Leyla və Savlayev hələ səhər çayını içib bitirməmişdilər ki, Biçeraxov ərkani-hərbindən miralay Savlayevin adına göndərilən telefonoqramı gətirdilər.

«Telefonoqram № 245.

Miralay Savlayevə:

Bu gün səhər tezdən (7-də), Mahudəştdən alınan telefonoqrama əsaslanaraq, sizə məlumat verilir: Bakıya getmək məqsədi ilə Bağdaddan hərəkət edən 24 nəfərlik İngiltərə missiyası, 41 fordun müşayiəti ilə, saat səkkizdə Mahudəştdən Kirmanşah tərəfə hərəkət edəcəkdir. Qarovul məntəqələrindən alınan xəbərlərə görə şiddətli tufan nəticəsində Mahudəşt ilə Kirmanşah arasındakı yolları qar basmışdır. Buna görə də, İngilis missiyasına bədbəxt hadisə üz verməsin deyə missiyanı istiqbal və hər bir ehtimala qarşı müdafiə üçün 10 nəfərlik atlı kazak dəstəsinin yola çıxmasına əmr edəsiniz.

P. Biçeraxov.

3 fevral, 1918-ci il»

Leyla xanım bu telefonoqramın məzmunundan xəbər tutdu, bütün vücudu titrədi.

– Aman allah,—bizi fəlakətə salanlar yenə gəlirmiş!

Nurəddin isə onun saçlarını sığallayaraq alnından öpdü:

– Qızım, qorxmağa heç də lüzum yoxdur. Onlar müharibəyə gəlmirlər. Onlar Bakıya getmək və əski Rusiyanın bərpası yolunda çalışanlara yardım etmək məqsədi ilə gəlirlər. Mən səni tanış edəcəyəm, onlar əski Rusiyanın müttəfiqləridir.

Leyla onun sözlərini yarımçıq kəsdi və dedi:

– Əmi can, ingilislər heç bir zaman şəxsi mənfəətləri olmayan bir işdə iştirak etməzlər. Əmin olmalısan ki, onlar əski Rusiyanın bərpası üçün yox, əski Rusiyadan bir hissə qoparmaq üçün gedirlər.

Savlayev öz barışdırıcı, yaltaq və hiyləgər xasiyyətlərini təbliğə başladı. O, Leylaya nəsihət verərək:

– Əvvələn, ingilislər sənin düşündüyün kimi deyil!—dedi.—Tutaq ki, hər iş sənin düşündüyün kimidir. Əcəba, insan hər bir düşündüyünü lisanına gətirərsə yaşaya bilərmi?! Gözəl qızım, sən onu bilməlisən ki, hər insan hər bir şeyi düşünə bilər, burada hər kəs azaddır. Lakin hər bir düşünçəni həyata keçirmək dildə demək kimi asan deyil. Öz düşünçəsinə tərəfdar axtaranlar bəzən böyük bir fəlakətə də düşə bilərlər. Bir çox fikirlər vardır ki, dünyada özünə heç vaxt tərəfdar tapa bilməz. Buna görə də sən, daima xalqın bəyənə biləcəyi fikirləri, ümumun düşüncəsi ilə barışa biləcək düşüncələri meydana atmalısan. Hazırkı mühitimizdə İngiltərə tərəfdarlığı fikri ümumi bir fikirdir, bu fikir xaricində yaşamaq təhlükəlidir.

Mən elə zənn edirəm ki, sən ingilislər ilə tanış olduğun zaman, nəinki belə düşünçələri dilinə gətirmək, hətta onlara öz qəlbində də yer vermək istəməyəcəksən, çünki əqilli, idraklı və şüurlu insanlar, daima güclülərdən istifadə etməyi bacaranlardır. İndi, gözəl qızım, zaman da elə bir zamandır. İndi əski dünya dəyişir, böyük Rusiya yoxdur, böyük Rusiya sayəsində çörək yeyən bizim kimilər, özünə yeni bir səadət qurmaq üçün vasitə axtarır. Bizim yolumuz, yəni haman səadətin yolu, İngiltərə tərəfdarlığından ibarətdir. Buna görə də sən məni dinləməli və ehtiyatkar bir qız olmalısan.

Leyla heç bir söz demədi.

Savlayevə ikinci bir telefonoqram gətirdilər.

«Cənab Nurəddin! Bu gün başda cənab Denster-Vil olmaq üzrə, Britaniya missiyası Kirmanşaha gəlir, buna görə də İngiltərənin Kirmanşah konsulu miralay Konion və xanımı madam Konion missiyanın şərəfinə veriləcək ziyafətdə, öz möhtərəm qızınız Leyla xanımla bərabər iştirak etməyinizi rica edir. Axşam saat səkkizdə təşrifinizə müntəzir, miralay Konion.

3 fevral, 1918-ci il».

Axşam saat doqquzda, Leyla və Savlayevi gətirən maşın, ingilis konsulxanası qarşısında durdu.

Birinci dəfə idi ki, ingilislər Avropa tərbiyəsi almış gözəl bir türk qızını öz məclislərində görürdülər. Onlar Leylanın əlini sıxmaq və onunla tanış olmaq üçün növbəyə durdular.

Leyla ingiliscəni ingilislər kimi danışırdı. Biçeraxov Leylanın danışığını eşitdikdə, ingilislərə müraciətlə məğrur halda dedi:

– Çeçen qızıdır. Qardaşımız qızıdır. İngiliscə, almanca, fransızca mükəmməl təhsil almışdır.

Leylanın ingilislərlə olan söhbəti Biçeraxovun dediklərini təsdiq edirdi.

Leyla ingilisləri görmək və onlarla səmimi olmaq istəmirdi, lakin əmisi Savlayevin tapşırığına görə, istər ingilis missiyası üzvləri, istərsə ingilis konsulu Konion və onun qadını ilə səmimi olmağa çalışırdı.

Leyla bu vaxta qədər missiya üzvlərinin kimlərdən ibarət olduğunu bilmirdi. Nəhayət, ingilis konsulu missiya üzvlərini Leylaya təqdimlə dedi:

– Missiyanın sədri cənab Denster-Vil! Bu da kapitan Stoks cənablarıdır. Bu cənab da kapitan Kuperdir. Bu cənab isə Çonsondur. Bu zabit də Annotta cənablarıdır. Tanış olun, bu da mayor Burnıskidir. Bu, kapitan Çondur. Bu da doktor Konisbeldir, yanındakı cənab doktor Adamdır. Sol tərəfdə duran cənab isə miralay müavini Kletterberqdir.

Sonra ingilis konsulu mister Konion, Nurəddin Savlayevi missiya üzvlərinə tanıtdı:

– Hörmətli miralay Biçeraxovun müavini, miralay Savlayev cənablarıdır. Bu cənab özünü ingilislərin səmimi dostu kimi tanıtmışdır. Bunun qəhrəmanlıqları ları Baratov ordusunun irəli hərəkətinə böyük yardım göstərmişdir.

Bu söz missiyanın sədri general Denster-Vilin xoşuna gəldi və ayağa qalxdı:

– Dostumuzun əlini təkrar sıxmaq lazımdır,—deyə Savlayevin əlini sıxdı.

Leyla bu vəziyyəti gözdən keçirərək qəlbində dedi:

«Bunların hamısı Türkiyə düşmənləridir. Burada oturanların hamısı Türkiyəni fəlakətə salanlardır. Əcəba, Türkiyə bunları tanımırmı?! Bu işləri onlara xəbər verən yoxmu?»

Bu kimi fikirlər Leylada başqa-başqa duyğular oyatdı. O, mütləq Türkiyə komandanlığı ilə əlaqəyə girməyi qət etdi.

Yemək otağına keçdilər. Birinci qədəhi ziyafət sahibinin və onun qadınının şərəfinə içdilər.

İkinci qədəhi qaldırmaq üçün ingilis missiyası sədri general Denster-Vil söz alıb ingilis diplomatlarına məxsus yalançı və aldadıcı dilini işə saldı:

– Bir tərəfdən Böyük Britaniya, digər tərəfdən isə əski Rusiyanın əzəmətini bərpa və davam etdirmək məsuliyyəti bu süfrənin başında əyləşənlərin öhdəsindədir. Burada oturanların məqsədləri birdir. Bizim düşmənimiz və mübarizə apardığımız cəhətlər də ümumi cəhətlərdir. Biz əski Rusiya və onun dostu olan Böyük Britaniyanın qalibiyyəti uğrunda çalışan silah arxadaşlarıyıq. Biz bir tərəfdən almanlar, bir tərəfdən osmanlılar, o biri tərəfdən də qırmızılar əlində parçalanan əski Rusiyanın köməyinə gedirik.

Düşmən ayağının altında inləyən yaralı Rusiya bizi köməyinə çağırır. Burada oturanlara məlumdur ki, Rusiya-İngiltərə hökumətləri Alman cahankirliyinə qarşı dörd ildən bəri mübarizə aparır.

Siz Rusiyanın müvəqqəti məğlubiyyətini heç etinaya almayın! Biz almanlara qalib gəlmişik, bu qalibiyyəti axıra qədər aparmaq üçün sizin də sıx iştirakınız lazımdır. Nə qədər almanlar «B» hərfi üzərində qurduqları cahankirlik siyasətindən əl götürməmişlər, biz də «bölünməz Rusiya» şüarına sadiq qalan sizin kimi simalarla əməkdaşlıq edərək onlarla apardığımız mübarizəni davam etdirəcəyik.

«Berlin—Bağdad». Bu kəlmələr nə deməkdir?! Almaniya cahankirliyinin birinci xətti yuxarıda göstərilən iki kəlmənin əsasında qurulmuşdu. Almanlar Berlin—Bağdad dəmir yolunu nə üçün çəkirdi?! Almanlar bu dəmir yol vasitəsilə Kiçik Asiyanın, oradan isə Hindistanın ürəyinə soxulmaq və onların sahibi kəsilməyə çalışırdılar.

Lakin rus silahı ilə əməkdaşlıq edən ingilis silahı, almanların Berlin—Bağdad şüarları əsasında qurulan siyasətini darmadağın etdi. Bizim 17-ci ilin martında Türkiyə ordusuna vurduğumuz ölüm zərbəsi nəticəsində «Berlin—Bağdad» kəlməsinin axırında olan «Bağdad» sözünü qırıb atdı, Bağdad artıq əski Rusiya müttəfiqləri olan ingilislər əlindədir.

Bəli, Bağdad alındı, lakin həris olan Almaniya cahankirliyi yenə də «B» hərfi əsasında qurulan şüarını davam etdirməkdən əl çəkmədi, onu daha da genişləndirdi.

Almaniya cahankirliyi indi də öz planını «Berlin—Batum—Bakı—Buxara» kəlmələri əsasında qurmuşdur. Onlar bu planı həyata keçirməklə, bir tərəfdən Xəzər dənizinə, Bakı neftinə və o biri tərəfdən də Türküstan pambığına və sair təbii sərvətlərə sahiblənəcəklərmiş. Bizə gəldikdə əski Rusiyanın malı olan bu sərvətləri ona yedirməmək üçün var qüvvəmizlə çalışacağıq. Sizinlə əməkdaşlıq etməyimizin də mənası budur. Almanlar düzdükləri bu son planları ilə digər bir siyasət dəxi təqib edirlər ki, o da bundan ibarətdir.

Onlar Türküstan və Buxara məmləkətlərini əldə etdikdən sonra kiçik Əfqanıstanın istiqlaliyyətini pozmaq istəyəcəkdir.

Almanlar Əfqanıstanı işğal etdikdən sonra Hindistana daxil olmaq istəyəcəkdir.

Biz isə sizinlə əməkdaşlıq edərkən, belə bir əqidəyə varmalıyıq: nə qədər ki, Rusiyada inqilabi hərəkat davam edir, nə qədər ki, almanlar bu hərəkatın yaratdığı pozğunluqdan istifadə edərək Rusiyanın qəlbinə soxulmaq istəyir, nə qədər ki, bolşeviklərin almanlarla imza etdiyi Brest-Litovski müqavilənaməsi Rusiyanın qapılarını Almaniya—Türkiyənin üzünə açır, biz də sizinlə əl-ələ verərək haman qapıları qapamaq və təhqiredici müqaviləni pozmaq uğrunda mübarizə aparmalıyıq.

Siz onu bilməlisiniz ki, bizə Brest müqaviləsini pozmaq uğrunda aparacağımız mübarizədə milyonlarca mədəni insanlar və minlərcə bolşevik düşmənləri yardım göstərəcəkdir. Bizə kütlələr və kütlələri əhatə edən ikinci internasionalçılar qoşulacaqlardır.

Hazırda Rusiyada bu müqaviləni qanun xaricində bilən yüz minlərlə şüurlu adamlar vardır.

Həqiqi ruslar, milli istiqlaliyyəti İngiltərə himayəsində görən daşnaqlar və sairlər bizim yolumuzu gözləməkdədir.

Ağalar! Almanlar öz murdar əlini Bakı neftinin namusuna uzatmaq istəyir, almanların qabaq dəstələri hesab olunan türk orduları Bakıya girmədən və öz vəhşi əllərini neft mədənlərinin döşlərinə qoymadan əvvəl, biz özümüzü Bakıya yetirməliyik. Biz burada bu süfrənin başında, Qafqazın həd-hesaba gəlməyən sərvətini Orta Asiya və aşağı Volqanın zənginliyini almanlara və türklərə qarşı müdafiə üçün and içməliyik.

Mən bu piyaləni, həmin andın və andın arxasında durub onu axıra qədər aparacaq qəhrəmanların, Biçeraxov dəstəsinin və onun rəhbərlərinin şərəfinə, mədəni çeçen qızının şərəfinə içirəm!

General Denster-Vil öz tostunda ingilis missiyasının məqsəd və arzusunu tamamilə aydın etmiş oldu. Qədəhlər böyük ruh yüksəkliyi ilə qaldırıldı, qədəhlərdən çıxan səslər, süfrə başında oturanların qəlbindən qopan səsləri ifadə edirdi. Bu səslər gələcək əməkdaşlığı möhkəm saxlamaq üçün bir and idi.

Leyla düşünürdü. Osmanlıların düşmənləri sırasında oturduğundan öz-özünə nifrət bəsləyirdi: onun öz əmisinə və Biçeraxova qarşı bəslədiyi gizli nifrət böyüməyə və qəlbinə sığmamağa başlamışdı. O, nə olur-olsun türklərlə əlaqəyə girmək və bu məsələləri onlara yetirməyi qət etmişdi.

Yemək bitdi. Süfrə başındakılar kiçik qruplara bölünərək salonu gəzişərkən, Biçeraxov ilə missiyanın sədri Denster-Vil də kiçik bir stol başında oturub konyak içməklə məşğul idilər. Leyla xanımın tərcüməsi ilə lazımi məsələləri müzakirə edirdilər.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets