Page 2 of 3 · 33%

Qızıl Arslanın Həmədana hücumu və Toğrulu həbsə aldırması bu məsələni həll etdi. Mən bilirdim ki, mələkə Toğruldan gözlədiyi arzuları Qızıl Arslandan da gözləyirdi, lakin mələkə bu arzularına da nail lda bilmədi. Çünki Qızıl Arslan mələkəyə evlənmək üçün Azərbaycan xalqının sevdiyi vəliəhdi kənar edib mələkənin oğlunu vəliəhd təyin edə bilməzdi.

Hazırda Qızıl Arslan öldürülsə belə, siz yenə də Toğrul ilə əvvəlki oyunları oynamağa başlayacaqsınız. Mənsə iki hökmdarın qətlinin məsuliyyətini boynumda daşımalı olacağam. Tarixin və xalqın haqlı olaraq verdiyi lənətləri qazanacağam. Yaxşı olardı ki, mələkə mənim yaxamı buraxaydı. Mən indi-indi bilirəm ki, mənim gəncliyim həyata keçirilməz bir arzunun təpikləri altında əzilib məhv edilmişdir. Qırx beş yaşına çatdım, məqsədimə çata bilmədim, geniş bir məmləkətdə doğulduğum halda vətəndaşlıq haqqımı itirdim. İndi mən hara gedə bilərəm? Qılıncımı götürüb hansı bir məmləkətə gedərsəm, yenə də məni öz vətənimə qarşı xəyanətə məcbur edəcəklər, çünki bu vəziyyəti mən özüm qazanmışam, çünki mələkə məni öz sevgisinə inandırmışdı. Ancaq mən sevgilərin bu qədər aldadıcı və boyalı olduğunu bilmirdim.

Hüsaməddin istədiyi qədər danışdı. Qətibə onu sakit-sakit dinləyirdi. Hüsaməddin sakit olandan sonra Qətibə danışaraq dedi:

– Arzuya, hətta çətin arzulara da nail olmaq üçün əsas vasitə vəziyyəti öyrənməkdir. Xoşbəxtliyin qapısını açmaq üçün gözüaçıq olmaqla bərabər səbirli və mətanətli olmaq da lazımdır.

Mən sənin düşündüyün kimi rəftar etsəydim, sənin dediyin kimi tələsmiş olsaydım, ikimiz də məhv ola bilərdik. Mən iki padşahın gözünün qarşısında öz ərimin qatilinə ərə getsəydim, onlar bu hadisəyə nə kimi bir nəzərlə baxa bilərdi? Biz elə bir izdivacdan rüsvayçılıq və ölümdən başqa bir nəticə əldə edə bilərdikmi? Sənə sual verirəm, mənə cavab verməlisən...

Mən adi bir qadın olsaydım, bu barədə düşünməyə heç bir lüzüm yox idi. Nəhayət, sən mənim kim olduğumu nəzərdə tutmalısan, ya yox? Bugünkü vəziyyətin şəklini dəyişmədən xoşbəxtlik məsələsini meydana atmaq xəyalpərəstlikdir, hissiyyatpərvərlikdir, bunların heç birisindən xoşbəxtlik ummaq olmaz.

Sevgimin aldadıcı və boyalı olduğuna işarə edirsən. Bir məmləkətin mələkəsi öz dodaqlarını və öz qəlbini bir adamın sərəncamına verərsə, onun sevgisinə boyalı və aldadıcı sevgi adını vermək, sevgiyə qarşı nankorluq və xəyanət deyildirmi?

Ağıllı adamlar sevgidən xoşbəxtlik qazanmağa çalışmalıdır, lakin sən rüsvayçılıq və təhlükə qazanmağa çalışırsan. De görüm nəsihətlərimi təsdiq edirsənmi?

Hüsaməddin yavaşdan:

– Təsdiq edirəm, mələkə, – dedi.

Hüsaməddin Qətibənin otağından çıxdıqda gecədən çox keçmişdi, Qətibə onunla vidalaşdığı zaman:

– Mənim ruhum! Xoşbəxtliyə gedən yolun çox hissəsini getmişik, yorulma, bu yolu da müvəffəqiyyətlə getmək lazımdır! – dedikdə Hüsaməddin bir daha onu qolları arasına alıb sıxdı və dodaqlarından öpərək:

– Bu yolu axıra qədər davam etdirəcəyəm, mələkə bu sözümə inana bilər, – dedi və qapını örtüb çıxdı.


Qızıl Arslanın düzəltdiyi İraq və Reydən gəlmiş qonaqların heyrətinə səbəb olmuşdu. Onlar heç bir zaman Qızıl Arslanı bu gündə olduğu kimi şad görməmişdilər. O, hər piyaləni əlinə aldığı zaman bir şeir oxuyurdu, eyni zamanda özü üçün təkiyeyi-kələm etdiyi:

“Ey əcəl tez gəl, bu dirilik məni həlak edir” sözləri də onun qəlbində hakim olan kədərlərin nə qədər kəskin olduğunu bildirirdi.

Nəhayət, o, əlini uzadıb qarşısında qoyulan güldandan bir gül qoparıb, gülə baxaraq bu rübaini oxudu:

Ey gül tü nişati padişahan budi,
Arami-dili həzar dəstan budi,
Bain həmə xubiyo lətafət ki torast
Axir nə bəziri-payi məstan budi.

Qızıl Arslan bu rübaini oxuyandan sonra eyvanın qarşısındakı bağçaya baxaraq danışırdı:

– Heç bir şeydə şadlıq hiss edə bilmirəm. Mən indi-indi düşünürəm ki, şərab da, gözəllik söhbəti də, güllərin və çiçəklərin tamaşası da, insanda bir şadlığa səbəb ola bilməzmiş, çünki bu saydıqlarımın nəşəsini də insan özündə mövcud olan bir şadlıqla duya bilər. Şad və bayram nəşəsini daşıyan bir qəlbə matəm girə bilmədiyi kimi, matəmli bir qəlbə də bayram nəşələri yol tapa bilməzmiş. Qızıl gülün çöhrəsi də bir atəş olub mənim varlığımı yandırmaq istəyir, bənövşələr sanki böyük bir matəmin qara pərdəsinə bürünmüşdür. Yasəmənlər tabutun üzərinə döşənmiş bir ananın saçlarını təmsil edir. Bülbülün səsi də anasını körpəlikdə itirmiş bir uşağın iniltisi qədər qəmgin və kədərlidir.

Söyüdlərin bir-birinə qarışmış və başını aşağı dikmiş şaxələri də Leylisindən ayrılmış Məcnunun saçlarını təqlid edir.

Nərgizin göz bəbəyində də ölüm ayağında duran bir xəstənin həsrətli baxışları duyulur.

Kələbəklərin titrək qanadları qərq olmağa başlayan həyat yelkəninin son dəqiqələrini oxuyur.

Zanbaq gülünün ağzı da həyatı udmaq üçün ağzını açan bir əjdaha qədər dəhşətli və qorxuludur.

Üfüqlərdə görünən qürub şəfəqləri bir günəşin söndüyünü xəbər verir.

Axşam küləkləri qarşısında uçub gedən yarpaqlar həyatla vidalaşaraq yoxluğa gedən bir bəxtin vəziyyətini təsdiq edir.

Havaya yüksələn fəvvarə bir məqtulun köksündən fışqıran qanlar qədər heyrətvericidir.

Hovuzlarda üzən ördəklər də “ölüm-ölüm” deyə qışqırmaqdadırlar.

Torpaqların üzərinə sərilmiş əlvan güllərin görünüşü qanlı bir yatağın görüşünü qədər kədərəngizdir.

Qızıl Arslanın işrət məclisi gecə saat ikiyə qədər davam etdi. Qonaqlar gedəndən sonra cariyələr hökmdarı götürüb öz otağına gətirdilər. Lakin gündüz saat on ikidən gecə saat ikiyə qədər davam edən işrət məclisi hökmdarın üzərinə hücum etmiş kədərləri dağıtmağa müvəffəq ola bilməmişdi, o, yataq otağına girdiyi zaman bir ah çəkərək:

– Bu gecə nə qədər kədərli və qorxulu bir gecədir! – dedi.

O, yerinin içərisində uzanıb düşünür və öz səhvinin nəticəsi olaraq düşdüyü yalqızlıqdan şikayətlənirdi. Ətrafında düşmənlərdən başqa kimsəni görməyirdi, sərhədlərdən gələn xəbərlər də onu rahatsız edirdi, paytaxt isə hadisələr və macəralar yuvasına dönmüşdü. O, bir daha gözlərini yumub ah çəkdi və: “Ey əcəl, tez gəl, bu dirilik məni həlak etdi” – dedikdə qulağı bir səs eşitdi:

– “Hökmdar, əcəl sizin hüzurunuzdadır, icazə verin vəzifəsinə başlasın!”.

Qızıl Arslan bu səsi eşidərkən diksinib gözünü açdı, öz qarşısında Hüsaməddini gördü, heç bir söz demədi. Onun nə üçün gəldiyini dərhal hiss etdi və:

– Vəzifəni bitir! – dedikdə Hüsaməddin qılıncını beş dəfə onun üzərinə endirdi.


Atabəy sarayına və Qızıl Arslan sarayına qara çəkilmişdi. Qətibə saçlarını Qızıl Arslanın tabutu üzərinə töküb ağlayırdı; eyni zamanda Atabəy meydanında qırx dar ağacı cərgə ilə quruldu.

Paytaxtda xalq arasında yayılmış şayiələrə görə Fəxrəddin və Əlaəddinlərin göstərişlərinə görə Həmədanda yaşayan azərbaycanlılar Qızıl Arslanı gecə öz sarayında öldürmüşlər.

Otuz doqquz nəfər günahsız azərbaycanlı, Qızıl Arslan sarayının xidmətçilərindən də bir nəfər dara çəkiləndən sonra Qətibə Hüsaməddini öz yanına çağırdı və tapşırıq verdi:

– Sən bu saat yüz nəfər atlı ilə bərabər Kəhran qalasına getməlisən.

Hüsaməddin:

– Nə üçün? Qızıl Arslanın ölüm xəbərini Toğrula yetirmək üçünmü? – deyə təəccüblə soruşdu.

– Bu hadisəni xəbər vermək, eyni zamanda əlahəzrəti həbsxanadan azad edib böyük bir ehtiramla paytaxta daxil etmək lazımdır.

– Zənn edirəm ki, bununla da sizin Toğrul ilə olan izdivacınıza imkan yaratmaq lazımdır, – deyə Hüsaməddin istehza ilə güldü.

– Mən elə bilirəm ki, iki hökmdarı öldürməyi bacaran bir zat, uzaqgörücü siyasi düşüncəli bir zat olmalıdır. Sən bilirsən ki, Toğrulda hökumət və dövlət idarə edə biləcək şüur yoxdur. Lakin məmləkətin başında dəyərli olsun, dəyərsiz olsun, bir nəfərin durması lazımdır. Bu xalq nə sənin, nə də mənim oğlumun taxta oturmasını təsdiq etmək istəməz. Lakin Toğrul bu məmləkətin həqiqi varisidir. Biz onun vasitəsilə hər işi görə bilər, onun gözü qarşısında da evlənə bilərik.

Hüsaməddin, sənə and içirəm! Mən onun qadını olmayacağam, onunla mənim aramda gedən izdivac müzakirələrinin hamısı oyundur, mən onu aldadırdım, o da vaxt qazanmaq üçün məni aldadır və süründürürdü. Ağıllı ol, Toğrul taxta oturmadan tabuta girə bilməyəcəkdir. Onu da bilməlisən ki, bundan sonrakı vəzifələr mənim öz öhdəmdədir. Toğrulu burada, Əbubəkri isə Təbrizdə məhv etdirəcəyəm.

Qətibə bunları danışdığı zaman Hüsaməddin də öz xəyanətinin tarixini əzbərləyir və Qətibənin macərası nəticəsində məhv olan günahsızların miqdarını sayırdı.

Hüsaməddin iki hökmdar, altmış nəfər də sırf günahsız adamın edam olunması məsuliyyətini daşıyırdı. Bunların müqabilində isə fəqət beş dəfə Qətibənin dodaqlarından öpə bilmişdi. Artıq o yorğun idi, ümidsizlik özünün bütün çılpaqlığı ilə ona görünməyə başlamışdı.

Qətibə onun gözlərinə baxdığı zaman onda qeyri-adi bir düşüncə doğduğunu dərhal hiss edərək qorxdu və qəlbində: “İki hökmdarı məhv edə bilən, bir Qətibəni də həyatdan ayıra bilər” – deyərək titrədi və düşündü:

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets