Bu gün ilk müvəffəqiyyətimizin bayram günü idi. İclalülmülk rus hərbi komandanlığı ilə razılaşmış, konsulxananın icazəsini əldə etmiş və Təbriz nəzmiyyəsi başına Əmir Heşmətin təyin edilməsi üçün əmr vermişdi.

Bu gün Əmir Heşmət nəzmiyyəni qəbul etmişdi. Məşədi Kazım bu münasibətlə böyük bir ziyafət vermişdi. Ziyafətdə məndən başqa, Bala Tağı, Mirzə Əhməd və Hacı Əli iştirak edirdi.

Əmir Heşməti gözləyirdik, o, nəzmiyyə rəisi paltarında gəldi. Öz vəziyyətinə özü belə gülürdü. Biz onu təbrik etdikdən sonra o, təzə təhvil götürdüyü nəzmiyyə haqqında məlumat verdi:

– Nəzmiyyənin adı varsa da, özü yoxdur. Üç yüz nəfərlik nəzmiyyə dəstəsinin özünü yox, ancaq adlarını siyahı üzrə qəbul etmişəm. Silahlar çox adi və dəyərsizdir. Bina yox kimidir. Maaşlar verilmədiyi üçün nəzmiyyə nəfərləri dağılıb getmişdir. Hər halda, bizim ixtiyarımızda üç yüz nəfərlik silahlı qüvvə saxlamaq icazəsi vardır. Gələcəkdə nə iş görəcəyimizi, bu nəzmiyyəni nə şəkildə quracağımızı bu gün təyin etməliyik.

– Nəzmiyyənin saxlanması üçün pul buraxılırmı? – deyə soruşdum.

– Müəyyən büdcəsi vardır, lakin təxsisatı buraxan hökumət sandığında bir dinar da olsa, pul yoxdur. İclalülmülk təxsisat haqqında yağlı vədlər verdi. Tehrana pul üçün yazdığını söylədi. Onun son sözü bu oldu:

«Sizin müvəffəqiyyətinizi xudavənd təbarək təaladan təmənna edirəm. Görün, bəlkə, borc pul tapıb hələlik işləri sahmana sala bildiniz».

– Eybi yoxdur. Pul taparıq, zənnimcə Müxbirüssəltənə gəldikdən sonra nəzmiyyə üçün buraxılan təxsisatı hissə-hissə olsa da, elə gətirmək mümkündür, – dedikdə ziyafətdə bir sükut hökm sürməyə başladı. Mən Əmir Heşmətə müraciətlə:

– Birinci növbədə, vəzifə başında olanların libasını düzəltmək üçün nə qədər pul lazımdır?

– Üç yüz nəfərdən silah başında həştad nəfər vardır, bunların libasları üçün min tümən lazımdır.

– Min tüməni mən verəcəyəm, – deyə cürətlə cavab verdim, – sabahdan etibarən onların paltarlarını sifariş verərsən.

Mənim bu sözümdən sonra Məşədi Kazım ağa Əmir Heşmətə müraciətlə:

– Pul sandıqda hazırdır, hər vaxt istəsəniz, ala bilərsiniz, – dedi.

– İndi bir işimiz qaldı, – dedim, – nəzmiyyə dəstəsinin özünü deyil, quru siyahısını təhvil götürmək bizim üçün böyük bir qələbədir, çünki onların hamısı vəzifə başında olsaydı, dəyişdirmək və yerində inqilabda tanınmış gənclərdən qoymaq çətin olacaq idi. İndi isə bizim əlimizdə böyük bir bəhanə vardır. Biz indidən 220 nəfər adamımızı nəzmiyyəyə qəbul edə bilərik. Vəzifə başından gedənlərin hamısını çağırıb onların işdən xaric olduqlarını elan etməklə silahlarını almalıyıq.

Belə bir elan yazıldı:

«Təbriz nəzmiyyəsi siyahısında olub, iki aydan bəri vəzifə başına gəlməyən bütün nəzmiyyə əfradına: yerlilərin rahat yaşayışını təmin etmək və şəhər daxilində olan nizamsızlıqla mübarizə aparmaq üçün Təbriz nəzmiyyəsi öz tərkibini dəyişməyə məcbur olmuşdur.

Bu elan veriləndən üç gün sonraya qədər sırasından qaçan bütün nəzmiyyə əfradı öz silahlarını nəzmiyyə idarəsinə təhvil verməlidir. Bu müddətdən sonra nəzmiyyə idarəsi elannaməyə əhəmiyyət verməyənlər haqqında inzibati tədbirlər görəcəkdir.

Təbriz şəhərinin nəzmiyyə rəisi

Əmir Heşmət».

Sabah tezdən bu elan Təbriz küçələrinə vurulmalı idi.

Bundan sonra inqilabda iştirak edən və inqilabi siması bizə bəlli olan gənclərin siyahısını gözdən keçirdik. Hələlik 220 nəfərin ayrıca siyahısını düzəltdik. Sabahdan etibarən bunlar çağırılacaq və nəzmiyyə vəzifəsinə təyin ediləcək idi.

Əmir Heşmət belə bir sual verdi:

– Silahlar yenə də olduğu kimi qalacaqdırmı? Çox köhnədirlər. Əski İran ordusunun silahlarıdır.

– Elə də qalmalıdır. Silahı dəyişdirmək rusların şübhəsini qazandırmış olar. Silahı hər zaman dəyişdirmək mümkündür, nəzmiyyədə intizam və paltarların gözəlliyi lazımdır. Bununla da yeni hökumətə gələcək Müxbirüssəltənənin rəğbətini qazanmalıyıq, biz bu rəğbəti qazanar, hər bir işi görə bilərik.

İkinci məsələ Əbülqasım xandan alınan məktubun müzakirəsi idi.

Əbülqasım xan belə yazırdı:

«Mən Xoy şəhərinə gəldiyim gün buraya Makudan da nümayəndə gəlmişdi. Onlar Xoyda olan silahların Makuya aparılması üçün Xoyun hazırkı hakimi Heydər xan Əmir Tuman ilə müzakirə aparırdılar, lakin, deyəsən, Heydər xan onların sözlərinə əhəmiyyət verməmişdir. Əvvəla, ruslar silahların Makuya göndərilməsinə razı deyil, Maku ilə onların əlaqələri pisdir, deyirlər ki, Maku xanı rus tərəfdarlarını sıxır, əziyyət verir.

İkincisi, Xoy hakimi Heydər xan Əmir Tuman silahların harada olduğunu bilmir. İndi şəhərə adam salıb köpək kimi hər tərəfi qoxlayaraq silahları tapdırmaq istəyir.

Biz bu işi yaxşı bir zamanda başlamışıq. Bu gün silahların lazımlı və böyük hissəsi Kutçu kəndinə göndərildi. Yarısı da sabah göndəriləcək.

Hər halda, bu barədə əmin ola bilərsiniz. Şəhərdə çox rus zabiti vardır. Qoşun gələcəyi haqqında danışırlar. Tələdən eşiyə, Urmuya gedən xiyabanın ətrafındakı karvansaraların hamısını ruslar icarəyə götürübdür.

Təzə konsulxana binası da o tərəflərdədir.

Bir kərə də Kutçu kəndinə gedəcək silahları gözdən keçirib Təbrizə qayıdacağam.

Hamı rəfiqlərə salam.

Əbülqasım».

Bu məktubda yazılanlar bizim üçün bir müvəffəqiyyət idi. Bütün bu məsələlər həll edildikdən sonra yemək gətirildi, mən süfrə başına oturarkən:

– Bu süfrə tarixi bir süfrədir, – dedim, – inqilabın silahlı qüvvəsi yenidən doğuldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

XXXVI. Savlayev Nurəddin

Baratov ordusunun xəstəxanası Kirmanşahdan köçürülürdü. Leylanın vəziyyəti məlum deyildi, onun xəstəliyi qismən yaxşılaşsa da, yenə bir tərəfə köçürülməsi onun həyatı üçün olduqca qorxulu idi. Eyni zamanda xəstəxanada qalmaq da mümkün deyildi. Çünki xəstəxana çox pis vəziyyətdə idi. Qışın soyuq günlərində belə soba yandırılmırdı, palataların çoxunda soba da yox idi. Xəstə saldatları arabalara yığıb birdəfəlik məhv etmək üçün yola çıxarırdılar.Savlayev Nurəddin xəstəxanaya gəldiyi vaxt xəstələrin bəzisi köçürülmüş, qalanlar isə soyuq otaqlarda ac və əlacsız uzanıb ölümü gözləyirdilər.

11 min
XXXVII. İngilis missiyası

Leyla və Savlayev hələ səhər çayını içib bitirməmişdilər ki, Biçeraxov ərkani-hərbindən miralay Savlayevin adına göndərilən telefonoqramı gətirdilər.«Telefonoqram № 245.

8 min
XXXVIII. Kirmanşahdan Həmədana

İngilis missiyası köçüb Həmədana getdikdən sonra Biçeraxov da nəqliyyat işlərini düzəltməyə və öz dəstəsini yola çıxarmağa hazırlaşırdı.Biçeraxovla ingilislərin müqavilənaməsi rəsmi şəklə salınmasa belə, məsələlər tamamilə danışılıb qurtarmışdı.

6 min
XXXIX. Hərəmxana

Həmədanın məşhur mülkədarı sayılan Əmiri-Əfxəmin hərəmxanasında mühüm bir təbəddülat olmuşdu. Hər kəs, «hərəmxanaya yeni bir qız gətirilmişdir» deyə danışırdı.Hərəmxana xidmətçilərinin dediyinə görə, yeni gətirilən qız, Əmiri-Əfxəmin özü üçün yox, böyük oğlu Səndüddövlə üçün gətirilmişdi. Hər halda Əmiri-Əfxəmin hərəmləri buna inana bilmirdi. Çünki Əmiri-Əfxəm heç bir vaxt gözəl və tərifli bir qızı əlindən buraxmazdı.

15 min

Poems by other poets