Bu gün Gəncədə verilən ziyafət tarixi bir ziyafət idi. Bu gün Fəxrəddin Azərbaycan ordusu ilə bərabər Cənubi Azərbaycana yola düşəcək idi. Bu ziyafətin ikinci əhəmiyyəti Bağdaddan Fəxrəddinin anasının görüşünə gələn Dürrətülbağdadın ziyafətdə iştirak etməsində idi.

Ziyafətdə Dürrətülbağdadın tərbiyə etdiyi Süsən və Fənhasın tərbiyəxanasında İbrahim Müvəssil tərəfindən yazılmış musiqi dərslərini keçmiş Dilşad xanım iştirak edəcəkdilər.

Ziyafətdə şair və ədiblərin və ordu ilə gedənlərin özləri və ailələri iştirak edirdi. Fəxrəddinin ordusunu və özünü müşayiət etmək üçün Bağdad əsirliyindən qurtarmış qızların hamısı Gəncəyə gəlmiş və ziyafətə dəvət edilmişdi.

Ziyafət başlanmamışdı, sanki ziyafətin başlanması üçün möhtərəm bir qonağın intizarı çəkilirdi. Qızlar və gəlinlər əllərində gül dəstələri hazırlayaraq gələn qonaqlara təqdim etmək üçün saxlamışdılar.

Ziyafət məclisinin yuxarı başında üç boş kürsü qoyulmuşdu. Bu kürsüləri bütün ziyafətdəkilər gözdən keçirirdi, çünki kürsülər tarixi kürsülər idi. Kürsülər Əmir İnanc, onun qadını Safiyə xatun və qızı Qətibənin ziyafət zamanlarında oturduqları kürsülərdən ibarət idi.

Ziyafət salonunun böyük və iki taylı qapısı birdən açıldı. Üç nəfər salona daxil oldu. Onlardan birisi Nizami, ikincisi şairin qadını Rəna, üçüncüsü də böyük sənətkar Məhsəti xanım idi.

Şairləri salamlamaq üçün qızlar, gəlinlər bir-birinin dalınca cərgə ilə növbəyə durmuşdu. Ən qabaqda Dürrətülbağdad durmuşdu. O, Nizami və Məhsəti xanımla hamıdan artıq maraqlanırdı.

Fəxrəddin irəli keçib Dürrətülbağdadı şairlərə təqdim edərkən dedi:

– Rəhmətlik qardaşımın qadınıdır. Anamın görüşünə gəlmişdir.

Dürrətülbağdad irəli gəlib qabaqca Məhsəti xanımın, sonra da Nizaminin əlini öpərkən Fəxrəddin Rənanı tanış edərək:

– Bu xanım da böyük şairin həyat yoldaşı Rəna xanımdır, – dedi.

Görüşdülər, danışdılar, “xoş gəldin, səfa gətirdin”dən sonra son gələn qonaqlar keçib kürsülərdə oturdular. Ziyafətdə olanlar ancaq Məhsəti xanıma baxırdılar. Onun təmiz və kağız kimi ağarmış saçlarında, açıq və qocalıqda belə ay kimi parlayan alnının cizgilərində, bütün həyatında azad bir günəşə baxa bilməyən göz bəbəklərində yaşadığı qəmli tarixin tablolarına tamaşa edirdilər. Onun sağında Nizami, solunda isə Rəna oturmuşdu. Məhsəti xanım qoca olduğundan əlavə xəstə idi. Lakin o, bu ziyafətə gəlməyə bilməzdi. Çünki o, evdə oturduğu zaman nə Nizami, nə də Rəna onu yalnız buraxıb bir tərəfə getməzdilər.

Ziyafət başlandı. Birinci növbədə Süsən udu əlinə alaraq çalıb-oxumağa başladı:

Günəşlərdə çimən, güldən rəng alan,
Bahar çiçəyindən səfalı qızlar!
Qaşında oynayan, gözündə çalan,
Əyri baxan zaman, can alı qızlar!

Bir ceyran qaçmışdır Aran dağından,
Bir güldür dərilib öz budağından,
Həyat suyu axır bal dodağından,
Baxışları qanlı-qadalı qızlar.

Mina gərdəni var, sürahı beli,
Zülfünün darağı baharın yeli;
Saçına bağlanmış bir Aran eli,
Günəş çöhrəsindən ziyalı qızlar.

Çiçəkdən incədir, sudan təmizdir,
Bahar şəbnəmindən doğulan qızlar.
Bu necə qaş-gözdür, bu nə bənizdir,
Ey uca dağların maralı qızlar!

Süsən bunları oxuyandan sonra, dönüb Dilşada tərəf baxıb oxudu:

Udunu danışdır, danışsın bülbül,
Çıxsın qonçaların qucağından gül,
İqbal bizə gülür, ay qız sən də gül,
Eşitsin səsini vəfalı qızlar!

Məhsəti xanım Süsənin səsini və sənətini təqdir edərkən dönüb Dilşadın üzünə baxdı. O, Dilşadın səsini, onun musiqi sənətindəki məharətini olduqca bəyənirdi. O daima Dilşadı yanına çağırıb oxudur və məşğul olurdu. Dilşad, Məhsəti xanımın bu baxışlarından nə demək istədiyini dərhal hiss edərək sualverici bir baxışla Fəxrəddinin üzünə baxdı. Fəxrəddin də Dilşada icazə verib:

– Oxu Dilşad, bizim bundan şad günümüz olmayacaqdır, – dedi.

Dilşad udu götürüb pərdələrini düzəltdi, oxumaq istərkən Məhsəti xanım ona işarə edərək:

– Qızım, haman qəzəli oxu, – dedi. Dilşad çalıb oxumağa başladı:

Saçdıqca şərər eşq odu bimar tənimdən,
Atəşgədələr doğmadadır pirəhənimdən.
Mən öylə fəlakətzədə bir bülbüli-zarəm,
Şərməndə keçər bad-səbalar çəmənimdən.

Bir şəm sifət söndüğüm aləm bilir, ancaq,
Pərvanə köçəndən bəri beytülhəzənimdən.
Bir şairi-biqədri-həzinəm, fəqət ölsəm,
Yüz təzkirə təhrir edəcəklər kəfənimdən.

Həzar mərtəbə rəftəm zi Misr ta Kənan
Bə qeyri çeşmi Züleyxa kəsi bərah nəbud!

Nizami Məhsəti xanımın əlini öpərək dedi:

– Bir xalqı məhv etmək istəyirsənsə, onun əlindən üç şeyi al: dilini, şerini, musiqisini. Düşmənlərimiz bizim ilə başladıqları mübarizəni buradan başladılar. Lakin xalqımız ölməzliyini böyük mübarizələrdə təcrübədən keçirdi.

Buna görə də mənim anam və ustadım yerində olan Məhsəti xanım özünün əbədi yaşamasından əmin olmalıdır; çünki sizin kimi insanların yaratdığı cavahirlər çürüməz və tarixdən silinməz cavahirlərdir. Bir zaman gələcəkdir ki, vaxtilə Məhsəti xanımlara nifrət bəsləyənlərin nəvələri öz babalarına nifrət bəsləyəcəkdir. Qaydadır, ən ləziz və şirin meyvələr belə öz mövsümündə insanların xoşuna gəlməz.

Nizami Məhsəti xanıma ürək və təsəlli vermək üçün uzun-uzadı danışdı. Nəhayət, Dürrətülbağdada müraciət edib:

– Siz də bir-iki şeir oxuyun, – dedikdə, ziyafətdəkilərin hamısı ricaedici bir vəziyyət alaraq Dürrətülbağdada tərəf baxdılar. O heç bir etiraz etmədən oxudu:

Dürrətülbağdad oxuyandan sonra Məhsəti xanım Süsəni səsləyərək dedi:

– Süsən, udu gətir bura!

Ziyafətdə olanların hamısı əllərini yemək-içməkdən çəkib Məhsəti xanıma baxmağa başladılar.

Məhsəti xanım udu əlinə alıb dedi.

– Səsimi son dəfə eşidirsiniz. Sizinlə vidalaşıram. Siz əmin olun ki, həyatım indi olduğu kimi keçsəydi, nə qocalıq, nə də xəstəlik mənə qalib gələ bilməzdi.

Məhsəti xanım bu sözləri deyib gözünün yaşını sildi və bu rübaini oxudu:

Təlxəst həmişə eyşi-ərbabi-hünər,
Zin ruyi namizənəd kəsi abi-hünər.
Əz atəşi-cəhlü xakisaran guya
Bərbad şüdəst dər cahan babi-hünər.

Dünyanı öz səsi və öz musiqisi ilə titrədən böyük sənətkarın əlləri titrəyirdi. O, bir neçə rübai oxudu. Dürrətülbağdad ayağa qalxıb:

– Böyük müəllimə! – deyərək, Məhsəti xanımın əlindən öpdü.

Məhsəti xanım yorulmuşdu, başını Rənanın çiyninə söykəyib oturmuşdu.

Böyük şair Nizami ziyafət məclisinə göz gəzdirib danışdı:

– Mən bir həqiqəti təkrar etməyə lüzum görmürəm. Mən bu gün bir daha qadının incəsənət işlərində kişilərdən daha yüksəkdə durduğunu gözümlə gördüm. Burada öz sənətlərini nümayiş etdirən qadınlar incəsəntin ən yuxarı dərəcəsini mənimsəmişdir. Buna çox da təəccüb etməməliyik. Çünki qadının özü də təbiətin bir çox möcüzələri cərgəsində incəsənət adlanır. Bunun üçün də mən hörmət bəslədiyim böyük İran şairi Firdovsi ilə qadın məsələsində barışa bilmədim. Böyük Firdovsi bu məclisdə olsaydı, özünün tərbiyə qanunları əleyhinə yazdığı şerlərini cırıb atardı. O öz şeirlərində tərbiyənin nəsli və fitri olduğunu iddia edir və deyirdi ki:

“Alçaq və tərbiyəsiz ailədən doğulan bir qızı nəcib və kübar ailədə bəsləmiş və tərbiyə etmiş olsan da, yenə o özünü bir qadın kimi hiss etdiyi zaman öz anasının getdiyi yolu davam etdirəcəkdir”.

Firdovsi deyirdi ki, “qara qarğanın yumurtasını cənnətdəki tovuzun altına qoyasan, yumurtadan çıxdığı zaman onu cənnət əncirlərinin dənələri ilə bəsləyəsən, yenə o böyüdükdə qarğa balası olacaqdır. Cənnət tovuzuna isə quru bir zəhmət qalacaqdır”.

Firdovsi başqa bir yerdə yazır ki, “əgər yoğuluşu acı olan bir ağacı gətirib cənnət bağının torpağında əkəsən, onu cənnətin məşhur suyu olan Kövsər çeşməsindən suvarasan, yenə də o, meyvə gətirdiyi zaman meyvəsi acı olacaqdır”.

Lakin hazırda bizim gözümüzün qarşısında oturan qadınlar o fikirlərin hamısını yalanladı. Burada oturanların heç birisi zəngin, kübar və Firdovsinin nəcib dediyi ailələrin içərisindən çıxan qızlar deyil. Hamısı sənətkar, kəndli, çoban və yoxsul qızlarıdır. Bunlar ancaq tərbiyə və istedadın nəticəsində incəsənətin bu qədər ali dərəcəsinə çıxa bilmişlər!

Nizami sözünü bitirəndən sonra qızlar yenə də oxuyub-çaldılar. Bu halda qapı açıldı. Gözəl, yanında oğlanları Əbubəkr və Özbək içəri girdi. Fəxrəddin dərhal yerindən qalxdı, Gözəli tanıyan və tanımayanlar da onun gəlişini bir hadisə hesab edərək təəccüblə ayağa qalxdılar. Gözəl ziyafət salonunu dərin və fikirli bir nəzərlə süzdü, ağır qədəmlərlə irəli gedib başını Nizami və Məhsəti xanımın önündə əydi və onların əlindən öpdü, sonra da oğlanlarının qolundan tutub məclisə təqdim etdi:

– Məmləkətin hüdudlarını qorumaq üçün gedən qəhrəman ordunuza mənim də oğlanlarımı qəbul edin. Bunlar da həqiqi azərbaycanlılardır. Oğlanlarım ordunuzun başını aşağı etməzlər. Bunlar da birər qəhrəmandır. Hətta sizin tarixi bir qəhrəmanınızın nəvələridir.

Gözəl bu sözləri dedikdə, Nizami ayağa qalxıb oğlanları öpdü. Fəxrəddin bir daha öz bacısı qızı və bacısı nəvələrini ziyafətdəkilərlə tanış elədi.

Məhsəti xanım qalxıb getmək istərkən, üzünü ziyafətdəkilərə tutub danışdı:

– Vətənin o tərəf-bu tərəfi olmaz, onun hər ovuc torpağı, hər parça daşı sevimlidir. Biz gəncliyimizdən vətənimizi sevdik, lakin öz sevgilimizlə azad yaşamaq imkanını qazana bilmədik. Bu gün Cənuba gedən ordumuz sevimli vətəndə azad yaşamaq imkanını qazanmaq üçün gedir. Sağ-salamat gedib qələbə ilə qayıtmağınızı arzu edirəm. Yaxşı yollar, yaxşı uğurlar olsun!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Sahibsiz ailə

Mehmanxanaya girdiyim zaman Qriqor ağa rus qızının məni tez-tez soruşduğunu xəbər verdi və qızın barəsindəki mülahizəsini əlavə etdi:– Qızdan şübhələnirəm, onun gizlin bir sirri olmamış deyil. O sizi tez-tez soruşur və sizin yubanmağınızdan təlaşa düşür. Hətta o bir neçə kərə: €Yoxsa o mənə xəbər vermədən getdi? – deyərək həyəcanlanırdı. Lakin mən onu sizin burada olduğunuza inandırdım, sakit olub mənzilinə getdi. Hər halda burada bir sirr vardır. O qız casus deyilsə də, sizi başqa bir məqsədlə təqib edir. Onun köməksiz, əlacsız və möhtac baxışları özünün maddi tərəfdən darlıq çəkdiyini də göstərir. Mən mehmanxanaçılıq həyatında bu cür qadınlara teztez təsadüf edirəm. Ərindən, atasından, ailəsindən qaçan qızlara da bənzəmir.

24 min
Gözlənməyən nəticə

Öz vəhşiliyi ilə tanınan Andranik paşanın nümayəndələri bir neçə gündü ki, yerli ermənilərdən könüllü yığmaq üçün Təbrizə gəlmişdi. Safraziyan və onun kürəkəni Hayk Təbrizdəki daşnakların iclasını çağırıb onlarla razılaşmışdı. Onlar artıq öz xəyanətlərinə başlamış və erməni yoxsullarını bu «müqəddəsə yola dəvət etmişdi. Könüllü yazılanlar və daşnak partiyasının tələsinə düşənlər çox idi. Neçə gündü ki, çar hökumətinin yaratdığı uçurumlara düşmək istəyən və kor-koranə könüllü yazılan erməni gəncləri, daşnak çşairələri və daşnak cbəstəkarəları tərəfindən bəstələnmiş milli şərqiləri oxuya-oxuya Təbriz küçələrini dolaşırdı.Bu vəziyyət Təbriz müsəlmanları və xüsusilə müsəlman millətçiləri içərisində çox fəna təsir bağışlamışdı. Təbrizdəki çar konsulxanası isə bundan xeyli məmnun idi.

9 min
Təzə xəyanətlər

Dünən səhərdən evdən çıxıb gecə saat birdə evə qayıtmışdım. İclas yerlərinin uzaqda olması bəzən iclasdan sonra evə qayıtmağıma da imkan vermirdi. Buna görə də Nina və Məşədi Kazım ağa mənim haqqımda şübhələnir və vaxtımı ziyafətlərdə keçirdiyimi düşünür, hətta xasiyyətimin dəyişdiyi barəsində də dalda danışırdılar.Bəzən mən səhərlər Nina ilə danışmadan və onun ehtiyaclarını soruşmazdan əvvəl çıxıb gedirdim. Nəhayət, bu gün onlar mənim dalımca danışdıqları sözləri özümə deməyə qərar vermişlərdi. Onlar mənim yenə də tezdən gedəcəyimi zənn etdiklərindən hamıdan qabaq yuxudan qalxıb qarovulumu çəkirdilər. Mən tezdən yuxudan qalxmışdım, Hüseynəli əminin arvadı Səriyyə xala samovarı qaynadib gətirmişdi. Mən Ələkbər yoldaşı oyatmaq üçün dəhlizə çıxıb, onun qapısını döymək istərkən Məşədi Kazım ağanı dəhlizdə gördüm. O məni gördüyü zaman qabaqca adəti üzrə dişləri görünməyəcək halda güldü və salamını vermədən soruşdu:

6 min
Süruri-xəlvət Hüseynqulu xan

Axşam saat səkkiz idi. Bu gecə Rəşidülmülk öz «sevgilisi» Hüseynqulu xan Süruri-xəlvət ilə evə hər gecəkindən tez gəlmişdi. Buna görə də Mahru xanım şübhələnir və bunun səbəbini öyrənməyə çalışırdı. O adəti üzrə Rəşidülmülklə öz otağının arasında olan dəhlizə keçərək onların danışıqlarını eşitməyə başladı.Süruri-xəlvət Rəşidülmülkün yazı stolundan kənarda durub onun yaxınına getmək istəmirdi. Rəşidülmülk isə bir neçə kərə:

34 min

Poems by other poets