Naxçıvan
Page 4 of 5 · 60%
Təliənin və Nüsrətəddinin anası Gözəlin taxt-rəvanı şəhərin mərkəzindən keçdiyi zaman, Atabəy qülləsinin qarşısında minlərcə silahlı və silahsız xalqın durduğunu gördülər. Onlar taxt-rəvanın ipək pərdəsini qaldırıb dişarı baxdıqları zaman Hüsaməddinin dar ağacından asıldığını görüb onun döşündəki iri xətlə yazılmış lövhəni oxudular:
“Hüsaməddin, Atabəy Məhəmməd və Qızıl Arslanın qətlində iştirak etdiyi və məmləkətdə əcnəbi müdaxiləsi üçün imkan yaratdığına görə, Azərbaycan xalqı tərəfindən edama məhkum edilmişdir”.
Nüsrətəddin xəstə idi, o xəstəlik yatağından təzəcə qalxdığı üçün Təliəni və anası Gözəli Atabəy Eldəniz sarayının qapısında istiqbal edə bildi. Təliə Nüsrətəddini xəstə və yaralı gördüyü zaman ağlamaq istərkən, Gözəl onun dodaqlarından öpərək:
– Özünü ələ al, mehriban qızım! Bizim həyat tariximizdə ağlamaq sözü yazılmamışdır. Hökmdarın əlindəki yara, namus və qəhrəmanlığın silinməz bir möhürü olub qalacaqdır. Xalq hökmdarın uğrunda qan tökdüyü və öz həyatını qurban verdiyi zaman, hökmdarın sarayda oturub öz canını qorumaması şərəfsizlik olardı, – dedi.
Bu gecə Naxçıvanda indiyə qədər misli görünməmiş bir çıraqbanlıq var idi. Bir tərəfdən Toğrulun ordusuna ölüm zərbəsi vurulmuş, o biri tərəfdən gənc mələkə və hökmdarın anası Naxçıvana gəlmişdilər. Nüsrətəddinlə gənc mələkə Eldəniz sarayının bir guşəsində oturub sarayın cənubundan keçən Araz çayına və ayın şəfəqində gümüş rəngli ləpələrin balıq beli kimi titrədiyinə baxırdılar.
Sanki on dörd gecəlik ay, üzündəki kirşanları yumaq üçün Edialağa gölünün sahilinə enir və ağ buludların qətifəsinə bürünərək çimməyə hazırlanırdı.
Maku dağlarından qalxan ruzigar, Şahbuz qayalarından qopan sərin küləklər, Eldəniz sarayının başı üzərində çırpınaraq gənc mələkənin qara saçlarıyla əylənməyə çalışırdı.
Xoşbəxt gənclərin oturduğu köşkün başı üzərində dövrə vurub dayanan nəş ulduzları da qısqanclıqdan parlayan gözlərini Təliənin çöhrəsinə dirəyib baxırdı.
Gənc Nüsrətəddin dodaqlarını Təliənin dodaqlarına uzatdığı zaman, küləklər də ulduzları qısqandırmamaq üçün Təliənin uzun saçlarını qaldırıb Nüsrətəddinin çiyinlərinə tökür və pərdə çəkirdi.
Bu vəziyyət uzun dəqiqələr davam etdi. Son kərə Təliə dodaqlarını gənc hökmdarın dodaqlarından çəkdiyi zaman belə bir səs eşitdi:
“Mələkə həzrətləri, şam süfrəsinə buyurun”. Onlar yerlərindən qalxıb aşağı düşmək istərkən, yenə də hökmdar Təliənin dodaqlarından, ruzigarlar isə qara saçlarından öpürdü.
Təliənin və Gözəlin Naxçıvana gəldiyinin ikinci günü hökmdarın əmrinə görə babası Eldəniz və böyük nənəsi Mömina xatunun qəbirləri üzərində bir ziyarət mərasimi düzəldilmişdi.
Hökmdar babasının qəbir daşına bir dəstə gül qoyub dedi:
“Aylardan bəri Naxçıvanda oturub ziyarətinizə gəlmədiyimi özünüzə qarşı bir nəzakətsizlik hesab etməyin. Qaliblərin ziyarətinə böyük bir qələbənin müjdəsi ilə gəlmək istəyirdim. Bu gün Naxçıvan yenə də sənin varlığınla fəxr edir, sənin rəhbərliyinlə vətənini düşməndən təmizləyir. Sənin oğlanlarının intiqamını aldım, onların qatillərini dar ağacından asdım.
Araz çayının cənub sahilinə keçirəm. Eldənizin tarixi nüfuzunu yenə də Bağdad qapılarına hakim edəcəyəm”.
Gözəl və Təliə Eldəniz və Mömina xatunun qəbirləri üzərinə gül qoyub qayıtdıqları zaman, yolun ətrafında duran yoxsullara qızıl və gümüş dirhəmlər və dinarlar ehsan edirdilər.
Gecə çox qaranlıq idi. Daşın dalında oturub Araz çayına baxan keşikçi Araz çayından bir qaraltının üzüb bu tərəfə keçdiyini hiss etdi, yerindən hərəkət etməyərək gözünü həmən nöqtəyə zillədi. Bir neçə dəqiqədən sonra çayın kənarındakı daşın dalından bir nəfərin qalxıb şəhərə tərəf getmək istədiyini gördü və ayağa qalxıb:
– Kimsən?.. Dayan! – deyə səsləndi.
Naməlum adam dayandı və heç bir müqavimət göstərmədi, ancaq keşikçinin:
– Kimsən?.. Nəçisən?! – deyə verdiyi suala cavab olaraq:
– Bir dəqiqə artıq danışmaq əlahəzrət Nüsrətəddinə qarşı bir xəyanətdir, məni onun yanına aparın! – dedi.
– Mən səni ancaq bizim nayibin yanına apara bilərəm.
– Hər kimin yanına aparırsan apar, lakin yubanmaq lazım deyil.
Keşikçi onu nayibin yanına gətirdi. Nayib onun kim olduğu və nə üçün gəldiyi barəsində sual verməyə başladı.
Naməlum adam sual-cavabın uzun çəkəcəyini hiss etdi, nayibdən yüzbaşıya, yüzbaşıdan sultana, sultandan əmirhəng, sərtib, sərhəng və süpərsalara qədər bu kimi suallara cavab verməyə məcbur olacağını və buna görə də nayibə müraciət edib dedi:
– Sual-cavabı buraxın, hər bir sualın cavabını vermək onlarca insanın məhv olunmasına səbəb ola bilər, vəziyyət ciddidir. Məni əlahəzrətin yanına götürün.
Nayib qasidin sözünə qəhqəhə ilə güldü və dedi:
– Nə qədər əziz qonaq... Gecənin bu zamanı əlahəzrət öz sarayında oturub Araz çayından oğurluqca keçən cənabın yolunu gözləyirmiş. Eybi yoxdur, yol gəlibsən, yorğunsan, bu gecəni bizim qarovulxanada qalıb istirahət edərsiniz. Sağlıq olursa, sabah sizin əmrinizə əməl edərik.
Qasid yalvarmağa başladı, lakin sözü qəbula keçmədi. Onu bir neçə əsgər götürüb qarovulxananın içəri otağına aparmaq istədi. Ancaq o:
– Bu sizin tərəfinizdən hökumətə qarşı bir xəyanətdir. Mən mühüm bir məqsəd üçün Naxçıvana göndərilmişəm.
Bu sözlərin heç birisi qəbula keçmədi. Onu çəkə-çəkə aparırdılar. Bu halda qarovulxanaları yoxlamaq üçün gələn Fəxrəddin dörd nəfər yavəri ilə bərabər qarovulxanaya girdi və naməlum adamın otağa sürüldüyünü görüb soruşdu:
– Bu nə deməkdir?! İnsana qarşı insancasına əlaqəni unutdunuzmu?!
Nayib bu suala qarşı cavab verib dedi:
– Araz çayından xəlvətcə keçmişdir. Özü də padşahın özündən başqa heç bir kəslə danışmaq istəmir. Görünür ki, ağıldan da bir azca yoxsuldur. Özünün bu saatda padşahın yanına aparılmasını tələb edir.
Fəxrəddin nayibin üzünə acı bir baxışla baxaraq:
– Buraxın, buraxın mənim yanıma gəlsin, – dedi.
Naməlum adamı buraxdılar. O, Fəxrəddinə sual verdi:
– Siz kimsiniz?
– Mən padşah ordusunun süpərsalı Fəxrəddinəm.
– Bu təsadüf bir xoşbəxtlikdir, sizin nayiblər mənim vaxtımı sual və cavabla itirsəydilər, əsas məqsəd əldən çıxacaq idi. Təbrizdə vəziyyət qorxuludur, məni Şəmsəddin göndərmişdir. Əlahəzrətin hüzuruna getməliyəm.
Fəxrəddin daha heç bir söz demədi. Qasidlə bərabər atlanıb gecə saat ikidə Eldəniz sarayına çatdılar. Keşikçi gedib Nüsrətəddinə Fəxrəddinin bir nəfər naməlum adamla gəldiyini xəbər verdi, bir azdan sonra qayıdıb:
– Əlahəzrət sizin müntəzirinizdir, – dedi.
İçəri girdilər. Nüsrətəddin yatmamışdı, o Təliə üçün Nizaminin “Xosrov və Şirin” əsərindən parçalar oxuyurdu.
Fəxrəddin qasidi əlahəzrətə təqdim edib:
– Qasid, mərhum Qızıl Arslanın qoca vəziri Şəmsəddin tərəfindən gəlmişdir, – dedi.
Nüsrətəddin kitabı əlindən yerə buraxıb:
– Mənim möhtərəm müəllimimin kefi necədir? – deyə soruşduqda, qasid:
– Həm çox qocadır, həm də xəstədir.
– Məktub verməmişmi?
– Bəli, vermişdir.
– Hanı bəs məktub?
Qasid utanaraq cavab verdi:
– Məktub köynəyimə yazılmışdır.
– Get, çıxar gətir.
Qasid, pərdənin dalına keçərək köynəyi çıxarıb gətirdi, lakin oradan heç bir şey oxunmurdu. Fəxrəddin köynəkdə yazı görmədikdə nayibin “ağıldan da bir azca yoxsuldur” – dediyi yadına düşdü, naməlum adama inanaraq padşahın yanına gətirdiyindən utandı və ona sual verdi:
– Öz çirk köynəyini padşaha nişan vermək üçünmü Araz çayını keçib bura gəlmişdin?!
Qasid bu sualdan gülümsünərək dedi:
– Əmr edin qızarmış odla dolu bir manqal gətirsinlər.
Fəxrəddin güldü, padşah da qəhqəhə ilə güldü və qasidə sual verdilər:
– Köynəyinin tərini qurutmaqmı istəyirsən?
– Rica edirəm, vaxtı boşa verməyin. Manqal gətirilməsinə əmr verin.
– Manqal gətirdilər. Qasid köynəyi istiyə tutdu, bir azdan sonra köynəyin üstündə sarı rəngdə yazılar görünməyə başladı. Fəxrəddin və padşah heyrətlə soruşdular:
– Bu nə deməkdir?
– Təbrizdən kənara çıxanların hamısı Toğrulun təyin etdiyi qarovullar tərəfindən axtarılır. Bir parça kağız şəhərdən kənara çıxarmaq mümkün deyil, yollarda uzunqulaqların palanlarının içərisini belə söküb axtarırlar. Buna görə də Şəmsəddinin əmrinə görə məktubu soğan suyu ilə köynəyimə yazdılar. Köynək ancaq oda tutulandan sonra yazıları oxumaq mümkün olacaqdır.
Fəxrəddin köynəyi əlinə alıb məktubu oxumağa başladı:
Əlahəzrət!
Toğrulun Naxçıvan altındakı məğlubiyyəti dostlarınızı həddindən artıq sevindirdi. Lakin Toğrul indi şimali azərbaycanlıların intiqamını Cənubi Azərbaycan xalqından almağa başlamışdır.
Yaşayış şəraiti olduqca ağırdır. Toğrulun yaratdığı bu şərait azərbaycanlıları köçürüb yerlərinə iraqlıları və iranlıları köçürmək məqsədini daşıyır. Toğrul Cənubi Azərbaycanı iranlılaşdırmaqla Şimali Azərbaycanın qarşısına bir hasar çəkmək, daha açığı, onları təkləmək istəyir.
Hazırda Təbrizdə və ətrafında birləşən iyirmi min İraq və Fars qoşunlarına öz ailələrini Azərbaycana köçürmək əmri verilmişdir.
Təbrizin qərb tərəfində yaşayan xalqa, bir ayın müddətində köçüb İraq və Fars məmləkətlərinə getmələri əmr olunmuşdur. Lakin onlar Toğrulun bu əmrinə itaət etmədilər. Onlar Toğrulun göndərdiyi cəza dəstələrini qovub məhəlləndən çıxardılar. Hazırda ixtilaf böyük bir üsyan şəkli almışdır. Qara Məlik adlı bir nəfər kəndli bu üsyanı idarə edir. Cənubi Azərbaycanın hər tərəfindən igidlər və vətənpərvərlər Qara Məlikin köməyinə gəlirlər.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-naxcivan
Use ← → keys to move, R for a random poem
More by this author
Yarəb! Sənə min şükr ki, dünyanı yaratdın,Bir dəfə dedin «ol!» — çayı, qəlyanı yaratdın.
İnsan yaradıbsanYa rəb, sənə min şükr ki, insan yaradıbsan!İnsanları, rəbba, əcəb əlvan yaradıbsan!
Ramazan münasibəti iləGəlcək ramazan tazələnir köhnə şəriət,Ağzın qapayıb millət alır və’dəyi-cənnət,
Ramazan, Novruz və MəhərrəmHər rəngə desən girməyə amadəyik, əl’an,Üç rəngə girər ildə bu qayilçə müsəlman: