Page 4 of 5 · 60%

“Xoş günlərin xatirəsi də bir vüsal qədər müqəddəsdir. O ancaq indi-indi qadınlıq yaşına çatır. O, artıq kişi ilə bir qız kimi oynamağı yox, onu bir kişi olaraq qiymətləndirməyi bacara bilir, bunların hamısından sonra, o, Şərqin məşhur qadınıdır. Xalqın “Hüsaməddin Eldəniz xanodanının böyük mələkəsini qolları arasına almışdır” – deməsi mənim üçün bir şərəfdir. O, gözəl və əylandirici bir qadındır.

Hüsaməddin bunları düşünərkən şəhvət onu irəliyə sürüdü, o dodaqlarını yenə də Qətibənin dodaqlarında gördüyü zaman, qulaqları həmişəki sözü eşitdi:

– Hüsaməddin, dalısı sonra!

O, geri çəkilib mələkəyə təzim edərək dedi:

– Elədir mələkə! Məni bu müharibəyə cəlb edən iki şeydir. Biri əsgəri vəzifəm, ikinci isə mələkəyə olan hörmət və pərəstişimdir. Madam ki, mələkə mənim üçün yaşamaqdadır, mən də onun üçün ölümə getməyə hazıram. Mən qələbəyə ümid edirəm. Hərgah Fəxrəddin azərbaycanlı olduğu üçün özünü qəhrəman hesab edirsə, onun qarşısında duran zat da azərbaycanlıdır. Fəxrəddin və Əlaəddinin boyunlarına ip salıb sürüyə-sürüyə mələkənin yanına gətirəcəyəm.

Qətibə bir daha onun boynunu qucaqlayıb öpdü və:

– Mən onları dara çəkdirəcəyəm. Kəbinimiz dar ağacının altında kəsiləcəkdir, – dedi və dodaqlarını Hüsaməddinin dodaqlarından çəkərkən əlavə etdi. – Birbaş Təbriz üzərinə hücum edib vəliəhdi öldürərsən, sonra da onun nişanlandığı Təliənin saçlarından tutub sürüyə-sürüyə hüzuruma gətirərsən. Son tapşırığım bundan ibarətdir.

Lakin Qətibə öz dediklərinə inanmırdı. Çünki o, Fəxrəddinin qəhrəmanlığını və ümumiyyətlə azərbaycanlıların hərbi dəyərini çox gözəl bilirdi. Hüsaməddin vidalaşaraq yola düşəndən bir gün sonra Qətibənin oğlu Qütlüğ İnanc da Soltaniyyədə olan beş min atlı ilə Qəzvin şəhərinə yola düşəcək idi. Qətibə oğlunun üzündən öpərək:

– Ehtiyatlı ol, səni müharibəyə yox, müharibəyə rəhbərlik üçün göndərirəm, – dedi. – Sən ölməyə deyil, qoşunlarına “Vətən yolunda öl” demək üçün gedirsən. Sərkərdələrini öyrən, hər kəs nəyi sevirsə, onu da vədə ver. Xırda ehsanları xırdalar üçün, böyük ehsanları isə böyük adamlar üçün əsirgəmə. Ağıllı adamları öz yanında saxla. Onları müharibəyə buraxma, çünki əqilli olanlar, bu müharibənin məzmununu anlayanlar, bizim yolumuzda ölümə getməzlər. Sən qəhrəmansan, lakin qardaşın Əbubəkr də qəhrəmandır. Atanızın pəhləvanlıq irsinin böyük bir hissəsi onun qismətinə düşmüşdür. Buna görə də onunla qarşı-qarşıya gəlməməlisən.

Bu müharibənin nə üzərində getdiyini pərdələmək üçün ərəb və iranlıların vətən və millət duyğularını coşdurmalısan.

Təbrizə girdiyin zaman Təbriz əyanlarına, Təbriz ruhanilərinə bacardığın qədər hədiyyələr və ehsanlar ver, çünki onlar üçün hədiyyə və ehsan hər şeydən – vətəndən, dindən də qiymətlidir.

Atan daima deyərdi ki: “Təbrizi ehsan və xələt, reyliləri aldatmaq, Xorasanı vədələr, Azərbaycanı daxili ixtilaf, fars məmləkətlərini isə din və məzhəb mübahisələri nəticəsində özümə bağladım”.

Buna görə də girdiyin ölkələrdə atanın getdiyi yol ilə get. Xalqın əsas bir xüsusiyyəti vardır, onlar böyük bir məmləkəti qarət etmək üçün gəldiyini hiss etsə belə, on nəfərə ehsan etdiyin üçün səni bir hatəm kimi tanıya bilərlər.


Təbriz ilə Qəzvin arasında təcili poçt düzəldilmişdi. Vəliəhd cəbhənin vəziyyətilə bir günün müddətində tanış ola bilərdi. Vəliəhdin Fəxrəddinən aldığı son məktub təskinedici bir surətdə yazılsa belə, yenə orada düşmən qüvvəsinin sayca bir neçə qat artıq olduğu göstərilirdi. Bu müharibədə yalnız ərəb və iranlılar deyil, Xarəzmşahın qoşunları da iştirak edirdi. Azərbaycan Atabəyliyini Şərq səhnəsindən silmək üçün böyük bir ittifaq düzəlmişdi. Düşmənin hücuma keçməsi, Qəzvin ətrafını möhkəmlətməsi, onun böyük müharibəyə hazırlandığını göstərirdi.

Qəzvin altında baş verən bu müharibə Yaxın Şərq tarixində mühüm bir hadisə şəkli alırdı. Bu cəhətləri nəzərə alaraq vəliəhd hadisəyə yalnız adi bir müharibə kimi yox, xanədan və hökumət təddəddülatı məsələsi kimi baxırdı.

Vaxtilə Qızıl Arslan tərəfindən sürgün edilmiş qoca vəzir Şəmsəddin Qızıl Arslanın öldürüldüyünü və məmləkətə qarşı düşmənlərin böyük bir ittifaq düzəltdiyini eşidərək Təbrizə gəlmişdi.

Şəmsəddin, Əlaəddin və Fəxrəddinin iştirakı ilə düzələn müşavirədə Azərbaycan ordusunun müdafiə halında durmayıb hücuma keçməsi qərarı çıxarılmışdı.

Qoca vəzir Fəxrəddinə yazdığı məktubunda deyirdi:

“Müharibəni qazandıran əsas cəhətlərdən birisi də ruh yüksəkliyidir. Ruh yüksəkliyi, daima müharibə təşəbbüsünü əlinə alan və hücum edən tərəfin əlində ola bilər. Buna görə də sənin rəhbərliyin altında olan ordu özünü müdafiəyə yox, hücuma hazırlamalıdır. Çünki Azərbaycan ordusunun tutduğu hazırkı mövqe müdafiə üçün əlverişli deyildir.

Düşmən ordusunun hazırda Siyahdəhan və Suniqan tərəflərini əldə etmək təşəbbüsü, Azərbaycan ordusunu Xərrud və Əbnərrud çaylarının arasına sıxışdırıb məhv etməkdən ibarətdir. Buna görə də hər nə qiymətə mal olursa olsun, Şərəfabad təraflərini işğal edib, düşmənin arxasına keçmək hərəkətini asanlaşdırmalıdır.

Düşmənin cəbhəyə sürdüyü ordunun sayı nə qədər artıq olursa, o qədər də tez məğlub olacaqdır. Çünki Qəzvinin hərb səhnəsi olduqca dardır. Böyük bir ordu oynatmaq üçün əlverişli deyil. Əsas dəstürüləməli vəliəhd həzrətlərinin özü gətirməkdədir”.

Şəmsəddin bu məktubu Fəxrəddinə göndərdikdən sonra vəliəhdə nəsihət verib dedi:

– Hökmdarın ordu içərisində olması mütləq lazımdır, çünki bununla orduda ruh yüksəkliyi oyanar və qoşunun qəhrəmanlığı artar.

Eyni zamanda, hökmdarın qılıncla müharibədə iştirak etməsi ordunun məğlubiyyətinə səbəb ola bilər. Ən qüvvətli bir ordu hökmdarının atdan düşdüyünü görürkən ruhdan düşər və müharibə etmək istəməz.

Bu müharibə ancaq sənin əleyhinədir. Buna görə də düşmən birinci növbədə hökmdarı hədəf etmək istəyəcəkdir.


Təliə vəliəhdin cəbhəyə getmək xəbərini bir neçə gün əvvəl eşitmişdi, indi də onu səfər libasında gördüyü üçün şiddətlə ağladı.

Vəliəhd onu bu göz yaşlarından mən etmək və təsəlli vermək üçün saçlarını sığallayaraq deyirdi:

– Nə üçün ağlayırsan? Bizim xoşbəxtliyimiz sarayda qapanıb qalmaqda deyil, çünki ağır bir qiymətə mal olmuş bu məmləkəti ucuz qiymətə satmaq tarixcə böyük həqarətdir. Bizim xoşbəxtliyimiz ən yaxın bir zamanda və ən böyük bir qələbədən sonra baş tutacaqdır. Çünki bütün xoşbəxtliklər namus və şərəf üzərində qurulduqdan sonra davam edə bilər.

Təliə, bu müharibə mənim ilə sənin bacın oğlunun arasında gedən şəxsi bir müharibədir. Xalq cəbhədə özünü mənim yolumda qurban verdiyi sırada, mənim qorxaqcasına sarayın bir bucağına qısılıb qalmağım qorxaqlıq və vicdansızlıqdır.

De görüm Təliə, sən qorxaq, həqir və vicdansız bir adamın üzünə nə cür baxa bilərsən?

Təliə daha ağlamırdı, o, göz yaşlarını silərək deyirdi:

– Sən bunların heç birisindən deyilsən, mən də bu sənətdə olan adamı sevmirəm, lakin sənin həyatını da başqalarına inana bilmirəm.

– İnan Təliə, mən yabançıların içinə getmirəm, öz doğma xalqımın içərisinə gedirəm. Onlar məni sevirlər. Mən onların bacısı oğluyam. Bacın Qətibənin mübarizəsi də bu zəminədə gedir. Çünki o mənim anamı bir kəndli qızı hesab etdiyi üçün məni vəliəhdliyə səlahiyyətli görmür. Lakin Azərbaycan xalqı öz bacısı oğlunun haqqını müdafiə etmək üçün iyirmi beş yaşından başlayaraq əlli yaşına qədər silaha sarılmışdır. Onlar məni cəbhədə gözləyirlər. Təliə, tək getmirəm, anam da Arandan gəlibdir. O da öz qardaşları və qohumları ilə bərabər cəbhəyə gedir.

Vəliəhd bu sözləri danışdığı zaman qapı açıldı, ucaboylu və qırx beş-əlli yaşlarında bir qadın içəri girdi. Qadın fikirli gözlərini açıb bir Əbubəkrə, bir də Təliəyə baxaraq durdu. Vəliəhd sükutu pozaraq:

– Təliə, bu mənim anamdır. Gəl əlini öp, o bizim xoşbəxtliyimizin əleyhinə deyil, o səni də, məni də qəlbən sevir. O həm qəhrəmandır, həm də mehriban bir anadır.

Qadın irəli gəlib bir əli ilə Təliənin, o biri əli ilə də Əbubəkrin əlindən tutaraq:

– Əmin olun! – dedi. – Müharibələr hər nə məqsəd üzərində gedirsə getsin, sonunda bir həqiqətlə nəticələnmiş olur. Nə mənim özüm mələkəlik iddiasında olmuşam, nə də oğlumun padşahlığa yetişməsini istəmişəm. Lakin Azərbaycan öz oğlunun haqqını müdafiə etmişdir, yenə də edir.

Buna görə də mən Atabəy Məhəmməd öldürüldüyü zaman oğlumu da götürüb Azərbaycana qayıtdım. Mələkəlik və varislik mübarizəsinə qarışmadım. Lakin hazırda Atabəy Məhəmməd və Qızıl Arslan öldürüldükdən sonra düşmən mənim oğlumu da məhv etməyə çalışır. Hazırda mən öz qohumlarım və öz elim bərabər cəbhəyə gedirəm. Bu gediş oğlumu müdafiə etməklə bərabər, Azərbaycanın istiqlaliyyətini də müdafiə etməlidir. Sənin oğluma qarşı olan sədaqət və sevginə inanıram. Sən bunu işdə göstərdin. Mən nə qədər ki, sənin bacını düşmən tuturam, bir o qədər sənin dostumam. Azərbaycanlıların dostpərəst olduqlarını bugünkü hadisələrlə təyin edə biləcəksən. Şirvan hüdudundan başlayaraq Qəzvin hüduduna qədər olan uzun yollar cəbhəyə sursat daşıyan karvanlar ilə işğal edilibdir.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets