XXXVI. Savlayev Nurəddin
Page 1 of 2
Baratov ordusunun xəstəxanası Kirmanşahdan köçürülürdü. Leylanın vəziyyəti məlum deyildi, onun xəstəliyi qismən yaxşılaşsa da, yenə bir tərəfə köçürülməsi onun həyatı üçün olduqca qorxulu idi. Eyni zamanda xəstəxanada qalmaq da mümkün deyildi. Çünki xəstəxana çox pis vəziyyətdə idi. Qışın soyuq günlərində belə soba yandırılmırdı, palataların çoxunda soba da yox idi. Xəstə saldatları arabalara yığıb birdəfəlik məhv etmək üçün yola çıxarırdılar.
Savlayev Nurəddin xəstəxanaya gəldiyi vaxt xəstələrin bəzisi köçürülmüş, qalanlar isə soyuq otaqlarda ac və əlacsız uzanıb ölümü gözləyirdilər.
Çox soyuq idi. Leyla nazik bir yay yorğanına bürünüb düşünürdü.
Savlayev Nurəddin Leylanın çarpayısı yanında oturmuşdu, o, hələ Leylanın halını soruşmadan xəstəxana müdiri doktor Kuzmiç otağa daxil olub Savlayevə salam verdi:
– Cənab miralay!—dedi.—Bu qız haqqında nə tədbir görəcəksiniz? Xəstəxana köçür. Bu gün xörək də bişirilməmişdir. Yalnız iki otaq qalmışdır ki, bu gecə onları da köçürməliyik. Bunu burada qoyub getmək lazım gələcəkdir.
– Xəstəxanadan buraxılmasına səhhəti yol verirmi?!
– Buradan çıxıb öz ailəsinə, öz evinə getsə və yaxşı yaşamağı bacarsa, səhhəti yol verər. Lakin bilmirəm...
Savlayev dedi:
– Eybi yoxdur, binagüzarlıq edərəm!
Xəstəxana müdiri baş əyib getdi, Nurəddin isə uzun-uzadı düşündü və Leylanın yaşlı gözlərinə baxıb durdu.
Leyla xəstəxana doktorunun nə demək istədiyini anlamışdı. O, xəstəxanada şəfqət bacılarından rus dilini qismən öyrənmişdi.
Leyla çevrilib Savlayevin üzünə baxdı və dedi:
– Mən sizi anlayıram! Mənim vəziyyətim, sizi də çıxılmaz bir vəziyyətdə qoymuşdur. Etdiyiniz mərhəmətdən məmnunam. Lakin, hazırda sizin haqqımda bir şey edə bilməyəcəyinizi doktorun danışıqlarından anladım. Nə etmək olar? Qoy məni şəhərə buraxsınlar. Bəlkə də birisinin mərhəmətinə nail ola bildim. Lakin örtünəcək bir şey olsaydı... Çünki mənim paltar adında heç bir şeyim yoxdur.
Savlayev dedi:
– Əzizim, məni dinlə! Mən heç vaxt sənin haqqında pis şey düşünməmişəm. İstədiyim bir şey varsa o da xəstə bir qıza axıra qədər yaxşılıq etməkdir. Bilmirəm, sən buna imkan verəcəksənmi?! Mən səni rahat etmək, müalicə etdirmək istəyirəm.
Leyla ağlayaraq dedi:
– Çox çətindir. Mənim indiki gələcəksiz və dəyərsiz həyatımın səbəbi sizsiniz. Bunu heç vaxt unuda bilməyəcəyəm. Bundan sonra yeganə bir yol varsa, o da küçəyə çıxmaqdır. Bu da ancaq əsirlikdən azad olunduğum zaman mümkün olacaqdır.
– Mən səni rahat edər və istilər düşəndə səni yenə də Bağdada qaytara bilərəm.
– Bağdad ingilislərdə deyilmi?
– Bəli ingilislərdədir.
– Elə isə Bağdada qayıtmağımın da mənası yoxdur.
– Sən ingilislərdən qorxma! Mən səni öz xüsusi maşınım ilə Bağdada aparar və tanışlarınıza tapşırarəm.
– Sən bunu bacarsan yerdən göyə qədər razı qalardım. Orada bizim tanışlarımız və mənim məktəb yoldaşlarım da vardır.
Buna öz vicdanımla söz verirəm. Sən, hazırda mən yaşadığım evə köç! Səhhətin düzələr! Fürsət olan kimi səni Bağdada köçürərəm. Qorxma, mənim mənzilim müsəlman evindədir. Sən onların qadınları və qızları ilə də tanış və müsahib olarsan. Ev qulluqçum da sənə istədiyin xidməti edər, sənə paltar və sair şeylər də hazırlatmışam.
Leyla Savlayevin sözlərinə dili ilə yox baxışları ilə razılıq verdi. Savlayev Leylanı evə köçürmək üçün fayton və paltar dalınca getdi.
Leyla gözlərini qapayıb düşünür, əsirlikdən qurtaracağı və Bağdada gedəcəyi haqqında çürbəçür fikirlər edirdi. Leyla Bağdad axşamlarını xatırlayır. Dəclədə üzən minlərcə səyahət qayıqlarını görür, qaz fənarlarının işıqlarında oxuyan şərqiləri və ud səslərini dinləyirdi...
Onun qayığı hökumət binaları, əskəri qışlalar yanından üzə-üzə xilafət saraylarına yanaşır, sərv ağaclarını oynadan Bağdad küləyi yenə də onun saçlarını üzünə dağıdır, o «Tac» sarayının Dəcləyə baxan pəncərələrindən əski tarix dastanlarını oxuyurdu. «Firdovs» sarayının sərv ağacları ilə örtülmüş mənzərəsində əski dünyanı görür və sarayın buraxdığı mirası gözdən keçirirdi. Leyla xanım qayıqdan baxıb xəlifələr tərəfindən tikilmiş əsirlər dairəsini gördü və diksindi. Yuxudan ayıldı və əsirliyini xatırlayıb məyus-məyus ağladı.
Savlayevin faytonu xəstəxana qapısında dayandı. Savlayevlə xidmətçi qadın, əlində böyük çamadan içəri girdi.
Savlayev bir saat dəhlizdə dayanıb xəstəxana müdiri Kuzmiçlə danışırdı. Otaqdan xidmətçi qadınla bərabər, qayət nəfis geyinmiş isti paltolu bir qız çıxdı. Nə Savlayev, nə də xəstəxana müdiri Kuzmiç öz gözünə inanırdı. Onlar qarşılarında, əsir düşəndə soğan qabığı kimi soyulan və qılınc yaraları altında əzilən əsir qızı deyil, türk çöhrəli, rum vücudlu, İran saçlı, hicaz gözlü, incə belli, mütənasib boylu, fitnəkar qaşlı, qara gözlü bir Bağdad gözəlini götürdülər.
Savlayev onun əlindən tutaraq küçəyə çıxartdı, onu xidmətçi qadınla bərabər faytonda əyləşdirib evə gətirdi. Savlayevin yaşadığı bina, Amerika missiyası və İngiltərə—İran bankı və İngiltərə konsulxanasının qarşısında ikimərtəbəli bir ev idi. Həmin bu bina, əski rus konsulxanası casuslarından yerevanlı Kəblə Cəlilin mülkü idi. Kəblə Cəlilin qızları və qadınının orada yaşaması Leylaya böyük təsəlli oldu.
Leyla özü üçün təyin edilmiş xüsusi otağında idi. Gecə saat 12-də Savlayev Nurəddin evə qayıtdı. Xidmətçi şam süfrəsi saldı və Savlayevin əmri ilə Leylanın qapısını tıqqıldatdı və dedi:
– Miralay sizi gözləyir. Xanımın şam yeməyə buyurmasını rica edir.
Leyla cavab verdi:
– Çox təşəkkür edirəm, yeməyə meylim yoxdur.
Nəhayət, miralayın təkidi ilə Leyla xanım süfrə başına gəldi.
Miralay yenə də ona təsəlli verərək:
– Sən heç sıxılma. Buranı öz atanın evi saya bilərsən. Gördün ki, səninlə əsirlər kimi rəftar edilmədi. Mən özüm, hətta Biçeraxov cənabları sənin qeydinə qaldıq. Yoxsa hərbi xəstəxanada sənə heç yer verməzdilər. Hazırda sənin istirahətin tamamilə təmin edilmişdir. Rahat yaşaya bilərsən. Qızım, nə edəsən? Müharibənin qaydası budur. Müharibə də daima müharibə edən iki tərəfin xalq kütlələrinin fəlakət və bədbəxtliyi əsasında qurulur. Müharibə nə atasızlıq, nə oğulsuzluğun acı təsirləri ilə hesablaşır. Müharibə bir oraq kimidir. O, yaxşı və yaman otların hamısını bilə-fərq biçib məhv edir. Ümidvaram müharibə tezlikdə bitər, yenə hər kəs öz yerinə qayıdar. Səni də yaxınlarda Bağdada yola salaram. Öz ata və ananı axtarıb taparsan.
Mənə inan! Bu səadəti sənə qaytarmaq üçün mən də kömək edərəm.
Leyla bu sözlərdən şiddətlə ağlayaraq dedi:
– Siz o səadəti artıq mənə qaytara bilməzsiniz.
– Nə üçün?
– Çünki o səadəti quranlar artıq yoxdur.
– Onlar haradadır?
– Onların harada basdırıldığı da məlum deyildir.
– Əcəba, onlar ölmüşmü?
– Xeyr! Onlar öldürülmüşlər! Şəhrəban altındakı vuruşmada biz beş nəfər qaçqın, araba ilə gedərkən bir nəfər kazak atamı, anamı, iki nəfər də başqa qaçqınları qılıncla kəsdi. Yazıq anam özünü mənim üstümə atdı, məni mühafizə etmək istədi, onu kəsdilər, məni isə yaralayıb əsir götürdülər. Əcəba, siz nə düşünürsünüz? Mənim əski səadətimi bir daha qaytarmaq mümkünmü?!
Leyla ağlayırdı, Şəhrəban altındakı gecə hücumu Savlayevin xəyalında yenidən canlandı. Yenə də qaranlıq gecədə, öz eskadronunun qum təpələri arxasında gizləndiyini və Şəhrəbandan Bağdada gedən yollarda qarovul durduğunu və qaçqınlara hücum və təqib etdiyini, arabadakıları qılıncla necə doğradığını bir daha xatırlayırdı.
O, qıza heç nə söyləmədi, ancaq qızın başına gələn fəlakətin səbəbi özü olduğunu yəqin etdi və bədəni titrədi. Leyladan soruşdu:
– Sizin əsliniz haradandır?
– Bizim nəslimizin tarixi çox uzundur. Bizim əslimiz Şimali Qafqazdandır.
– Şimali Qafqazdan?
– Bəli, Şimali Qafqazdan.
– İnquş və ya çərkəsmisiniz?
– Xeyr, bizim əslimiz çeçendir. Lakin Türkiyəyə köçdükdən sonra, tamamilə türkləşmişik.
– Siz Türkiyəyə nə üçün köçdünüz?!
– Bizim Türkiyəyə köçmək tariximizi bir neçə sözlə demək mümkün deyil! Uzun söhbətlə vaxtınızı almaq istəmirəm. Bir də bizim ailənin tarixi başqalarını maraqlandıracaq qədər əhəmiyyətli deyildir.
Savlayev dedi:
– Yox, elə düşünmə! Mən əvvəldən də səni aristokrat ailədən çıxmış zənn etmişəm. Buna görə də səninlə başqa cür rəftar edilməsini tapşırmışdım. İndisə biz bir-birimizlə, başqa bir dildə, yəni uzaq adamlar kimi danışmamalıyıq. Mən himayə etdiyim bir simanın kim və hansı bir ailədən olduğu ilə həddindən artıq maraqlanıram. Mənim üçün heç də baş ağrısı deyil, danış, səni dinləyirəm.
Leyla xanım başladı:
– Mənim danışdıqlarım yaşımdan çox irəlidir. Bu söhbətlər atamın uşaq olduğu zamanların söhbətidir. Bizim Türkiyəyə köçməyimiz rusların, Çeçenistanı işğal etdiyi günlərdən başlamışdır.
Çeçenlər çox dinc və ibtidai adət və ənənələri sevən bir xalqdır. İşğalçı rus çarı üçün iki şey lazım idi: çeçenləri ruslaşdırmaq və yaxud yerlərindən köçürtmək!
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-xxxvi-savlayev-nureddin
Use ← → keys to move, R for a random poem
More by this author
Təzə buraxdığımız intibahnamələr və Hacı Səməd xanın özünə yazdığımız məktub, onun bütün varlığını sarsıtmış, idarə etmək qüvvəsinə ağır bir zərbə vurmuşdu.İntibahnamələr çıxan gün o məni öz yanına çağırdı. Son günlər o yalnız mənimlə dərdləşir və gizlin sirlərini ancaq mənə söyləyirdi.
Konsula və Peterburqa yazılan məktublarHacı Səməd xanın tapşırığına görə, saat doqquzda onun məktubarını yazmaq üçün Nizamüddövlə bağına getmişdim.Azərbaycan valisi, iyun istilərinə baxmayaraq, kiçik bir otağa yapanmışdı. Mən haman otağa girərkən məcmuələrdə sultan Əbdülhəmidin həyatına dair oxuduqlarım yadıma düşdü. Qapılar, pəncərələr qapalı idi. Pəncərələrin dalına bərkidəcəklər və ağır şeylər salınmişdı. Stol üzərində tapançalar, bucaqlarda isə tüfənglər dururdu. Mən Təbriz cəlladını belə bir dəmir qəfəsin içərisində ziyarət etdim. O mənim əlimi çox bərk sıxdı, yanında yer göstərdi. Onun birinci sözü bu oldu:
İngilis – rus ixtilafıDünya müharibəsi yaxınlaşaraq imperialist dövlətlərinin tamam boğazlarına çökmüşdü. Avstriya ilə Serbiya arasında gedən müzakirələrin nəticəsiz qaldığı, Almaniya və Rusiya dövlətlərinin bundan istifadə ilə ümumi çarpışmalara hazırlaşdığı və İngiltərə, Rusiya, Fransa ittifaqı düzəltdiyi zamanda, yenə də İngiltərə və Rusiyanın İran məsələlərində olan ixtilafı öz qərarında davam edirdi.Rusiya xariciyyə naziri Sazonov, Rusiyanın böyük müharibə qarşısında durduğunu nəzərə almayaraq, yenə də İran hökumətinin notasındakı tələblərə qənaətbəxş cavab vermədi.
Miss Hannanın son günləriRusiyanın İstanbul səfiri Gitsin 22 iyul 621 nömrəli teleqramla, Türkiyənin bitərəfliyə dair verdiyi təminatdan bəhs etdiyinə baxmayaraq, Rusiya hazırlıq görür və Türkiyə hüduduna qoşun dəstələri göndərirdi. İstər Qafqaz, istərsə də İran Azərbaycanı daxilində, erməni könüllü dəstələri təşkil olunur və erməni xalqını son kərə olaraq rus mənafeyinə alət etmək üçün hazırlıq görülürdü.Çar konsulu Orlovun çağırdığı iclasdan bir neçə saat sonra, iclasın çıxardığı qərarı bütün Təbriz eşidib bildi.