Leyla Esterin otağına girərkən, xidmətçi qadın onu faytona oturub Rayanın dalınca getdiyini xəbər verdi.

Leyla sevindi, soyunub paltosunu bir tərəfə ataraq Esterin kağız qoluğunu araşdırmağa başladı. Esterin Vahana yazdığı bir məktubu götürdü.

«Əziz dostum Vahan! Sənin dediklərinə əməl etdim. Dünən gecə bütün Bakı milyonçuları bizim evimizdə idi. Takianosov Moskvadan Ali Xalq Təsərrüfat Sovetindən aldığı məktubu oxudu, məktubdan anlaşıldığına görə neft sənayesinin milliləşməsi haqqında verilən dekretin ləğv ediləcəyi ehtimalı vardır. Vahan, Hamazasbdan yaxam qurtardı, ziyafətdə ona əhəmiyyət vermədiyimdən əlindəki şüşə qədəhi çeynədi. Çiyər yemiş köpək kimi ağzından qan axırdı. Atam məni təhdid etdisə də «intihar edəcəyəm» deyə onu sükuta məcbur etdim. Hələlik heç bir söz demir, çünki onun ümidi Avetisovadır. O, güman edir ki, mən Avetisovla yaşayacağam, Avetisov da Hamazasbın əvəzinə onu milli sovetə sədr keçirəcəkdir. Vahan, çalış ki, mən buradan tezliklə qurtara bilim.

Vahan, atamın Yerevandan aldığı bir məktubu da sənə göndərirəm. Bəlkə o məktub sizə lazım oldu, görünür ki, atam və onun yoldaşları yeni xəyanət hazırlayırlar. Məktubu atamın portfelindən götürmüşəm».

Leyla Yerevandan gəlmiş məktubu tələsik oxudu:

«Möhtərəm doktor!

Siz siyasətin dəyişdiyini bilməmiş deyilsiniz, hazırda Bakı ermənilərinin bolşeviklərlə birlikdə Türkiyə ordusu əleyhinə müharibədə iştirak etməsi yanlış bir xətti-hərəkətdir, çünki hələlik Türkiyə daxilində bir çox erməni yaşamaqdadır. Bu günkü gün ermənilərdən yenə də Türkiyə hökumət əzalığında olan, ali vəzifə daşıyan simalar, hətta nazirlər belə vardır. Türkiyə ordusunun ərkani-hərbində onlarca erməni zabitləri çalışmaqdadır. Əlbəttə, siz Bakı ermənilərini bu məsələ ətrafında hazırlamalısınız. Bu iş üçün Bakıya xüsusi nümayəndələr göndərməliyik.

A. İ. Xatisov.

M. Arutyunyan».

Mənim ruhum Vahan! Belə görünür ki, sizin gələcəyiniz qorxuludur, daşnaqlar sizə xəyanət edirlər. Sabah axşam yenə də saat 8-də vağzalın dalısındakı yerdə duracağam.

Səni sevən Ester.

Bakı, 11 iyun, 1918-ci il»

Leyla son məktubun surətini çıxartdıqdan sonra, Esterin məktubunu başqa bir paketə qoyub bağladı, məktubun surətini isə başqa bir paketə qoyaraq Türkiyə ərkani-hərbinə göndərmək üçün hazırladı.

Leyla xanım bu sənədi ələ keçirdikdən sonra, stolun başında oturub Sadovskiyə məktub yazdı:

«Möhtərəm cənab!

Heç şübhə yoxdur ki, siz ayın səkkizindəki mübahisəmizdən incimisiniz. Bunun üçün də bəzi məsələləri sizə izah etmək istəyirəm. Siz bilirsiniz ki, mən, yüksək şöhrət sahibiyəm. Hətta İngiltərə kralı ailəsində tərbiyə tapmış Hindistan şahzadəsinin adını daşıyıram.

Mən sizinlə ziyafət stolu başında bir oturur, sizinlə qol-qola verərək gəzir və əylənirəmsə bu, mənim sizə qarşı səmimi əlaqəmi göstərir. Mən bunu inkar etmirəm, sizi sevirəm, lakin bu sevgiyə cənab İvanovla Rayanın sevgisi kimi məna verilməməlidir. Çünki mənim sevgim tamamilə başqa bir sevgidir. Daha açığı, mədəni bir qadının, mədəni bir kişiyə bəslədiyi sevgidir.

Mən bu təmiz sevgidən boyun qaçırmıram. Bunun üçün məni məzəmmət edən də olmaz. Lakin bizim hüdud xaricinə çıxmağa haqqımız yoxdur. Zənn edirəm ki, izahat üçün bu kifayətdir.

Demək ki, biz barışdıq, axşam kiçik bir ziyafət düzəltmişik. Raya, İvanov, Ester və başqa tanışlar da iştirak edəcəklər. Saat on tamamda sizi döyünməkdə olan qəlbim və intizarlar içində üzən göz bəbəklərimlə gözləyəcəyəm.

Sizi sevən Leyla.

Bakı, 11 iyun».

Leyla xanım məktubu bitirərək zərfin üstünü yazarkən, Ester ilə Raya içəri girdi.

Axşamkı ziyafətin cədvəlini düzəltməyə başladılar. Cədvəldə mühüm yer tutan cürbəcür içkilər, qızların nəzərini cəlb etdi, buna görə də Leyla izahat verərək dedi:

– Ziyafət salonda deyildir, öz otağımdadır. İçkinin çoxluğundan bir zərər gəlməz.

İvanovu telefonla çağırmaq lazım idi. Ester və Leyla, Rayanı buna məcbur etmək istədilər. Raya boyun qaçırtdı.

– Mən çağıra bilmərəm. Onu, idarəsindən çağırmaq səlahiyyətini almamışam.

Leyla xanım və Ester birlikdə qalxıb telefona getdilər.

Raya Leylanın redikulunda iki məktub gördü, məktubun biri Sadovskiyə idi. Raya ona əhəmiyyət vermədi. İkinci məktubun üstü yazılmadığından, Raya şübhələndi. O, yazılmamış bir kağızı, başqa bir paketə qoyub bağladı və Leylanın redikulundakı məktubla əvəz etdi.

Leyla qayıdan kimi redikulunu yoxlayaraq məktubları yerində gördükdən sonra əmin oldu.

Leyla xanımın otağında təntənəli bir ziyafət süfrəsi açılmışdı.

Leyla xanım, bu süfrədə eser, menşevik rəhbərləri ilə hesablaşmaq istəyirdi.

Krıçenko, İvanov və Elçiyandan başqa bütün rəhbərlər Leyla xanımın ətrafına toplaşmışdılar.

Qədəhlər işə düşür, hər kəs istədiyini yeyir və istədiyini deyirdi; kimi gülür, kimi danışırdı, qadından, qızdan, gözəldən, gözəllikdən söhbət açırdı. Raya isə bir tərəfdə oturub düşünürdü. O, indiyə qədər İvanovun həbsə alınmadığını xəyalına gətirəndə təəccüb edirdi. Çünki Sovet hökuməti və onun baş komissarı əleyhinə sui-qəsd düzəldən bir adamın sui-qəsd açıldıqdan sonra da həbs edilməməsi əlbəttə təəccüblü bir iş idi.

Rayanın belə həyəcanlı dəqiqələrində qapı açıldı. İvanovun xidmətçisi Raya xanıma bir məktub təqdim etdi.

«Gözəl mələyim! Sənsiz keçirilən bir dəqiqə, mənə zindanda keçirilən uzun illərin acı duyğularını verir. Sənin gözlərinə baxmaq nə böyük səadətdir!. Bir saatdan sonra sənin o məsum gözlərinə baxmaq səadətinə nail olacağam.

İvanov».

Raya bir daha dərin düşüncələrə daldı və öz-özünə dedi: «Əcəba, yoldaş Şaumyan mən apardığım sənədlərə inanmadımı? İnanırsa bəs nə üçün İvanov indiyə qədər həbs edilməmişdir?

Leyla və Ester Rayanın yanını kəsib soruşurdular.

– Əcəba, İvanov gəlməsə, siz süfrəyə oturmayacaqsınızmı?

Raya:

– Xeyr, oturmayacağam!—dedi.

Yenə də Rayaya güldülər, Leyla xanım isə onu «sevgi dəlisi» adlandırdı.

Leyla xanımın xidmətçisi bir məktub gətirdi, məktub Ayolloya çatacaq idi. Ayollo məktubu açıb oxuduqdan sonra, Sadovskiyə baxaraq çöhrəsində bir şadlıq zühur etdi.

Sadovski:

– Yeni xəbərmi var?—deyə soruşduqda Ayollo:

– Sonra danışarıq,—deyə məktubu pencəyinin cibinə qoydu:

Leyla məktubdan söz açaraq:

– Məktub, səmimi dostlardan gizlimidir?—dedi.—Biz o şadlıq məktubunu oxumaqdan məhrum olacağıqmı?

Ayollo dedi:

– Ayollonun sizə olan səmimiyyəti yüksəkdir, lakin məktub süfrə başında oxunacaq məktub deyildir. Başqa bir vaxta qalsın.

Ayollonun cibindəki məktubla həm Leyla xanım, həm də Raya maraqlanırdı. Onların hər ikisi məktubu ələ keçirməyə tələsir və o barədə düşünürdü. Gecə saat on iki oldu, nə İvanov, nə də Krıçenko gəlib çıxdı, bütün güman olunan yerlərə telefon edildisə də bir xəbər çıxmadı.

Raya İvanovun həbs edildiyinin zənni ilə rahat olmuşdu. Gecə saat birin yarısında, Elçiyan «vay» xəbəri ilə içəri girərək məhzun halda dedi:

– Ağalar, xanımlar, mən sizə böyük bir bədbəxtlik xəbəri verməyə məcburam.

Bir neçə saniyə nə Elçiyan, nə də oturanlar danışdı. Hər kəsin gözü bir nöqtədə donub durmuşdu. Əllər olduğu yerdə hərəkətdən qalmış, çəngəllər ağız ilə nimçə arasında, bıçaqlar isə cücələrin böyründə, barmaqlar piyalənin boğazında, yağlı tikələr ağızlarda idi. Gözlər isə Elçiyanın dodaqlarını hədəf almışdı.

Elçiyan:

– İvanov və Krıçenko cənabları həbsə alınmışdır,—dedikdə, Raya qışqıraraq bayıldı. Süfrə altüst oldu, Ayollo qalxıb Rayanı qolları üstünə götürüb yatağına aparmaq istərkən Raya öz işini işlədi: Ayollonun cibindəki gizli məktub artıq Rayanın cibində idi.

Ziyafət pozuldu, həbs adı eşidən rəhbərlərin nə vaxt və hansı qapıdan çıxıb getdiyini heç kəs bilmədi. Gecədən çox keçmişdi, oteldə ayıq qalan yalnız Raya idi. O şadlığından yata bilmirdi. Həm Yerevandan gələn məktubu Leylanın redikulundan götürdüyü üçün, həm də İvanov və Krıçenko həbs edildiyi üçün sevinirdi. Üçüncü tərəfdən də Ayollonun cibindəki məktubu ələ gətirə bilmişdi.

O, yatağından qalxıb lampanı yandırdı, Ayollodan götürdüyü məktubu oxumağa başladı.

«Möhtərəm cənab!

Cəbhədəki təşviqat gözəl nəticələr verir, ordu hissələrindən bəzisi həqiqəti anlamaqdadır.

Dünən, taborlardan biri, Türkiyə hücumunun qarşısını almaqdan boyun qaçırtdı və nəticədə də 60 nəfər qızıl əskər tələf oldu. Müharibədən boyun qaçıran saldatların nümayəndələri baş komandanlığa belə bir məruzə ilə gəlmişdir:

«Zaqafqaziyada gedən müharibələr milli xarakterdə olduğundan, biz onda iştirak etmək istəmirik».

Hörmətli cənab! Ümid edirəm ki, yaxında bütün ordu hissələri bu həqiqəti anlayacaq və bolşeviklərin qansız və mübarizəsiz hökumət başından çəkilməsinə və ingilislərin Bakıya gəlməsinə imkan yaradacaqdır».

Raya Leyladan oğurladığı Yerevan məktubunu da buna əlavə ilə Şaumyana vermək üçün, zərfə qoyub qapadı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Misyonerlər və müstəşriqlər

Mən bu adı daşıyanlarla görüşmək və onlarla mübahisəyə girişməyi heç də sevməzdim. Hələ özüm deyil, başqaları belə bunlarla mübahisəyə girişdiyi zaman dinləməkdən iyrənərdim.Bəzən miss Hannanın dini məsələlərə aid söhbətləri də məni yorurdu. Qızın özü də bunu anlayırdı. Lakin buna baxmayaraq, yenə də o, dini söhbətlər və təriqət mübahisələri, məzhəb ixtilafları barəsində uzun-uzadı danışırdı. Çünki miss Hanna lap əvvəldən İrana bu vəzifə ilə gəldiyini söyləmişdi.

21 min
Çar konsulxanasında ziyafət

İki gün bundan əvvəl çar konsulxanasında, Hacı Səmədxanın şərəfinə böyük və təntənəli bir ziyafət veriləcəyini eşitmişdim. Bu ziyafətdə bəzi mühüm xəyanətlər üçün zəminə qoyulacağı şübhəsiz idi. Ninanın burada iştirak edib-etməyəcəyi bəlli deyildi. Hər halda mən Nina ilə bu barədə danışmaq, hərgah o ziyafətdə iştirak edəcəksə, bəzi məsələləri tapşırmaq istəyirdim. Mən bu məqsədlə də faytonu qoşdurub evdən çıxmışdım.Ninanın evinə getmək vaxtı deyildi, hələ tez idi. Şəhəri dolaşmağa qərar verdim. Məcidülmülk mağazalarına tərəf gedərkən bağ-meşə qapısında həddindən artıq camaat toplandığını görüb faytonu saxlatdım.

24 min
Hacı Səməd xana verilən saat

Məşrutəyə açıqdan-açığa tərəfdar olan tacirlərin mallarını, konsulxana tərəfindən düzəldilmiş komissiya müsadirə edib qurtarmışdı. Yeni vali Təbrizə girəndən sonra əski zamanda olduğu kimi özü üçün gəlir mənbəyi axtarmağa çalışırdı. Nəhayət, Hacı Səmədxan da çar konsulunun getdiyi yolu təqib etməyə başladı və Təbrizdə yüzlərcə tacirin hücrəsini və anbarını möhürlətdi. Hacı Səmədxan bu barədə çar konsulundan icazə almışdı. Konsul çar təbəələri və çar himayəsində olan tacirlərə toxunmamaq şərtilə buna icazə vermişdi.Yüzə qədər hücrə və anbara möhür vurulmuşdu. Hacı Səmədxanın əmisi oğlu Mahmud xan da Hacı Səmədxanın verdiyi siyahı xaricində olaraq öz kefinə görə istədiyi anbarları möhürləyirdi. Mən bu günə qədər Məşədi Kazım ağanın hücrəsinin və anbarının möhürləndiyini eşitməmişdim.

13 min
Rəfizadə və Şümşad xanım

Hacı Səmədxanın evindən çıxıb Ninanın yanına gəldim. Bütün əhvalatı danışdım, təşəbbüsümü təqdir etdi.Mən Təhminə xanımı göndərib axşam saat doqquzda Həsənağanın Tütünçüoğlunu da götürüb bizə gəlmələri sifarişini verdim.

14 min

Poems by other poets