XV. Biçeraxov cəbhədən çəkilir
Page 2 of 2 · 50%
Hamazasb.
Biləcəri, 29 iyul, 1918-ci il».
Leyla məktubu oxuyandan sonra bir neçə saniyə Esteri və məktubu gözdən keçirərək nə cürə rəftar edəcəyi və nə edəcəyini düşündü. Cəbhənin dağılmasından şad olsa belə, yenə də Esterin vəziyyətinə acıdı və ona yazığı gəldi. Onun saçlarını sığallayaraq:
– Sən heç də qorxma!—dedi,—mən səni Hamazasbın pəncəsindən qurtarmaq üçün səmimi söz verirəm. Sənə əvvəl dediyim kimi indi də deyirəm. Sən ona əhəmiyyət vermə! Mən səni öz yanımda saxlayacağam. Türklər ya ingilislər gəlsə də sənin üçün heç bir qorxu yoxdur. Bir tərəfə getmək lazım gəlsə yenə birlikdə gedərik.
Leyla stol üzərində ikinci bir məktub gördü və oxudu:
«Gözəl və sevimli Ester! Hadisələr bir-birini təqib edir. Dünyamız sürətlə dəyişir. Eniş-yoxuşlu həyatımızın gələcəyi olduqca qorxuludur.
Gözəl Ester, hazırda insan taledən asılı olmaya bilməz. Biz də dünəndən etibarən müqəddəratımızı taleyin əlinə verdik və cəbhəni tərk etdik.
Bu müharibənin təcrübəsi göstərdi ki, Hamazasbda heç bir igidlik və mərdanəlik yox imiş. O öz dəstəsi ilə Biçeraxovdan da qabaq geri çəkildi və daşnaqların namusunu ləkələdi.
Mən kəsdirə bilmirəm: Əcəba, sən yenə də onun mənfur üzünə baxıb güləcəksən?!
Ester! Sən ağıllı qızsan, lakin kişi intixab etməkdə nədənsə yanılırsan. Hiss edilməz bir surətdə, lakin çox sür'ətlə heçliyə doğru yuvarlanan gənclik çağlarını təkdirə qabil deyilsən. Sən gəncliyi daimi və həyatı əyləncə hesab edən qızlardan olmamalısan.
Razı olsaydın, mən çoxdan səni o vəhşinin əlindən qurtarmışdım. Ester, Hamazasb nə sevməyə, nə də sevilməyə qabil bir kişidir. Sən minlərin, yüz minlərin içərisindən intixab edilmiş nadir bir gözəlsən. Mən cəbhədə hər an sənin çöhrəni təsəvvür edir, sözlərini əzbərləyir, səni düşünür, sənə and içir və sənə pərəstiş edirəm.
Ester, sən mənimsən. Mənim dodaqlarım sənin dodaqlarından başqasına dəysə cəhənnəm odu ilə kabab olsun.
Ester, gərək sən də and içəsən. Sən də o dodaqları yabançı dodaqlara yaxlaşdırmayasan.
Mən səni həmişə dinləyirəm. Səsini düşmən toplarının gurultusu altında eşidir və nəşələnirdim. Səngərimiz önündə partlayan şrapnellərin dəhşətli, ölüm gətirən alovlu gəhgəhələri də sənin xəfif və şirin gülüşlərin kimi məni əyləndirirdi.
Gözəlim! Möhtərəm doktora da məktub göndərmişəm, sən hər ehtimala qarşı hazırlaşmalısan. Lakin həyatının nə cürə keçəcəyi haqqında heç də düşünmə. Ölünçəyə qədər Parisin təntənəli villalarında yaşamağa sərvətim çatar.
Avetisov.
Biləcəri, 29 iyul».
Leyla Avetisov tərəfindən yazılmış bu məktuba heç məna vermədi, çünki məktubun məzmunu əvvəlcə yazılan məktublardan fərqli deyildi.
Leyla xanım stol üstündə üçüncü bir məktub gördü, onu tələsik alıb redikuluna qoydu və yenə Estərə təsəlli vermək üçün dedi:
– Sən heç qorxma, türklərin şəhərə girib-girməməsi naməlumdur. Belə bir hadisə baş versə, bir tərəfə qaçmağa, məktub yazanlara qoşulub getməyə ehtiyac yoxdur. Onu da bilməlisən ki, türklərin Bakıya gəlməsi səni bu iki canavarın əlindən azad etmiş olacaqdır.
Ester Leylanın sözlərini sakit dinləyəndən sonra qalxıb tualetini düzəltdi. Leylanın nə üçün gəldiyini də soruşmadan vidalaşıb çıxdı.
Leyla xanım mənzilinə gələn kimi paltosunu soyunmadan Esterin otağından götürdüyü məktubu redikulundan çıxarıb oxudu.
Məktub Vahanın tərəfindən, hisli və köhnə bir kağızda yazılmışdı.
«Əziz dostum və uşaqlıq xatirəmin şahidi Ester! Yeni hadisələr münasibəti ilə sənə bir məktub yazmağı lazım bildim, iş üstündə yazmışam, səliqəsizdir. Üzr istəyirəm, Ester, türklər gəlir. Xain Biçeraxovların, Hamazasb, Avetisovların və onların arxasınca xain daşnaqların qaçmağa hazırlaşdığını eşitdim. Onlar erməni işçi kəndlilərini Türkiyədə və Qafqazda fəlakətə saldıqları kimi Bakı kommunasını da qanlara qərq edirlər.
Ester, məni bağışla, onu bil ki, mən kimsəyə xain deyiləm, amma sənin atan haqqında açıq yazmalıyam, o da qatildir. O daşnaqların bütün təsirlərinə şərik olduğu halda, menşevik və sağ esərlərə qoşularaq yeni cinayətlərə hazırlaşır.
Ester, vaxt var ikən sən onlardan uzaqlaş! Qoy onların tökdüyü qanlardan sənin gənc və saf vicdanın ləkələnməsin. Ester, bizim cərgəmizə gəl, dünyada işçi birliyi qədər qüvvətli cəbhə yoxdur.
Sən atana qoşulub heç bir tərəfə qaçma! O, hara gedir getsin, işçi sinfinin lənətləri də onunla gedəcəkdir.
Sən mədənə, bolşevik ruhlu işçilərin səngərinə gəl! Səni burada saxlarıq. Özümü sevməyə səni məcbur edəcək qədər ədəbsiz olmadığımı da gözəlcəsinə bilirsən. Bu məsələni sənin öz ixtiyarına verirəm. Biz uşaqlıq yoldaşlığı xatirəsinə də bir dost kimi yaşaya bilərik. Anam da səni gözləyir. İndi evimiz də var.
Danışdığımız məsələyə zəmin hazırdır. Əmin ol. Məktubun cavabını yenə də həman yerə burax. Atanın hərəkətləri haqqında məlumat verməyin lazımdır. Ester, sən bolşevikləri çox da aciz hesab etmə. Onların müvəqqəti məğlubiyyətləri sənin ümidlərini qırmasın, biz qalib gələcəyik, çünki bizim arxamızda Lenin yolunu izləyən yüz minlərcə proletar ordusu durur.
Vahan.
28 iyul, 1918-ci il».
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-xv-biceraxov-cebheden-cekilir
Use ← → keys to move, R for a random poem
More by this author
Birinci şəkilSəhnə Kür çayının kənarında bir meşədir. Astiaq padşahın bacısı şahzadə Maralın şikarkahıdır. Silahlı nökərlər meşədə gəzənləri qovub çıxarırlar. Fəramərz Maral ilə görüşmək üçün meşəyə gəlir.*
İkinci pərdəİkinci şəkilAstiaq şahın sarayıdır. Şahın vəziri Sərtac salonda dolanır.*
Üçüncü pərdəBeşinci şəkilSuraxanı atəşgədəsidir. Astiaqın bacısı Maral ilə Cənub şahzadəsi Şəhriyarın nişan mərasimidir.*
Dördüncü pərdəAltıncı şəkilPadşah sarayının qarşısında bir meydançadır. Padşah, əyanları ilə bərabər, balkonda durub meydana yığılan üsyançı xalqa nəsihət verir.*
Poems by other poets
Eyləmə çox qəmzə, naz, bəsdir, aman, ey gözəl,Alma əlimdən mənim tabü təvan, ey gözəl,
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Mari-siyahi-zülfün edər xanə könlümüMari-siyahi-zülfün edər xanə könlümü,Qıldı məhəlli-gənc bu viranə könlümü.
TürklərOl qoçaq iranlılar,Ol igit osmanlılar,