Page 1 of 5

Qətibə Təbrizdə müvəffəqiyyət qazana bilmədi, zəhər hadisəsində öz-özünü tamamilə ifşa etdi. Eyni zamanda o, Təbrizdən Həmədana qayıda da bilmədi. Çünki, Qızıl Arslanın qətl edildiyi xəbəri qonşu məmləkətlərə yayıldıqdan sonra, Bağdad və İraq ordusu iranlılarla birləşərək Azərbaycana hücum etməyə başlamışdı. Buna görə də Qətibə Təbrizdən heç bir kəsə xəbər vermədən Rey tərəflərinə qaçdı.

Azərbaycanın vəziyyəti qorxulu idi. Azərbaycan Atabəylərinə məxsus torpaqlar tamamilə xarəzmlilər, iraq və iranlıların işğalı altında idi.

Bağdad xəlifəsi bu hökuməti tamamilə Şərqin xəritəsindən silmək istəyirdi. Atabəy məmləkətlərini paylaşdırmaq işində Qətibənin oğlu Qütlüğ İnanc da ciddi iştirak edirdi. Toğrul paytaxtı buraxıb qaçmışdı. İraq və Bağdad qoşunu Bağdadı işğal etdikdən sonra Azərbaycan sərhədlərini keçmişdi. Qütlüğ İnancın Reydən gətirdiyi ordu Qəzvində müttəfiqlərin qoşunları ilə birləşəcək və Azərbaycan məsələsini həll edəcəkdi.

Buna görə də Qətibə artıq hiylə və macəra yolu ilə deyil, azərbaycanlılarla ordu və silah gücü ilə danışmağa qərar vermişdi. O, Təbrizə qələbə ilə girəcək, vəliəhdi asdırmaqla öz oğlunu Azərbaycan taxtına əyləşdirəcək idi.

Azərbaycan məmləkətinin təhlükə altında olduğu xəbərini Təbrizdən Gəncəyə gələnlər xalq arasına yaymağa başlamışdı. Lakin bu dəfə Atabəy hökumətini silahla müdafiə etmək məsələsi Gəncə ziyalılarının fikrinə belə gəlmirdi. Bu xəbərlər şayiə olur-olmaz, Azərbaycanda təzə bir fikir oyanmışdı. O fikir Şirvanla əlaqəyə girmək və Şimali Azərbaycanı cənubdan gələn təhlükəyə qarşı müdafiə etməkdən ibarət idi.

Bu fikrin əleyhinə olan çox az idi. Lakin bu ittifaq Azərbaycan məmləkətinin təmamiyyətini təmin etmədiyi üçün cənuba kömək vermək fikrinin tərəfdarları artdırdı.

Həmin bu günlərdə Gəncə hakiminin carçıları bazarda və küçələrdə dolaşıb aşağıdakı sözləri deyirdilər:

“Gəncə camaatı! Bilin və agah olun! Valahəzrət vəliəhddən fərman gəlibdir. Fərman bu gün günorta namazından sonra Səlcuq camesində oxunacaqdır. İyirmi yaşından qırx beş yaşına qədər olanlar Səlcuq camesinə gəlməlidir, hey!”

Gəncə hakimi carçılarla kifayətlənməyərək, şəhərin ziyalılarına, əyan və nüfuzlu adamlarına xüsusi məktublar göndərib Səlcuq camesinə dəvət eləmişdi.

Günorta yeməyində Əlaəddin və Fəxrəddin öz qadınları ilə bərabər Nizaminin bağçasında təşkil olunmuş qonaqlığa gəlmişdilər. Nizaminin bu qonaqlığı nə üçün təşkil etdiyindən qonaqların heç birisi xəbərdar deyildi. Qonaqlıqda iştirak edən çox az idi, lakin ziyafət olduqca təntənəli idi. Burada vaxtilə Bağdad saraylarına göndərilmiş və hazırda Əlaəddinin qadını olan Süsən, Fəxrəddinin qadını Dilşad və sairləri iştirak edirdilər.

Dilşad Fəxrəddinin qulağına pıçıldayıb:

– Qonaqlığın mündericəsi məlum deyildir. Lakin olduqca təntənəlidir, – dedi. Rəna xanımın hazır etdiyi yeməkləri, ətirli şərbətləri və cürbəcür meyvələri qonaqların yanına düzdülər. Qonaqlar süfrənin ətrafına yığıldığı zaman Nizami üzünü Fəxrəddinə tutub dedi:

– İnsanlarda təbii bir xasiyyət vardır. Onlar gələcəyi çox az düşünürlər. İnsanın əsas xüsusiyyəti keçmişi xatırlamaqdan ibarətdir.

Ziyafətdə iştirak edənlərin hamısı böyük şairin ağzına baxırdı, onun bununla nə demək istədiyi ilə maraqlanırdı. Xüsusən Fəxrəddin qapıdan içəri girdiyi dəqiqədən bəri bu ziyafətin kölgəsində mühüm bir məsələ durduğu hiss edilirdi. Lakin şairin məsələni təbiət qanunlarından başlaması Fəxrəddin üçün başqa bir düşüncə və başqa zehniyyət verirdi.

Nizami sözünü əvvəlcə başladığı mövzuda davam etdirirdi. Onun adəti belə idi, o, mühüm bir məsələni müzakirəyə qoymaq istədiyi zaman əvvəlcə məclisdə olan xalqın fikrini haman məsələ ətrafında hazırlar, sonra əsas məsələnin üzərinə keçərdi.

Bu gün Nizami haman fikirlə sözünü davam etdirib dedi:

– İnsanın gələcəyə deyil, keçmişə bu qədər əhəmiyyət verməsində o qədərdə insanı düşündürəcək bir müəmma yoxdur. İnsanın çocuqluğu və gənçliyi keçmişin qoynunda basdırıldığı üçün o, daima keçmişi xatırlamalıdır. Keçmiş nə qədər fəna, nə qədər əziyyətli olursa olsun, yenə də insan qəlbini unuda biləcəyi bir şey deyildir.

Mən gənçliyimi xatırlarkən, onunla bir daha qovuşub öpüşmək istərkən, ancaq üç şeydən təsəlli tapa bilirəm. Sanki mən onların vasitəsi ilə uzaq yolları bir anda seyr edir və gəncliyimi ziyarət edirəm.

Onlardan birisi gözəl şeirdir. Mən daima qanıma girə biləcək bir şeri eşitdiyim zaman özümü gənclikdə görür və ruhən yüksəlir və məndən uzaqlaşaraq buludların arxasına çəkilən gəncdiyimin yanına qalxıram.

Məni gənclıyə qaytaran ikinci vasitə musiqidir. Musiqini ən qoca bir sənətkar bəstələmiş olsa, onu bir ixtiyar xanəndə oxusa belə, yenə də, onda bir gənclik mövcuddur. Çünki qocalıq və ixtiyarlıq musiqi və nəğmə ətrafına dolaşa bilməz, o gözəl sənət daima gəncdir. Onu qoca bir sənətkar yaratsa belə, yenə də gənclik hissləri ilə yarada bilmişdir.

Məni gəncliyimə qaytaran üçüncü vasitə, nazlı səhərin qoynundan qırmızı və şad bir çöhrə ilə çıxan qərənfil gülüdür.

Hazırdakı ziyafət, bu bağçada verilən ikinci ziyafətdir. Birinci ziyafət ölməz və unudulmaz şairimiz Məhsətinin sürgündən qayıtdığı zaman verilmişdi. O zaman mənim özüm də, burada oturanların bir çoxu da gənc idi. Yaxşı yadımdadır, Məhsəti xanım hazırda Dilşad xanım oturan yerdə oturmuşdu, xalça da haman xalça, döşək də haman döşəkdir. Buna görə də Məhsəti xanımı xatırlamaq və bizi bir an da olsa gəncliyin ziyarətinə aparmaq üçün vəzifə Dilşad xanıma tapşırılır.

Fəxrəddin Əlaəddinin qulağına pıçıldayıb:

– Əsas məsələ bu deyil, şair hazırlıq aparır, – deyə Dilşada tərəf dönüb onun bu təklifə razı olub-olmamasını yoxladı və onun çöhrəsində narazılıq hiss etmədi. Süfrədə oturanlar da “rica edirik, rica edirik!” – deyə Dilşad xanıma yalvarırdı. Rica edirik sözü Dilşadın sevimli əri Fəxrəddinin ağzından da eşidilirdi. Buna görə də Dilşad udu gətirmək üçün xidmətçini evə göndərdi.

Ziyafətdə olanlar yenə də bir-birlərilə danışaraq deyirlər.

“Bu ziyafət yemək-içmək, çalıb-oxumaq üçün təşkil edilməmişdir. Burada başqa məsələ vardır. Bu təkliflər isə onun zəmianəsidir”.

Udu gətirdilər. Dilşad xanım udun pərdələrini düzəltdiyi zaman Nizami yenə də danışıb dedi:

– Ancaq Məhsəti xanımın rübailərindən oxuyun, çünki rübai yazmaq işi Məhsəti xanımla qurtardı.

Dilşad Məhsəti xanımdan aşağıdakı rübailəri oxudu:

Hər ab ki, əz dideyi-qəmnam çəkəd
Xunist ki əz xəncərü-qəssab çəkəd.
Xun mirəvəd əz dilü kəbabəm şəbü ruz,
Şək nist ki əz kəbab xunab çəkəd.

Bər səng zədəm duş səbuyi-kaşi
Sərxoş büdəmü ki kərdəm in ovbaşi.
Bər mən bə zəbani-hal qöft səbu,
Mən çün to budəm, to niz həm mən başi.

Gül bərsəri səbzə mikünəd rənayi,
Bülbül zi bərayi gül şüdə şeydayi,
İn həm əcəbəst ki hər do heyran şüdənd,
Gül əz peyi-ömr, bülbül əz tənhayi.

Dilşad elə bir zövq və maraqla oxudu ki, ziyafətdə olanlar Məhsəti xanımın bir daha həyat səhnəsinə qayıtdığını zənn etdi. Ziyafətdə böyük bir ruh yüksəkliyi var idi. Nizami bunu hiss edərək əsas məsələyə yanaşmağa başladı:

– Sizi bu ziyafətə dəvət etməkdən məqsədim yedirib-içirtmək deyil. Bu cür süfrələr hamının evində mümkündür. Lakin şeir, musiqi və nəğmə hamı üçün mümkün deyil. Dilşadın və Süsənin səsini eşitmək bizi yenə də keçmişlərə qaytardı. Xüsusən biz burada oturan xanımların həyat tarixini də xatırladıq, bu tarixin qılınclar və qəhrəmanlıqlar sayəsində qurulduğunu Dilşadın və Süsənin simasında bir daha oxuya bildik.

Mən sizi bu ziyafətə haman qəhrəmanlıq tarixini xatırlatmaq üçün çağırmışam. Hazırkı vəziyyət yenə də bizdən silaha sarılmağı tələb edir, çünki düşmən Azərbaycan xalqını əsirlik dövrünə qaytarmağa hazırlanır. Əbubəkr ibn Məhəmmədin göndərdiyi məktubu sizə oxumaq istəyirəm.

Hamı bir ağızdan:

– Rica edirik, rica edirik! – dedikdə Nizami əlini atıb cibindən bir məktub çıxarıb oxumağa başladı:

“Bu məktub Əbubəkr ibn Məhəmməd Eldəniz tərəfindən böyük və möhtərəm şair Nizamiyə yazılır.

Möhtərəm şair!

Atam Atabəy Məhəmmədin bir səhvi nəticəsində düşdüyümüz bədbəxtlik böyük bir fəlakətlə nəticələnməyə başladı. İnanc tayfasına yaxınlaşmaq bizi öz mehriban təbəələrimizdən ayırdı, biz xalqın məhəbbətini itirdik. Xalqın məhəbbətindən məhrum olmaq rəhmətlik əmim Qızıl Arslanın da ölümünə səbəb oldu. Atam da, əmim də hökumətlərini Azərbaycan xalqının qılıncları kölgəsində qurduqlarına baxmayaraq, bu xalqa xor baxdıqları üçün məhv oldular.

Toğrulun yanlış siyasətləri və onun əcnəbi himayəsinə girmək istəməsi, Azərbaycan atabəyliyinin süqutunu yaxınlaşdırdı. Qardaşım Qütlüğ İnanc da öz anasının rəyasət və üstünlük xəyalları nəticəsində əcnəbilərə satılmışdır.

Qardaşımın xəyanətləri də xanədanımızın süqutunu tələsdirir. Hazırda Bağdad qoşunu, iraqlılar və iranlılarla birləşib paytaxtı işğal etmişdir. Toğrul Həmədanı buraxıb qaçmışdır.

Qütlüğ İnancın Reydən hücum edən ordusu Qəzvin şəhərinə yaxınlaşmaqdadır. Onların məqsədi Həmədandan şimala tərəf gələn müttəfiq ordularla birləşib Təbriz şəhərini işğal etməkdir. Böyük şairin özünə məlumdur ki, Azərbaycan xalqının ciddi köməyi olmasa, biz bu çətinliyin öhdəsindən gələ bilməyəcəyik.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets