Nina məni bir saatdan bəri gözləyirmiş, mən içəri girdikdə o, gözlərinə inanmayan bir adam kimi üzümə baxdı və əllərini üzünə tutdu. Nina daima ağlamaq istədikdə əllərini üzünə tutardı, bunu Təhminə xanımın qızları da bilirdi, bunun üçün də Nina əllərini üzünə tutarkən Təhminə xanımın qızları dışarı çıxdı.

Nina ağlayırdı, mən onun əllərini üzündən çəkdim, saçlarını oxşamağa başladım. Bu oxşamadan aldığım səmimi hislər vücudumun hər yerinə yayıldı.

– Ağlamağa lüzum yoxdur, mən yenə də qayıtdım, yenə də birlikdə işləyəcəyik, məsud həyat keçirəcəyik, – dedikdə o, ayağa qalxdı, boynuma sarıldı və:

– Belə qorxulu bir zamanda Təbrizə qayıdacağına heç inanmırdım, – dedi. O, hələ də sakit olmamışdı, vücudu titrədiyindən onun ağlamaq istədiyini anlayırdım. Bir azdan sonra o, başını çiynimə söykəyib yavaş-yavaş sakit olmağa başladı.

Onu danışdırdım – fikir etmə, bu gəlişim və burada başlamaq istədiyim iş müvəqqəti deyildir, uzun sürəcəkdir, – dedikdən sonra o özünü ələ alaraq:

– Vəziyyət çox ağırdır. Şəxsi vəziyyətimdən danışmayacağam, heç bir ehtiyacım yoxdur. Məni darıxdıran bir şey varsa, o da çalışmağa bir sahə olmamasıdır, – dedi.

– Onu da düzəldəcəyəm. İş üçün zəmin hazırdır. Hələ söylə görüm, Məcid ilə necə yola gedirsən?

O gülümsəyərək:

– Məcid gündən-günə dəyişir, gözəl bir oğlan olmuşdur, rəhmətlik anasına oxşamağa başlamışdır. İdraklı, fərasətli bir uşaqdır, dərs oxuyur, lakin səni də tez-tez soruşur, adını bilmək üçün də maraqlanır, – dedi.

– İndi sən adımı ona deyə bilərsən, adım Əbülhəsən bəydir.

Nina təəccüblə:

– Doğrudanmı? – deyə soruşduqda, mən pasportu və onun üstündəki fotoqrafiyamı ona göstərdim.

– Baxın. İndi inandınızmı?

– Bəs bunun sahibi pasportsuz necə dolanacaqdır?

– O da Rusiyada mənim pasportumla yaşayacaqdır. O bizim yoldaşımızdır, – dedim.

Nina bir daha əlimi sıxdı və:

– Deyəcək sözlərim çoxdur, İraida bir böyük adam olmuşdur, – dedi.

– Necə böyük adam?

– O, konsulun məhəbbətini qazanmış və onun sağ əli hesab olunan bir zatla yaşamaqdadır.

– O zat kimdir? Mən tanıdığım adam deyilmi?

– Bəlkə də, tanıyırsan, o, sərdar Rəşiddir.

– Tanıyırdım. Vaxtilə Ərdəbildən Eynüddövlə tərəfindən göndərilən həyətdə sərdar Rəşid də var idi. Mənim eşitdiyimə görə, keçmişdə dəllək şagirdi olmuşdur.

İraidanın elə alçaq bir adamla yaşamağa razı olması bir hiylədən xali deyildi. O qız ağıllı və vüqarlı bir qız idi. O, konsulxanada xidmət etdiyi müddətdə sevgi hissi ilə əlini bir kimsə də olsa, sıxa bilməmişdi. O, sərdar Rəşid ilə nə vasitə ilə tanış oldu və onu bu alçaqla kim bağladı? – düşünməyə başladım. Lakin düşündüyümü Ninaya sezdirməyərək:

– İraida sərdar Rəşidi sevib yaşayırsa, nə demək olar? Təbrik etmək də mümkündür, – dedikdə Nina inanmayan adamlar kimi dedi:

– Mən onun sevgisinə inana bilmərəm, o, sevmək bacarmaz, biz hər kəsi sevə bilsəydik, Riqada da yaşaya bilərdik. İraidanın bu sevgisində başqa cəhətlər görürəm.

– Nə kimi cəhətlər? – Mən özümü bilməməzliyə vuraraq soruşdum.

Nina:

– Konsulun hiyləsi nəticəsində yüzlərcə İraidalar bədbəxt olur. Onun belə bir siyasəti vardır, o konsulxana ilə əlaqəsi olan bütün nüfuzlu yerlilərin yanına bir nəfər qadın vermişdir. Lakin bu qadınların heç birisi xoşbəxt olmamışdır. İraidanın da axırından qorxuram, – dedi.

– O sənin yanına tez-tez gəlib-gedirmi?

– Gəlir, lakin onun gəlməsindən razı deyiləm.

Ninanın son cümləsindən şübhələnməyə başladım, lakin məsələni dərinləşdirmək və bunu əlverişli bir zamana buraxmaq üçün söhbətin məzmununu dəyişərək ondan soruşdum:

– Minasyan ilə necə dolanırsınız?

– Əlaqəmiz çox yaxşıdır. Lakin bundan sonra orada yaşamağımız əl verməz. Bəlkə də, o tərəfdə səni tanıdılar, başqa bir yerə köçməliyəm, – deyərək mənim üzümə baxdı.

– Mümkündür. Mən Rasta küçədə yaşayıram, sənin üçün də əlverişli bir bina düzəldərəm, – dedim.

– Tez düzəltməyə çalışın.

– Çox gözəl, sabahdan etibarən təşəbbüs edərəm. De görüm konsul Təbriz haqqında nə fikirdədir?

– Fikirlər qarışıqdır. Məhəmmədəlinin məğlub olub rus səfarətinə soxulması Tehranda rus səfirinin və rus siyasətinin məğlub olması deməkdir. İndiyə qədər Tehranın tərəfdarı olan və onun üçün də hökumət ordusunun qələbəsinə çalışan çar siyasəti, bu gün mərkəzin əleyhinə çevrilmişdir. Hazırda rus konsulu Tehrandan və Peterburqdan aldığı təlimat üzrə Azərbaycanın Tehranı tanımaması siyasətini aparır. Vaxtilə Tehrandan təlimat alan Dəvəçi əks-inqilabçıları da konsulun fikrinə əsasən Tehranla əlaqənin kəsilməsi tərəfdarıdır.

– Səttar xanın vəziyyəti nə haldadır? Onun haqqında konsul nə düşünür?

Qız güldü:

– Burada qəribə bir təsadüf vardır. Səttar xan Osmanlı konsulxanasından çıxandan sonra onda tam mənası ilə başqa bir fikir doğmuşdur. Səttar xan da Tehranı tanımaq istəmir, o da deyir ki: «Bu Qacarı qovduqsa, yerinə başqa Qacar gəldi». – Bu fikir nə qədər sağlam bir fikir olsa da, hazırkı çar siyasətinə yardım edən bir fikirdir, çünki ruslar da Azərbaycanın Tehrandan ayrılması siyasətini aparır. Bu fikir Səttar xanın başına Osmanlı konsulxanasında qoyulmuş bir fikir olsa da, ağıllı fikir deyildir, çünki osmanlıların Azərbaycanda nüfuzu yoxdur. Səttar xan Azərbaycanı mərkəzdən ayırıb müstəqil yaşatmaq istəsə belə, ruslar ona imkan verməzlər. Hər halda, bu fikrin əsas mənbəyini osmanlılarda deyil, onları əlində alət etmək istəyən almanlarda aramalıdır. Azərbaycanın ayrılmaq fikrini aralığa hər kim atırsa-atsın, bu fikir ruslara xidmət edən bir fikirdir. Ruslar belə bir fikirlə mərkəzi hökuməti şaşdırmaq və rus təkliflərinə razı salmaq siyasətini aparır.

Qızın siyasi düşüncəsi az müddət içərisində xeyli inkişaf etmişdi, xüsusən o, yerli xalqın əhvali-ruhiyyəsini olduğu kimi öyrənə bilmiş və azərbaycanlıların osmanlıları sevməmələri və əqidə, məzhəb ixtilafının hələ indiyə qədər davam etdiyi haqqında da düzgün məlumat əldə etmişdi.

– Fikrin doğrudur. Hərgah Səttar xan və osmanlılar belə bir fikir yürüdürsə, bu fikir orijinal bir fikir deyildir, bu fikir imperialist Almaniyanın fikridir.

– Bina məsələsini unutma. Bir də səndən soruşmaq istəyirəm, sənin gəldiyini İraidaya xəbər vermək mümkündürmü?

– Əlbəttə, mümkündür. O məni az sərmayəli bir tacir kimi tanımırmı?

– Elədir. O, indi də o fikirdədir.

– Heç eybi yoxdur. Yenə də tacirin səfərdən qayıtdığını ona söyləyə bilərsən, mümkün edə bilsəm, onunla görüşəcəyəm də.

– Görüş, lakin ehtiyatlı ol. İraida sən gördüyün İraida deyildir, – deyərək Nina mənə tapşırıq verdi.

Mən evə getməli idim, Əlekbər yoldaşla bərabər gəldiyimi söylədim, Nina onunla tanış olmağa maraqlandı. Sonra Təhminə xanımın qızlarını içəri çağırdım, tam mənası ilə dəyişmişdilər. Nina onların paltarını, saçlarını, bütün qiyafələrini dəyişib bir avropalı qızı şəklinə salmışdı. Sabah Təhminə xanımın evində görüşəcəyimizi qərarlaşdırdıqdan sonra Ninadan ayrıldım.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets