Təbriz qadınları
Page 1 of 3
Nina son zamanlarda tənqidi çox sevirdi. Gah kütlə arasında iş aparılmamasından, gah qadınların inqilab hərəkatına cəlb edilməməsindən, ara-sıra inqilabın din təsiri altında olmasından danışıb bizi tənqid edirdi.
İndi də inqilabçılarda cəza qanununun olmamasını, inqilabi qanunların həyata keçirilməməsini tənqidə başlamışdı.
– İnqilabi qanunlar həyata keçirilmir. Xalq onunla heç də hesablaşmır. Bu, inqilabın zəifləməsinə və inqilab mübarizlərinin ehtiyac içində yaşamasına səbəb olur.
– Bunu siz kimdən eşitdiniz?
– Bunu ən avam bir qadından da soruşsan deyə bilər. Sizin sözünüzə baxan yoxdur.
– Nə olubdur? Nəyi avam qadın deyə bilər?!
– Ehtiyacı, fəlakəti, acığı. Bunu hətta bizim Zeynəb də çox yaxşı bilir.
– Mən çox şad olardım ki, Zeynəb bacı kimi Təbriz qadını inqilabı bu qədər dərindən düşünə biləydi. Təəssüf edirəm ki, hələlik bunu görmürəm.
– Buna səbəb yenə də kütlənin qabağında gedənlərdir. Onlar heç vaxt qadınlar arasında iş aparmamışlar. Dur pəncərənin qabağına gəl!
Nina qolumdan tutub pəncərənin qarşısına gətirdi:
– Bax, bu gedən müsəlman qadınları nəçidir? – deyə soruşdu.
– Örtülü qadınlardır. Onların nəçi olduğunu heç kəs deyə bilməz.
– Bunlar, üzüörtülü, ayağında torba olan bu qadınlar haman inqilab mübarizlərinin anaları, bacıları və qadınlarıdır. Bunların ərləri hökumət ordusu əleyhinə mübarizə edir. Özləri isə əks-inqilab ordusu üçün buradan şərab və araq daşıyırlar.
Nina sözünə davam edərək:
– Buna da səbəb sizsiniz, – dedi. – Mücahidləri təmin etmirsiniz. Onların ailələri özlərini bu kimi bir həqarətlə təmin etmək istəyirlər. Bunlar Zeynəb kimilər, Təhminə kimilərdir. Bunların ailəsi acdır. Bir mücahidin qadını olan Zeynəb bu kimi nöqsanlar haqqında olduqca mənalı və təsirli sözlər danışırdı.
– Zeynəb nə deyə bilər? O, məscid və hamam söhbətindən başqa nə danışa bilər?
– Belə deyil. Ən avam bir adam ən böyük bir kütlənin üzvüdür. Kütləyə hər bir şey aydındır. Siz varlılardan pul toplaya bilmirsinizmi?
– Haradan bilirsən?
– Mənə Zeynəb hər şeyi deyir.
Zeynəb Ninanın ev qulluqçusudur. O, gəncdir. Bir oğlan uşağı doğmuşdur. Ərə getdiyi beş ildir.
Mən Zeynəbi heç vaxt danışdırmamışdım, hətta onun şad olduğu vaxtını da görməmişdim. Nina onun ən fağır, ən ac bir qadın olduğunu mənə neçə kərə söyləmişdi. O məndən gizlənmirdi. Fəqət yaşmağı ağzından götürdüyü də yox idi. Zatən bircə Zeynəb deyil, Təbriz qadınları, ümumiyyətlə, mövhumata yabançıdırlar. Zeynəbin təmizliyi, evdarlığı, nəzakəti çox yüksək bir dərəcədə idi. Mən onun ailə həyatını öyrənmək üçün vaxt tapa bilməmişdim. Bu mənim ağlıma da gəlməmişdi. Ninanın Zeynəb haqqında dedikləri məni xeyli maraqlandırdı.
Nina Zeynəbi çox sevirdi, onu öz gözü kimi bəsləyirdi. Zeynəbdən azərbaycanca danışmağı öyrənirdi.
Zeynəbin dördyaşlı oğlu Məcid çox zaman gecəni də Ninanın yanında keçirirdi.
Zeynəb samovarı gətirib masanın üstünə qoydu. Məcid də divanın üstündə oturub ayaqlarını oynadırdı. O özünü bizə sevdirmişdi. Nina ondan tez-tez:
– Məcid, sən nəsən? – deyə soruşurdu.
– Mücayib! – deyə cavab verən Məcid bizimlə bərabər gülməyə başlayırdı. Sonra əlindəki konfet parçasını zorla Ninanın ağzına soxub «bir az dişlə!» – deyə ayaqlarını divana çırpırdı. Zeynəb samovarı qoyduqdan sonra Məcidi alıb bayıra çıxmaq istədi. Mən ona oturmağı təklif etdim.
– Oturun, Zeynəb bacı! – dedim.
Zeynəb təəccüblə üzümə baxdı. Yəqin ki, o mənim azərbaycanlı olduğumu bilmirmiş, çünki onu birinci dəfə dindirirdim. Zeynəb başındakı şalını ağzının üstünə endirib yaşmağını düzəltdi və qızarıb dedi:
– And olsun Allaha, mən sizin müsəlman olduğunuzu yalnız indicə bildim. Alış-verişçi olduğunuzu bilirdim. Amma Nina bacı sizin müsəlman olduğunuzu mənə deməmişdi. Müsəlmana da oxşadırdım. Amma soruşmağı ayıb hesab edirdim.
– Eybi yoxdur, Zeynəb bacı. Bu cür şeylər çox olur. İnsan birdən-birə tanış ola bilməz.
– Hərgah Cavad ağa bilsəydi məni heç vaxt müsəlman evində qulluq etməyə buraxmazdı. Təbrizdə belə adət yoxdur. Bura camaatının xasiyyəti çox pisdir.
– Zeynəb bacı özün bir doğrusunu söylə. Siz indiyə kimi bizdən bir fənalıq görmədiniz ki?
– Allah eləməsin. Mən sizdə gördüyüm hörməti, azadlığı heç kəsdə görməmişəm.
– İndi ki, bu hörməti heç kəsdə görməmisiniz, daha müsəlman oldu, başqası oldu, sizin üçün nə fərqi vardır? Siz də, Nina da qadınsınız. Sizin aranızda heç fərq vardırmı?
– Əlbəttə, yoxdur, ay qardaş, mən elə bilirdim ki, siz də Nina bacının məzhəbindənsiniz. Amma bununla bərabər sizi öz qardaşım kimi sevirdim. Yaxşı oldu ki, şübhədən çıxdım. Amma nə eləmək olar, qaydanı belə qoyublar. Ya gərək xalqın içindən çıxasan, ya da ki, xalq gedən yol ilə gedəsən.
– Zeynəb bacı, xalq gedən yol ilə getmək olmaz. Xalqın getdiyi yol sizi yenə də çarşabdan çıxmağa qoymaz.
– Əslinə baxsan, mən adət-zad sevən deyiləm. Amma Cavad bir az qısqanır. Hətta mənim Dəllaləzəndə gedib şey satmağıma da razı olmadı.
– Cavad ağa nə iş görür?
– Eh nə iş görəcək. Bir parça çörəkdən ötrü başını küt bıçağa çəkir. Amma nə fayda ki, çörək də çıxmayır.
– Harada çalışır?
Doğrusunu desəm, yenə də bədbəxt olacağam.
– Nə üçün?
– Bəlkə, acığınız gəldi.
– Zeynəb bacı, bu nə sözdür? Acığım niyə gəlsin?
– Hər yerdə ki, qulluğa girmişəm yalnız ərimin adını bilənə qədər qulluq eləmişəm.
– Əcəba, sizin əriniz quldurmu, canimi və ya oğrumu?
– Heç birisi deyil. O, fağır, nəzakətli, rəhimdil bir gəncdir. Amma indiki işi heç kəsin xoşuna gəlmir. Alış-verişçilər və varlılar mücahidləri görmək istəmir. Siz də alış-verişçisiniz. Qorxuram ki, Cavad ağa mücahid olduğu üçün məni evdən qovasınız.
– Zeynəb bacı, bu nə sözdür. Əvvələn biz çox da böyük tacir deyilik. İkinci, mücahidləri sevirik, çünki onlar öz haqlarını əldə almaq yolunda mübarizə edirlər. Onların cərgəsində çox sevimli və səmimi adamlar var.
– Cavad ağa sevimli və səmimi olduğu üçün də bizi bu günə qoydu. Bizim evimiz, eşiyimiz var idi. Hamısı dağılıb getdi. Gərək Cavad ağa o rəhmətlik qafqazlı ilə heç də tanış olmayaydı.
– Necə qafqazlı? Cavad ağa onu harada görmüşdü?
– Bunu sizə nağıl etsəm başınızı ağrıdaram, çünki çox uzundur.
– Eybi yoxdur, Zeynəb bacı, nağıl elə!
– Cavad ağanın rəhmətlik atası da bir yoxsul adam idi. Hacı Mir Məhəmməd gəcpəzin yanında gəc döyərdi. Cavad ağa çayçı dükanlarına su daşıyırdı. Babadan qalma bir həyətləri var idi. Mən ərə gedəndə – bağışlayasınız – rəhmətlik sağdı, babat dolanırdıq. Elə ki, kişi Allahın rəhmətinə getdi, külfət töküldü Cavad ağanın üstünə. Çox korluq çəkdik. Axırda evimizdən bir otaq ayırıb bir nəfər qafqazlıya verdik. Bir neçə həftədən sonra o, bizimlə lap birevli kimi olmuşdu. O, çox gözü, könlü tox adamdı. Çox vaxt xərci də özü çəkərdi. Cavad ağa ilə qardaş kimi dolanırdı.
– Adı nə idi?
– Doğrusunu axtarsan, rəhmətlik nədənsə adını düz deməzdi. Gündə bir ad deyərdi. Son zamanlar Cavad ağanı su daşımağa da qoymadı. Deyirdi ki, gərək sən savadlanasan, yoxsa su daşımaq bir sənət deyil. Hər gün Cavad ağa onun otağına girib dərs oxuyardı. Bir neçə həftədən sonra 6 nəfər də başqa su daşıyan dərsə gəldi. Haman qafqazlının özünün kitabları da vardı. Dərsi haman kitablardan nağıl eləyərdi. Bir də gördük ki, Cavad ağa da, yoldaşları da tüfəng götürüb mücahid olublar. Daha demə ki, bu qafqazlı inqilabçı bir adam imiş. Bu əhvalatı dəvəçilər eşidəndən sonra gəlib evimizi odladılar. Nə yaxşı ki, nə qafqazlı oğlan, nə də Cavad ağa evdə deyildi. Yoxsa onların özünü də öldürəcək idilər. Mən quru canımı, bir də Məcidi götürüb evdən çıxdım. Rəhmətlik qafqazlı oğlanı bizə təzə ev kirayə elədi. Birtəhər başımızı çəkib oturmuşduq. Amma mən o qafqazlını heç vaxt yadımdan çıxarmaram. Hərgah acığınız gəlsə deyəcəyəm. Mən hələ o cür yaxşı adam görməmişəm. Nə qədər sağdı, heç korluq çəkmirdik. Əlinə düşəni gətirib bizə verirdi. Cavad ağanın yoldaşlarına da əli uzanardı.
– O harada öldü?
– Onu Maralan davasında qaradağlılar öldürdü...
Zeynəb bunu danışdıqda çarğatı ilə gözünü sildi və sözünə davam edərək:
– Hələ də kağızları, dəftərləri evdə qalır, – dedi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-tebriz-qadinlari
Use ← → keys to move, R for a random poem
More by this author
Qundaqda ikən bir qızı ad eyləmişəm mən,Nazlı bəbədən könlümü şad eyləmişəm mən.
QadınlarDüşmüşdülər çoxdandı bu sevdaya qadınlar,Seçdirdi özün kənddə də şuraya qadınlar.
«Şərqi-Rus» qəzetinəGözüm, dur xabi-qəflətdən, çıxıb gün aşikar oldu,Bəhəmdulla şəbi-yəlda gedib nisfi nahar oldu!
Xabi-qəflətDur, ey qafil yatan könlüm, oyan bu xabi-qəflətdən,Sənə yoxdur səmər hərgiz bu bica istirahətdən!
Poems by other poets
Dəli könül, nə məlulsan,Məgər ol nazlı yar getdi,
MəşkatVə nə xurşid sifət bəzmsəradır Məşkat,Sərbəsər məhfil-ara bəzli-ziyadır Məşkat
Feraqı qismət edib çərxi-kəcmdar mənəFeraqı qismət edib çərxi-kəcmdar mənə,Məhaldır ola mümkün vüsali-yar mənə.
QırmızıBizim bağda bir cüt sona seyr edirBaşı yaşıl, ayaqları qırmızı