Rəhim xan Çələbiyanlı gəlib sahibi-divan bağında yerləşmişdi. İstibdad qüvvələri gündən-günə canlanırdı. Rəhim xanı istibdadın birinci nəcat verəni bilənlər dəstələrlə onun görüşünə gedirdilər. Sahibi-divan bağının ətrafında Rəhim xanı görmək üçün bütün gününü başa aparanlar da vardı. Sahibi-divan bağı böyük ziyarətgah şəklinə girmişdi. «Qarabağ qəhrəmanının» yaxın günlərdə Təbrizi alacağına heç kəs şübhə etmirdi. Öz damında vurmaq və özünü sadiq nəzərə vermək üçün ağ bayraq hazırlayan həddindən artıq idi. Ağ bayraq hazırlayanlar içərisində məşrutəçilərdən də az deyildi. Bunların bir çoxu əncümənə gəlmirdi. Hacı Mehdi ağa yenə də evinə qapanmışdı.

Vaxt ikən hazırlıq görüldüyünə baxmayaraq, Qaradağ atlıları Göyməscid və Maralan tərəflərini dağıtmışdılar.

Rəhim xanın qorxusu bir çoxlarını şaşırmışdı. Adamlarda əski ruh yüksəkliyi görünmürdü. Ninanın məni axtardığını Həsən ağadan eşitdim. Gün batan vaxtı vuruşmalar qismən sakit olmuşdu. Bir az fürsət əldə etdiyimdən Ninanı görmək və nə üçün məni axtardığını bilmək üçün Minasyanın evinə getdim. Ninanı böyük həyəcan içərisində gördüm. O, qorxa-qorxa dedi:

– Vəziyyət getdikcə xarablaşır. Bu saat Hacı İbrahim sərraf, Hacı Məhəmməd tacirbaşı və bir neçə başqaları konsulxanadadırlar. Onlar Bağır xanı təslim olmağa razı etmişlər. Bağır xan rus konsulunun aman bayrağını qəbul etmişdir. Bağır xan bütün məhəllənin silahını yığıb tacirbaşıya təslim etmişdir.

Nina ilə vidalaşıb çıxdım. Birbaş Səttar xanın yanına getdim. Bu xəbərləri ona söylədikdə inanmadı:

– Salar heç vaxt bu xəyanəti etməz. Heç də inana bilmirəm.

Mən hələ Səttar xanın evindən bayıra çıxmamışdım. General konsul Millerin Sərdarı görmək üçün gəldiyini xəbər verdilər. Sərdara konsulun bu məsələ üçün gəldiyini söylədim. Biz başqa otağa keçdik. Konsul öz mütərcimi, bir də iki-üç nəfər hərbi xidmətçisi ilə Səttar xanın otağında danışırdı.

Sonradan konsulun bir təslim bayrağı da Səttar xan üçün gətirdiyini və Səttar xan tərəfindən rədd edildiyini bildik.


Təbriz müharibəsi kəskinləşirdi. Bağır xan Səttar xanın bu ciddi hərəkətini gördükdə təslim bayrağını rədd etmiş və öz səngərlərini yenidən möhkəmləndirməyə başlamışdı.

İnqilab əleyhinə çalışan və «islamiyyə» təşkilatını quranların qol-qanadı açılmışdı.

Nina bunların Rəhim xan və konsulxana vasitəsilə Məhəmmədəli şaha sədaqət teleqrafları göndərdikləri xəbərini verərkən, teleqramları poçt-teleqraf idarəsindən gətirmək üçün Səttar xan təcili olaraq bir neçə atlı göndərdi.

Teleqramlar gətirildi. Burada Rəhim xanın Təbrizi qurtarmıq üçün gəlməsinə qarşı padşaha təşəkkür edirdilər. Teleqramda Mir Haşım imamcümə, Mirzə Kərim, bir də Mirzə Möhsünün imzaları vardı.

Mübarizə çox şiddətli gedirdi. Qaradağ hücumunu rədd etmək və Təbriz inqilabını bu şaşqın vəziyyətdən qurtarmaq üçün Qafqaz sosial-demokratları, xüsusən Bakıdan gələn işçilər bir an təxir etmədən çalışırdılar.

Bakı işçiləri yerli xalqın həyatını çox gözəl bilirdi. Onlar yerli mücahidlərlə əlbir əşləmək üçün yaxşı vəziyyət yarada bilirdilər. Son vuruşmaların ağırlığı Səttar xan və onun ətrafında toplanmış sosial-demokratların üzərində idi.

Bağır xana heç də etibar etmək olmurdu. Onun tərəddüd göstərməsi Xiyaban səngərlərinin düşmənə qarşı lazımi müqavimətdə olmaq ümidini vermirdi.

Səttar xan bu xüsusda heç də xatircəm ola bilmirdi. Onun gecə səhərə qədər yatmadığı və səngərləri gözdən keçirdiyi də görünürdü. İşin ən ağır və ən çətin yeri bunda idi ki, Xiyaban səngərlərini nəzarət altına almaq üçün Bağır xan kimsəyə ixtiyar vermirdi. O bunu özünə qarşı etimadsızlıq hesab edirdi.

Bağır xan daim:

– Mən öz səngərlərimi saxlamaqda aciz deyiləm. Mənim özümün qüvvəm də vardır, – deyə hər bir nəzarəti rədd edirdi. Buna baxmayaraq, Səttar xan yenə də «Saları könlüm istədi» və ya «Salardan nigaran qaldım» – deyə Xiyaban, Göyməscid tərəflərini tez-tez gözdən keçirirdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets