V. «Ərdəhan» gəmisində
Page 3 of 3 · 67%
Raya dedi:
– Doğrudur, mən o cümləni ancaq bir hadisədən sonra yazdım.
İvanov:
– Hansı hadisədən sonra?—deyə soruşdu.
Raya:
– Hər sözü dildə deməzlər,—dedi,—bir çox sirlər var ki, onu ancaq qəlbin çırpıntıları söylər. İndi gedə bilərsiniz. Ziyafətə gedin, cənab Araratyana məndən salam söyləyin. Lakin Leyla ilə danışmayacaqsınız!
İvanov dedi.
– Sizə and içirəm! O mənim qəlbimi heç vaxt fəth edə bilməz; zira qəlbimdə başqa sevgi üçün yer qalmamışdır. Orada yalnız siz, yenə də sizsiniz!
– Elə isə gedin, lakin yenə də mənim yanıma qayıtmalısınız.
– Gələcəyəm! İnanın, portfelimi də burada qoyuram.
İvanovdan bir az sonra Raya yatağından qalxaraq qapını daldan kilidlədi, qəhqəhə ilə gülərək dedi:
– Nə qədər səmimi sevgi? O da kimə? Ağılsızın birisinə!
Portfeli maraqla açdı. Həftələrdən bəri bəslədiyi arzusuna nail olduğundan sevindi. Əvvəlcə Leylanın redikulundan götürüb, orada gizlətdiyi məktubları çıxartdı, onların biri türkcə, biri ermənicə yazıldığından heç bir şey anlaya bilmədi. «Eybi yoxdur, bu müəmmanı da həll edərəm» deyə məktubları gizlətdi. Raya portfeli stolun üstünə qoydu, içindəki materialları qarışdırmamaq üçün bir-bir götürüb kənara qoydu və nömrələrini başqa kağızlara yazıb iş qoluqlarının içinə atdı. Əvvəlcə kiçik bir iş qoluğunu götürüb açdı.
Raya qoluğu açmadan sevinir, çoxdan bəri şübhələndiyi və öyrənmək istədiyi, hətta bunun üçün də nazını çəkdiyi bir simanın iç üzünü aydın edəcəyinə inanırdı.
Qoluğu açdıqda, böyük bir sui-qəsd əlaməti gördü, özünü itirdi.
Raya əvvəlcə yubanmadan portfeli götürüb Şaumyanın evinə aparmaq və onu bu sui-qəsddən xəbərdar etmək istədi. Lakin o, bu fikrindən çox tez döndü, vəsiqələrin surətini çıxarmağı və İvanova ayıq salmağı qərara aldı.
Portfeldə kiçik bir dəvətnamə vardı. Burada işçi və cəbhəçilər nümayəndələri Xəzər hərbi donanmasının ümumi iclasına dəvət edilirdi. Digər müraciətnamədə, bulvarda çağırılacaq mitinqi müdafiə üçün cəbhəçilərdən silahlı qüvvə tələb olunurdu.
Raya hər iki vəsiqənin surətini çıxartdı. Daha bir maraqlı vəsiqə gördü. Bu vəsiqə Şaumyanın təcili surətdə həbs edilməsi üçün verilən əmr idi. Digər bir vəsiqədə isə şəhərdə hərbi və əskəri idarə elan edilməsi yazılmışdı. Raya bu vəsiqələrlə, İvanov və Kriçenkonun böyük bir sui-qəsd hazırladığını müəyyən etdi. Raya əldə etdiyi bu vəsiqələrdən anladı ki, İvanov Bakı Kommunasını yıxmaq üçün görülən hazırlıq işində qəti rol oynayır. Raya qoluqdakı vəsiqələrdən bir qisminin surətini çıxartdı, qalanlarının isə nömrəsini yazdıqdan sonra çarpayı döşəyinin içində gizlədi. Raya qoluğu portfelə qoyub yenə yatağına uzandı və Şaumyanı görmək üçün ürəyində plan düzəltməyə başladı.
Qapı döyüldü.
– Açıqdır,—deyə Raya səslədikdə, İvanov daxil oldu və soruşdu:
– Mənim ruhum! Səhhətiniz necədir, tərlədinizmi?
Raya nazlanaraq:
– Siz gəlməmişdən,—dedi,—xəstə idim, özümü çox pis hiss edirdim, hətta telefonla, sizi doktorun evindən çağırmaq istəyirdim, lakin sizi görürkən bütün xəstəlikləri, kədər və qüssələri unutdum. Oturun, ruhum! Sizinlə əylənirkən, özümü rahat və zövqverici aləmlərdə hiss edirəm. Oturun! Bir neçə saat məni məşğul edin. Bilirəm ki, işıqlanana qədər yata bilməyəcəyəm. Mən sizinlə bərabər olmaq istəyirəm, bilmirəm bu qiymətli arzuma çata biləcəyəmmi?
İvanov sevinərək:
– O sizdən asılıdır,—dedikdə Raya bir daha nazlanaraq dedi:
– Rica edirəm, məni bir daha «siz» deyə çağırmayın, çünki «siz» kəlməsində bir uzaqlıq vardır.
Rayanın bu sözü ilə İvanovun gözlərindən ilk sevinc damlaları düşdü.
Raya onun saçlarını tumarlayaraq dedi:
– Mənim ruhum, buna heç də lüzum yoxdur. Mən səninkiyəm. Onunla, o sevgi hiss etməyən ingilislə yaşamayacağam. Əmin ol ki, yaxında biz, həyatımızın ikinci dövrünə keçmək üçün səhifələrini yazacağıq. Bir neçə günədək səhhətim düzələr. Əmin ol ki, səni bir daha yalvartmayacağam. Madam ki, biz bir-birimizi sevirik, bir halda ki, ikimiz də gənc və azadıq, qeyri-müəyyən bir vəziyyətdə davam etməyin heç mənası yoxdur. Ancaq siz, bir neçə gün mənə möhlət verməlisiniz. İndi gedin, mən də rahat olmalıyam.
Raya son sözünü dedikdə, dan ulduzu Nargin adasının dalından boylanır, Rayanın mavi gözləri kimi parlayırdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-v-erdehan-gemisinde
Use ← → keys to move, R for a random poem
More by this author
Oktyabr inqilabı qaçqınlıqda və gizlində yaşayan firqə üzvlərinin Təbrizə qayıtmasına səbəb oldu. Oktyabrın axırlarında çağirilan firqə iclasının gündəlik müzakirəsində Oktyabr inqilabından sonra firqənin xətt-hərəkəti müzakirə olunurdu. Hazırkı vəziyyət barəsində firqə üzvlərindən bir çoxları danışdı. Hamıdan sonra mən söz alıb danışdım:– Əziz yoldaşlar, – dedim. - Hazırda Rusiyada nə çar hökuməti, nə də Kerenski hökuməti yoxdur. Rusiyada hakimiyyət Sovetlərin əlinə keçmişdir. Artıq Azərbaycan kəndlisi Rusiyadan gələn istilaçı və rus kəndlisinin qardaşlıq köməyini gözləməlidir. Biz son günlər rus soldatının azadlıq uğrunda uzun illər çarpışan Azərbaycan xalqına göstərdiyi qardaşlıq məhəbbətini öz gözümüzlə gördük. Bir az əvvəl çar generallarının komandası ilə Azərbaycan xalqını qorxu altında saxlayan soldatlar bu gün öz silahını həmin qəsbkarlara və istilaçılara qarşı çevirmişdir. Əziz yoldaşlar! İran torpağı İran kəndlisinindir. Kəndlini torpağa, fəhləni fabrik və zavodlara sahib etmək üçün firqəmiz özünə təzə iş və təzə mübarizə planı düzəltməlidir. Firqə şah hökumətinə qarşı qəti mübarizə tədbirləri görməlidir, çünki şah hökuməti və üsuliidarəsi davam etdikcə, torpağı onun feodallarının və mülkədarlarının əlindən alıb kəndlilərə vermək mümkün olmayacaqdır, çünki şahın özü də və onun soyğunçu vəzirləri də böyük mülkədardır. Biz işçi və kəndlilərimizin möhkəm ittifaqını düzəltməli, firqəmizin silahlarını möhkəmlətməliyik. Biz bir məsələni də qeyd etməliyik: bu məsələ mövhumat məsələsindən ibarətdir. Mövhumat şah hökumətinin və əcnəbi kapitalistlərin əlində güclü bir silahdır. Onlar bəzən top-tüfəng ilə edə bilmədiklərini mövhumat vasitəsilə edirlər. Biz bunu Səttar xan hərəkatı zamanında da, indi də təcrübədən keçirmişik. Onlar bir çox mövhumatçı ruhaniləri öz əllərində silah kimi saxlamaqdadırlar. Biz xalqın gözünü açmalı, mövhumat, avamlıq, savadsızlığa qarşı amansız mübarizə etməliyik! Azərbaycan kəndlisi və fəhləsi demokrat firqəsinin rəhbərliyi sayəsində gec-tez şah üsuli-idarəsinin boyunduruğunu öz üzərindən atacaqdır. İngiltərə, Amerika, Almaniya və Türkiyə dövlətlərinin istilaçı siyasətinə qarşı aparılan mübarizəni şah hökumətinə qarşı aparılan mübarizədən ayırmaq lazım deyil, çünki bütün əcnəbi müstəmləkəçilər şah hökumətinə və onun rüşvətxor məmurlarına arxalanırlar. Mübarizəni ciddiləşdirmək və onu kəskin bir hala gətirmək üçün firqənin sağlamlığina diqqət vermək lazımdır. Çünki şəxsi mənafe üçün firqə sırasına daxil olmuş tacirlərin varlığı ilə şah hökumətinə və onun feodallarına qarşı mübarizə təşkil etmək çətindir. Bunu da qeyd etmək lazımdır ki, kəndlilər arasında apardığımız iş kifayət dərə- «ədə deyildir. Səttar xan hərəkatı zamanında bu işin bünövrəsi qoyulmuşsa da 11-ci illərdən sonra çox zəifləməyə başlamışdır və bizim başımız xalqın daxili və xarici düşmənləri ilə mübarizəyə qarışdığından biz son zamanlar kəndlilərin siyasi və ictimai tərbiyəsi ilə çox az məşğul oluruq, bu bizim öz işimizdə buraxdığımız böyük nöqsandır.
ZavoddaZavodun işə başlamaq siqnalı verilmişdi, lakin fəhlələr hələ işə başlamamışdılar.Ayrapet, Əsgər və Məmməd Pavluşanın başına yığışıb, Tbilisidən gətirilmiş «Kvali» qəzetini harada oxumaq üçün məsləhətləşirdilər. Vasya da onlara yanaşdı. Qəzeti oxumağı axşama qoyub ayrıldılar.
Gizli ədəbiyyatHamısının sözü bir idi. Səhər saat doqquzda erməni kilsəsinin qarşısında görüşməli idilər. Tiflisdən gətirilən gizli ədəbiyyatı almaq üçün bir yerdə getməli və oradan gələn yoldaşlarla görüşməli idilər.Pavluşa ilə Əsgər hamıdan qabaq gəlib kilsənin tinində durmuşdu. Ayrapet və Məmməd gəlincəyə qədər Parapetin tinində gəzən qorodovoy iki kərə onlara yanaşıb:
Pavluşa zavoddan qovulduMüdirlə Pavluşanın arasında olan ixtilaf dərinləşirdi. Zavodun baş mexaniki Çelman Pavluşanın, Əsgərin və Ayrapetin fəhlələri əl altından öyrətməsindən xəbərdar olsa da, onları zavoddan çıxarmaq üçün bir bəhanə tapmırdı, çünki zavoddakı fəhlələr arasında tamam bir həmrəylik yaradılmışdı.Pavluşa və yoldaşlarının iki dəfə meyxanaya girməsi haqqında Çelmana xəbər gətirmişdilər.