanadır, gizlin söhbət yeri deyildir. Sən birkərəlik bilməlisən ki, yüz sənin kimi dəmirçinin hesabını bir dəqiqədə verib yola salaram; bununla zavodun bir tükü də əskik olmaz. Sən bilməlisən ki, Nobel şirkətinin zavodları içərisində Qaraşəhərdəki zavod birinci intizamlı zavodlardandır. Bu intizam mənim işə diqqətlə baxmağımın nəticəsidir. Burada Çelman kimi mexanik var. Bildin? Yaxşı eşit, mənə Çelman deyərlər!..

Çelman çox uzun danışdı. Pavluşa ona heç əhəmiyyət vermədi. Qıpqırmızı dəmiri kürədən ağır maşa ilə götürüb zindanın üstünə qoydu, ağır çəkiclə vura-vura dedi:

– Səni tanıyıram, sən də məni tanıyırsan. Mənə də Qaraşəhərdə dəmirçi Pavluşa deyərlər! Sən Nobelin Qaraşəhərdəki zavodunda məşhur bir mexaniksən, mən də bütün Bakı zavodlarında Pavluşa adilə məşhur bir dəmirçiyəm. Bütün Bakıda Pavluşa bir nəfərdir! Mən də sənə məsləhət görürəm ki, məni öyrənmək üçün öz üzərində bir qədər çalış. Hər gün mənə göz qoyursan, bununla belə yenə də mənim barəmdə savadsızsan.

Pavluşa barmağı ilə alnının tərini sildi; tər damlaları qırmızı dəmirin üstünə tökülüb buxar oldu; sonra çox soyuqqanlılıqla dəmiri yenə kürəyə qoydu, öküz dili kimi qıpqırmızı qızarmış ikinci dəmiri götürdü, döyüb düzəltməyə başladı.

Zavodda olanların hamısı Çelmanla Pavluşanın arasında gedən mübahisənin nəticəsini gözləyirdi; bir çoxları işini tamamilə dayandırıb həyəcanla onlara baxırdı.

Çelman, qəfildən daş dəymiş bir köpək kimi açıqlanmışdı. Pavluşa kimi sadə bir dəmirçidən bu cür sərt sözlər eşidəcəyinə heç inana bilmirdi; lap yaxına gəlib, Pavluşaya bəzi sözlər demək istəyirdi, lakin Pavluşanın vurduğu ağır çəkicin zərbindən qırmızı dəmirdən qopan odlu pərəklər, qızıl qanadlı kəpənəklər kimi ətrafa uçuşur, onun yaxın gəlməsinə mane olurdu. O, uzaqdan Pavluşaya dedi:

– Ey, sənə deyirəm, əlini saxla!

Pavluşa dəmiri yenidən kürəyə atdı, silkələnərək, üstündən dəmir qurumlarını tökdü, tərini silə-silə:

– İndi buyurun, — dedi, — qulaq asıram.

Çelman əlini belinə vurub, gözlərini qıydı:

– Özünə çox da güvənmə, — dedi, — səni bayıra atanda səni tanıyanların heç birisi gəlib deyə bilməz ki: «cənab Çelman, biz Pavluşanı tanıyırıq, qoyun öz yerində işləsin». Belə bir sözü deyən olsa da, mən ona deyərəm: — Sən də tanıdığın Pavluşa ilə cəhənnəm ol! Sən bu ilin hansı il olduğunu bilirsənmi?

– Çox gözəl bilirəm — 1897-ci ildir.

– İndi ki, bilirsən, öz haqq-hesabını bundan apara bilərsən! Görürsən ki, Kazandan başlamış Həştərxana kimi bütün Volqaboyunun əhalisi Volqa ilə axıb Bakıya gəlir. Onların içində yüzlərlə dəmirçi vardır ki, sən onların bir dırnağı da ola bilməzsən. Sən görürsən ki, gündə əlli nəfər rus, tatar, həmşəri iş üçün gəlib ayaqlarımdan öpür.

Bu sözlər Pavluşanı çox açıqlandırdı. O, körüyün yanından maxorka qutusunu götürdü, bir parça qəzet kağızını lülələyib maxorkanı içinə doldurdu, maşa ilə kürədən bir od götürüb maxorkanı alışdırdı. Çelmanın cavabını verdi:

– Mən sənin ayağını öpən adamlardan deyiləm, səninlə də işim yoxdur. Sənin mənə qarşı olan bu hərəkətinə heç bir mə'na verə bilmirəm.

Çelman bir Kuşnaryov papirosu yandırıb dişinə aldı:

– Sən bura gələnə qədər bir nəfər də olsa müdirin yanına şikayətə getməmişdi; nə məndən, nə də öz yaşayışından şikayət edən vardı. Mənə de görüm, niyə sən həmşəriləri, yerliləri öyrədib sahibkarların yanına göndərirsən? Sən rus, onlar müsəlman. Sən həqiqi bir pravoslavnı, onlar — maqometan. Sən bura gəlməmişdən qabaq onlar qoyun kimi başını aşağı salıb otlayırdılar; indi sənin nadincliyin nəticəsində onlar da başını qaldırıb, iş saatları və maaş məsələlərini danışırlar.

Pavluşa dedi:

– Mən heç kəsi öyrətmirəm. İndiyə qədər qoyun kimi başını aşağı salıb işləyən, şikayətə getməyən fəhlələrin indi şikayət etmələri çox da təəccüblü bir şey deyildir. Bunun iki səbəbi vardır: birincisi budur ki, «qoyunların» düşüncəsi dəyişir, onlar da adam kimi yaşamaq istəyirlər, ikincisi də iş şəraitinin ağırlaşmasıdır. İş o qədər ağırlaşmış, yaşayış o qədər çətinləşmişdir ki, «qoyunlar» da onu hiss edirlər. Burada Pavluşa və ya başqaları təqsirkar deyildir. Onların tatar, mənim pravoslavnı olduğuma gəldikdə, sənin bu fikrin sağlam, mədəni fikir deyildir. Bu fikrin haradan göyərdiyini, başqaları bilməsə də, mən yaxşı bilirəm. Burada işləyənlər hansı dildə danışsalar da, hansı dindən olsalar da, yaşayış ağırlığını daşımaqda birdirlər, qardaşdırlar.

Çelman gülümsünərək:

– Belə ha... İndi məsələ aydındır! — dedi. — Sənin axşama kimi burun-buruna verib danışdığın söhbətlər bundan ibarətdir. Buna mənim şahidim də vardır.

Bu arada zavod müdiri içəri girdi. Çelman müdiri görcək:

– Budur, cənab müdirin özü də təşrif gətirdi, — dedi. — Müdir cənabları məndən iş tələb edir, mən də sizdən iş tələb etməliyəm. Bəs sən nə edirsən? Zavod fəhlələrini öyrədib şikayətə göndərirsən. Özün dikbaş, nadinc bir adamsan, başqalarını da özün kimi etmək istəyirsən.

Müdir Çelmanın əlini sıxdı, gümüş papiros qutusunu çıxarıb, Çelmana papiros təklif etdi, Çelman tələsik kibrit çəkib müdirin papirosunu yandırdı, sonra müdir Pavluşaya yanaşıb:

– Hər kəsə iş lazımdır, — dedi, — hər kəs aldığı maaşın müqabilində işləməyə və on saatı səmərəli bir surətdə keçirməyə məcburdur. Siz fəhlələr hərgah müəssisələrin zərər verdiyini, mərkəzdən iş saatlarının artırılmasına və maaşların 10 faiz azaldılmasına dair gələn əmrnamələri və mənim sizin həyatınızı nəzərə alaraq buna etiraz etdiyimi bilsəydiniz, zənnimcə, belə məsələlərin heç birisinə imkan verməzdiniz. Sənin qabiliyyətin və zəhmətə yararlılığın barəsində heç bir danışıq ola bilməz. Lakin xasiyyətin səmərəli zəhmətə mane olur. Xasiyyətin də zəhmətin kimi olsaydı, ölünçəyə qədər Nobel qardaşlarının müəssisələrindən bayıra atılmazdın. Təəssüf olsun ki, sən buradan qovulmağa, hətta həqarətlə qovulmağa, həmişəlik işə götürülməmək şərtilə qovulmağa tələsirsən.

Pavluşa əlini alnına çəkdi, tər qızarmış dəmirin üstünə tökülərək çızıldadı. Sonra o, əlini belinə qoyub, özünü məğrur bir surətdə düzəltdi, həm mexanikin, həm də müdirin üzünə diqqətlə baxdı.

Bütün işləyənlər əlini işdən çəkmişdi. Nə çəkiclərin səsi, nə körüklərin gurultusu eşidilirdi. Hamı əlində maşası durub söhbətin nəticəsini gözləyirdi.

Pavluşa sözünü qısa dedi:

– Mən sözümü heç bir vaxt dəyişə bilmərəm, dəyişmək də istəmirəm; bir kəslə də işim yoxdur. Mən çox təəssüf edirəm ki, siz şikayətlərin səbəbini gizlətmək üçün başqalarını müqəssir göstərməyə çalışırsınız, halbuki şikayətlərin hamısına siz özünüz səbəb olursunuz. Hərgah fəhlələrin yatmağa yeri yoxdursa, o sizin yanınıza gəlib ev istəyirsə, buna kim müqəssirdir? Hərgah fəhlə üzünü yumağa su tapmırsa, əlüzyuyan istəyirsə, bunun təqsiri kimdədir? Fəhlə xəstələndiyi vaxt eşiyə atılıb divar dibində can verirsə, başqaları bunu görüb şikayətlənirsə, bunun səbəbi kimdir? Hərgah fəhlə on saat işlədiyinə müqabil qarın dolusu çörək yeyə bilmirsə, buna görə də şikayətlənirsə, buna Pavluşa nə eləsin?! Hərgah mexanik Çelman gündə yüz kərə fəhlənin anasına, atasına söyürsə, onun izzəti-nəfsinə, şərəfinə toxunursa, iranlıları, Volqa tatarlarını yumruq ilə vurursa, buna müqəssir kimdir? Mənə qalırsa mən fəhlələrin müdir yanına şikayətə getmələrinə razı deyiləm, çünki şikayətlə vəziyyət dəyişmir.

Müdir bu sözlərdən çox açıqlandı. Pavluşanın üzünə tüpürməkdən qorxduğu üçün papirosunun ucunu hirslə çeynəyib qırağa tüpürdü.

Çelman bu vəziyyətdən istifadə edərək dedi:

– Emalatxananı idarə etmək mümkün deyildir. Hamını o öz əlinə almışdır. Bir baxın, hamı əlini işdən çəkmişdir. Görürsünüz, Ayrapet, Əsgər, hətta quzu kimi olan Məmməd belə qulaqlarını şəkləyib Pavluşanın sözünə qulaq asır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets