«Səyahətnameyi-İbrahim bəy»
Axşam saat doqquzda miss Hannanı dəhlizdə gözləməli idik, dəhlizə çıxarkən onun bizi gözlədiyini gördük.
– Əcəba, siz istirahət etmədinizmi? – deyə təəccüblə soruşdum.
– Çox az. Sevindiyimdən yata bilmədim, sizinlə birlikdə edəcəyimiz səfərin ilk gününü gözləmək olduqca həyəcanlıdır, – deyə utandığından başını aşağı saldı, gözlərimə baxa bilmədi. Mən onu bir daha bu məzmun üzərində danışdırmaq istəməyərək dedim:
– Səfərimizə bu qədər qiymət verdiyinizi bilmirdim. Hər halda, sizin Təbrizə qədər olan səfərinizdə rahatlığınızın təmini üçün çalışacağam. Lakin onu da demək istərdim ki, məndə bir fövqəladəlik yoxdur. Sizə qarşı olan hörmətim ancaq kişilik vəzifəsi daxilində olan xidmətlərdir, sizin tək olmanız, xüsusən uzaq bir ölkədən inqilab etmiş bir ölkəyə düşməyiniz də hər bir adamın sizə hörmət bəsləməsini tələb edir.
Qız mənim qolumdan tutub gedir və danışırdı. O, yenə də söhbəti mənim ona etdiyim hörmətlərin üzərinə gətirib dedi:
– Mən sizin fövqəladə və hörmətli bir müsafir olduğunuza inanıram. Lakin ona müəyyən bir şəkil verməkdə acizəm. Hörmətiniz hər kəsin yanında yüksəkdir. Lakin bu hörmət bir tacirə olan hörmətin fövqündədir. Doğrusu, sizin şəxsiyyətiniz məndə o qədər yüksək bir təsir buraxmışdır ki, onu idarə etmək, onu müəyyən bir qəlibə salmaq imkanını əldə edə bilmirəm. Kim bilir, bəlkə, mənim qadınlığımın da bu təsirin yüksəlməsi işində bir rolu var.
Miss Hanna sözünü bununla bitirdi. Mən onun utandığını, hətta titrədiyini hiss edirdim. Qolu qolumda idi, qızın bütün həyəcanlarını hiss edirdim. O, Hacıyevin qapısından içəri girincəyə qədər nə danışdı, nə də üzümə baxdı.
Biz içəri girdikdə orada tanış yoldaşlardan başqa bəzi tanış olmayan qonaqların da olduğunu gördük. Bunların İrandan gəlib Məkkəyə gedən hacılar olduğunu sonradan öyrəndik. Məhəmmədhüseyn Hacıyev yoldaş bizi onlarla tanış etdi.
Miss Hanna İsgəndər xanın və Məhəmməd Müctəhidzadənin əlini sıxıb tanış oldu. Növbə Nəsrulla Salam Müctəhidə gəldikdə qız tərəddüd göstərməyə başladı, utandı və ya cəsarət etmədi.
– İrəli gəlin, xanım qız, – deyə Nəsrulla Salam ona müraciət etdi. – İrəli təşrif gətirin. Mən avam və köhnəpərəst mollalardan deyiləm. – Nəsrulla Salam qıza əlini uzatdı, qız onun əlini sıxıb Ələkbər yoldaşla mənim aramda oturdu. Nəsrulla Salam Məhəmmədhüseyn yoldaşa müraciətlə:
– Yəqin ki, ağanın xanımıdır, – deyə miss Hannaya və mənə işarə etdi.
Məhəmmədhüseyn yoldaş isə:
– Xeyr, müsafirdir. Yolda tanış olmuşlar, hər ikisi Təbrizə gedəcəklər, – dedikdə Nəsrulla Salam yenə də:
– Xeyli xob. Munis və məhcub xanımdır. Çox da baədəbdir, – dedi.
Nəsrulla Salam bu sözü deyərək qəlyanını çəkməyə başladı. Heç kəs danışmırdı, ancaq mən qızın qulağına:
– Bunun «avam və köhnəpərəst deyiləm» deməsinə inanmayın, o, yenə də molladır, ruhanidir, köhnəpərəstdir, – deyə pıçıldadıqda qız gülümsəyərək:
– Dər an məsələ şübhə nədarəm. – deyə cavab verdi.
Nəsrulla Salam onun gözəl farsca danışdığını gördükdə, qəlyanın qəmişini ağzından çıxarıb təəccüblə baxdı və dedi:
– Bərəkallah xanım qız, maşallah xanım qız!
Söhbət başladı. Söhbətlərin hamısı farsca gedirdi. Mən miss Hannanın molla ilə danışmaq üçün məqam axtardığını hiss edirdim. Bu imkanı ona yenə də Nəsrulla Salamın özü verdi.
– Bən əvvəlcə elə bildim ki, siz bu cənabın hərəmisiniz. Lakin sonradan müsafir olduğunuzu cənab sərkər Ağa Məhəmmədhüseyn buyurdular, – dedikdə məclisdə oturanların hamısı Nəsrulla Salamın bu sözlərinə qarşı qızın nə cavab verəcəyindən maraqlandılar.
Qız gülümsəyərək mollanın üzünə baxdı:
– Siz nə üçün mənim bu cənabın həramı olduğumu zənn edirdiniz? – dedi.
Nəsrulla Salam udqundu, necə cavab verəcəyini bilməyərək dedi:
– Çünki sizin hər ikiniz cavansınız. Bir-birinizə layiqsiniz. Xüsusən siz gözəl, ədəbli xanımsınız.
– Əcəba, siz mənim ədəbli və gözəl olduğumu haradan təyin edirsiniz? – deyə qız öz sualından məmnun vəziyyət aldı.
Nəsrulla Salam qəlyanına bir qüllab vurub dedi:
– Siz açıqsınız, ədəbiniz və gözəlliyiniz də göz qabağındadır.
Nəsrulla Salam sözünü bitirərkən miss Hanna Nəsrulla Salama hücum etmək üçün hazırladığı sözləri bir-bir yağdırmağa başladı:
– Madam ki, qadın açıq olduqda onun gözəlliyini və ədəbini daha tez təyin etmək olur, nə üçün cənab müctəhid qadınların açıq gəzməsinə icazə vermir?
Nəsrulla Salam gözlərini qırpırdı, çətinliyə düşmüşdü, məclisdə çıxılmaz bir sükut hökm sürürdü. Mən molladan icazə istədim:
– Hərgah cənab müctəhid icazə versəydi, mən xanımın cavabını verərdim, – dedim.
Müctəhidin dili açıldı:
– Buyurun, oğlum, – dedi, – bərəkallah, oğlum. Buyurun.
– Mən cənab Nəsrulla Salamın qadın açıqlığı barəsindəki fikrini bilmirəm, – dedim, – ancaq bunu deyə bilərəm ki, İranda qadın açıqlığı məsələsini qoymaqla bərabər, kişilərin də açıq qadınlara layiq bir kişi halına gətirilməsinə çalışılmalıdır.
Mənim bu sözümdən sonra sanki Nəsrulla Salamın dili açıldı və:
– Əhsən, afərin, oğlum! Fərmayişiniz doğru fərmayişdir. Kişilərimiz qadınlarımızdan da cahildir, – dedi.
Şam süfrəsi İran evlərinə məxsus bir süfrə idi. Nəsrulla Salam və arkadaşları süfrəyə baxıb gülürdülər. Ağa Məhəmmədhüseyn Hacıyev bu gülüşün mənasını çox tez anlayaraq dedi:
– Ağaların Məkkə ziyarətinə getdiyinə ehtiram edilərək süfrəyə şərab verilməmişdir.
Nəsrulla Salam sözə başlayaraq dedi:
– Bən də əvvəlcə ərz etdim ki, köhnəpərəst və avam mollalardan deyiləm. O ki, cənab Məhəmməd xan Müctəhidzadədir, o cənabın özü də şərab saxlayanlardandır. Zənnimcə, cənab İsgəndər xan da təqliddən boyun qaçırmazlar. O ki, Məkkəyə getməkdir, Məkkə sahibi o qədər böyük və mərhəmətli bir kişidir ki, bu cür xırda işlərlə məşğul olmaz və xırda günahları da hesabımıza yazmaz. Məclisdəkilərin hamısı güldü. Ağa Məhəmmədhüseynin işarəsi ilə süfrəyə hər cür şərab verildi.
Nəsrulla Salam yalnız konyak içirdi. Əmmaməsini götürüb yerə qoymuşdu. Başında ağ və nazik bir araqçın qalmışdı.
– Süfrə başında baş geyimini çıxarmaq lazımdır, mən avropalıların bu işlərini sevirəm. Bu hər bir ziyalı adamın vəzifəsidir.
Mən onun bu sözlərinə tamamilə başqa məna verirdim. Molla şərab məclisində əmmamə ilə oturmağı, əmmaməyə qarşı bir təhqir hesab edir və bunu da bizə hiss etdirməmək üçün başqa bir dona salmağa çalışırdı. Mollanın yoldaşları da başlarını açdılar. Başlarının ortası alnlarından boyunlarına qədər iranlıların çətmə birçək dedikləri üsulda qırxılmışdı.
Şam bitincəyə qədər Nəsrulla Salam amerikalı qızı məşğul etməyə çalışır və cürbəcür məsələlərə əl atırdı. O, gözəl və gənc qızla bir şəhvətpərəst şərqli kimi deyil, mədəni, ziyalı, ağıllı bir şərqli kimi danışırdı. İsgəndər xanla Məhəmməd xan Müctəhidzadəyə gəldikdə qızı nəzərdən keçirir, hətta onun saçının tellərini sayacaq qədər diqqət yetirirdilər. Nəsrulla Salam qəlyan istəmişdi, mən Müctəhidzadə Məhəmməd xanla salonda gəzişir və söhbət edirdik.
Mən Nəsrulla Salama işarətlə dedim:
– Doğrudan da, fikri açıq molladır, qızla ən mədəni və ziyalı bir adam kimi danışır.
Müctəhidzadə Məhəmməd xan gülərək dedi:
– Rəfiqi-möhtərəm! Bizim naxoşluğumuz ölüm naxoşluğudur, bizim başımız xəstədir, bəibarət uxra pişvalarımız naxoşdur. Ağam, o naxoşluq ki, mən sizə ərz edirəm, onların kaffəsi haman xörək süfrəsinin üstünə qoyulan əmmamələrdən doğur, bəlamızın kaffəsi haman qırx-əlli arşın tənzifdən çıxır. Doğrudur, bu adam qızla çox ədəbli danışır, lakin bununla ona mədəni və ziyalı adam demək olmaz, çünki onun qadınları görəcək gözü yoxdur. Sanki qadınlar ona təbiətcə biganədir. Onun qadını vardır, lakin üzünə baxmaz, çünki o qeyri-təbii şəhvətin əsiridir. Bunun üçün də onun cavan övrətləri bir dənə də olsa, uşaq doğmamış.
– Nə üçün? – deyə soruşdum.
– Onun yanında dörd-beş gənc xidmətçi, hazırda bir nəfər gənci də özü ilə bərabər Məkkə ziyarətinə aparır, öz çirkin əməllərini ziyarətdə də təkrar etmək istəyir. Ağa, bunu sizə bir nəfər iranlı olduğunuz üçün ərz edirəm. Bu haramzada haman uşağı Kərbəla və Xorasan ziyarətinə də aparmışdır, indi də Məkkə ziyarətinə aparır. Bizi də bu səfərə məcbur edən odur. «Gərək gedib tövbə edəsiniz» deyib bizi də öz dalınca Ərəbistan çöllərinə sürüyüb aparır.
Biz bu söhbətdə ikən 18 yaşlarında gözəl bir gənc əlində qəlyan içəri girdi və qəlyanı Nəsrulla Salamın qabağına qoydu. Nəsrulla Salam isə:
– Bərəkallah, hacı! – deyə alqışladı.
Müctəhidzadə yenə də sözünə davam etdi:
– Budur, haman uşaq budur, indiyə qədər müctəhid bir neçə bəlasini saxlayıb, böyüdüb buraxmışdır. Gənc hələ də Nəsrulla Salamın qarşısında durmuşdu, gözləri qandan dolmuş bir piyalə kimi qızaran Nəsrulla Salam iki gözünü uşağa dikərək baxırdı. Xeyli baxdıqdan sonra Nəsrulla Salam ona getməyə icazə verdi. Müctəhidzadə isə yenə də sözünə başlayaraq dedi:
– Rəfiq, siz bizim rəhbərlərimizi tanımayırsınız. Onların hamısı bu xəstəliyə mübtəladır.
Mən:
– Əcəba, bu bədbəxt uşaqların axırı necə olur? – soruşdum.
– Onlar öz gəncliyini bu əxlaqsızların qucağında keçirdikdən sonra müctəhidin vasitəsilə hökumət işlərinə təyin olunur. Məsələn, Nəsrulla Salamın əmrinə görə, Marağa hakimi Hacı Səməd xan kimi əxlaqsızlar bu uşaqları hökumət işlərinə düzəldir, çünki Səməd xanın özü də Nəsrulla Salamın atasının yanında böyümüş, sonra da hökumət işlərinə təyin olunmuşdur. Hazırda o, Şücaüddövlədir. Dövlətin şücaətidir. İndi isə bizim dövləti, onun müctəhidini və bizim hökumət adamlarımızın kim olduğunu, necə böyüdüyünü mülahizə buyura bilərsiniz. Bu kimi əxlaqsızlığa öyrənmiş və bu rəzalətin içərisində böyümüş cavanlar hökumət idarəsinə keçəndən sonra öz başına gələnləri başqa cavanların başına gətirirlər, odur ki, ölkəmizi əxlaqsızlıq bürümüşdür.
Müctəhidzadənin sözləri mənə dərin bir təsir bağışladı.
– Siz bu hallarla mübarizə aparmalısınız, xalqa anlatmalısınız, bu həyasızlığın hamısını ifşa etməyə çalışmalısınız, – dedim.
Müctəhidzadə mənim qolumdan tutub həyətə çıxardı. Kiçik bağçada gəzişməyə başladıq. Müctəhidzadə yavaşca dedi:
– Təəssüf olsun ki, biz bu saatdan sonra sizinlə görüşməyəcəyik, çünki gedirik. Hərgah avam xalqın məzəmməti olmasaydı, mən buradan qayıdar və İrana gedərdim. Orada sizinlə bir az vaxt keçirərdim. Ağa, biz işləmişik, bizim gördüyümüz işi İranda heç kim görməmişdir. Biz nələr etmədik. Biz nə ölümdən, nə dar ağacından, nə «xəlili»dən xof etmədik. Bizi Ağa Məhəmmədhüseyn çox yaxşı tanıyır. Bu namussuz Nəsrulla Salam da bizim səbəbimizə gəlib ağanın evində mənzil edibdir. Biz «Səyahətnameyi-İbrahim bəy» kimi əsərlər yaratdıq. İrandakı həyasızlığı, əxlaqsızlığı başdan-ayağa kimi ifşa etdik, xalqımız isə buna bir məzhəkə məcmuəsi kimi baxdı, çünki onların siyasi ruhlarını Nəsrulla Salam kimi əxlaqsızlar öldürübdür.
Müctəhidzadənin bu sözləri sanki iynə olub ürəyimə batdı. Diksindim, onun əllərini tutub dodaqlarından öpdüm və dedim:
– Nə qədər xoş təsadüf. Nə qədər məsud səfər.
Çox sevdiyim və müharrirlərini tanımadığım o böyük «Səyahətnamə»nin insanı güldürə-güldürə ağladan məzmununu dərhal xəyalımdan keçirdim və ixtiyarsız olaraq gözlərim yaşardı.
Müctəhidzadə özü də ağlamsındı.
– «Səyahətnamə»ni təlif edən mən, bir də Hacı Zeynalabdin Marağalı idi, onun Misirdə çap məsarifini də ikimiz cibimizdən verdik. Mirzə Əliməhəmməd xan Kaşanlı tərəfindən Misirdə çap olunan «Pərvəriş» qəzeti də bizim köməyimizlə çıxırdı. «Hacı Nəmməd bal», «Madər-dövlət» məqalələrinin birisini mən, o birisini Hacı Zeynalabdin yazmışdır. Nəhayət, Ətabək kimi ərzəllər qəzeti İrana buraxmadı. Əliməhəmməd Xanzadə cavan idi, bu zərbəyə dözmədi, özü də vərəmli idi, öldü, qəzet də bağlandı. Ağa, hər işimiz yarımçıq qaldı, indi isə özümüzü axmaqlığa vurub, bu lotunun dalısına düşüb Məkkəyə gedirik.
Biz çox danışdıq. Gecə keçirdi. Bizi salona dəvət etdilər. Miss Hanna darıxdığından mənə və Şeyxova getməyimizi təklif etdi.
– Hacılar da sabah getməlidirlər, qoy onlar da bir az rahat olsunlar, – dedi. İsgəndər xan Ağa Məhəmmədhüseyndən soruşdu:
– Biz sabah saat neçədə buradan rəfi-zəhmət etməliyik? Hər gün vağon vardır, ya yox?
– Cənab Hacı, səhər saat yeddidə vağona oturmalısınız, – deyə Ağa Məhəmmədhüseyn cavab verdi.
– Cənab Ağa Məhəmmədhüseyn, sizə məlumdur ki, bəndələr ki, cənab Nəsrulla Salamın hüzurunda gedirik, bizim yanımızda on manat, yüz manat bir pul deyil. Bir yüz manat da artıq para verib vağunu qapıya gətirmək olmazmı? Çünki cənab Nəsrulla Salam üçün də vağzala getmək əziyyət olacaqdır.
Bu sözlərdən İsgəndər xanın vaqon görmədiyi bəlli oldu. Ağa Məhəmmədhüseyn isə onu sakit etmək məqsədilə dedi:
– Mümkün deyil, mümkün olsa idi, buyurduğunuz kimi edərdim.
Gecə saat on ikidə vidalaşıb çıxdıq. Müctəhidzadə bizi qapıya qədər ötürüb əlimi bir daha sıxdı.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-seyahetnameyi-ibrahim-bey
Use ← → keys to move, R for a random poem
More by this author
Fərivər küləkləri, gecənin qaranlığından istifadə edərək çiçəklərlə öpüşdüyü zaman, haq quşu da çinarların şaxələrində şirin yuxuya dalan minlərcə quşların ninnisini oxuyurdu.Maşan dərələrindən şaqqıltı ilə axıb, Maşan düzlərini dolduran Maşanrud çayı ulduzların şəfəqini çimdirmək üçün geniş hövzələr təşkil edirdi.
DüşüncələrƏbubəkr ibn Məhəmməd Gəncədə bir neçə ay oturdu, bu müddətdə Şirvan və Gürcüstan hökumətləri ilə möhkəm bir dostluq müqaviləsi bağlandı. Şirvan şahı Əbülmüzəffər Şərqdə başlanmaqda olan qanlı hadisələrdə iştirak etməmək üçün, Gürcüstan hökmdarını da Qızıl Arslanla bağlanan dostluq müqaviləsində iştiraka cəlb etdi. Şirvan hökumətinin bu ağıllı rəftarı Şimali Azərbaycanda, cənubdan və cənub-qərbdən hücum edən düşmənlərə qarşı böyük bir qüvvət təşkilinə imkan yaratdı.Qızıl Arslan hüdudlardan yaxşı xəbərlər ala bilmirdi. Qarışıqlıq başlayırdı. Buna görə də Gəncəyə göndərilən fərmanda Şimali Azərbaycanda düzələn ordunun təcili bir surətdə cənuba hərəkət etməsi göstərilirdi.
Kəhran qalasıQızıl Arslan Qətibəni Təbrizə köçürəndən sonra Həmədanda belə bir şayiə gəzirdi:Qızıl Arslanın Qətibəni Təbrizə köçürüb Təbriz saraylarında yerləşdirməsinə Həmədanda olan Azərbaycan qoşunu və qoşunun sərkərdələri Fəxrəddin və Seyid Əlaəddin müsbət nəzərlə baxmayır. Onlar Toğrulu Savə şəhərindən Həmədana çağırıb öz taxtına əyləşdirmək istəyirlər.
Eşqnamə“O mənim rəhmətlik atamın sərkərdəsidir, onun öz ağasına nə qədər dərin bir sədaqət bəsləməsini bütün Azərbaycan xalqı bilir. Hüsaməddinin adı çəkilən zaman Araz üsyançıları təslimin qapısını axtarardı. O, bir ilin müddətində doqquz üsyan boğmuşdu. Mən Atabəy sarayını ancaq ona əmin ola bilərəm”.Qətibə bu kimi sözləri hər gün təkrar edirdi, lakin Qızıl Arslan onların heç birisinə əhəmiyyət vermirdi. O, heç bir zaman Hüsaməddini Qətibənin tələb etdiyi mərtəbəyə qaldırmaq istəmirdi. Çünki Hüsaməddini nə özü sevir, nə də Azərbaycan xalqı sevirdi.
Poems by other poets
Bir qulaq ver mənə, ey sahibi-əqla və şüura,Gözün aç, seyr elə bu aləmi dəhra və dühura,
Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlümYenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm,Rumuzi-eşqdən agah olub, ustad olan könlüm.
Dərbəndli AğabəyəEy əzizim, bu qədər raği-həmam olma,Mərdümi-qafil, tənpərvər və əyyam olma.
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,