Sərdar heç vaxt faytona minməzdi. O, həmişə atlı gedirdi. O, atlanana qədər mən faytonla gedib onu Bağır xanın (Salari-millinin) qapısında gözləyirdim.

Sərdar gəlib çıxdı. Bağır xanın qapısında duranlar onu təntənə ilə qarşıladılar. İçəri girdik. Burada Səttar xanın dairəsinə nisbətən daha böyük hərəkət vardı. Bağır xanın mövqeyi qorxulu idi. Hücumların bir çoxu Xiyaban tərəfindən başlanırdı. Buna görə də müharibə edən qüvvələr tamamilə Bağır xan ətrafında yerləşdirilmişdi. Bu ətraf cəbhə şəklində idi. Burada hər kəs silahlı idi. Hər tərəf səngər idi. Hər tərəfdə əski və yeni toplar gözə çarpırdı.

Bağır xanın əyləşdiyi ümumi otağa girdik. Burada oturanların hamısı silahlı adamlardan ibarət idi. Bunlar əksəriyyətlə Təbrizdən və Təbriz ətrafında toplananlar idi. Qafqazdan gələnlərdən burada bir nəfər belə yox idi. Burada bir neçə yerli qafqazlılara, ata-babadan yerləşib qalan qarabağlılara rast gəldim.

Səttar xan içəri daxil olanda Bağır xan ayağa qalxdı. Əl verib öpüşdülər.

Orada olanların dediyinə görə bu adət iki qəhrəmanın arasında həmişə davam edirmiş. Söhbət ümumi söhbət idi. Cəbhə, səngər, silah, patron, tüfəng söhbəti idi. İstibdaddan, irticadan, çörək qiymətindən danışırdılar. Mən Bağır xana çox diqqətlə qulaq verirdim. Onun heç bir xasiyyəti Səttar xana bənzəmirdi. Səttar xan bir çoxlarından məsləhət gözlərdi. O, heç zaman özünü başqasından yuxarı tutmazdı. Bağır xan isə belə deyildi. O, hər sözbaşı «biz hamısını bilirik» deyə cavab verirdi. Başqa cavabı yox idi.

Arası kəsilmədən çay və qəlyan gətirirdilər.

Səttar xanla Bağır xan qalxıb xüsusi otağa keçdi. Məclisdə olanlar bir-biri ilə danışırdı. Mənim yanımda da bir mücahid oturmuşdu. O mənimlə danışmaq üçün bir yol arayırdı.

– Yəqin ki, siz Təbrizə təzə varid olubsunuz? – dedi.

– Xeyr, mən buralıyam!

– Mən sizi birinci kərədir görürəm.

– Çox da bayıra çıxan adam deyiləm.

– Adınız nədir?

Adımı söyləmədim. Yalnız:

– Mənə «Zərgəroğlu» deyərlər, – dedim.

– Belə görünür ki, ermənisiniz.

– Bəli erməniyəm, bəs sizin adınız nədir?

– Adım Bağır ağadır. Özüm də Salarla yaxın qohumam.

– Əmisi oğlusanmı?

– Xeyr!

– Qardaşı oğlusanmı?

– Xeyr! Çox yaxın qohumuq, özümün də xatırımı çox istəyir.

– Necə qohumsunuz?

– Saların dayısı arvadının baldızı oğluyam.

– Çox gözəl. Sizi təbrik edirəm. Sizin də Salar cənabları kimi qəhrəman olmağınızı istəyirəm. Bəlkə də, qəhrəmansınız.

– Daha nə deyim. Adam özünü tərif edəndə bir az yaxşı düşməz. Səngəri təkbaşına saxlaram. O gecə Mərənd atlılarından ikisini vuran mən idim. Amma heç kəsə demədim. Mən çox da şöhrət sevən adam deyiləm. Adamı tanıyan tanısın. Bax, görürsən ki, mən heç bir söz deməmiş, siz özünüz qəhrəman və igid adam olduğumu bildiniz.

– Belə də olmalıdır. Ümumi iş yolunda çalışmalısınız, – dedim.

– Görünür ki, siz bomba atansınız! – dedikdə mən düşündüm, çünki Təbrizdəki ermənilərin gürcülərin hamısı bomba qayıran və bomba atanlardır. Buna görə də Təbrizdə bu cür adamları görən kimi uzaqdan göstərib «bombaçıdır» deyirdilər. Bağır ağa hələ söhbətini bitirməmişdi. O, indi də Bağır xanı tərifləmək üçün sözünə davam etdi:

– Səttar xanın yalnız adı çıxmışdır. Amma sənə sədaqətini deyirəm. Demə ki, qohumudur, tərif edir. Öz başım üçün, Səttar xan Bağır xanın dırnağı da olmaz. Sənə deyirəm ki, kişidə div ürəyi var. Kişi istəsə bu gün işi qurtarar, amma adam qırmaq istəmir. Bunun üçün də Səttar xan həmişə Bağır xanın hörmətini saxlayır və hər bir məsləhətdən ötrü yanına gəlir.

Doğrudan da, Səttar xan daima Bağır xanın hörmətini saxlar və onun bəzi uyğunsuz hərəkətlərinə güzəştə gedərdi. Bunu isə Təbrizin ağır vəziyyət keçirdiyi bir halda ixtilaf törətməmək üçün edirdi.

Çayı içib stəkanı yerə qoymuşdum. Stəkanı aparmaq istədikdə Bağır ağa stəkan aparan adamın qulağına bir şey pıçıldadı. Şübhəsiz ki, mənim erməni olduğuma inanmışdı. Stəkanı ayrı qoyub təmizləmək əmrini verdi.

Oturub düşünürdüm. Səttar xanın məni Bağır xanla tanış etməməsi, doğrudan da, uyğunsuz bir iş idi. Buraya qədər gəlib boş qayıtmağımın da mənası yox idi. Mən bu düşüncədə ikən xüsusi otaqdan biri çıxıb yanıma gəldi.

– Sizi cənab Salar yanına dəvət edir, – dedi.

Özü qabaqca, mən isə dalınca getdim. O, qapını açıb məni içəri buraxdı. Yenə də qayıtdı. Salar mənə iki əlini uzatdı. Əlimi sıxandan sonra barmaqlarını dodaqlarına və başına qoydu. Yer göstərdi:

– Buyurun, əyləşin. Sərdarın qonağı bizim də möhtərəm qonağımızdır. İndiyə qədər görüşmədiyimizdən təəssüf edirəm, – dedi.

Sonra Salar lazımı məsələyə keçib yenə də ümumi salondakı sözlərini təkrar etməyə başladı:

– Ağa, biz hamısını bilirik. Biz bilirik ki, düşmənimiz yatmamışdır.

Səttar xanın dilindən heç vaxt yoldaşlarla danışdıqda ağa sözü çıxmazdı.

Səttar xan məni ikinci dəfə Salara tanış verdi. Salar isə yenə də eyni sözləri təkrar edirdi.

– Sərdarın əziz qonağı bizim də əziz qonağımızdır.

Salar heç vaxt mən-mən demirdi. O, həmişə kübarlara məxsus bir ifadə ilə sözünü «biz» kəlməsi ilə başlayırdı. Saların imarət və əşyası, qəbul və danışığı tamamilə bir İran əsilzadəsini andırırdı. Burada gördüyümü Səttar xanın dairəsində görməmişdim. Görüşüb çıxdıqda Bağır xan mənə bir Almaniya süvari beşatılanı bağışladı. Mən isə əvəzində ona yüngül rus nağanı bağışladım. Çox xoşuna gəldi. O, həmişə ağır mauzer gəzdirirdi. Qapıdan çıxdıqda daha ümumi salona girməyib başqa qapıdan çıxdıq. Sərdar onun hərəkətindən daima narazı olduğu kimi, indi də razı qalmamışdı. «Bu adam düzəlməz», – deyə atına minmişdi.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Fəxrəddin və Səba

Dilşadın həbsə alınması xəbəri hər kəsdən artıq Səba xanımı şadlandırdı. Fəxrəddin Dilşadın tərəfindən və Səba xanımın əli ilə yazılmış saxta məktubu neçə gündü ki, almışdı. Məktubda “Səba xanımla görüşüb təfsilatı ondan soruş” yazılması Fəxrəddini heyrətə gətirmişdi. O, Dilşadın ətrafında bədbəxt bir hadisə oynanıldığını yəqin etdiyindən, Səba xanımla çox tez görüşməyə tələsirdi. Səba xanım bunu hiss etdiyi üçün Fəxrəddinin gözünə görünmür və onun görüş üçün maraq və həyəcanının artmasına çalışırdı. Lakin Dilşad həbsə alınandan sonra Fəxrəddinlə görüşmək üçün əlverişli bir fürsət ələ keçdiyini anladı və bu məqsədlə axşam çağı bütün zinətlərini üstünə taxaraq saraydan çıxdı. Fəxrəddinin çinarların kölgəsilə keçərək, saray qapısına baxdığını gördü və etina etmədən keçib getdi.Neçə günlərdən bəri Səba xanımı görmək üçün bütün vaxtını sərf edən Fəxrəddin Səba xanımı dərhal tanıdı. O, Səba xanımı bir neçə kərə görmüş, hətta onun sevgiyə dair tələblərini də eşitmişdi. Buna görə də Səba xanımı izləməyə başladı. Çox uzun-uzadı və dolaşıq küçələrdən keçib getdilər. Fəxrəddin cümə axşamı olduğunu bilmirdi, buna görə də Səbanın bu qədər uzun yolları getməsinə heç bir məna verə bilmirdi. Nəhayət, onlar qəbiristana gəldilər. Səba xanım Şeyx Salehin məqbərəsinə girib, ziyarətnamə oxumağa başladı. Fəxrəddin də onunla yan-yana durmuşdu.

6 min
Sevgi fəlsəfəsi yerinə həyat fəlsəfəsi

Nizami Fəxrəddinlə bir yerdə çağırdığı müşavirəni bitirib küçəyə çıxmışdı. O, yenə Fəxrəddinin ehtiyatsız qədəmlər atacağından qorxur və ona qəti göstərişlər verirdi.– Xəlifəyə göndərilən məktubun barəsində məsələ qaldırmaq lazım deyil. Biz əvvəldən də Əmirin oynadığı bu oyunlardan xəbərdarıq. Atabəy hökumətinin siması bəlli olana qədər Əmir İnancın məsələsini təxirə salmaq lazımdır.

16 min
Qısqanclıq

Əmir İnanc süpəhsalar Hüsaməddini yanına çağırıb danışır və deyirdi:– Mən məmləkəti sizin əlinizə tapşırdığım zaman işlərin inanılmış adamlar əlində olduğuna inanırdım. Lakin mənim ümidlərim tamamilə boşa çıxdı. İndi iki həftədən artıqdır ki, xəlifəyə göndərilən qasid qarət olunmuşdur. Lakin siz heç bir təşəbbüs etməmişsiniz. Hacibdən alınan məktubun kimin əlində olmasını təyin edə bilməmişsiniz. Mənim hazırda sizi fəaliyyətsizlikdə təqsirləndirməyə haqqım vardır. Mən özüm qapanıb saray içərisində qalmışam, adamlarım isə eşikdə öz kefindədir. Məmləkətin tamamilə üsyançı xalq əlində qalmasının qeydinə qalan yoxdur. Sizin fəaliyyətsizliyiniz nəticəsində Gəncənin bir neçə addımlığında xəlifənin qasidini tutub soyundururlar. Xəlifənin məktubu düşmən əlinə keçəndən bəri yenə də hər tərəfdə mənim və xəlifənin əleyhinə olan dedi-qodular artmışdır. Bu cür məmləkət idarə etmək olmaz, gedib yaxşı bir düşün. Aran şəhərlərinin hamısında özbaşınalıq hökm sürür, hazırda Kəştasifi, Mahmudabad, Bacərəvan, Bərzənd şəhərləri tamamilə özünü sərbəst hesab edir. Əcəba, siz şəhərlərdən, kəndlərdən döyülüb qovulan məmurların dağılmış başlarını, qaralmış və qançır olmuş üzlərini, ağac və kötəklə sındırılan qabırğalarını gördüyünüz zaman utanmırsınızmı?

10 min
Həyəcan

Xəlifəyə göndərilərkən Fəxrəddin tərəfindən əldə edilən məktubun surəti çıxarılıb divarlara yapışdırıldıqdan sonra kəndlərdə, şəhərlərdə Əmirə qarşı təzə çıxışların xəbəri gəlirdi.Əmir başını itirdi, öz vəziri Toxtamışı hüzuruna çağırıb soruşdu:

5 min

Poems by other poets