Ölüm
Page 3 of 3 · 67%
“Mən istəsəm bu saatın özündə Hüsaməddini Qızıl Arslanın qətlində töhmətləndirib edam etdirə bilərəm, lakin Hüsaməddin gələcəkdə yenə də mənə lazımdır. O, artıq vicdanını uduzmuş bir adamdır. O öz nicatını, xəyanəti davam etdirməkdə aramaqdadır. Bu təbii haldır, çünki mən onu bu xəyanətə alışdırmışam. Mən bu işə başqasını hazırlaya bilməyəcəyəm, çünki gənclik uzaqlarda qalmış, gözəllik isə dağın arxasına çəkilən günəşin son ziyaları qədər bir ömrə malikdir. Bundan sonra heç bir ağılsız gənclikdən uzaqlaşan bir qadını əldə etmək üçün əlini qana batırmaz”.
Qətibə həmin fikirlərdən sonra Hüsaməddinə tərəf gəlib əlini onun çiyninə qoyaraq dedi:
– Əziz dostum, mən iki məsələni həyata keçirmək üçün çalışıram. Onlardan birisi oğlumun vəliəhdliyini təsdiq etdirmək, ikincisi də səninlə qurmaq istədiyim ailə həyatını maneəsiz yaşatmaqdan ibarətdir. Maneələrin çətini və qorxulusu aradan qaldırıldı. Toğrulun mövqeyi sabunun köpüyü qədər də möhkəm deyildir. Lakin o bizə lazımdır. Ümumi təhlükəni yalnız onu taxta əyləşdirməklə aradan qaldıra bilərik. Sən görürsən ki, Qızıl Arslanın tabutu aralıqdan qaldırılmadan iraqlılar məmləkəti bölüşdürmək üçün layihə düzəldirdilər. Məmləkət başqalarının əlinə keçərsə, sən Hüsaməddinin və mən Qətibənin nə kimi bir əhəmiyyəti ola bilər?
Bizim hər ikimizi bir xain və bir qatil kimi cəzalandırar və rüsvay edərlər. Biz öz arzularımızı iki nəfər adi adam kimi deyil, iki nəfər hökmran kimi həyata keçirməliyik. Bunun üçün də Toğrulun təcili surətdə Həmədana çağırılması lazımdır. Çünki bizim iqbalımız onun iqbalına bağlıdır. Bu məmləkəti ancaq onun vasitəsilə öz əlimizə keçirə bilərik. Sənə mühüm bir məsələni də xatırladıram. Artıq şəxsi məsələləri irəli çəkməyin vaxtı deyil, biz bununla hər bir şeyi uduza bilərik. Əvvəlcə məmləkəti öz əlimizdə təhkim etməliyik, sonra da izdivac məsələsini həyata keçirməliyik. Sən Hüsaməddin adi bir qəhrəmansan, sənin kimilər çoxdur, sənin şərəf və şöhrətin bir məmləkətin mələkəsinə evlənməkdən asılıdır.
Hüsaməddin qəlbində Qətibənin dedikləri ilə yüz faiz razılaşdı, o bu məsələlərin Toğrul ilə bitəcəyinə inandı, eyni zamanda yenə də:
“Yolun yarısından qayıdıb qaçmaq da ağılsızlıqdır. Mən artıq əlimi qana boyamışam” – deyə düşünürdü. Bu fikrin təsiri ilə də Qətibəyə dedi:
– Eybi nədir? Mələkə dediyi kimi olsun. Lakin səbrin də bir intihası olmalıdır. Ancaq mələkə də onu bilməlidir ki, mən bu həyatın şəklini dəyişməyi də bacara bilərəm.
Qətibə yenə də nəsihətverici bir vəziyyət alıb:
– Sən öz üzərində olan tarixi ləkələri ancaq mənim razılığımı əldə etmək və dediklərimi həyata keçirməklə öz üzərindən təmizləyə biləcəksən, – dedikdə, Hüsaməddin də:
– Mən bütün həyatımı müharibələrdə keçirdim. Üzərimdə olan ləkələri bir qadının rizasını əldə etməklə yox, təzə qanlar ilə təmizləmək mümkündür, – dedi.
Qətibə onun sözündən ölüm təhdidini anladı və cavabında:
– İki padşahın məsələsini həll edə bilən qadın, adi bir şəxsin məsələsini də həll edə bilər, – dedi.
– Siz adi bir adamla iş tutmayırsınız. Bir də bəzən adi adamlar da fövqəladə hadisələr yaratmağı bacarırlar.
– Etiraf edirəm. Sən danışdığın məsuliyyətin bir hissəsi də mənim öhdəmdədir. Tərəzinin bir gözündə sən, ikinci gözündə isə mən durmuşam, bizim ikimizdən birimiz müvazinəti itirmiş olursaq, ikimiz də məhv olarıq. Ölmək və öldürmək düşüncələri imkansızlıqdan doğur. Mən sənə dirilik yolunu göstərdiyim zaman sənin ölüb və öldürmək haqqındakı düşüncən yersizdir.
Mən zənn edirəm ki, sənin bitirdiyin vəzifələr bir şüursuzluğun nəticəsi deyil. Madam ki, bu vəzifələri bir məqsədlə əsaslandırmışsan, o zaman vəzifəni tamamlamaq işində yabançı fikirlərə imkan verməməlisən.
Mən sənin aralığa sürdüyün şəxsi arzulara bu saatın özündə cavab verə bilərəm. O bir neçə dəqiqənin işidir. Lakin mən sənin vicdan və şərəfini ləkələndirməmək üçün bunu istəmirəm. Mən istəyirəm ki, sən mənə bir fahişə kimi deyil, öz ərinə sadiq, şərəfli, namuslu bir qadın kimi sahiblənəsən.
Mən sənin bəzi xırda tələblərini həyata keçirməklə sənə öz sevgimi və məhəbbətimi bildirmək istəmişəm. Sən bilirsən ki, mən Atabəy Məhəmmədi sevmirdim, onunla uzun illər yaşadığım zaman ancaq bir uşaq anası oldum. Çünki o məni sevgimdən ayırmışdı, o məni sənin əlindən alaraq sahiblənmişdi. Mən şairdən sonra səni intixab etmişdim, lakin o, mənim arzularıma maneə törətdi, bunun üçün də ondan intiqam aldım. Lakin bu intiqam bir şəxsin həyatında deyil, bir xanədanın şəxsində həyata keçirilməlidir. De görüm, sən bu işdə axıra qədər iştirak edəcəksənmi?
Hüsaməddin:
– İştirak edəcəyəm, – dedikdə, Qətibə onun boynunu qucaqlayaraq dodaqlarından öpdü və əvvəlki sözlərini təkrar edərək:
– Bir az da səbr et, mənim ruhum, dalısı sonra! – dedi.
Toğrul Həmədana gələn kimi Qətibə Atabəy sarayını təziyə məclisinə çevirmişdi. O, Toğrul ilə görüşməyə tələsirdi, birinci dəfə ancaq təziyə bəhanəsilə görüşə biləcəkdi. Çünki Toğrul Həmədana gələn gündən bəri nə Qətibəni yanına çağırmış, nə də onun görüşünə getmişdi. Çünki Toğrul Qətibə ilə yaxınlaşmağın azərbaycanlılardan uzaqlaşmaq demək olduğunu çox aydın bir surətdə bilirdi. Buna görə də o, Qətibənin gözünə görünmək istəmirdi.
Lakin Qızıl Arslanın təziyəsi Toğrul ilə Qətibənin görüşünə səbəb oldu. Qətibənin qarşısında duran təzə məsələ olduqca mürəkkəb bir məsələ idi. O, Toğrul ilə həll ediləcək bu məsələlər haqqında belə bir layihə hazırlamışdı:
Toğrula ərə gedəcək, oğlunu vəliəhd, özünü isə mələkə elan etdirəcək idi. Öz bacısı Təliə vasitəsilə Əbubəkr ibn Məhəmmədi Təbrizdə zəhərləyəcək, sonra da Hüsaməddin vasitəsilə Toğrulu məhv edəcək və oğlunu padşah elan edəcəkdi.
Bu tədbirlərin hər üçünü həyata keçirmək çətin idi. Əvvəla, Toğrul onu aldadır və ona evlənmək istəmirdi, çünki o, heç vəchlə oğlu Məlikşahın varisliyini Qütlüğ ilə əvəz etmək istəmirdi.
İkincisi, Təliənin Əbubəkri zəhərləyə biləcəyi şübhəli idi. Çünki Təliə ilə Əbubəkrin məktublaşması onların arasında bir sevgi mövcud olduğunu göstərirdi.
Üçüncüsü, azərbaycanlıların Əbubəkrdən başqa birisini vəliəhd tanımaq istəməməsindən ibarət idi.
Toğrul, Qətibənin Qızıl Arslana təziyə saxladığını eşidərək cariyəsi Cadunu axşam saat səkkizdə Atabəy sarayına göndərib baş sağlığına gələcəyini xəbər vermişdi.
Axşam saat səkkizdə Toğrul Qətibənin otağına daxil olduğu zaman, onu başından ayağına qədər qara ipəyə bürünmüş gördü. Qətibə onu qarşıladı və ağlayaraq:
– Əlahəzrət! Bədbəxt və mərhum qardaşınızın tərəfindən başınız sağ olsun. Düşmən öz işini işlədi. Nə etmək? Bizim xanədanın iqbalı belə məsləhət görmüşdür.
Toğrul Qətibəyə təsəlli verib dedi:
– Müsibətimiz olduqca böyükdür. Əcəba, qatillər həbsə alınmışdırmı?
– Bəli, alınmışdır. Haman gün edam etdirdim.
Toğrul dərhal məsələni anladı. Çünki Atabəy Məhəmmədin qətlində də Qətibə dəlləyi dərhal qətl etdirib, cinayətin ifşa edilməsinə imkan verməmişdi.
Toğrul Qətibəyə sual verdi:
– Qardaşımı öldürənlər kim idi?
– Azərbaycanlılar idi.
– Onların bu cinayəti işləmələrinin səbəbi nə idi?
– Onları bu cinayətə məcbur edən Fəxrəddin və Əlaəddindir... Onlar Əbubəkri hökumət başına keçirmək istəyirlər. Qatillər bunların hamısını boyunlarına götürdülər.
Toğrul bu ölümün mündəricəsini çox gözəl bilirdi. Lakin Qətibəni ayıq salmamaq üçün Qətibəyə yavaşdan dedi:
– Elə isə Əbubəkrin barəsində düşünmək lazımdır. Zənnimcə, onu paytaxta çağırıb burada məhv etmək lazımdır.
Qətibə buna etiraz edərək:
– Bu fikir ilə razılaşa bilmərəm. Əvvəla, o bizə inanıb Həmədana gəlməz, buna azərbaycanlılar da imkan verməzlər. Çarəsi birdir: Toğrul həzrətləri Əbubəkrin vəliəhdliyini təsdiq etməlidir.
Toğrul təəccüblü bir sual verdi:
– Onun vəliəhdliyini təsdiq etməkmi?
– Bəli, təsdiq etmək. Bu tədbir azərbaycanlıların bizim əleyhimizə olan hər bir təşəbbüsünə son qoyar. Xalqın əfkarı sakit olar. Mən haman fərmanı götürüb Azərbaycana gedərəm. Orada Qızıl Arslanın təziyəsini saxladığım zaman Azərbaycan ziyalıları ilə görüşüb onların fikrini öyrənərəm. Eyni zamanda özümlə bərabər Azərbaycana götürəcəyim Təliənin vasitəsilə Əbubəkrin ölümünə zəmin hazırlaya bilərəm. Burası çox da çətin deyil. Tədbiri həyata keçirəndən sonra, saray cariyələrindən birini edam etdirər və şəhərə belə bir şayiə buraxdıraram: “Vəliəhdi sevmiş cariyə onu Təliəyə qısqanaraq zəhərləmişdir”.
Qətibə bu sözlərdən sonra Toğrula sual verdi:
– Əlahəzrət mənim bu fikrimi bəyənirmi?
– Təqdir və təbrik edirəm, mələkənin bu işlərdə olan təcrübə və maharətini bilməmiş deyiləm. Bu vəzifələr layiqilə həyata keçəndən sonra başqa maneələri aradan götürmək çox çətin deyil. Çünki Əbubəkr aradan götürüləndən sonra azərbaycanlılar ümidsizliyə düşəcəklər, çünki onların vəliəhd namizədliyinə başqa adamları yoxdur. O zaman sənin oğlun heç bir maneə görmədən vəliəhdin mərtəbəsini işğal edər. Mən də hadisələrdən yorulmuşam, səhhətim pozulubdur, mələkə ilə bərabər istirahətə başlanq, vəliəhdliyi Qütlüğ İnanc, hökmdarlığı isə oğlum Məlikşaha tapşıranq.
Qətibə Toğrulun bu sözlərindən sevindi, bütün məsələləri bitmiş hesab etdi və son sualını verdi:
– Bəs mənim öz məsələm necə olsun?
– Mələkənin məsələsi bizim şəxsiyyətimizə dair məsələlərdəndir. Qızıl Arslanın təziyəsini başa verəndən sonra, yenə də paytaxta qayıdarsınız. O zaman vəliəhd Əbubəkr də aradan götürülmüş olar. Burada sizin mələkəlik və oğlunuzun vəliəhdliyini elan edərik.
Toğrulun bu yağlı sözlərindən sevinən Qətibə hönkür-hönkür ağladı, gözlərində oynamağa başlayan şadlıq buludlarının ilk damcıları düşməyə başlayaraq ağlaya-ağlaya dedi:
– Mən bu günləri böyük bir intizarla gözləyirdim. Mən ancaq əlahəzrətin kölgəsini öz üzərimdə gördüyüm zaman özümü xoşbəxt hesab edə biləcəyəm.
Toğrul isə bunun cavabında:
– Gözəl və möhtərəm mələkə, dediklərimin səmimi olduğuna inana bilər, – deyərək vidalaşdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-olum
Use ← → keys to move, R for a random poem
More by this author
Oxuyan qız. Firəngizin tualet otağıdır. Otaqda heç bir kəs yoxdur, zaldan alqış səsləri eşidilir. Azdan sonra Firəngiz daxil olub güzgünün qarşısında oturur, saçlarını səhmana salır. Bu əsnada bir dəstə adam əllərində gül dəstələri daxil olur.*Birinci adam** — Mühəndis dəstəsi tərəfindən *(gül dəstəsini qoyur).*
Səkkizinci pərdəMexaniki sexin qarşısıdır, hər tərəf çiçəklərlə və rəhbərlərin şəkilləri ilə bəzənmişdir. Sexdən dəzgahların işləmək səsləri eşidilir.*Mirzə Teymur** — *(Mirzə Əhmədlə bərabər gəlir)* Bir neçə gündür ki, özüm-özümdən iyrənirəm. Çünki xalqın mənə nifrət bəslədiyini bilməmiş deyiləm. Nə üçün mən işi bu dərəcəyə çatdırdım. Tutaq ki, Durnanın məni rədd etdiyi üçün onu təhqir edirdim. Əcəba Qəhrəman mənə nə yamanlıq etmişdi? Firəngiz macərasını nə üçün yaratdım?
Bu da bir mö’cüzə(Kollektiv təsərrüfat həyatına dair iki pərdədə musiqili teatr əsəridir.)*Əsərdə iştirak edənlər
Birinci pərdəBirinci pərdə vaqe olur bir kənd qolçomağının evində. Evə kənd ağsaqqalları və bir çox başqa kəndlilər toplaşmışdır.*Qolçomaq Qasım əlində təsbeh evi dolanır.*
Poems by other poets
AĞ AŞIQ ALLAHVERDİ:Əlbət şəyird olan baxar fərmana,
Müxəmməs: Eylədi yar dil ü dinimi viran axırEylədi yar dil ü dinimi viran axır,Qoymadı məndə o tərsa qızı iman axır,
Daş qalağıQədim Fərqanədən azca aralıŞahi-Mərdan adlı kiçik bir kənd var.
GörmüşəmGözəllikdə sən təki pəri tapılmazMən Misri, İslambulu, Şamı görmüşəm