Qətibə, Səba xanımı Əbül-Ülanın qadını Cahan Banudan almaq üçün o qədər də vaxt sərf etmədi. Çünki onsuz da qoca şairin ailəsi söz gəzdirən və macəraçılığı sevən bu fitnəkar cariyənin əlindən qurtarmağa çalışırdı. Səba xanımın fitnələri səbəbinə Gəncədə yaşayan bütün ziyalı ailələr Əbül-Ülanın ailəsilə əlaqəni kəsmişdi.

Səba xanımın fitnəkarlığı o dərəcəyə çatmışdı ki, hətta bir çox gənclərdən pul və hədiyyələr alıb Əbül-Ülanın kiçik qızı Mahtab xanımla onları tanış edəcəyini vədə eləmişdi.

Buna görə də Cahan Banu xanım Qətibənin göndərdiyi üç min dinar gümüş pul müqabilində Səba xanımı Qətibəyə hədiyyə göndərmişdi. Səba xanımın Qətibəyə olan birinci xidməti Nizaminin sevgilisi Rənanın atasına aparıb verdiyi məktub idi. Məktubdan əldə edilən müvəffəqiyyət Qətibəni öz gələcəyinə inandırmışdı, o bu müvəffəqiyyəti təhqiq etmək üçün hər gün öz cariyələrindən birisini Nizaminin Rəna ilə görüşdüyü yerə göndərir və Rənanın görüş üçün gəlmədiyini öyrənir və şadlanırdı.

Artıq Qətibənin yanında Səba xanımdan artıq hörmətli və etimad ediləcək bir cariyə yox idi. O, daima Səba xanımla oturar, onunla dərdləşər, onunla gəzər və onunla da yatardı.

Səba xanım gecələrin birində Qətibənin eşq və sevda sərsəmləmələrindən ibarət olan söhbətlərinə cavab verərək deyirdi:

– Mən öz möhtəşəm xanımım Qətibənin xatiri üçün öz müqəddəs arzularımdan da keçə bilərəm. Mən qəlbimdə bəslədiyim qiymətli cavahirləri belə xanımın yolunda qurban verməyə hazıram. Mən o böyük və inadlı şairi Rəna kimi dəyərsiz bir qızın sevgisindən qoparıb xanımın saçları ilə kəməndə sala bilərəm. Bu işi başladım. Gördüyüm işlər qələbə ilə nəticələndi, artıq gənc xanım şairi öz əlində əsir görməyə əmin ola bilər.

Qətibə hiyləgər Səbanın bu qədər yağlı və şirin vədlərindən sevindi və yatağından qalxıb Səba xanımın boynunu qucaqladı, onun üzündən öpdü və boynundakı qiymətli incini çıxarıb Səba xanımın boynundan asdı. Səba xanım sevindiyindən hönkür-hönkür ağladı və Qətibəyə dua edərək:

– Məndə bu qədər ehsanın əvəzi yoxdur, – dedi. – Allah səni bəladan saxlasın, sağlıq olursa, sən məndən bir çox şeylər öyrənəcəksən.

Qətibə, Səbanı özü üçün göylərdən nazil olmuş bir nemət hesab edirdi, çünki o, macəranı sevir və macəraçı cariyələrə ta uşaqlıqdan hörmət bəsləyirdi.

Səba xanım varlı və dövlətli yerə düşdüyünü və Fəxrəddindən intiqam ala biləcəyini, Qətibə isə bu macəraçının yardımı nəticəsində Rənanı məhv edib gənc şairə sahiblənməyi düşünürdü.

Səba xanım gözünün yaşını sildikdən sonra:

– Mən heç də Dilşadın burada böyük bir mövqe tutmasından razı deyiləm, – dedi.

Qətibə cavabında:

– O barədə heç də düşünmə! Onun sarayda qalmasına inanma, atam onu da, Süsən xanımı da xəlifə üçün bəsləməkdədir, – dedi.

– Əcəba, Dilşad Fəxrəddinə ərə gedəndən sonra atan onu xəlifə həzrətlərinə göndərəcəkdir?

Qətibə onun üzündən bir daha öpərək anlatmağa başladı:

– Atamın xəlifəyə yazdığı məktubda Süsənin də, Dilşadın da adını oxumuşam. Buna görə də Dilşadın Fəxrəddinə ərə gedə bilməyəcəyinə tamamilə əminəm.

Səba şad bir vəziyyət alaraq:

– Elə də olmalıdır. Qəlbi yaralayanların qəlbi yaralanmalıdır, – dedi.

Qətibə soruşdu:

– Əcəba, Fəxrəddin sənin qəlbini sındırmışdırmı?

– O mənim gəncliyimi əbədi olaraq zəhərləmişdir. O mənimlə illərdən bəri əyləndi. Mənsiz şad bir nəfəs almayacağını söylədi. Dünyaya yalnız məni görmək üçün baxdığını təkrar-təkrar danışdı. O, daima mənim gözlərimdən öpdüyü zaman dünya işığına ancaq mənim gözlərimlə baxdığını deyirdi. O mənim qara saçlarımla əyləndiyi zaman ona zindan kəsilən bu dünyaya ancaq mənim saçlarımla bağlandığını iddia edirdi. O məni görmək üçün gəldiyi zaman Əbül-Ülanın astanasını Kəbə evinin astanası kimi öpməyə hazır idi. Mən də onu sevirdim. Mən gündüzləri onu düşünür, gecələri isə yuxumda onunla əylənirdim. Buna haqlı idim, çünki bu eşqin tarixi çox uzun idi. Mən çox da tələsən qızlardan deyildim. Çünki o məni öz eşqinə inandırmışdı. Mən onun ikiüzlü eşqinə aldanmaqda haqlı idim, çünki elə bir qəhrəman, elə bir yaraşıqlı gənc çox az ələ düşərdi. Mən özümü dünyanın ən məşhur bir qadını bilir və bu arzularla uçurdum: onun gələcəkdə məşhur bir qəhrəman olacağına heç bir kəs şübhə etmir. Hətta mən onun eşqi və sevgisi üçün burada ondan da layiqli, yaraşıqlı bir gəncin ətəyini buraxdım. O isə məni bir dəyərsiz, elmsiz cariyəyə satdı. Mənim eşqimi onun eşqi ilə əvəz etdi. Artıq mənim heç bir ümidim qalmadı, ümid edəcəyim bir şey varsa, o da intiqamdır. Lakin burada mənə bir kömək lazımdır.

Qətibə bir az düşündü və məhzun bir surətdə dedi:

– Səni anlayıram, düşdüyün vəziyyət olduqca ağırdır. Səni ancaq mən duya bilərəm. Bir hiss mənə deyir ki, məni də gələcəkdə sənin aqibətin gözləyir. Görünür ki, gələcəkdə mən də özümə kömək axtarmalı olacağam.

– Nə qədər canım sağdır, hər nə işin olsa, buyura bilərsən. Qəlbin bir kəsdən intiqam tələb edərsə, sənin yolunda ölümə getməyə hazıram.

– Mən də sənə Fəxrəddindən alacağın intiqamda kömək etməyə söz verirəm. Mənə inana bilərsən. Ax, hiyləgər qız! Fəxrəddini sevdiyin üçünmü şairi mənə güzəştə getdin?

– Şairlik böyük bir vergidir. Qəhrəmanlıq isə möcüzədir. Buna görə də Fəxrəddin çoxdan bəri mənim qəlbimə girmək üçün yol axtarırdı. İndi isə mənim qəlbim onun sevgisinə açıqdır.

– Mən Dilşadı saraydan çıxarıb Bağdada göndərəcəyimə söz verirəm. Fəxrəddinlə görüşüb razılaşmaq isə sənin öz işindir. Mən bunun üçün heç bir çarə edə bilməyəcəyəm, çünki Fəxrəddinlə görüşüb danışmaq imkan xaricindədir. Mən özümü rüsvay edə bilmərəm.

Səba xanım Qətibənin boynunu qucaqlayıb öpdü:

– Sən ancaq mənimlə rəqabət edə biləcək Dilşadı aralıqdan çıxarmağı öhdənə götür. Son məsələ haqqında nə cür hərəkət etməyi mənim özüm bacara bilərəm.

– Fəxrəddinlə görüşəcəksənmi?

– Yox, o mənim ilə görüşməyə özü məcbur olacaqdır.

– Onu sən nə cür məcbur edəcəksən?

– Sən icazə verəndən sonra, burası çox da çətin deyil.

– Mən mane deyiləm.

– Mən Dilşadın dilindən ona bir məktub göndərəcəyəm. O məktubda Səba xanımla görüşməyi tapşıracağam.

– Bu fikri bəyənirəm. Bu vasitə ilə görüşə bilərsən, ancaq onu öz sevginə razı edə bilməzsən, çünki o, Dilşadı qəlbən sevir.

– Qəlbən sevdiyinə inanıram. Lakin qəlb fikrə hakim deyil. Qəlbi özbaşına qoymazlar. Dilşad gözəldirsə, mən də gözələm, eyni zamanda mən ürəklərlə oynamağı da bacarıram.

– Mənim üçün belə bir adam lazımdır. Mən daima səninlə dost olacağam. Mən hər yerdə olursam, sən də mənim yanımda olmalısan.

Çox uzun danışdılar. Səba xanım kağız və qələm hazırlayıb yazmağa başladı. Qətibəni yuxu aparmışdı. Bir qədər yatıb ayıldıqdan sonra Səba xanımın oturub yenə də yazdığını görüb soruşdu:

– Əcəba, nə qədər çətin bir şey yazırsan ki, saatlarla məşğulsan?

– Yazmaq çox asandır. Lakin düşünərək yazmaq çox çətindir. Bir az da dayan, sonra məktubu sənə oxuyaram. Mənim nə qədər fitnə və möcüzəkar bir qız olduğumu görərsən.

Səba xanım bu sözləri deyərək, bir qədər də məşğul oldu, qələmi yerinə qoyub Qətibəyə tərəf döndü və dedi:

– İndi eşit, gör nə yazmışam:

“Bu məktub adı Dilşad, özü naşad olan bir cariyədən sevgisi və eşqi məlum olmayan bir qəhrəmana yazılır. Mənə vəfa və sədaqət öyrətdiyin halda, özün bunun əleyhinə işlədin. Mənim qəlbimdən geri götürdüyün cavahirləri başqalarının başına səpməyə başladın. Gözümüzün bəbəyində, bir-birimizin çöhrəsinə baxdığımız zaman, sənin qəlbini öyrənə bildim. Mən baharın lalələri qarşısında eşqin camını içməyə başlayırdım, lakin mən piyaləni doldurmadan bahar gəlib keçdi. Mən bəzi sözləri eşitməməyə çalışıram. Onlar bir külək kimi gəlib keçir, lakin o külək qəlbimdə yanan odları alovlandırır. Ürək sındı, onu bir daha soruşma, qanadları sınan quşa bir daha daş atmaq qəhrəmanlara yaraşmaz. Mən qəlbimi sənə açmaqda və öz sevgimi elan etməkdə yanılmışdım. Ayrılıq dərdindən xəbərdar olmayan adamlara qəlbin qapısını açmaq olmazmış. Dünyada eşq bundan ibarət imişsə, onunla yaşamaq çox çətindir. Əgər yar sənin kimi daşqəlblilərdən ibarətsə, onunla dirilik mümkündürmü?!

Sənə demək istədiyim əsas sözlərimi və səndən sənə edəcəyim şikayətləri bu məktubda yazmağa cəsarət etmədim. Hərgah nə demək istədiyimi bilmək istəsən, Səba xanımı tapıb danış və nə deyəcəyimi ondan soruş.

Bədbəxt Dilşad”.

Səba xanım məktubu Qətibəyə oxuduqdan sonra büküb cibinə qoydu:

– Görüşdüyüm zaman ona nə deyəcəyim haqqında düşünmək lazımdır. Bu barədə xanıma ayrıca danışaram.

Onlar hələ yatmamışdılar ki, xacə Müfid qapını barmağı ilə vurub dedi:

– Xanımlar yatmalıdırlar. Gecədən çox keçibdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets