Page 3 of 3 · 67%

– Zatən Adlor familiyası İngiltərədə birinci familiyadır ki, onunla minlərcə nəcib ingilislər fəxr edirlər. Bizim babamız Adlor İngiltərənin on ikinci əsrdə yetişmiş alimlərindəndir. O, Sent-b-Nua təriqətinə mənsub olan birinci alimdir ki, ərəb dilinə aşina olmaqla, riyaziyyat və heyət elminə aid bir çox əsərləri ərəbcədən ingiliscəyə tərcümə etmişdir. Bu kitabların biri də, Ukldın «Məbadi» kitabıdır ki, o vaxta qədər yunançası aşkarda yox idi.

Babamızın «təbiyyat məsələləri» barəsində də mühüm əsəri vardır. Bu familiya sizi razı salırsa, mən də sizinlə tanış olmaqda özümü bəxtiyar hesab edərdim.

Ester dedi:

– Şübhəsiz ki, mən də yüksək familiyalı bir zatla tanış olduğum üçün yüksələcəyəm!

– Buna heç şübhə yoxdur.

Kapitan Kuper öz nəcabəti haqqında danışıb qurtarmadan, ingilis zabitlərindən Anneta əlini onun çiyninə qoyaraq dedi:

– Xanımla tanış olmaq üçün bizə də növbə çatacaqmı?

Bu sözdən sonra Kuper Esterlə vidalaşaraq:

– Hələlik!—dedi və yerini Annetaya verdi.

Anneta belə başladı:

– Siz indi, İngiltərəni öz əsərlərilə işıqlandıran və tarixdə unudulmaz bir xatirə qoyan Volter-Skott familiyasının ən gənc və şair ruhlu bir üzvü ilə tanış olursunuz. Bizim babamız Skoçyalıdır. Məşhur şair və hekayəçi idi. 1771-ci ildə Edimburqda doğulub 1832-də vəfat etmişdir. Mərhum öz əsərində Skoçyanın əski nəğliyyatını nəzmə çəkərək şöhrətə nail olmuşdur.

Anneta sözünü bitirə bilmədi çünki general Denster-Vilin xüsusi katibi onu generalın yanına çağırdı.

Ester sevindi, yerindən qalxıb salonu gəzmək istərkən, mayor Buniskin onun qolundan tutaraq soruşdu:

– Əcəba, sizə ingilislərin müsahibliyi xoş gəlirmi?

Ester dedi:

– Nə üçün də xoş gəlməsin!

– Elə isə mən sizə, İngiltərədə məşhur bir familiyadan danışacağam. Siz, məşhur Sibtorpun nəvəsi mayor Buniskin ilə tanış olursunuz!

Bunu deyərək Esterin əlini sıxdı.

– Çox şadam! Bu gün mən İngiltərənin məşhur alim və şairlərinin adlarını eşitmək və onların möhtərəm nəvələrilə tanış olmaqla məmnunam.

– Babamız İngiltərənin məşhur təbiyyatçılarındandır, özü də 1758-ci ildə Oksfordda doğulmuşdur. Aralıq dənizi adalarında Yunanıstan və Osmanlı məmləkətlərində bir çox səyahətlər etmişdir.

Nəbatat elminə aid İngiltərə ali məktəblərinə bir çox qiymətli kitablar verə bilmişdir.

Ziyafət bitincəyə qədər, burada iştirak edən ingilis zabitləri Esterlə tanış olaraq, tarixdən bildikləri məşhur familiyalardan hərəsi birini mənimsədi.

Birisi özünü Lord-Con-Kont, o birisi İngiltərədə norman xanədanına mənsub Eduard, üçüncüsü məşhur təbiyyatçı Eduard və sairlərinə nisbət verməklə Esterin ruhunu qaşıyırdı.

Ester yoruldu, birindən qurtarıb başqasının əlinə düşürdü.

Bu sırada miralay Keyvort, bir neçə dəfə o tərəfə-bu tərəfə ötərək Esterə yaxın gəlmək istədisə də fürsət tapa bilmədi.

Araratyan ingilis zabitlərilə bərabər Bakıya gəlmək üçün gəmiyə oturduqda, general Denster-Vilin yaveri miralay Sonders generalın məktubunu Araratyana verdi.

Ester gəmi salonunda miralay Keyvortla söhbət etdiyi zaman, Araratyan da məktubu oxuyurdu:

«Qazyan, 7 avqust 1918-ci il.

Möhtərəm doktor Araratyan! Sizdə şübhə oyanmasın deyə mən dünənki söhbətimizi yazılı şəkildə sizə verməyi lazım bildim. Sizin ricalarınız aşağıda göstərilən üç məsələdən ibarətdir.

  1. Bakının müdafiəsi;

  2. Yerevandakı ermənilərin vəziyyəti;

  3. Culfa ermənilər haqqında.

Sizin birinci tələbinizə mən aşağıdakı cavabı verirəm:

Bakının müdafiəsi bizim üçün çətin deyildir. Düşmənin Bakını alması ehtimalı da azdır. Lakin Bakı əhalisinin bizə kömək verməsi də birinci şərtlərdəndir. Bakı əhalisi və hökumət bizim bütün qərarlarımızı həyata keçirməklə düşmənin qarşısını almalıdır.

Yalnız əhalinin köməyi kifayət deyildir. Onlar bizimlə bərabər düşmən cəbhələrinə hücum etməli və şəhərdən kənara çıxıb düşmənlə üz-üzə vuruşmalıdırlar. Xüsusən bu məsələ bizi müdafiə edən və əhalinin mühüm hissəsini təşkil edən erməni xalqına da aiddir.

Doğru işləməyi bacaran hərbi təşkilatın yoxluğu, sizin əskəri qüvvənizin və bacarığınızın mühüm bir hissəsini hədərə vermişdir. Mən bu nöqsanları ləğv etmək üçün zabitlər göndərəcəyəm. Bakı müdafiəsini yalnız ingilislərin öhdəsinə də qoymaq olmaz. Siz bilirsiniz ki, ingilis hərbi qüvvələri dağınıq haldadır. Onlar Bağdaddan Bakıya qədər geniş məsafəni işğal edir.

Dəmiryolu olmadığından mərkəzdən yardım almaq da çətindir. Bakıdakı qüvvəmizi müdafiə işi də olduqca mürəkkəbdir. Hər halda sizi inandırıram ki, Bakını müdafiə üçün lazım olan qoşun göndəriləcəkdir. Qələbənin təmini, sizin yoldaşların Bakı müdafiəsi işini ingilislərlə bərabər öhdələrinə götürməsindən asılıdır. Siz bu barədə yoldaşlarınızdan arxayın deyilsinizsə və axıra qədər vuruşa bilməyəcəksinizsə, bunu mənə əvvəldən xəbər verməlisiniz. Onda mən düşmənlə bir növ sazişə girişməyinizi məsləhət görərdim. Mənə də öz qoşunlarımı Bakıdan çıxarmaq üçün vaxt verərdiniz.

2-ci məsələ: Yerevanda ələ gətiriləcək hərbi vəsaitin müttəfiqlərin istifadəsinə qabil olmaması məsələsidir. Mən bu barədə yaxın zamanda kömək edəcəyimizə vəd edə bilmərəm.

Bu sözlərim üçüncü məsələyə də aiddir. Çünki ermənilər yaşayan rayonlar da ingilislərin hərəkət məntəqəsinə yaxın deyildir. Mən bunları yazıram ki, sonradan bizim vəd edib əməl etmədiyimizi söyləməsinlər. Hər halda müttəfiqlərdən birinin qələbəsi şübhəsizdir. Bunun nəticəsində də Ermənistan bərpa ediləcəkdir.

Bu qələbə, sizin qaranlıq həyatınızın yoluna işıq saçan ulduz məqamını kəsb edəcəkdir».

Araratyan məktubdan razı qalmadı. Lakin son cümlələr, qismən xoşuna gəlirdi. Buna görə də bu cümləni təkrar oxudu: «Hər halda sizi inandırıram ki, Bakını müdafiə üçün lazım olan qoşun göndəriləcəkdir».

Doktor bu cümləni oxuduqdan sonra:

– Nə olursa-olsun,—dedi,—bu tarixi bir məktubdur. Bunu Böyük Britaniyanın məsul bir generalı yazır.

Məktubu çox səliqə ilə büküb qoynuna qoydu və ətrafına baxdıqda Esterlə Keyvortun şirin söhbətdə olduğunu görüb sevindi. Qızının ingilis miralayı ilə olan söhbətinə geniş imkan vermək üçün qalxdı, barmaqları ucunda yeriyib getdi.

Keyvort özünü Esterə sevdirmək və onu aldatmaq üçün öz familiyasının şöhrəti haqqında uzun bir dastan başlamışdı, o əvvəlcə başqa yoldaşları kimi ermənilərdən söhbətə başladı:

– Doğrudan da biz Bakıya, əsasən erməni xalqına nicat vermək üçün gedirik. Əlbəttə, mənim bunu deməyim münasib olmasa da, sizdən gizlətməməliyəm. Bu barədə kralın generala xüsusi əmri var. Əmrnamədə kral həzrətləri ermənilərlə dostluğu xüsusi qeyd etmişdir. Bu səfərdə bizim əsas vəzifəmiz, erməniləri müdafiə və onların istiqlaliyyətini bərpa etməkdir. Eyni zamanda biz Böyük Britaniyanın əsrlərdən bəri bəslədiyi bir arzunu həyata keçirmək üçün Bakıya gedirik.

Mənim hər iki məqsədə xidmət üçün bu səfərdə iştirak etməyim, familiyamızın tarixi iftixarını bir daha artıracaq və ona əzəmətlər verəcəkdir. Familiyamız bütün İngiltərədə məşhurdur. Hazırda yüzlərcə vicdanlı, namuslu, ingilis dünyada ən nəcib olan Keyvort familiyasına mənsub olmaqla fəxr edir.

Zatən bu familiya, bütün İngiltərə xalqının iftixar etdiyi bir familiyadır.

Ester miralayın uzun danışdığını görüb, onun ingilis qürurunu qısaltmaq üçün sual verdi:

– Cənab miralay İngiltərənin hansı məmləkətindəndir?

Miralay yeni bir dastan başladı və Esterə sual verdi:

– Siz məktəbdə təbiyyat dərsi keçirmisiniz?

– Əlbəttə keçirik.

– İngiltərənin təbiyyatçıları tərəfindən yazılmış əsərləri məktəblərinizdə keçmirlərmi?

– Xeyr! Keçsələr də xatirimdə deyildir.

– Böyük səhvdir. İngiltərənin əski dostu olan bir millət ingilis təbiyyatşunaslarını tanımırsa və onların əsərlərini məktəblərində oxutmursa tarixi bir səhv edir.

– Doğrudur! Bilmirəm nə üçün dərs kitabları düzəldilən zaman bu qədər böyük və tarixi bir səhv buraxılmışdır. Mən bunu cib dəftərimə qeyd edəcək və atama söyləyəcəyəm. Gələn dərs ili erməni uşaqları ingilis təbiyyatşunaslarının əsərlərini oxumalıdırlar.

Ester bunu deyərək redikulundan kiçik xatirat dəftərini çıxarıb yazdı. «Gələn dərs ilində ingilis təbiyyatşunaslarının əsərləri məcburi olaraq məktəblərdə keçirilməlidir». Ester bununla da miralay Keyvortun söhbəti bitirəcəyini düşünürdü. Lakin miralay sözə başladı:

– Bəli, familiyamız haqqında sizə bir az məlumat verməliyəm. Familiyamız İngiltərənin məşhur təbiiyyatşunaslarından Banks cənablarına mənsubdur. Özümüz Londonluyuq. Babamız Banks 1768-ci ildə dövrüaləm səyahətinə gedən kapitan Korkla yoldaş olub dünyanın çox yerlərini səyahət etmişdir. Möhtərəm babamız gəzdiyi ölkələrin coğrafi vəziyyətinə dair bir çox əsərlər yaratmışdır. Hazırda İngiltərədə heç bir kitabxana yoxdur ki, Banksın əsərindən beş-on cild tapılmasın. Mərhum babamız səyahətdən sonra öz əsərləri ilə məşhur olaraq elmi və fənni cəmiyyətlərin təqdirinə nail olmuş və nəticədə London fənni cəmiyyətinin sədrliyinə təyin edilmişdi.

Bu qədər böyük bir şərəfdən sonra mərhum babamız kralın diqqətini cəlb edir və bir az sonra kralın xüsusi müşaviri təyin edilir və üçüncü Jorjun hörmətinə nail olur. Babamız mərhum olduğu zaman təbiyyat məsələlərinə aid minlərcə cild kitablarını London müzeyinə vəqf etmişdir. Böyük Okeandakı məşhur adalar mərhumun adı ilə adlanmışdır.

Ənzəlidən Bakıya gələnə qədər Ester yaxasını Keyvortdan qurtara bilmədi. Səhər çay içəndə, naharda, şam süfrəsində o Esterə öz babalarından və öz böyüklüyündən söhbət açdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

VIII. Yerevandan məktub

Leyla Esterin otağına girərkən, xidmətçi qadın onu faytona oturub Rayanın dalınca getdiyini xəbər verdi.Leyla sevindi, soyunub paltosunu bir tərəfə ataraq Esterin kağız qoluğunu araşdırmağa başladı. Esterin Vahana yazdığı bir məktubu götürdü.

6 min
IX. Sui-qəsdin ifşa edilməsi

Bugünkü iclasa Şaumyan hamıdan sonra gəldi. O, yenə də portfel götürmüşdü. Bu portfeli o, ancaq fövqəladə və mühüm iclaslarda əlinə alardı.Şaumyan stulda oturan kimi menşeviklər və eserlər oturan stulları gözdən keçirtdi. Menşevik və eserlərin hamısı öz yerini tutmuşdu, yalnız bir nəfərin yeri boş idi. Sovet üzvlərindən gəlməyənlər çox az idi. Çünki Şaumyanın mühüm bir məsələ barəsində çıxışda bulunacağı bütün siyasi partiyaların fraksiyasında danışılmışdı. İvanovun həbs edilməsinə baxmayaraq yenə də eser və menşevik rəhbərləri Rayanın ətrafından çəkilməmiş və Sovet hökumətinə qarşı başladıqları bu sui-qəsdin Raya tərəfindən kəşf edildiyini xəyallarına belə gətirməmişdilər. Buna görə də bugünkü iclasda Raya da menşeviklərlə bərabər iştirak edirdi.

4 min
X. Məktublar

Leyla xanım iki məktub aldı. Məktubun birisi Bakı milyonçusu hacı Zeynalabdın Tağıyevdən, ikincisi Türkiyə ordusu ərkani-hərbindən idi. Məktubların ikisi də mühüm idi.Leyla xanım çox düşündü ki, «məktubların hansını əvvəlcə oxuyum». Əvvəlcə Türkiyə ərkani-hərbindən gəlmiş məktubu oxumağa qərar verdi. Çünki bu məktub Leyla xanımın Türkiyə ərkani-hərbinə göndərdiyi mühüm bir məktuba cavab olmalı idi.

5 min
XI. Hacının bağında

Leyla xanım hacının evinə köçmüşdü, lakin hacı ilə Bakıda görüşmək mümkün deyildi. Çünki hacı da başqaları kimi Mərdəkana köçmüş və öz bağında yerləşmişdi.Hacı Leylanın məktubundan sonra ona ikinci bir məktub göndərib Mərdəkanda, onun şərəfinə düzəlmiş ziyafətə gəlməsini xahiş etmişdi.

12 min

Poems by other poets