Page 2 of 2 · 50%

Libas otağından qadınların səsi gəlirdi:

– Ay aman! Ay qız mən yad kişi üzünə necə çıxım axır?

– Sən olasan həzrəti Abbasın o qələm olan qolları, ay Səlimə, məni yad oğlanın qabağına çıxarma!

– Ay Şümşad, sən niyə utanırsan? Sənin ki, ərin oradadır.

Sonra da miss Hannanın səsini eşidirdim.

– Ay xanımlar. Siz olasınız mənim canım, çəkinməyin! Durun o yana keçək! Mənim evimi öz eviniz hesab edin. Oradakı tamamilə mədəni bir avropalıdır.

Rəfizadə bu sözləri eşitdikdə bir daha təbəssüm edərək:

– Bizimkilərdir! – dedi, – bir az utancaqdırlar.

– Örtülümü gəzirlər?

– Xeyr ağa! Nə örtülübazlıqdır? Çarşaf bizlərdə muzeyə verilmişdir! Bizimkilərin tərbiyəsi də avropalı tərbiyəsidir.

– Burada olmağım xanımları sıxıntaya salarsa mən icazənizlə gedə bilərəm.

– Xeyr, baba! Ta bəkey. Onları tərbiyə etmək lazım deyilmi? Onlar nə vaxta qədər kişilərdən qaçmalıdır? Artıq cəmiyyət içərisinə çıxmaları lazımdır. Bizim xanımlar özləri sizinlə maraqlanırlar. Onlar ağanın təşrif gətirməsi xəbərini eşidincə artıq dərəcədə şad oldular. Hanna xanım sizin haqqınızda elə müsbət bir fikirdədir ki, bizim hamımız ağanı görməklə maraqlanırdıq. Ağa, doğrudan da, biz öz mədəni adamlarımıza qiymət qoymalıyıq. Onların mədəniyyətindən istifadə etməliyik, xüsusən ağanın tərbiyəsi də bir qərbli tərbiyəsidir. Hərgah cəmiyyətimiz ağa kimi zatlardan təşkil olunsaydı, bizim xanımlarımız çoxdan bəri cəmiyyət içərisinə çıxmışdı. Amma nə edəsən ki, dala qalmışıq. İşimiz irəli getmir!

Söz bura yetəndə pərdə qalxdı, avropalı qiyafəsində dörd qadın içəri girdi.

Miss Hanna əvvəlcə ortaboylu gənc bir qadını mənə təqdim edərək:

– Cənab Rəfizadənin zövcəsi, Şümşad xanımdır – dedikdə, qadın mənim əlimi sıxdı. Mən onun barmaqlarında, yad kişi ilə görüşərkən cəmiyyət içərisinə çıxmayan gənc və məhcub bir qadının barmaqları üçün təbii olan titrəyişi hiss etmədim.

Miss Hanna o biri üç qadını da mənə təqdim etdi:

– Bu xanımlar cənab Rəfizadənin bacılarıdır. Bu, Səlimə xanımdır, bu da Şuxşəng və Pərirux xanımlar...

Qoca xidmətçi qadın çayı gətirib stolun üzərinə düzürdü. Mən stola qoyulmuş şirniyyatdan götürən barmaqlara da baxırdım. O barmaqlar da cəmiyyətə yeni çıxan qadının barmaqları deyildi. Onların simalarında, Şərq qadınlarına məxsus məhcub təbəssümlər də görünmürdü. Hətta gözlərində utancaq qadın baxışları da sezilmirdi.

Bunlar bir sözlə, qətiyyən yad kişi üzünə çıxmamaq üçün içəri otaqda miss Hannaya yalvaran qadınlara oxşamırdılar.

Rəfizadənin arvadı Şümşad xanım məni daha artıq şübhələndirirdi. Onun siması kişilər cəmiyyətində uzun illər vaxt keçirmiş bir qadının siməsını andırırdı. O, Şərq romanlarına məxsus tiplər kimi qövsi qaşlarını dartaraq kaman vəziyyətinə salır və üzümə baxdığı vaxt gözləri gülürdü. Mən Təbrizdə yaşadığım uzun zamandan bəri gördüyüm qadınlar içərisində bu gün tanış olduğum Şümşad xanım kimi bir qadın görməmişdim. Rəfizadəni şübhələndirmək və qısqandırmaq ehtimalı qarşısında bulunmasaydım, gözlərimi Şümşad xanımın üzündən bir an belə yayındırmazdım.

Gözəl olmaqla bərabər, bu qadında qəribə xüsusiyyətlər vardı ki, mən bunların heç birisini başqa qadınlarda görməmişdim. Kişini cəzb edən və əyləndirən onun dili və şivəsi deyil, bəlkə də, bütün vücudu və gözəl vücudu ilə çoxca uyğunluğu olan qəribə hərəkətləri idi.

Şübhəsizdir ki, bu, evli Təbriz qadınında təsadüf ediləcək bir xüsusiyyət deyildi.

Onun dərin bir surətdə ah çəkərək köksünə hərəkət verişi, hətta nəzəri cəlb edəcək qədər tez-tez diksinişi, otağın tavanına baxdığı zaman göz bəbəklərindəki parıltının bir gözündə dərin kədər, digər gözündə isə şadlığa dönməsi və söhbət edərkən yalvarıcı bir vəziyyət alması, Təbriz qadınında təsadüf ediləcək sifətlər deyildi.

Mən onun üzünə baxmaq həvəsindən vaz keçərək onunla uzun sürücü bir söhbətə girməkdən boyun qaçırmaq istəyirdimsə də o, ərini nəzərə almadan, məni məşğul etməyə və uzun sürücü bir söhbətin içərisinə salmağa səy edirdi. Rəfizadə mənim söhbətlərdən boyun qaçırdığımı və özünü qısqandırmaq istəmədiyimi hiss edincə, gülümsünərək:

– Bizim xanım vaxt keçirilməli bir xanımdır, – dedi, – o, daima həyatı şad keçirməyə çalışan və dərdi unutdurmağa səy edən bir xanımdır. Onun bütün gözəlliyi də burasındadır. Təbrizdə belə xanımlar çox nadir tapılar. Çəkinməyin, xanım söhbəti hər şeydən artıq sevir. Mən xudavəndi-aləmə çox şükür edirəm ki, mənə bunun kimi saleh və gözəl bir əyal qismət buyurmuşdur.

Mən bu sözlərdən ürəkləndim.

– Doğru buyurursunuz, – dedim, – zövcəniz olduqca gözəl və insanı maraqlandıran bir qadındır. Onun gözəlliyi Təbriz qadınlarına məxsus bir gözəllik deyildir.

Şümşad xanım təəccüblü bir surətdə:

– Ola bilməz! Mənim Təbriz xanımlarına haram bənzəmir ki? – sordu.

Mən:

– Burasını qoyunuz cənab Rəfizadənin özü təyin etsin! – dedikdə Rəfizadə:

– Xeyr, – dedi, – bu barədə sözü sizə veririk.

Bunu miss Hanna və Şümşad xanımın özü də məndən tələb elədi.

Nəhayət, mən məcburiyyət qarşısında qaldım və sözə başlayaraq dedim:

– Gərək Şümşad xanım mən dediklərimin həqiqət olub-olmadığını özü də təsdiq eləsin. Mən Təbrizdə qadınlar olan bir çox ziyafətlərdə iştirak etmişəm. Mən bu gecə sizin xanımınızla başqa yerlərdə gördüyüm gözəl xanımlar arasında bir müqayisə yapırdım, o müqayisə bundan ibarətdir: əvvəlcə Təbriz qadınlarının xüsusiyyətlərindən başlayıram. Hər bir gözəl Təbriz qadını güldüyü zaman, onun hər iki yanağında bir çuxurluq vücuda gəlir. Bu Şümşad xanımda yoxdur. Təbriz qadınının gözləri uzunsov deyil, onların gözlərinin ağ hissəsi tamamilə ağ, qara hissəsi isə şəvə kimi qaradır. Təbriz qadınının gözlərindəki ağ hissənin içərisində qırmızı qan damarlarına da təsadüf edilməz. Təbriz qadınının dodaqları iki ox kamanının bir-birinin üstünə qoyulduğunu təsvir edir. Təbriz qadınının üzü olduqca ağ və pənbədir. Onların əlləri yumru, ətlidir, barmaqları olduqca qısadır. Təbriz qadınının boyu uzundur, burada gödək boylu qadınlara çox az təsadüf edilir. Onların əndamına şuxluq verən xüsusiyyətlərdən birisi də boyunlarının ağlığı və uzunluğudur. Təbriz qadınında qadına məxsus bir yeriş vardır, onlar erkək libasına girsə belə, başqa şəhərlərin qadınları kimi qadın olduğunu gizlədə bilməz, çünki onlar yalnız quruluşca deyil, bütün varlığı ilə də bir qadındır. İndi qoyunuz Şümşad xanım özü buyursun, mən dediklərim bir həqiqətdirmi ya yox?

Şümşad xanım:

– Bu saydıqlarınız tamamilə Təbriz qadını sifətləridir, – dedi. – Əcəba, sizin dediyiniz sifətlərə malik olmayan bir qadın, özünə hansı bir səlahiyyətlə gözəl deyə bilər?

– Bu sifətlərə malik olmayan qadınlar da gözəl ola bilər, çünki təbiətin insanlara bağışladığı gözəl sifət, o qədər bol və zəngindir ki... Bunların hamısını bir təbrizli qadının siməsında toplamaq mümkün deyil. Təbiət hər kəsin özünə, başqalarında görülməyəcək bir xüsusiyyət vermişdir. Şümşad xanımın hissəsinə gözəlliyin ən zəngin cəhətləri düşmüşdür ki, o da kişiləri məşğul və cəzb etmək üçün ən dəyərli bir xüsusiyyətdir. İş gözəllikdə deyil, gözəllikdən layiqincə istifadə etməkdədir. Şümşad xanım isə bunu bacarır. Dünyada çox gözəl qadın vardır ki, ən çirkin bir qadın kimi insanı özündən nifrətləndirir və uzaqlaşdırır. Gözəl qadınların çoxusu ancaq ağzını açıb danışana qədər sevilir, bir çox çirkin qadınlar da mövcuddur ki, insan onların nə qədər gözəl olduğunu, ancaq danışdıqları zaman təyin edə bilər. Sizin gözəlliyinizə gəldikdə onu bir qısa cümlə ilə sizə deməliyəm: sizə bənzəmək üçün gözəl bir qadının dərs oxuması və özünü sevdirmək dərsi keçməsi lazımdır.

Bu sözlərdən Şümşad xanım və Rəfizadə həddindən ziyadə razı qaldı və sonra Rəfizadə mənə sual verərək:

– Mənim bacılarım da Təbrizin məşhur gözəllərindəndirmi? – soruşdu:

Mən heç də təxir etmədən cavab verdim.

– Bunların sizin bacınız olduğu haqqında mübahisə etməyəcəyəm. Ancaq bunu deməliyəm ki, bunların da gözəlliyi Təbriz qadınındakı gözəllikdən çox fərqlidir.

Həqiqətən bu qadınların heç birisi təbrizliyə bənzəmirdi. Bunlar qarabəniz, qurumuş uzun əlli, uzunsov çöhrəli qadınlardı. Təbii mən bunların qaraçı olduqlarını deyə bilməzdim, o zaman həm Rəfizadə, həm də miss Hanna məndən inciyə bilərdi.

Səlimə xanım, Şuxşəng və Pərirux xanımlar Rəfizadənin bacısı deyildi. Onların Rəfizadə ilə olan söhbətləri də özgə olduqlarını göstərirdi.

Bunlar hər kim olur-olsun, mən hər halda, miss Hannanın ətrafında mühüm bir hadisə hazırlandığını dərk edirdim. Lakin bu barədə məni miss Hannanın ağıllı olması fikri bir az arxayınlaşdırırdı. Zira miss Hanna avantüranı sürətlə hiss edən, hissiyyata qapılmayan, bərkə düşərsə özünü müdafiə etməyi bacaran bir qızdı.

Durub süfrə başına keçdik. Süfrə başında bu dörd qadın insanı həyəcanlandıran, insandakı heyvani hisləri coşduran nə qədər naz, qəmzə varsa, hamısını məharətlə işlədirdi.

Bu hal Rəfizadənin vecinə gəlmirdi. O, gözlərini miss Hannanın üzünə dikib dururdu.

Mən onun bu evə təmiz niyyətlə gəlmədiyini yəqin etmişdim. Bu qadınlar isə zənnimə görə, miss Hannanın əxlaqını pozmaq vasitəsi idi.

Şümşad xanım süfrə başında mənə müraciət edərək dedi:

– Sizin xanımınızın gözəlliyi və ağlı məndə olsaydı mən özümü dünyanın ən gözəl xanımı sayardım.

Bu sözlərdən miss Hannanın rəngi qızardı, mən də miss Hannanın öz sirlərini bunlara verdiyini yəqin etməklə tutuldum.

Nəhayət, qadınlar, kişi cəmiyyətində danışılması cayiz olmayan sözlər də danışır və bununla da miss Hannanın üzünü açmaq və əxlaqını pozmağa çalışırdı. Stola yemək verən xidmətçi qadının baxışları da süfrə başında oturanlardan razı olmadığını bildirirdi.

Saat bir idi, evə qayıtmaq lazım idi, mən onlarla görüşüb dışarı çıxarkən miss Hanna məni müşayiət etdi. Mən onun saçlarını oxşayaraq:

– Gözəl dostum, bu ziyafətindən razı qalmadım, – dedim. – Bunlarla heç bir tərəfə getməyəcək və burada gecələmələrinə də imkan verməyəcəksən! Sənin vicdanın hər şeydən təmizdir, onu olduğu kimi də saxlamalısan.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets