Bu gün Leyla xanım Rayanı hacının evində düzəltdiyi nahara dəvət etmişdi, naharda Leyla və Rayadan başqa heç kəs yox idi. Yeməyə başlamazdan əvvəl, Leyla xanım yaşadığı möhtəşəm, milyonçu evini Raya xanıma təqdim etdi, özünün nə qədər möhtərəm sayıldığını bir daha söylədi.

Yenicə süfrəyə oturmuşdular. Xadimə gəlib:

– Xanım, bir nəfər kazak sizi görmək üçün icazə istəyir,—dedi.

Leylanın icazəsi ilə kazak içəri girdi. Leyla kazakı görən kimi tanıdı və onun qara bir xəbər gətirdiyini hiss etdi. Savlayevin xidmətçisi Andrey ona baş endirdi və danışmaq istərkən boğazı tutuldu və tərəddüd etdi.

Nəhayət Leyla həyəcanlı halda ona müraciətlə:

– Danış, Andrey!—dedi.

Andrey ağlayaraq:

– Xanım, ağa tərəfindən başınız sağ olsun,—dedi.

Leyla «aman, nə olmuşdur?»—deyə qışqırdıqda, Andrey davam etdi:

– Qəhrəman Savlayev artıq yoxdur, o türklərlə olan birinci müharibədə öldürüldü.

Leyla şiddətlə ağladısa da Raya bundan o qədər də mütəəssir olmadı, çünki Raya Savlayevin məfkurəsini gözəlcə bilirdi.

O, yenə də Leylaya təsəlli verərək dedi:

– Ağlamaq artıqdır, çünki hərbiyəlilər üçün müharibədə ölmək bir şərəfdir. Savlayev cənabları öldürülsə də onun dünya müharibəsində göstərdiyi qəhrəmanlıq tarixdə yaşayacaqdır.

Bu sözlər Leylaya təsir etmədi, o, Andreyə müraciətlə:

– Bu faciənin nə cür baş verdiyini söylə görüm!—dedi.

Andrey başını aşağı salaraq danışmağa başladı:

– Biz iyul ayının birində, Ənzəlidən gəmilərə oturub ayın dördündə Alyat tərəfində kiçik bir limanda quruya çıxdıq. Cənab Biçeraxov dərhal cəbhə ilə danışdı. Bir neçə dəqiqədən sonra Kür çayı ətrafını almaq üçün düşmənin şiddətlə hücuma keçdiyi məlum oldu. Biz ayın beşində müharibəyə girişdik. Haman gün Bakı qoşununun bəzi hissələri çəkilməyə və cəbhəni tərk etməyə başlamışdı.

Cənab Biçeraxov bizi dərhal hücum halına gətirdi. Biz Qızıl Ordu hissələrini təhkim etmək və çəkilən hissələrin yerini doldurmaq əmrini aldıq. Biz iyulun altısındakı müharibədə türkləri lazımi qədər döydük, geri çəkilməyə məcbur etməklə düşməni körpüdən uzaqlaşdırdıq. İyulun yeddisində səhər saat dörddə, cənab Biçeraxovdan bu məzmunda bir əmr aldıq:

«Bir ingilis zirehli avtomobili ilə bir eskadron süvari kazak, Kür çayı körpüsünü keçəcək, türklərin harada və nə vəziyyətdə olduğunu öyrənəcəkdir».

Körpünü keçəcək eskadronun komandası cənab Savlayevə tapşırılmışdı. Səhər saat beşdə artıq eskadronumuz körpüdə idi. Cənab Biçeraxovun özü də bizi körpüyə qədər ötürmüşdü. O, körpünün ətrafındakı möhkəm mövqeləri və orada yerləşən qüvvələri nəzərdən keçirdikdən sonra batalyon komandirini çağırıb belə bir əmr verdi:

«Körpünün düşmənə verilməsi, Bakının verilməsi deməkdir, hər bir kiçik hadisəni qərarkaha xəbər verməlisiniz. Biləks körpünü o tərəfə keçən eskadronla gələcək işlərimizi də məhv etmiş olacağıq».

Bu əmr verildikdən sonra cənab Biçeraxov Savlayev cənabları ilə vidalaşıb qayıtdı. Bizim eskadronumuz axşam saat dördə qədər kəşfiyyat apardısa da, türklərdən heç bir əlamət görə bilmədi. Lakin biz körpüyə qayıtmaq istədikdə xəritədə yanıldığımızı və kəşfiyyatda uduzduğumuzu bildik, bir dəqiqədən sonra düşməni arxada buraxıb getdiyimiz məlum oldu.

Körpü düşmən əlinə keçmişdi, biz körpünü almaq və düşməni yarıb keçmək üçün müharibəyə girişdikdə, arxamızdan qüvvətli bir türk süvari dəstəsinin gəldiyini bildik. Zirehli avtomobil bizə heç bir yardım edə bilmirdi, çünki mövqe olduqca əngəlli idi. Güllə atılmırdı, qılınc müharibəsi idi. Biz qəhrəmançasına vuruşurduq. Lakin bir türk süvari zabitinin cənab Savlayevi öldürməsi bizim qol-qanadımızı qırdı, bunun üçün geri çəkilməyə başladıq. Eskadronumuzdan çox az adam qurtara bildi. Körpüyə yanaşmaq mümkün olmadığından tez kazaklar atlarını çaya salıb keçmək məcburiyyətində qaldı. Yaxşı ki, türklər zirehli avtomobili əsir almaq ilə məşğul olduğundan biz qaçıb qurtarmağa müvəffəq olduq.

Cənab Biçeraxov bu ölümün əvəzedilməz bir itki olduğunu qeyd ilə təəssüflər etdi, ağanın əşyasını bizə göndərməyi əmr etdi.

Raya çox oturduqdan sonra getmək istədisə də, Leyla «yalnızam» deyə onu buraxmadı. Raya gecə Leylanın evində qalacağını qət etdi. Redikulundakı məktubu cırıb atmağı və hər ehtimala qarşı ehtiyatlı olmağı qərara aldı. Çünki Leyla onu gözdən kənara buraxmırdı. Onun hər qədəmini izləyirdi. Zira Rayanın, öz redikulundakı məktubu götürüb öz qoynunda gizlətdiyini hiss etmişdi.

Axşam saat on birdə şam yeməyini bir yerdə yedilər, Leyla qalxıb telefon qoyulan otağa getdi, Raya isə bu fürsətdən istifadə ilə Şaumyana yazdığı məktubu cırıb pəncərədən küçəyə atdı.

Leyla qayıdıb gəldi, hələ Raya qarşısındakı çayı içib bitirməmişdi. İki nəfər naməlum adam içəri girdi.

Rayanın rəngi qaçdı, o qeyri-adi bir hadisə olduğunu anladı. Leyla, Rayanın bu həyəcanını hiss edərək dedi:

– Raya, qorxma! Sən ümumi işin gedişinə mane olduğun və gələcəkdə özünü təhlükə qarşısında qoymağa hazırlaşdığın üçün mən səni bir müddət üçün mənsub olduğun cəmiyyətdən ayırmağı qət etdim. Səninlə ayrılığımız, türklərin Bakını alan gününə qədər davam edəcəkdir. Bu müddətdə sən öz istədiyin kimi istirahət edəcəksən, çünki səndən ötrü hər bir şey hazırdır.

Sonra yenə də sevgimiz və arqadaşlığımız davam edəcəkdir. İndi isə sən, qoynundakı kağızı çıxarıb stolun üzərinə qoymalısan, çünki o məktub mənə lazımdır.

Raya məhzun bir gülüşlə:

– Bağışlayın, məktubu cırıb pəncərədən küçəyə atmışam,—dedikdə Leyla onun üzünə düşüncəli və acıqlı nəzərlə baxaraq dedi:

– Onunla özünü qurtara bilməzsən, mən onsuz da sənin nə cür işlədiyini bilirdim və bu gün sənin haqqında öz qəti qərarımı verirəm.

Raya dedi:

– Sən yolunu azmısan, üzərinə ən iyrənc ləkəli vəzifə götürmüsən. Əleyhinə çalışdığın kütlələr məhv olası, qırılıb qurtarası kütlə deyil! Sən gözəlsən, bacarıqlısan, lakin getdiyin yol olduqca çirkindir, iyrənçdir. Mənsə, dünyanın məzlumlarını müdafiə üçün mübarizə edənlərdənəm. Bu yol şərəfli yoldur.

Leyla bu sözlərdən sonra otaqda o tərəf-bu tərəfə gəzinib yenə də oturdu.

– Sənin İvanovla olan ikiüzlü sevgin yaman nəticə vermədi, böyük bir sui-qəsdin üstünü açmağa müvəffəq oldun. Mən bunu bilirdim, o zaman səni həbs etdirmək istəmədim. Çünki mənə yaxın olduğun üçün, mənim özümü də ləkələyə bilərdin. Səni müvəffəq çıxaran bu səbəb idi. Lakin sən mənim özümə də xəyanət etdin. Sən öz sevdiyin, iş yoldaşın Vladimirin fəlakətindən ibrət almadın. Onu güllələdilər. Sən də o günə düşə bilərsən, buna görə səni ayırmaq və bolşevik təhlükəsindən qurtarmaq istəyirəm. Nə qədər bolşeviklər var, səni azad buraxmayacağam. Yazıqsan, məhv olarsan.

Leyla sözünü qurtardıqda Raya bir dəfə:

– Mənə cəza verdir. Mənim öz təqsirimdir, çünki sənin bolşeviklər əleyhinə işlədiyini bildiyim halda susdum, məsələni açmadım, çünki mən səni sevirdim, mən sənin pis günlərində belə səndən ayrılmadım. Mən bolşeviklərin düşməninə rəhm etməklə bir xəyanət etdim. İndi hazıram, istədiyini edə bilərsən. Ancaq qadınlığın namusuna toxunulmasın.

Leyla tələsik:

– O barədə əmin ol,—dedi,—sən namuslu bir ailədə yaşayacaqsan. Elə bilmə ki, mən səni sevmirəm. Lakin Raya, sevgi başqa, siyasi iş başqadır. Mənim sənə olan sevgim heç də azalmamışdır, biz bir-birimizi öyrənmişik. Məndən inciməyə haqqın yoxdur, iş bunu tələb edir, ancaq mənim səndən bir ricam daha vardır.

Raya dedi:

– Hazıram.

Leyla soyuqqanlılıqla dedi:

– İndi sən Tiq-Çonsona bir məktub da yazmalısan.

Leyla qələm və mürəkkəbi Rayanın qarşısına qoyaraq:

– Yaz!—dedi.

«Hörmətli Tiq-Çonson!

Sənə olan səmimi hörmətimi və bu hörmət nəticəsində doğan sevgimi bilməmiş deyilsən. Mən bu sevginin nəticələrini düşünərkən daima narahat olurdum. Çünki nəticədə ya sizdən ayrılmağa, yaxud vətənim və ailəmdən ayrılaraq sizinlə bərabər getməyə məcbur olacaqdım. Mən bu barədə düşünərkən belə qərara gəldim.

Möhkəm sevgi təlləri məni bağlamamışkən, iki qəlb bir-birinə qovuşmamışkən, sevgim məni əsir etməmişkən qaçıb qurtarmağı lazım bildim.

Səninlə görüşmədən getməyimi də məzur tut. Çünki səninlə görüşəndə ayrılmaq istəmirəm. Nə isə taleyimiz belə işim. Bu gün, gecə saat bir qatarı ilə Şimali Qafqaza gedirəm. Hələlik salamat qal! İngiltərə missiyası Şimali Qafqaza gəlsə bu adresi soruş: «Mineralnı vod, dəmir yol stansiyasının yaxınında İvanovka adlı kazak kəndi.

Sənin Rayan.

12 avqust, 1918-ci il».

Leyla bu məktubu alıb redikuluna qoydu. Otel müdirinə də bir məktub yazdırdı. Çünki otel pulu vermək və Rayanın əşyasını oradan gətirmək lazım idi. Bir azdan sonra şeylər gətirildi.

Leyla bir daha Raya xanıma müraciətlə:

– Rica edirəm ki, özünü məhbus kimi hiss etməyəsən. İndi bu iki nəfərlə yeni mənzilinə gedə bilərsən.

Leyla irəli yeriyib Rayanı öpmək istədikdə, Raya onu əli ilə rədd etdi, hacının evindən çıxdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Xərabat

Öz evlərinə qapanıb xısın-xısın ağlayanların sayı, küçələrə çıxıb şadlıq edənlərin sayından bir neçə qat artıq idi. Zahirdə şadlıq edən gəncəlilər bu şadlığı dərin bir kədər kimi qarşılayırdılar.Azərbaycan hakimi Şəmsəddin Eldəniz təzəcə ölmüşdü. Onun yerinə oğlu Cahan Pəhləvan keçən gündən bəri Azərbaycan xalqının həyatı daxili müharibələrdə keçirdi. Cahan Pəhləvan Atabəy Məhəmməd iş başına keçdiyi zaman Azərbaycanın ən mühüm hissələri olan Marağa və Təbriz şəhərləri Ağ Süngər Əhmədin əlində qalmışdı. Buna görə də Atabəy Məhəmməd azərbaycanlıları, xüsusən aranlıları, səfərbərliyə alaraq Təbrizlə Marağanı qurtarmaq üçün uzunmüddətli bir müharibə təşkil etmişdi. Atabəy Məhəmməd Marağa və Təbrizi alandan sonra şəhərlərə qasidlər göndərib rəiyyətlərinə böyük qələbənin xəbərini elan edirdi.

23 min
Bahar

Gəncə çayının coşqun ləpələri bahar günəşinin qızıl saçlarını böyük bir həyəcanla çimdirməyə başlamışdı. Bahar fəzasına məxsus pənbə buludlar mayıs gülünün qırmızı yanaqlarını kirşanlamağa hazırlanırdı. Şimali Midiyanın lətif təbiəti bağçaların boyuna biçdiyi yaşıl və çiçəkli donu tikib, bitirmək üzrə idi.Kəpəz dağından əsən külək fəzada nazlanan buludları Xanəgah kəndinin meşələrinə doğru sürdüyü zaman, şam ağacları da ağır-ağır başlarını əyirdi.

29 min
Hüsaməddin

Qətibə başını əlləri arasına alıb Hüsaməddini diqqətlə dinləyirdi. Lakin Hüsaməddinin bir saatdan bəri ortalığa atdığı məsələlərin heç birisi Qətibənin eşitməmiş olduğu məsələ deyildi, çünki Hüsaməddin daima Qətibəni gördüyü zaman bu cür söhbətlərdən başlayırdı. O yenə də sözünü öz qəhrəmanlığından başlamışdı:– Mən yalnız Araz ölkəsinin qəhrəmanı deyil, bütün Azərbaycanın tanınmış və sınanmış qəhrəmanıyam. Siz özünüz bilirsiniz ki, Əmir həzrətlərinin hökmranlığı ancaq mənim qılıncımın sayəsində möhkəm olur. Pozulan cəbhələr, boğulan üsyanlar, tökülən qanlar, yüzlərcə qurbanlar da buna şahiddir. Bunun səbəbinədir ki, atanız mənim xidmətlərimi sizin gözəlliyinizlə mükafatlandırmaq vədəsini vermişdir. Atanız indi də öz sözünün üstündə durubdur, lakin mən sizdə bu meyli görə bilmirəm. Siz mənə adi adamlara baxan kimi baxır və mənim qəhrəmanlığımı qiymətləndirmirsiniz. Çox təəssüf ediləcək bir haldır ki, mənim sevgimi, mənim səadətimi yoxsul bir şairin əlinə tapşırmaq istəyirsiniz.

6 min
Fəxrəddin

Müşavirədə İlyas Fəxrəddinlə görüşərkən, birinci növbədə xaqanın göndərdiyi məktubu göstərdi. Şirvan xaqanı Əbülmüzəffər məktubda İlyası Şirvan sarayına dəvət edir və yazırdı:“Son şeirlərinizi oxudum, məndə böyük, unudulmaz bir təsir buraxdı. Xüsusən bahara yazdığınız şeir doğrudan da məndə həqiqi bir baharın nəşəsini yaratdı. Lakin məni düşündürən qorxulu bir məsələ vardır. O da Aran məmləkətinin düşdüyü ağır vəziyyətdən ibarətdir. Hazırda Aran və hətta Cənubi Azərbaycan belə hadisələr yuvasına dönmüşdür. Aranlılar və ümumiyyətlə azərbaycanlılar 515-ci illərdəki azərbaycanlılar olsaydılar, vəziyyət məni heç də düşündürməzdi. Hazırkı vəziyyətdə böyük şairin həyatına qarşı sui-qəsd edilməyəcəyinə əmin ola bilmərəm. Çünki Azərbaycan xalqının azadlıq duyğuları 515-ci illərdə olan şəkildə deyil. Onlardakı köhnə və ənənəvi azadlıq hissləri sönmüşdür.

6 min

Poems by other poets