“Yad ölkədə varmı yaxın qohumunuz?”Sualının biri buydu anketlərin.“Yox” sözünü yazıb keçdi bir çoxumuz,Mənasını düşünmədən dərin-dərin.

Bəs o gözü yolda qalan Təbriz qızı,Savalanın igid oğlu de, kimlərdir?Danmırıqmı anamızı, bacımızı –Məgər onlar on nəfərdir, yüz nəfərdir?

Milyon-milyon qohum-qardaş o taydadır...Bəs nə üçün “yox” yazırıq bu suala?Doğmaları ögey bilmək nə qaydadır,Bu gün hələ yetməsək də biz vüsala?

Ah, qol-boyun gəzəcəyik nə vaxt birgəSahil boyu doğma Kürü, Arazı biz?Nə vaxt yallı tutacağıq cərgə-cərgəBayram kimi qarşılayıb hər yazı biz?

Ana torpaq, danla bizi, yaraşarmıƏsrlərcə qəlbdə yatsın çox sözümüz.“Yad ölkədə qohumunuz, deyin, varmı?”Gün olsun ki, düz yazılsın “yox!” sözümüz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland