Son müharibə
Page 2 of 5 · 20%
Bu günlər Qətibə xatunun mənə zəhər vermək istəməsi də düşmənin xanədanımızı tamamilə məhv etmək qərarına gəldiyini göstərir. Hazırda əlimizdə olan az bir miqdar qoşunla düşmən ordularının qarşısını ala bilməyəcəyimiz aşkardır. Sizin köməyiniz olmasa, onlar Təbrizə girəcəkdir. Hər halda böyük şair göndərdiyi cavabla mənim təklifimi müəyyən etməlidir”.
Əbubəkrin bu məzmunda yazdığı məktub çox uzun idi. Nizami ancaq onun müəyyən hissələrini oxudu. Ziyafətdə dərin bir sükut hökm sürürdü. Heç kəs danışmırdı. Məktub barəsində nə mənfi, nə də müsbət bir fikir söyləyən yox idi. Nizaminin fikrini bilmək üçün birinci olaraq Əlaəddin danışıb dedi:
– Şübhəsiz ki, Eldəniz xanədanını yaxalamış fəlakət olduqca böyükdür. Onlar hazırkı vəziyyətləri ilə bu çətinliyin altından çıxa bilməyəcəklər. Biz nə edək? Bu fəlakəti onların özləri qazanmışdır. Biz onları bir neçə kərə ağır fəlakətdən qurtardıq.
Azərbaycanlılar onların hökumətini müdafiə etmək üçün Xarəzm, Rey, İraq və Dəclə sahillərində minlərcə oğlunu qurban vermişdir. Biz dünyanın baş əydiyi xəlifələri onların qarşısında diz çökdürdük. Bu xidmətlərin müqabilində nə kimi bir mükafat aldıq? Nəticədə onlar bizi bir ərəb qızının arzusuna qurban verdilər, bizim paytaxtdan uzaqlaşmağımıza səbəb oldular. Bugünkü fəlakət, haman səhvlərin islah edilə bilməyəcək nəticələridir. Bilmirəm, onların bu qədər etinasızlığına qarşı biz Əbubəkrin məktubuna nə cavab verməliyik?
Hamı ilə bərabər Nizaminin özü də Əlaəddinin dediklərini diqqətlə dinləyirdi. Nizami yalnız Fəxrəddinin danışmasını gözləyirdi. Çünki ziyafətdə olanların arasında Eldəniz ailəsinin ən inadlı düşməni Fəxrəddin idi.
Xüsusən son zamanlar, Qətibənin ona qarşı olmazın macəralar, fitnələr, hətta sui-qəsdlər hazırlaması və Qızıl Arslanın buna soyuqqanlılıqla baxması Fəxrəddinin Eldəniz ailəsinə olan düşmənliyini bir daha dərinləşdirmişdi.
Buna görə də Nizami əvvəlcə Fəxrəddinin fikrini bilmək istəyirdi.
Fəxrəddin fikirli başını qaldırıb Nizaminin üzünə baxaraq gülümsədi. Nizami dərhal bu təbəssümün mənasını anlayaraq onu xəfif bir təbəssümlə qarşıladı. Bununla da gənclik yoldaşları bir-birini anladı və Fəxrəddin danışaraq dedi:
– Mən bu ziyafətə dəvət olunduğum zaman burada mühüm bir məsələnin həll olunacağını düşünürdüm və özüm-özümə deyirdim: əcəba, mənim gənclik yoldaşım qadınlarla kişilərin ziyafətini bir yerdə çağırmaqdan nə məqsəd daşıyır? Mən ancaq Əbubəkr ibn Məhəmməd Eldənizin məktubu oxunduqdan sonra şairin məqsədini anladım. Bu ziyafətdə iştirak edən qadınların əksəriyyəti Azərbaycan silahının qalibiyyəti nəticəsində Bağdad saraylarının əsirliyindən qurtarmışdır. Hazırda şüursuz hökmdarların səhvləri nəticəsində Bağdad xəlifələri yenə də Azərbaycan qızları ilə əylənməyi düşünürlər. Burada oturanlar mənim fikrimi başqa cür məna etməsinlər. Hərgah iraqlılar, xarəzmlilər, iranlılar şəxsən atabəyləri məhv etmək arzusunda olsaydılar, mən Fəxrəddin, yüz nəfər atlı ilə bütün Eldəniz ailəsini tutub onlara verərdim, o zaman nə qan tökülər, nə də ölkələr at ayağının altında tapdalanardı.
Lakin onlar Azərbaycana beş nəfər çürük başlı və dəyərsiz adamları əldə etmək üçün gəlmirlər. Onlar zəngin bir məmləkəti almaq və qəhrəman bir xalqı əsir götürmək üçün gəlirlər.
Xüsusən Qütlüğ İnancın bu macəradə yaxından iştirak etməsi, ixtilafın mənasını bizə lazımınca anladır. Bu məsələ bizim öhdəmizə məsul bir vəzifə qoyur. Qütlüğ İnanc hökmdarlığı əldə etmək istəməklə bərabər, bizdən Əmir İnancın qanını də tələb etməyə gəlir, onlar bizi hədəf tutaraq Azərbaycana gəlirlər.
Bizi qadınlarımızla birlikdə ziyafətə çağıran möhtərəm şair, mühüm bir məsələni nəzərdə tutmuşdur. O bilir ki, igid və namuslu kişilər öz qadınları iştirak etdiyi məclisdə heç bir zaman müharibə təklifindən boyun qaçırmazlar. Çünki ağıllı qadınlar heç bir zaman qorxaq kişiləri sevə bilməzlər.
Fəxrəddin bu sözləri deyəndən sonra üzünü Dilşada çevirib dedi:
– Dilşad, sənə və sənin oğlun Sədrəddinə and içirəm! O uşaq mənim bədbəxt qardaşımın adını daşıyır, mənim ondan da artıq sevdiyim adam yoxdur. Onun canına and içirəm, qorxaqlığın nə olduğunu hiss etmərəm. Qoy mənim dostum Nizaməddin (Nizami) öz fikrini açıq desin. Hərgah o, lazım görərsə yenə də Azərbaycan igidlərinin qılıncları qınından çıxacaq, yenə də əmudlarımız Bağdad qapılarını sındıracaq, yenə də Aran atları başını Dəclə çayına salıb kişnəyə-kişnəyə su içəcəkdir.
Fəxrəddinin bu sözündən sonra hər kəs öz qadınına tərəf dönüb and içir və müharibəyə hazır olduğunu bildirirdi.
Nizami yenə də danışaraq:
– Mən öz fikrimdə yanılmadım, – dedi, – Azərbaycan xalqını idarə edən rəhbərlərin qəhrəmanlıq və igidliyinə olan etimadım bir daha doğruldu. Mən demək istədiyim sözləri Fəxrəddin tamamilə sizə dedi. Lakin mən bu söhbətləri, əsas bir cəhəti qeyd etməklə tamamlamaq istəyirəm.
Düşməni Azərbaycan içərisində yox, Azərbaycan xaricində döymək lazımdır. Cənub-qərbdə Həmədan, cənubda isə Qəzvin şəhəri bizim doğma sərhədimizdir. Bu yerləri bizim öz xalqımız üçün, sərhəd xaricində olan yerləri isə Əbubəkr Nüsrətəddin üçün müdafiə etməliyik. Çünki Əbubəkr bizim bacım oğludur. Onu azərbaycanlı qızı doğmuşdur. Düşmən sərhədimizdən nə qədər uzaqda olursa, səadət və əmniyyətimiz də o qədər yaxınımızda olar.
Harada azərbaycanlı yaşayırsa, orası bizim doğma vətənimizdir. Onun namusu – ata namusu qədər müdafiə olunmalıdır.
Nizaminin təklifləri bir səslə qəbul olundu. Ziyafət Dilşad və Süsənin musiqi və nəğmə səsləri ilə qurtardı.
Bu gün Cənubi Azərbaycana gedən ordunu yola salmaq üçün aranlılar arvadlı-kişili Gəncənin üç fərsəng məsafəsində olan Xanəgah kəndi ətrafında yığışmışdı.
Kəndin düzlərində çalıb-oynayan qız və gəlinlər, orduya yemək hazırlayan gənclər və qocalar gecədən bəri çalışırdı. Minlərcə ocaqlar qurulub, yüzlərcə qoyun kəsilir, kabab şişlərinin sayı müharibəyə gedənlərin nizəsinin sayından bir neçə qat artıq idi.
Xanəgah kəndinin qarşısından kəndin dörd fərsəng məsafəsində olan İsfahan kəndinə qədər ordunun çadırlarından başqa bir şey görmək mümkün deyildi. Ordu tamamilə gəlib Xanəgah və İsfahan kəndi ətrafında yığışana qədər aranlılar da ağacların kölgəsində düşüb çalır, oxuyur, oynayır və yeyib-içirdilər.
Dördüncü gün ordu nahar yeməyindən sonra köçüb Bazarçuq kəndi altında gecələyəcək idi. Çadırları və orduya lazım olan şeyləri daşıyan minlərcə dəvə, qatır karvanları Xanəgah kəndindən yüklənib Bazarçuqa tərəf gedirdilər.
Düzlərdə yük heyvanlarının boynundan asılmış zənglərin ahəngsiz və qarmaqarışıq səsindən başqa bir şey eşidilmirdi.
Ordu köçməyə hazır idi. Lakin hər kəsin gözü Gəncə tərəfində idi, sanki onlar möhtərəm bir adamın intizarını çəkirdilər. Bir azdan sonra uzaqdan qəliz toz dumanlarının intizamını pozaraq kiçik bir dəstə göründü. Dərhal Fəxrəddin və Əlaəddin çadırlardan çıxıb yaxınlaşmaqda olan karvanı istiqbal etdilər. Bu dəstə Nizamidən, onun qadını Rəna, oğlu Məhəmməd və Gəncə ziyalılarından ibarət idi. Ordu xalqı atlanıb, təzə gələn dəstəni salamlamaq istəyirdi. Gələnlər atlıların qalın dəstələri arasından keçib Fəxrəddinin çadırına yanaşdığı zaman, üzərində qoşa qılınc şəkilli qırmızı bayrağı çadırdan çıxardılar. Bayraq çadırdan çıxarıldığı zaman şeypur səsləri ucaldı, atlılar bir kərə qılınclarını qınından çıxardılar. Günəşin işığında parlayan qılınclar Xanəgah kəndi dağlarında ildırım şığıdığını xatırlatdı. Ordu and içdiyi zaman, Nizami orduya müraciət edərək ucadan dedi:
– Azərbaycan xalqı! İgidlər! Qəhrəmanlar! Xalqımızın tarixi igidliklər və qəhrəmanlıqlarla doludur.
Vaxtilə ərəblər və farslar bizdən hər bir şeyi aldılar. Lakin tarixi irsdən ibarət olan milli qüruru və tarixi qəhrəmanlığı bizim əlimizdən ala bilmədilər.
Məmləkətimizin mövqecə əhəmiyyəti, düzlərimizin zənginlik və bərəkəti daima düşmənlərimizin iştahasını coşdurmuşdur. Lakin buna baxmayaraq, sizin babalarınız vaxtilə Asuri, Qəldani və İran kimi böyük dövlətləri dizə çökdürmüş və özünün dünyada azad yaşamaq qabiliyyətini göstərmişdir. Çünki bizim məmləkətimiz qəhrəmanlar yetişdirmək işində bütün ölkələrə üstündür. Bir zaman sizin yaşadığınız yerlərdə Fərhad və Astiyaqlar kimi qəhrəmanlar və mədəni şəxsiyyətlər yaşamışdır. Bu gün İran məmləkətində gördüyünüz mədəniyyət sizin babalarınız tərəfindən düzələn mədəniyyətdir. Azərbaycan heç bir zaman qılınc və ordu gücünə təslim olmamışdır. Sizin babalarınız bu şərəfi öz həyat tarixlərində bütün dünyaya isbat eləmişlər. Lakin düşmən, Azərbaycan xalqı kimi sarsılmaz bir xalqı, bu xalqın ittifaqını pozmaq nəticəsində məğlub edib və əsirliyə almışdır. Buna görə də siz bu tarixi bayrağın önündə ittifaqı pozmamağa və sərkərdələrinizin əmrlərindən boyun qaçırmamağa and içməlisiniz.
Nizaminin bu sözündən sonra on minlərcə qılınc havaya qalxıb yenə də endi. Nizami isə sözündə davam edirdi:
– Düşmən, tarixdə babalarınızın boynuna salmaq istədiyi zənciri, sizin də boynunuza salmaq üçün gətirir. Lakin siz bu səfərdə onlara göstərməlisiniz ki, Azərbaycan xalqının boynu onların düşündükləri qədər düşkün boynlardan deyil. Bu gün siz köhnə və tarixi paytaxtınız olan Həmədanı düşmən əlindən qurtarmaq üçün gedirsiniz. Bizim bu mübarizəmiz nə Azərbaycan atabəyləri, nə də onlardan sonra taxta oturacaq şahların xatirəsinə deyildir, biz bu müharibəyə Azərbaycan xalqının milli qürur və milli sərhədini müdafiə etmək üçün gedirik. O nə ərəbin, nə İraqın, nə də İranın deyildir. Ora bizim idi, bizim də olmuş və gələcəkdə də bizim olacaqdır. Mən bu bayrağı sizin sərkərdəniz olan Fəxrəddinə tapşırıram. Siz bu bayrağı düşmən əlinə verməmək və onu başı aşağı etməmək üçün öz tarixi şərəfinizi hər an xatırlamalısınız, bu bayrağın qırmızı rəngə boyanması xalqımızın öz azadlığı uğrunda tökdüyü qanların tarixini oxumaq üçündür.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-son-muharibe
Use ← → keys to move, R for a random poem
More by this author
Lloyd Corc Qərbi fəlakətdən qurtarmaq üçün İsa-Məryəm naminə Amerikaya yalvarır, bir tərəfdən də Puankareyə bir qəpiyindən keçməyəcəyini söyləyir.*Siz də, biz də lotuyuq, ürfdə, adətdə birik,
Əlbəttə ki!Amerika xariciyyə naziri Fyuz öz nitqində demişdir ki, Amerika müharibəyə torpaq işğal etmək üçün deyil, kiçik millətlərin azadlığı səbəbinə iştirak etmişdir.*Aləmi-insanı abad eylədik, əlbəttə ki!
Edərik bizİnkiltərədə dörd günlük seçki kampaniyası vaxtında 40 min nitq söylənmişdir.*Qırx min kərə bir nəğməni izhar edərik biz,
Varımızdır!Amerikanın Nyu-York şəhərində on bir yaşında uşaq inqilabi ədəbiyyat satdığı üçün həbs olunmuşdur.*Əlbəttə ki, hürriyyəti-vicdan varımızdır,