İkinci pərdə
Page 1 of 6
İkinci şəkil
Astiaq şahın sarayıdır. Şahın vəziri Sərtac salonda dolanır.
Sərtac — İki şeydir məni maraqlandıran,
Birisi Maraldır, o biri Arran. Maral cavahirdən çox qiymətlidir,
Arransa zəngindir, bərəkətlidir.
Dünya göz tikmişdir bu xəzinəyə,
Bir də ki, Maralla evlənim — deyə,
Çoxlar bu ölkəyə atını sürmüş,
Minlərcə ehtiras bura yükürmüş.
Çoxlar Maral deyib xəyala daldı,
Çoxların arzusu könüldə qaldı.
Şahlar, hökmdarlar boş gəlib getdi,
Çoxlar Maral üçün ordu yeritdi.
Maral, Maral deyə qanlar töküldü,
Axırda Sərtacın iqbalı güldü.
Bütün sevgilərə törətdim əngəl,
Qoymaram Marala toxunsun yad əl.
Şahmar — (Daxil olub o tərəf, bu tərəfi gözdən keçirir)
Möhtərəm ağamız, təzə bir xəbər!
Sərtac — Çox yavaşdan danış, həm də müxtəsər.
Saray təbiəti başqadır Şahmar,
Burda əlli qulaq, əlli də göz var.
Gözətçi qoyulmuş bu göz o gözə,
Yüz mə’na taxılır sadə bir sözə.
Hər kəsdə yüz sima, yüz əqidə var.
Şahmar — Ağam, girə bilər hər dona Şahmar.
Sərtac — Macəranı sevir burada hər kəs,
Macəran yoxdursa danışma əbəs.
Şahmar — Macəra yaratmaq gözlərim ustə!
Məndən fitnə istə, macəra istə.
Sərtac — De görüm baş vermiş nə qəribə hal?
Şahmar — Şikara çıxmışdı şahzadə Maral,
Fəramərz də gəldi dünən meşəyə
Şahzadə Maralı sevirəm, — deyə.
Etdilər meşədə çox uzun söhbət,
Nəticəsiz qaldı haman məhəbbət.
Sərtac — (Sevinir)
Afərin! Bu xəbər gözəl xəbərdir,
Lakin bu həqiqət başqa təhərdir.
Kiçik hadisədir bu dediklərin,
Mə’naca böyükdür, özü də dərin.
Bizdən asılıdır onu böyütmək.
Şahmar — Bunu anlamadım, söylə nə etmək?
Sərtac — Hadisələr bu cür baş verir Şahmar,
Böyüdüb kiçildir onu sənətkar.
Burda var milçəkdən fil düzəldənlər,
Bə’zən də filləri milçək edənlər.
Zahirə aldanma, həqiqətə bax,
Meşədə düzəltmiş onlar yığıncaq.
Tac-taxt söhbəti etmişdir onlar,
Sui-qəsd düzəldir şaha mə’lunlar.
Bildin ki?
Şahmar — Anladım məqsədin nədir.
Sərtac — Gözəl macəradır, əcəb fitnədir.
Daha kim var idi saray xalqından?
Şahmar — Coşqun danışırdı orada Ceyran.
Sərtac — Daha kim var idi, unutdun bəlkə?
Şahmar — İştirak edirdi orda məlikə.
Sərtac — Yenə də unutdun, düşün bir daha.
Şahmar — Sui-qəsd hazırlar məlikə şaha.
Məlikə sevmirmiş şahı nədənsə,
Yoldan çıxarmışmı onu bir kimsə?
Sərtac — Afərin, varındır böyük məharət.
Boyuna biçilmiş bu gözəl sənət.
Şahmar — Az-çox hünərim var mənim bu işdə,
«Fəsad» deyərdilər mənə keçmişdə.
Sərtac — Bir qədər işləsən gizlin sənətdə,
Dövlət qazanarsan belə xidmətdə.
Şahmar — Mənə verdiyin pul boş yerə getməz,
İnan yaxşılığın yanımda itməz.
Sərtac — Sən özün çox gözəl verdin imtahan,
Çağır gəlsin görüm nə deyir Ceyran?
Söyləmə nə üçün edirəm də’vət.
Şahmar — Bir şey verəcəkmi mənə bu xidmət?!
Sərtac — Zəfər qazanacaq bu gözəl birlik.
Şah olsam verərəm sənə vəzirlik.
Şahmar — (gülür)
Vəzirlik söhbəti nisyə bir işdir,
Bu cür və’dələrin vaxtı keçmişdir.
Sərtac — (bir kisə qızıl verir)
Al, yetər hələlik sənə bir kisə!
Şahmar — (baş endirib gedir)
Mən edən xidməti etməz bir kimsə.
Sərtac — (tək qalır)
Ceyran təklifimi qəbul eylərsə,
Razılıq verərsə bu günkü dərsə,
Bu gün həll olunar bütün məsələ,
Şahı bir kos kimi alaram ələ.
Şah öz qadınını qovar saraydan,
Onu evləndirrəm aysorilərdən.
Ondan sonra çatar Marala növbət,
Ona evlənərəm, gülər məhəbbət.
Şahmar — (gəlir)
Ağam, müntəzirdir hüzura Ceyran.
Sərtac — Onu burax gəlsin, özün də dayan!
Ceyran daxil olub Sərtaca baş endirir.
Sərtac — Şahın mərhəmətindən daşa-qaşa büründün,
Qumaşlarla bəzəndin, tavus quşuna döndün.
Əyninə don geyirsən Şirvan ipəklərindən,
Göz qamaşır donunun altun pərəklərindən.
Gözəllikdə ən böyük gözəlləri izlədin,
Bəs nə üçün dünənki xəyanəti gizlədin?
Ceyran — (Həyəcanla)
Hansı xəyanəti gizlədim, aman,
Bəndənə kömək ver ey böyük Yəzdan!
Xilas elə bizi əhrimənlərdən,
Kəsmə himayəni yazıq bəşərdən.
Sərtac — (nəsihət verir)
Xeyrə çalışıram, olma çox sərkəş,
Bəlkə unutmusan, yaxşı fikirləş!
Söylə! Yığıncaqda nə danışıldı?
Hansı məsələdən söhbət açıldı?!
Ceyran — (yalvarır)
Rəhm et, olmamışdır belə yığıncaq.
Sərtac — Hər sözü eşitməz, qızım, hər qulaq.
Çətindir hər işi görüb eşitmək,
Təbiət belədir, qızım, nə etmək?!
Qulaq ver, bilmirsən mən deyim öyrən.
Meşədə olmusan bir gün əvvəl sən.
Ceyran — Tək mən olmamışam, Maral da olmuş.
Sərtac — İşə buradan da əsas qoyulmuş.
Maral Fəramərzlə görüşə getmiş,
Şahın qadını da iştirak etmiş.
Fəramərz Arranda olacaqdır şah.
Ceyran — Bu nə iftiradır, anlamıram ah!
Tövbə, necə söylər yalanı insan?
Söylə nə üçündür bu qara bühtan?
Olmamış meşədə heç bir danışıq.
Sərtac — Yalan danışırsan, özü də açıq!
Ceyran — Fəramərz Maralla görüşən zaman,
Eyləmişdir ona eşqini e’lan.
Olmamış meşədə məlikə hərgiz,
Sərtac — Nə xəta törətdin, ey ağılsız qız?!
Şahı öldürməyi öhdənə aldın,
Ağılsız başını əngələ saldın.
Fəramərz şah olur, Maral məlikə,
Qalır sənin üçün quru təhlükə.
Ceyran — (Şahmara)
Sən ki, oradaydın, niyə dinmirsən?
Şahmar — Göyə də çıxasan, yerə də girsən,
Gizlədə bilməzsən bu həqiqəti.
Ceyran — Gözünə toxunsun haqqın lə’nəti!
Bu nə xəyanətdir, bu nə bühtandır?!
Şahmar — (Sərtaca)
Daha sözüm yoxdur, gəl bunu qandır!
Sərtac — (Ceyrana)
Girmədi başına bu nəsihətlər,
Çıx get! Bu inadın səni məhv elər.
Şahmar və Ceyran gedir.
Sərtac — (Ceyranın dalınca)
Nə qədər sadədir, nə qədər nadan,
Bilmir ki, sarayda haramdır vicdan.
Anlamaz kənizin əqlinə bir bax.
Şeytan yuvasında iman saxlamaq.
(gülür)
Fəlakət gətirər sədaqət bə’zən,
Ağıl olan kimsə eyləməsin e’lan, Oğrular içində yaşasın düzlük,
Düzlüyün özü də insana bir yük.
Astiaq — (danışa-danışa gəlir)
Sağımda iğtişaş, solumda üsyan,
Hər tərəfdə qırğın, dizə çıxır qan.
Akadlar, askitlər qaldırıbdır baş,
Mən doğulmayaydım anadan ey kaş.
Ey tanrı, bu bəndən köməyə möhtac,
Yoxsa mənim deyil başımdakı tac?
Daşdan daşa çırpır bu həyat məni,
Necə məğlub görüm qalib ölkəni?
Sərtac — Üsyan xəbərini məndən xəbər al
Bunları düzəldir şahzadə Maral.
Astiaq — Təhlükə qoynunda yaşayıram mən,
Sarayda hakimdir yoxsa Əhrimən?
Saray başdan-başa kədərdir, qəmdir,
Səfalı cənnətim bir cəhənnəmdir.
Zərdüştün lə’nəti mənə toxundu,
Tacım bir od olub başıma qondu.
Bir yoxsul olsaydım, yaşasaydım ac,
Əzməzdi başımı mənim mə’lun tac.
Saxlamaq müşküldür, əl çəkmək çətin,
Bir sonu yoxdurmu bu əziyyətin?!
(Sərtaca)
Bacım nə istəyir?
Sərtac — Qoy deyim bir-bir,
İnan hökmdarım sadiqdir vəzir.
Astiaq — Sədaqət qoy qalsın, nədir o xəbər?
Sərtac — Xəbərin məzmunu, qısa, müxtəsər:
Meşədə düzəlmiş geniş yığıncaq
Təfsilən bilmirəm bunu mən ancaq,
Şahmar bu xəbəri bilir təfsilən,
Ayıq ol, səltənət getməsin əldən.
Astiaq — Bir az açıq danış, anlamadım, ah!
Sərtac — Fəramərz Arranda olacaqdır şah.
Astiaq — Çağır gəlsin görüm nə deyir Şahmar.
Sərtac — İtaətim vardır böyük hökmdar!
(gedir)
Astiaq — (öz-özünə)
Maral doğma bacımdır, hər kəsdən mənə yaxın.
O da mənim düşmənim, iqbalıma bir baxın.
Hər tərəfim düşməndir, hər yanım da qorxudur,
Bu həyat mənim üçün bir qorxulu yuxudur.
Taxtım müdhiş bir məzar, saray qorxulu məhbəs.
Böyük Yəzdan nədir bu, eşitdiyim qara səs?
Sərtac — (Şahmarla bərabər gəlir)
Hər nə ki, görmüsən danış yerbəyer,
Artıq əksiyinə yaxşı diqqət ver.
Gördüyünü danış kəlməbəkəlmə
Həqiqəti söylə, üstünə gəlmə!
Çalış bir kimsəyə iftira demə,
Vicdan məhkəməsi ağır məhkəmə.
Qəlbindən qərəzi, kini təmizlə,
Zərdüşt göstərdiyi yolları izlə!
Şahmar — (hökmdara təzim edir)
Sadiq nökərinəm hökmdar, inan!
Ömrümdə gəlməmiş dilimə yalan. Yoxdur kimsə ilə qəsdim, qərəzim —
İnan səmimidir sənə bu ərzim.
Astiaq — (hövsələsi tənk bir halda)
Sözü qısa danış, uzatma ancaq.
Şahmar — (baş endirir)
Meşədə var idi dünən yığıncaq,
Yığıncaqda olan sərkərdələrdi,
Hər kəs Fəramərzi təbrik elərdi.
Sərtac — (kənara)
Bir baxın düşmənlər nə hiylə qurdu,
Kimə qismət olur Fərhadın yurdu.
Vicdanı, namusu, arı atdılar,
Tacı kimdən alıb kimə satdılar.
Astiaq — (həyəcanla)
Daha nə eşitdin?
Sərtac — (Şahmara)
Çəkinmə hərgiz.
Şahmar — Kəskin danışırdı orda iki qız.
Astiaq — (tələsik)
Qızlar kim idi?
Şahmar — Ceyran və Maral.
Kitabxana.az · https://kitabxana.az/en/works/ordubadi-maral-ikinci-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Əmiri-Əfxəmin başına gələn hadisədən iki gün keçirdi. Leyla xanım öz əmisinin evində səhər yeməyi yediyi vaxt, ona bir məktub verdilər. Məktubu yazan doktor Yusifidis idi. Əmiri-Əfxəmin həbsxanasından yazmışdı:«Möhtərəm Leyla xanım!
XLII. QəzvindəBiçeraxov Həmədandan Qəzvin üzərinə hücum etdiyi zaman, Leyla xanım Həmədanda qalmışdı. Çünki Qəzvin şəhərinin alınması ehtimal olunurdu.Kiçikxanın böyük hazırlıq gördüyü, alman miralayı Fon-Pahenin komandası altında böyük ordu yığması və ingilislər gəlmədən Qəzvin şəhərini işğal etmək şayiələri ağızdan-ağıza dolaşırdı. Lakin bu şayiələrin əsası olmadı. Fon-Pahen Kiçikxana təslim olmağa hazırlanmış Qəzvin şəhərini almağa cəsarət etmədi.
XLIII. QısqanclıqDoktorun Leyla ilə əlaqəsində mühüm bir dəyişiklik törəmişdi—onun çöhrəsində, hərəkətində, söhbətində belə bu dəyişikliyi görmək mümkün idi.Bahadır xanla Leyla xanımın sıx-sıx görüşlərindən razı qalmırdı, daima məsələni ifrata vardırmamaq üçün Leylaya tövsiyələr verirdi. Bu gün Leylaya nəsihət edib deyirdi:
XLIV. Bakıya doğruAlman miralayı Fon-Paxenin təlaşına baxmayaraq, çənkəl ordusu vətənlərinə getmək üçün Qafqaza yol açmaq istəyən Ter kazaklarına qarşı dura bilmədi.Kiçikxan ordusu məğlub oldu. Mənçil və Rəşt Biçeraxovun, sonra da ingilislərin əlinə keçdi.
Poems by other poets
Ustalar, qulaq verin, tərif edim baramanı,İbtida sərtu çıxmırhi dökürəm baramanı,
“Molla Nəsrəddin”in qıza cavabıQızım, sən bilmirsən, dünyada nə var,Nəql eyləyim, əgər qulaq asarsan,
VarYenə gözüm düşdü bir mah cəmalə,Ağ üzündə qara müşki xalı var,
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,