Page 2 of 2 · 50%

Birinci xəstə bir arxın içində uzanmışdı, üzündə dəsmal var idi, o, əlini açıb pul istədikdə üzündəki dəsmalı yel qaldırdı, burnu şişib bütün üzünü örtmüşdü, alnından sallanan qırmızı iyrənc ət parçaları onu eybəcər bir şəklə salmışdı. Paltarı düyü həsirlərindən idi.

Faytonun digər tərəfində iki nəfər daha gördük, birisinin üzünün əti tökülmüşdü, dişləri görünürdü, o birinin dodaqları tökülmüşdü.

Kəndə girincəyə qədər bu cür fəlakətzadələrdən çox gördük, bu xəstələr sürünərək şəhərin kənarlarına qədər gedir və dilənirdilər.

Bir dəstə uşaq faytonumuzu görər-görməz çığıra-çığıra qaçıb kəndə yayıldı. Bu səsdən sonra arvadlar evlərdən və qazmalardan çıxıb küçədəki toyuqları tutmağa və quzularını içəriyə çəkməyə başladılar. Biz bunun səbəbini bilmədik. Amerikalıların xəstəxanası kəndin şimal tərəfində olduğundan fayton kəndin içərisi ilə keçib şimala doğru getməli idi.

Ruzigar daim şimaldan əsdiyi, natəmiz havanı cənub tərəflərə yaydığı üçün uşaq qəbulu məntəqəsini kəndin şimal hissəsində təşkil etmişdilər.

Çadırların və taxtadan qayırılmış müvəqqəti binanın ətrafına geniş bir sahəni əhatə edən tikanlı hasar çəkilmişdi.

Orada duran qarovul hasarın ətrafına heç bir kimsəni buraxmırdı. Biz qarovulçudan kənddəki həyəcanın səbəbini soruşduqda, o gülərək dedi:

– Bu kənd müctəhidindir. Arabir onun adamları kəndə gəlirlər, toyuqdan, quzudan elə keçəni tutub aparırlar. Odur ki, kəndə fayton gələndə kənd əhli qorxub toyuq-cücəni küçələrdən yığıb gizləyir.

– Bəs uşaqlar nə qışqırırdı? – deyə qarovulçudan soruşdum.

– Uşaqlar xalqa xəbər vermək üçün: «Tülkülər gəldi! Tülkülər gəldi!» – deyə bağırdılar.

Bizi Tütünçüoğlu ilə Həsənağa qarşıladı. Faytondan düşüb çadırlara girdik. Birinci çadır dəftərxanaçıların idi, burada cəmiyyətin haqq-hesab işləri aparılırdı. İkinci çadırda bir qadın həkimi oturmuşdu. Bu qadın uşaqları qəbul və müayinə edir, sağlamları yasliyə, xəstələri isə müalicə çadırına göndərirdi. Üçüncü çadır tədavi çadırı idi. Burada iyirmi səkkiz nəfər xəstə uşaq var idi. Dördüncü çadır sağlam uşaqların çadırı idi, burada elliyə qədər uşaq yerləşmişdi. Hər şey sadə və ucuz başa gətirilsə də, təmizlik yüksək bir dərəcədə idi. Cəmiyyətin bütün aparatı altı nəfər qadın, dördcə kişidən ibarət idi. Bir həkim, bir həkim müavini də əlavə olunduqda bütün cəmiyyətdə 12 nəfər var idi.

– Amerika yardım cəmiyyətləri, bu müəssisələri açmaqla bəşəriyyətə yardım verməkdən əlavə bir məqsəd də daşıyırmı? – deyə miss Hannadan soruşdum.

Miss əlindəki karandaşı və kiçicik bloknotu redikülünə qoyaraq:

– İş belədir, – dedi, – əsas məqsəd bəşəriyyətə yardımdan ibarətdir. Bu uşaqlar tərbiyə ediləcək, yəni ixtisaslar üzrə bölünəcək, ixtisas məktəblərini bitirdikdən sonra cəmiyyətin özünəməxsus müəssisələrində çalışacaqlar, əməkhaqlarının bir hissəsi körpəlikdən müəssisədə çalışmağa girənə qədər üzərlərinə qoyulan məsarifi ödəmək üçün götürüləcəkdir.

Qazanclarının bir hissəsi isə işlədiyi zamanlardakı məsarifə xərc ediləcəkdir. Bir hissəsi cəmiyyətin ehtiyat fonduna veriləcəkdir. Toplanan ehtiyat fondları ilə cəmiyyət öz iş dairəsini genişləndirəcəkdir.

– Uşaqlar həmişəlikmi cəmiyyətin ixtiyarında qalacaqlar?

– Xeyr, – deyə qız tələsik cavab verdi, – hər bir körpəyə istehsalata buraxılınca qədər sərf olunan para dəftərlərə yazılır, dəftərin biri cəmiyyətdə qalır, bir surəti isə istehsalata daxil olan uşağa verilir və ona qoyulan xərc hesabına qazancından çıxılan paralar haman dəftərlərdə qeyd olunur. Məsarif tamamilə ödənildikdən sonra uşaq azaddır. Artıq o, cəmiyyətin müəssisəsindən çıxıb başqa yerdə də işləyə bilər.

– Çocuq istehsalata buraxılmadan çocuq sahibi bütün məsarifi cəmiyyətə qaytararsa, çocuğunu ala bilərmi?

– Xeyr, ala bilməz. Əvvəla, belə təsadüf heç vaxt olmamışdır. Olsa da, çocuq sahibi ilə cəmiyyət arasında bağlanmış müqavilə buna yol verməz.

Dəftərxanaya keçdik. Miss Hanna bağlanmış müqavilələrdən birisini alıb mənə göstərdi. Bu müqavilənamə üzrə Payan kəndi sakini Mir Həsən Mir Abdulla oğlu iki yaşında olan qızı Tutunu öz xoşu ilə cəmiyyətin ixtiyarına verirdi. Müqavilənamə bağlanan gündən sonra uşağın üzərində atasının heç bir ixtiyarı qalmırdı, bunun müqabilində uşaq sahibinə beş tümən də İran pulu verilməli idi.

Miss Hanna cəmiyyətin işlərini yoxlamaqla məşğul oldu, mən də ətrafı gözdən keçirməklə Amerika kapitalistlərinin bu istismar aparatı haqqında düşünürdüm.

Həsənağanı çağırdım, silahlar qoyulan qazmaları birlikdə gözdən keçirdik. Silahlar möhkəm və ehtiyatlı bir surətdə saxlanırdı. Çadıra qayıtdım. Miss Hanna da işini qurtardı, kəndi gəzməyə başladıq.

Kənd əhli bağçılıqla, əkinçiliklə, ticarətlə və dilənçiliklə məşğul olurdu. Kənddə təzə və yamaqsız paltara təsadüf etmədik. Kişilərin çoxusu çılpaqdı. Qadınların da bir çoxu cürbəcür cındırları quraşdırıb onunla öz əndamını örtmüşdü.

Qazmaların qabağında çılpaq qadınların yeni doğulmuş körpələrini əmizdirdiyini gördüm. Həsir və küləş içində yatanları da vardı. Bu körpəli qadınlar öz uşaqlarını amerikalılara vermək istəməyənlər idi.

Kəndin mollası Mirzə Əbdülrəhim axund ilə görüşdük, o da «sərtan» xəstəliyinə tutulmuş idi.

Çox təcrübəli, çox gəzmiş və çox da yaşamış dərviş Əhməd adlı qoca bir kişiyə rast gəldik. O özünün sağlam olduğunu və böyük diqqət nəticəsində özünü yoluxma xəstəliklərdən qoruya bildiyini iddia edirdi. Qoca bu kəndin keçmişindən danışırdı:

– Bu kənd Təbriz mahalında havasının, suyunun, meyvəsinin yaxşılığı ilə məşhur olan bir kənd idi, hətta mən də başqa kənddən olduğuma baxmayaraq, bu kəndə köçdüm. Buradakı adamların hamısı sağlam idi, xüsusən bu kəndin arvadları Təbrizdə tərif olunurdu. Payan kəndinə «gözəllər kəndi» deyərdilər. On beş il bundan əvvələ qədər kənd mən dediyim kimi idi.

Qoca bunu deyərək, çubuğunu yandırmağa başladı. Yanımızdan gəlib-gedən qadınları nəzərdən keçirirdim, xəstə olduqlarına baxmayaraq, yenə də qoca kişinin dediklərini sübut edirdilər.

– Mən çox şəhərlər gəzmişəm. Misirdə, Hindistanda, Osmanlıda, hətta Rusiyada da olmuşam. Çox zamanlar həkimlik etmişəm. İndi də həkimliyi işlədirəm. Lakin bu kəndin xəstəliyinə mənim həkimliyim kömək etmir. Bu iş hökumət işidir.

– Bu kəndə xəstəlik nə vasitə ilə yayılmışdır? – deyə dərviş Əhmədə sual verdim.

– Çox asan bir yol ilə, – deyə qoca cavab verdi, – xəstəlik bura şəhərdən sirayət etdi. On beş il bundan əvvəl bu kəndə şəhərdən bir nəfər alış-verişçi gəldi. Alış-verişçi dəmirçi usta Qənbər ilə tanış idi, özü də çox cavan deyildi. O, usta Qənbərin gözəl qızı Sultanı sevdi, dəmirçi də yoxsul bir adam idi, Sultanı az bir məbləğ müqabilinə alış-verişçiyə verdi. O, qızı şəhərə köçürdü, iki ildən sonra qızı boşadı, saxlamadı. Qız kəndə gələndə onun dodaqlarında, döşlərində yaralar çıxmışdı. Mənə göstərdilər. Mən bunun zöhrəvi xəstəlik olduğunu onlara dedim. Qızı şəhərə aparıb müalicə etdirə bilmədilər, mənim o işə gücüm çatmazdı, siz bilirsiniz, ona başqa cür müalicə lazım idi. Xəstəlik Sultanın kiçik bacısına, cavan qardaşına da sirayət etdi. Qızı qonşuda birisinə ərə verdilər. Mən yalvarıb mane oldum, amma sözümə baxmadılar. Xəstəlik qonşulara keçdi. Sultan isə bir ildən sonra dəli olmuşdu, dəliliklə xeyli yaşadı, axırda özünü suya atıb boğdu. İndi də kənddə həmən xəstəliyə Sultan yarası deyirlər. Kəndimizin adı xəstələr kəndi qaldı, buna görə də Təbriz hökuməti Təbriz küçələrində yayılan bütün xəstələri bizim kəndimizə sürgün edir. Bütün bu qazmaları xəstələr qazmışlar. Binalar isə yerli əhalinindir. Bədbəxtliyimizin böyüyü orasındadır ki, başqa kəndlərə də köçüb gedə bilmirik. Sağlam adamlarımız da məhv olub gedir. Bu kəndin adamını başqa kəndə qoymurlar, adımız pisliyə çıxıb, mübtəla Mirzə Həsən bizi buradan çıxmağa qoymur, tamamən bədbəxt olmuşuq.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Hacı Səməd xanın sağ əli və sol əli

Bu gecə iş qurtarmalı idi. Mahmud xan ilə Qulusultan arasında yaradılan düşmənlik bir nəticə verməzsə, Tütünçüoğlu aldığı təlimat üzrə Mahmud xanı öldürməli idi.Mahmud xanla Qulusultan arasında çarpışmanın vücuda gələcəyi şübhəsiz idi, çünki onların hər ikisi anlaşa bilməyən dayaz və həqiqəti öyrənmək qabiliyyətinə malik olmayan adamlar idi.

5 min
Hacı Səməd şah?

Bu günlər İngiltərə ilə Rusiya hökuməti arasında vücuda gələn ixtilaf və İran hökumətinin bu ixtilafdan istifadə ilə Azərbaycan barəsində bəzi təşəbbüslərdə bulunması, Hacı Səməd xanın həzm edə bilməyəcəyi bir vəziyyət törətmişdi. İran mərkəzi hökuməti, özünün dəyərsiz və bacarıqsız olduğuna baxmayaraq, daim İngiltərə-Rusiya siyasəti qarşı-qarşıya gəldiyi zaman, vəziyyətdən istifadə etməyi bacarırdı. Çoxdan bəri Azərbaycan ilə əlaqəsini kəsmiş və öz siyasi hakimiyyətini itirmiş mərkəzi hökumət bu günlər İngiltərə ilə Rusiya arasında törəmiş ixtilafdan istifadə ilə Rusiyanın Tehran səfiri Korostovsevə mühüm bir müxtirə vermişdi.Bu notanın mühüm bir qismi ancaq Azərbaycan məsələsinə aid idi. İran hökuməti, İran parlamanına seçkilər başlandığı və Azərbaycanın bu seçkilərdə iştirak etmək istəmədiyini göstərməklə, Rusiya siyasətinin bu cəhətlərini qəti surətdə tənqid edirdi. İran hökumətinin bu cəsarətli notası, İngiltərə hökuməti tərəfindən müdafiə olunduğunu göstərirdi. Doğrudan da, Səməd xan 1911-ci ildə iş başına gələr-gəlməz, çar diplomatlarının vadar etməsi nəticəsində mərkəzi hökumətdən əlaqəsini kəsməyə və onu tanımamağa çalışmışdı. Buna sübut olaraq, Rusiya xariciyyə naziri Sazonovun London səfiri Bekendorfa yazdığı 1914-cü il 5 may tarixli 375 nömrəli məktubunu göstərmək kifayətdir.

7 min
Diplomatların və İranın notası

Mən səhər tezdən evdən çıxdım. Bu gün İngiltərə ilə Rusiya arasındakı ixtilaf kəskin bir şəkil almışdı. Bu ixtilaf diplomatlar arasında müzakirə olunduğu kimi, mətbuatın da diqqətini cəlb etməyə başlamışdı. Xüsusən İngiltərə mətbuatı, o cümlədən cTaymsş qəzeti Rusiyanın İranda başladığı azadlıq hərəkatına qarşı kampaniya açaraq 22 may və 3, 4, 5 iyul nömrəsində «İranda yenilik? sərlövhəsilə Rusiyaya qarşı müxtəlif xəbərlər yazmağa və Rusiya siyasətini tənqid etməyə başlamışdı.Bu səbəblərə görə də mən amerika, rus konsulxanalarında mövcud olan diplomatik xəbərlərlə maraqlanır və amerikalı qızın yanına tez-tez gedirdim.

10 min
Müharibə hazırlığı

Bizi əhatə etmiş olan dolaşıq hadisələr tamamilə tövsiyə edildi. İraida Təsvicdə istirahət edirdi. Rəfizadə bığlarının kəsilməsi və Qulusultanla Mahmud xanın ölüm xəbərini eşitməsi nəticəsində həbsə alınmasın deyə, Təbrizdən tələsik qaçıb getmişdi. Saçları kəsilmiş qaraçı fahişələri Mahmud xan və Qulusultanla əlaqədar olduqlarından Təbrizdən bir gecənin içində köçüb başqa şəhərə getmişdilər.Hacı Səməd xan bir tərəfdən iki mühüm adamını qeyb etmiş, o biri tərəfdən də istefasının qəbul olunduğunu və yerinə sərdar Rəşidin təyin edildiyi xəbərlərini eşidərək, yorğan-döşəyə düşmüşdü.

9 min

Poems by other poets