Mən "annə" deyirdim anama bir zaman, "annə"!Sənsiz, ürəyim bir teli qopmuş kaman, annə!

Solmuş atamın ətrini ətrindən alırdım,Ətrinlə onun ətri də getdi, aman, annə!

Dörd oğlu böyütdün, ata oldun bir ocaqda,Dərmanını dərd eylədin, ey qəhrəman, annə!

El yaxşı bilir, yaxşılığın rəmzi idin sən,Sən yaxşı ki, bilmirsən, üzüldüm yaman, annə.

Həsrətli sabahımda günəş yox, gecəm aysız,Sanki qapanıbdır üzümə asiman annə.

Bəxt ulduzumun nuru qaraldı gedişinlə,Getmir neçə ildir ki, gözümdən duman, annə.

Mən indi nəyəm ki, nə atam var, nə anam var,Başdaşları üstündə görünməz güman, annə.

Sən bir yetimə ahını man bilmə deyirdin,Ah, mən yetimə ahı deyil indi man, annə.

Kimdir bu Rəfiqindən ömür, gün uman, annə,Ey gözlərini ömrə ömürlük yuman annə!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets