XI. Hacının bağında
Page 1 of 2
Leyla xanım hacının evinə köçmüşdü, lakin hacı ilə Bakıda görüşmək mümkün deyildi. Çünki hacı da başqaları kimi Mərdəkana köçmüş və öz bağında yerləşmişdi.
Hacı Leylanın məktubundan sonra ona ikinci bir məktub göndərib Mərdəkanda, onun şərəfinə düzəlmiş ziyafətə gəlməsini xahiş etmişdi.
Leyla xanım səhər saat səkkizdə doktor Yusifidislə bərabər faytona oturub Mərdəkana yola düşdü.
Onlar Telefonnı küçənin axırına çatanda Sadovski də faytonla keçməkdə idi.
Sadovski faytonu saxlatdırıb Leyla xanımın faytonuna yanaşdı. Əvvəlcə onun əlini öpdü, sonra doktor Yusifidisin əlini sıxdı. Doktor Yusifidis Sadovskinin əlini bir tanış və bir dost olaraq yox, bir düşmən olaraq sıxdı. Onun qəlbindən barmaqlarına axan qısqanclığı Sadovski hiss etdi. Hiss etdisə də özünü bilməməzliyə vurdu.
Leyla xanım doktor Yusifidisin haldan çıxdığını hiss etdiyi üçün Sadovskini çox saxlamadı. Mərdəkan səyahəti haqqındakı məqsədini qısaca söyləyərək vidalaşdı.
Leyla xanım və doktor Yusifidis bir-biri ilə danışmaq istəmirdilər.
Fayton Keşlə qəbiristanı yanından keçərkən, qəbiristanda camaat yığılmışdı. Bir nəfərin dəfn mərasimində molla ölünü səsləyərək deyirdi:
– Ey allahın bəndəsi və allah bəndəsinin qızı, bu gün sənin dünyada son günündür və axirətə köçdüyünün əvvəlinci günüdür.
Doktor Yusifidis bu vəziyyəti gördükdən sonra Leyla xanıma eşitdirmək üçün:
– Hərkəs təmiz bir namusla torpağa tapşırılırsa allahın rəhmətinə nail olsun,—dedi.
Leyla acı bir gülüşlə ona baxaraq:
– Nə siz namusun nədən ibarət olduğunu anladınız, nə də mən sizin tələbinizi təyin edə bildim,—dedikdə, doktor dedi:
– Siz hər şeyi bilirsiniz, mən də hər şeyi anlayıram. Anlamadığımız bir şey varsa, o da bir-birimizi anlamamaqdır. Mən vaxtilə sizi lazımınca anlayanda sizə həddən artıq sərbəstlik verməmiş olsaydım bu gün siz şəhvətpərəstlərin ruhunu oxşayan əyləncə aləti kəsilməzdiniz. Hüququnuz dairəsindən kənara çıxmazdınız. Siz özünüzü bir kişi kimi aparmaqda bir müvəffəqiyyət qazansanız belə, siz qadınsınız. Qadınlığa məxsus adət və xüsusiyyətləri mühafizə etməlisiniz. Çünki siz özünüzü kişi kimi aparmağı bacarır, danışıq və hərəkətdə onları təqlid edə bilərsiniz, lakin kişilərin sizə nə məqsədlə yanaşdıqlarını anlaya bilmirsiniz. Siz mühüm bir işi buraxmamalısınız, bu iş isə namusdan ibarətdir. Mən elə düşünürdüm ki, siz birlikdə çalışmağa imkan yaradacaqsınız. Lakin mənim sükutum uyğunsuz vəziyyəti daha da dərinləşdirdi. Buna görə də mən sözü açıq söyləməyə və sizi bu əyri yoldan qaytarmaqla namussuzluğun qarşısını almağa qərar verdim. Hər halda bu nöqsanları yox etmək lazımdır.
Leyla xanımın sükutundan, doktor öz iddiasında haqlı olduğuna inandı. O davam etdi. Deyilə bilməyəcək sözləri deməyə cəsarət elədi.
Leyla soruşdu:
– De görüm, mən nə kimi bir namussuzluğa yol vermişəm? Nə üçün bunu mənə vaxtında demədin?
Doktor dedi:
– Bütün qüsur məndədir. Mədən dairəsinə gedəndə Sadovski sizin başınızı qolları arasına aldığı vaxt, mən dözməməli, bir güllə sizə, bir güllə də özümə vurub hər şeyi bitirməli idim.
Leyla xanım nədənsə bu gün olduqca soyuqqanlılıq edirdi. O yenə də:
– Sən hissiyata qapılma,—dedi.—Məni gözəlcəsinə tanımalısan. Nə Sadovski, nə də başqaları cəsarət edib mənim boynumu qucaqlaya bilməz. Sən bilməlisən ki, mən heç kəsə bu haqqı verməmişəm. Bunu səninlə olan münasibətimdə də imtahan edə bilərsən. Sadovskinin boynumu qucaqlaması məsələsi belə olmuşdur. Biz mədən dairəsinə gedəndə şiddətli külək var idi. Özün gördün külək mənim baş ötrüyümü atmaq istədikdə, o mənim başımı tutdu və örtüyü küləkdən saxladı. Belə fürsətləri müvəffəqiyyət sayıb fəxr etmək, bir Sadovskidə deyil, bütün kişilərdə ola bilən haldır. Sən bilməlisən ki, mənim Sadovskiyə olan işvələrim tamamilə vəzifəmizin ifası üçündür. Mən bununla həm vəzifəyə yardım edirəm, həm də o axmaq kişiyə gülürəm. Bəzi kişilər var ki, onların şəhvət duyğuları bütün varlığına, hətta əqidəsinə belə hakimdir.
Bizim ətrafımızda olan menşevik, eser və daşnaq rəhbərlərinin hamısı gələcəkdə qurmaq istədikləri hökumətin xəyali nəşələri ilə sərxoşdurlar. Onlar nə edəcəklərini və kimlərlə oturub durmaq lazım olduğunu bilsəydilər, bizə yaxın düşərdilərmi? Hətta bizi bir gün də Bakıda sərbəst qoyardılarmı? Biz ancaq onların yaratdığı imkan nəticəsində bolşeviklərə qarşı işləmirikmi?
Doktor bu fikirlərlə razılaşa bilmirdi. O, öz vəzifəsini yüksək tutsa da Leylanı ağıllı, vüqarlı bir qız tanısa da qısqanclığın iti dırnaqları onun qəlbini parçalayırdı. Onun düşüncəsinə sevgi hakim idi. Leyla və Sadovskini unuda bilmirdi. Xəyalında Sadovskinin Leyla ilə bir süfrədə oturduğunu, bəzən onun saçlarını oxşadığını, qoluna girdiyini, Leylanın ağ və incə əllərini dodaqlarında saxladığını, gözlərini qırpmadan Leylaya baxdığını, onun əndamını, döşlərini, saçlarını və bütün gözəlliklərini süzdüyünü görür, əsəbiləşir və qısqanırdı.
Doktor bu təsirlə dedi:
– Yox, belə deyil! Nə olur-olsun, nə deyirsən de, Sadovskilərin səndən etdiyi istifadə, bizim onlardan etdiyimiz istifadədən daha böyük və qiymətlidir. O, ölənə qədər öz süfrəsində Leyla kimi bir qızı əyləşdirə bilməz. O, buna layiq də deyildir. Sizin Sadovski ilə sıxı əlaqəniz davam etdikcə, mənim ömrüm qısalır, çünki onunla keçirdiyiniz bütün günlər, mənim ömrümdən, mənim həyatımdan oğurlanır.
Mən sizin vədlərinizə inanıram. Altı aydır ki, o vədə görə bir çox uyğunsuzluqlara dözürəm.
Leyla xanım yenə də onun hiddət və şiddətini soyutmaq istədi və olduqca mülayim bir surətdə dedi:
– Əzizim, mənim dostum, bir qızın səmimi vədi ilə altı ay yaşayan adam, bir neçə gün artıq dözə bilməzmi? Sən bilirsən ki, ordumuz Bakı qapılarındadır? Sən bilirsən ki, bolşevik hökuməti yıxılacaqdır. Sən görürsən ki, menşevik, daşnaq, eser rəhbərləri bizi xoşbəxt eləməyə çalışırlar? Odur ki, sən qətiyyən qısqanmamalı və işlərin gedişinə mane olmamalısan. Sənə verdiyim vədi müqəddəs sayıram. Mən səni əvvəlki kimi sevirəm. Bu sevgini hər addımda təzahür etdirmək üçün imkan yoxluğundan darılmamalısan.
Leyla xanım bu sözlərdən sonra bir daha nazlanaraq doktorun əlini əlinə aldı:
– Mən sizi sevirəm!—dedi.—Lakin siz də bu sevgiyə müsbət bir yekun vurmalısınız.
Bu sözdən sonra doktorun varlığı dəyişdi, qəlbi kimi bütün vücudu titrədi və dedi:
– Bütün tələblərinizi ödəməyə hazıram. Lakin siz, mənim ümid bağladığım və nəşəsi ilə yaşadığım bir sevginin ləkələnməsinə çalışmayın. İndi deyin görüm, nə kimi müsbət bir yekun deyirsiniz?
– Biz Bakıya qədər nələr görmədik? Və nə çətinliklər çəkmədik. Xüsusən mənim başıma gələnlər böyük bir romanın materialı deyildirmi? Buna görə də mən istərdim ki, altı aylıq sərküzəştimi bir roman şəklində yazaydınız. Sizin qələminiz qüdrətlidir. Bizim həyat və sevgimizə xatirə olmaq üçün qiymətli bir roman yaza bilərsiniz. Həyatımız olduqca bədii və tarixi bir əhəmiyyətə malikdir. Yazılacaq roman müvəffəqiyyətli çıxarsa, mən sizi daha da artıq sevəcək və bu sevgini tamamlayacağam.
Doktor tələsik soruşdu:
– Bəs Bahardır xan?! Siz ona nişanlısınızmı?
– Siz ona əhəmiyyət verməyin! Bahadır xan da Sadovski və başqaları ilə bərabər mənim romanımın mənfi tiplərindən birisidir.
Doktor əllərini ovuşduraraq:
– Zənn edirəm ki, mən haman romanı ikicə ayda yaza biləcəyəm.
– Yox! Mən iki ayda yazılan romanları sevmirəm. Tələsik yazılan əsərlərin bədii qiyməti də az olur.
Fayton Mərdəkanın tozlu və qumlu küçələrindən keçirdi. Bağları özü üçün cənnətə çevirən Bakı burjuaziyası, keçmiş daşlıq və qumluq küçələrin qeydinə qalmamışdı; çünki bu küçələrdən başqaları keçirdi. Faytonun və kəndli arabalarının çarxlarından qalxan toz dalğaları iyul günəşinin qarşısına qalın pərdə çəkmişdi. Budaqları daş divarlar üzərinə sallanmış ağacların yarpaqları da yüz yaşlı bir qocanın saçları qədər bozarmışdı.
Küçələr olduqca gələbəlikdi. Öz mənafeləri üçün düzəltdikləri milli müharibədə məğlub olan Bakı zənkinləri, hələlik burjuaziyanın iç üzünü anlamayan və onların bolşeviklərə qarşı mübarizəsinin mündərəcəsini lazımınca dərk etməyən adamları da öz arxasına salıb Bakı bağlarına çəkmişdi.
Faytonu qarşılayan və ipəklərə bürünmüş burjuaziya qadınlarının ağ donları, Abşeron küləkləri ilə yellənirdi. Sanki Leyla xanımın faytonu gedən toz təbəqələri içərisində ağ qanadlı quşlar uçuşurdu. Qadınlar artırdı. Qadın dəstələri içərisində zənginliyi ilə seçilən burjuaziya qadınları gözə çarpdığı kimi, müsavatçıların, daşnaqların yaratdığı mart hadisəsi nəticəsində dilənçi kökünə düşmüş qadınlar da görünürdü. Fayton, yüzlərcə qadınların alqışları içərisində «millət babası»nın bağına doğru sürünürdü.
Bəzi qadınların barmaqlarında günəşə qarşı nümayiş edən böyük brilyantlar parlayırdı, aylar uzunu aclıq çəkən barmaqların köy damarları da burjuaziya xəyanətinin nəticələrini nümayiş etdirirdi.
Bağın böyük qapısı açıldı. Leyla xanım ətrafında rəngbərəng çiçəklər əkilmiş xiyabanlar ilə irəlilədi. Leyla xanımın paltarı tozlanmışdı, buna görə də o, əvvəlcə paltarını dəyişmək və tualetini düzəltmək istəyirdi. O, «millət babası»nın qızı Leyla ilə binanın qadınlar bölməsinə keçdi. Leyla xanım tualetini düzəltdikdən sonra qonaq otağına keçərək xanımlarla tanış oldu. Onlarla bərabər çay içib səhər yeməyini yedikdən sonra, hacının yanına getdi. Bakı zənkinləri və Bakı mollaları həmin salonda toplanmışdı. Hər lider, özünün mənsub olduğu partiyanın əqidəsi uğrunda uzun nitq söyləyirdi.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-xi-hacinin-baginda
Use ← → keys to move, R for a random poem
More by this author
İngilislərin Təbrizdə düzəltdiyi xəfiyyə və casus təşkilatının üzvlərini öyrəndik, onların sayı 145 nəfər idi. Bu barədə həm sərdar Rəşid, həm də Mirzə Ələkbər xan bizə lazımi məlumatı vermişdi. Bu təşkilatın əsas vəzifəsi inqilabçıları tapmaq və gizli təşkilatı məhv etməkdən ibarət idi.Çar konsulu və çar agentlərinin ciddi köməyinə, Mirzə Həsən və onun oğlu Mizə Məsud ağanın dini himayəsinə baxmayaraq, ingilislərin düzəltdiyi bu təşkilat on gündən artıq yaşaya bilmədi, çünki ingilislər Təbriz xalqının xüsusiyyətini bilmirdi. Onlar təşkil etdikləri adamların əhvali-ruhiyyəsini anlamırdı.
Sərdar Rəşidin son günləriTehranda rus və ingilis səfarətləri arasında vəliəhd Məmmədhəsən Mirzənin Təbrizə gəlməsi barəsində müzakirələr gedirdi. Bu xəbər sərdar Rəşidin Təbrizdən getməsi üçün qorxulu bir müqəddimə təşkil edirdi, çünki aralıqda vəliəhdlə bərabər Fərman-1 qRastap – təşkilat adıdır. fərma, yaxud da Süleyman Mirzənin Təbriz hökumətinə gəlməsi şayiələri gəzirdi.
Şeyx Əbdüləzəl gəlirİran ilə Almaniya, həmçinin İran ilə İngiltərə-Rusiya dövlətləri arasındakı siyasi münasibət gərginləşməyə başlamışdı.Tehranda təzə qoşun dəstələri düzəltmək məsələsi Rusiya və İngiltərə səfirlərinin siyasi mənafeyini qıdıqlamağa başlamışdı.
Vəliəhd gəlirÇar konsulu Təbrizdə vəliəhdlərə məxsus Şəmsülimarənil boşaltmışdı. Şəmsülimarə binası vəliəhdin Təbrizə gəlməsi münasibəti ilə təmir edilirdi.İran hökumətinin vəliəhdi Təbrizə göndərməkdə məqsədi özünün Azərbaycandakı hakimiyyətinin mövcud olduğunu göstərməkdən ibarət idi, çünki səltənətin vəliəhdi daim Təbrizdə yaşamışdı. İranın bu məqsədini çar diplomatları da lazımi qədər anlamışdı, onlar bütün varlığı ilə vəliəhd Məhəmmədhəsən Mirzənin Təbrizə gəlməsinə mane olmaq istəyirdilər.
Poems by other poets
Ey ağalar, bir pünhani dərdim var,Möhtac oldum bir dərmana sevdiyim,
Cığalı MüsəlləsDad əlindən sənin yaman həmsayəHaqq rəhmət eyləsin bədirnsayə
Gəraylı: Ey ağalar, bu gözəldənEy ağalar, bu gözəldən,Mən dönərəm, könül dönməz,
İranlılarŞurə gəlib şad olun, iranlılar!Qüssədən azad olun, iranlılar!