Page 4 of 4 · 75%

Qız bunu söyləyərək ağladı və əlimdən öpmək istədi. Mən onu başını əlimdən qaldıraraq saçlarını sığalladım və:

– Buna lüzum yoxdur, bacım, – dedim, – sizin məsələniz o qədər də qorxulu bir məsələ deyildir. Siz məndən heç bir şey gizlətməyin. Ancaq sirlərinizi mənə açdıqdan sonra, mən sizə kömək edə biləcəyəm.

Qız sözünü belə başladı:

– Mən Mehdi xanın qızıyam, atamın məndən başqa iki oğlu vardır. Atamın anadan bir, atadan ayrı olan qardaşı çox varlıdır. Böyük mülkləri, kəndləri, bağları, binaları vardır. Onun da məndən çox kiçik bir oğlu vardır, onun bir gözü şikəstdir, ağlı da yerində deyil. O doğulduğu vaxt mən doqquz yaşında idim, onu bir çox zamanlar qucağımda gəzdirmişəm, indi isə məni ona vermək istəyirlər.

– O sizi sevirmi?

– O sevgi anlamır, hələ çox kiçikdir.

– Neçə yaşındadır?

– 12 yaşındadır.

– Sizin neçə yaşınız vardır?

– 21 yaşındayam.

– Buna atanız və ananız nə deyir?

– Anam özünü həlak etmək istəyir, razı deyil, atam isə əksinə.

– Bunun səbəbi?

– Atama pul lazımdır: çünki tiryəkidir, sərxoşdur, öz var-dövlətini də bu yolda xərcləyib bitirmişdir.

– Siz bu izdivaca razı olub-olmamağınız haqqında atanıza bir söz deməmişsinizmi?

– Evimizdə bütün günü döyüşmə və söyüşmə gedir, anam bu işin üstündə neçə kərə döyülmüşdür.

– Əcəba, sizin əminiz bu vəziyyəti bilmirmi?

– Necə ki bilmir?

– Bəs nə üçün razı olur?

– Bu məcburiyyəti yaradan da elə əmimdir. Sizə açığını deməkdən utanıram.

– Utanmayın, bacım, müsəlman ailələrinin həyatında bu kimi acılıqları nə qədər istəsən tapa bilərsən. Utanmayın, mən sizi anlayıram!

Başına gələn macəranın nə qədər ağır və əzici olduğunu qızın çöhrəsi ifadə edirdi. Bir çox sıxıntıdan sonra utana-utana dedi:

– Əmim məni oğlu üçün yox, özü üçün aparır.

– Ola bilməz, siz bunu haradan bilirsiniz?

– Mən bilirəm. Onun mənə qarşı əlaqəsi bir əmi və qayınatanın əlaqəsinə bənzəmir. O məni hər gün qolları arasına alıb öpür və döşlərimi sıxır. Mən onun hər məni görəndə halından çıxdığını hiss edirəm. Günün birində əmim arvadı da bu vəziyyəti görüb əmimə acıqlandı və – «qızın üzünü açma!» deyərək, ona nəsihət verdi. Lakin əmim arvadının sözünü eşitmir, yenə işində davam edirdi. O mənsiz bir gün də olsa yaşaya bilmir. Gəlib məni evdən aparır. O məni öz adına almağı bacarmır, çünki şəriətdə, adətdə belə iş yoxdur. Buna görə də bir parça ət və sümükdən ibarət olan oğluna almaq bəhanəsilə məni əldə etmək istəyir. Buna da çox qalmamışdır.

– Qardaşlarınız buna necə baxır?

– Qardaşlarım burada ikən, belə həyasızlıqlara yol verilmirdi; ancaq əmim bir neçə kərə təklif etdi, qardaşlarım acıqlandı, o dəxi məsələni təzələmədi.

– Qardaşlarınız hardadır?

– Nə bilim?!

– Necə yəni nə bilim? Onların hara getdiyini bilmirsinizmi?

– Əlbəttə ki, bilmirəm.

– Onlar getdikləri zaman sizə bir söz demədilərmi?

– Dedilər. Onlar məni qucaqlayıb öpdülər və ağladılar. Son sözləri bu oldu, «Nabat; özünü satma! Biz bilirik ki, səni təkləyib bədbəxt edəcəklər». Doğrudan da, elə oldu, məni təklədilər.

– Bəs sən nə üçün qaraçı evinə fal açdırmağa gedirdin?

– Fal açdırıb qardaşlarımın yerini öyrənmək istəyirdim. Bu rüsvayçılıqdan qurtarmaq üçün onların yanına qaçmağı düşünürdüm.

– Onlar bu vəziyyəti bildikləri halda səni nə üçün burada yalqız buraxıb getdilər?

– Burada qala bilmədilər.

– Nə üçün?

– Mən nə bilim?

– Yoxsulluqdanmı çıxıb getdilər?

– Xeyr. Burada qala bilmədilər.

Nabat xanım sözünün dalısını söyləmək istəmirdi. Utanır, ya da məndən nəyi isə gizləyirdi. Mənsə onun qardaşlarının getməsində böyük bir sirrin gizləndiyini hiss edirdim. Buna görə də ona bir daha müraciət etdim:

– Biz sizinlə əvvəlcə şərt qoyduq ki, siz məsələni olduğu kimi açıb deyəsiniz. Lakin siz yenə də məndən nəyi isə gizlədirsiniz. Özünüz mənim evimdə, sirlərinizin mühüm bir hissəsi əlimdə və müqəddəratınızı da mənə tapşırdığınız halda mənə inanmamağınızın nə mənası vardır?

Nabat xanım udqundu, dilinin ucu ilə qorxusundan qurumaqda olan dodaqlarını islatdı və:

– Qardaşlarımın sirri, mənim sirlərimdən daha mühümdür, – dedi. – Onun üçün də haman sirləri yaxından tanımadığım və vicdanından əmin olmadığım bir adama vermək istəmirdim. Lakin mən elə zənn edirəm ki, siz düşündüyüm qədər saf bir vicdan sahibisiniz. Bunu iki saatdan bəri olan tanışlığımız da isbat edir, çünki yardımsız və zavallı bir qızla belə alicənablıqla rəftar etmək, ancaq saf bir vicdana malik olan inqilabçıya yaraşar. Mənim bədbəxt qardaşlarım da inqilabçı idi.

– İnqilabçı?

– Bəli, hər ikisi həqiqi inqilabçı idi. Hacı Səməd xan Təbrizə girdikdən sonra onlar gizləndi. Vicdansız əmim isə məni öz pəncəsinə salmaq və məqsədinə nail olmaq üçün onların hər ikisini həbs etdirmək və Hacı Səməd xanın əlinə verməyə çalışırdı.

– Bəs onlar Təbrizdən nə yol ilə qaçdı?

– Onların bir nəfər qafqazlı dostu var idi, onlara vəsiqə və pul verdi. Təbrizdən qaçırdı, Allah ondan razı olsun. Heç olmasa mən qafqazlını tapaydım. Kaş mən də inqilab yolunda ölüb qurtaraydım, bu günləri görməyəydim. Hər gün səngərə gedirdim. Onlara yemək aparırdım. Bəxtimə bir güllə düşmədi ki, yaxam bu rüsvayçılıqdan qurtarsın.

– Qardaşların hansı səngərdə çarpışırdı?

– Göy məscid səngərində. Hər gün yemək aparırdım. Yoldaşları ilə nahar edirdilər. Yenə də qabları götürüb evə qayıdırdım.

– Sizin özünüz nə üçün inqilabçı olmadınız?

– Bu sözü mənə qardaşlarımın səngərində duran bir qafqazlı neçə kərə demişdi, lakin mənim əlimdən nə gələrdi?

– Sizin əlinizdən çox şey gələrdi. Hərgah siz inqilabçı olsaydınız, qaraçının açdığı fala inanmaz və bu cür bir tora düşməzdiniz. İndi dinləyin. Mən sizə qardaşlarınızın adını söyləyim. Onların böyüyü Saleh ağa, kiçiyi Pərvizdir.

Nabat xanım təəccüblə gözlərimə baxaraq, nə isə xatırlamış kimi:

– Siz osunuz? – dedi və ağladı.

Mən onun əlini əlimə alaraq təsəlli verdim və ağlamamasını tövsiyə etdim. Lakin o, heç vəchlə sakit ola bilmirdi. Həyəcanla özünü toplamağa çalışaraq dedi:

– Deməli, siz haman adamsınız! Xatırlayıram, mənə səngərdə inqilabçı olmağı təklif edən oğlansınız. Sizi bomba atanda görmüşdüm. Sizin bu əliniz mənə tanış gəlir. Siz bu əlinizlə mənim əlimi bir neçə kərə sıxmısınız. Bilmirəm, həyatımın bu çətin vaxtında da bu əl mənə kömək edə biləcəkdirmi?

– Bu əl sizi böyük bir təhlükədən qurtarıb öz xalanızın evinə gətirmişdir.

Nabat xanım dərin bir heyrət içində ətrafına göz yetirdikdən sonra, tələsik ayağa qalxaraq soruşdu:

– Xalamın?

– Bəli, xalanızın! Məşədi Kazım ağanın arvadı sizin xalanız deyildirmi?

– Xalamdır! Xudavənda, mən bədbəxt olduğum qədər də xoşbəxtməmiş!

– İndi bircə məsələ qalır. Siz gecəki hadisədən kimsəyə, heç nə söyləməməlisiz, çünki o vaxt mən də, qardaşlarınız da təhlükə altında qalar, özünüz də bədbəxt olarsınız!

– Buna söz verirəm, mənə inanın, ölsəm də bu sirr mənimlə qəbrə gedəcəkdir!

– İndi daha düşünməyə lüzum yoxdur. Siz bu gecəni öz xalanız evində gecələmisiniz. Bunu səhər xalanız da ata və ananıza söylər. Zənn edirəm ki, onlar buna da inanar. Əminizin məsələsinə gəldikdə, sizi onun əlindən qurtarmağı da mən öz öhdəmə götürürəm. İndi durub sağ tərəfdən otağa keçiniz, öz evinizdə olduğu kimi rahət yata bilərsiniz.

– Yox, mən burada yataram. Siz rahətsiz olmayın. Öz otağınızda yatın.

– Mənim otağım başqadır. Bura qonaq otağıdır.

Gecə saat beşdə yatmaq üçün otaqlara çəkildik.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets