Araz mənim can sirdaşım,Könüldaşım, ömürdaşım,Ey yurddaşım, ey qardaşım,Sanma axan sudur Araz.

Ondadır ürəyin, canın,Dalğa-dalğa həyəcanın,Ayrılmış AzərbaycanınHissi, duyğusudur Araz.

Ulusa yasaq adların,Yabançıların, yadların,Əliqanlı cəlladlarınBizdən qorxusudur Araz.

Neylər ona iri cırtdan,Güc alır ulusdan, yurddanAya çıxan ulu qurddanSüd əmmiş quzudur Araz.

Sahili yox diləyinin,Alovu var küləyinin,Yurddaşların taleyininYurda sorğusudur Araz.

Dərdi için-için olan,Sevdası göyərçin olan,Sabah Xəzərdə çin olanKürün yuxusudur Araz.

Alçaqların, dəyyusların,Satqınların, casusların,İşğalçı binamuslarınSanma qurğusudur Araz.

Savalan vüqarımızın,Əyilməz Qoşqarımızın,Atar damarlarımızınCanlı vurğusudur Araz.

Şəhidlər bölüklərinin,İgidlər böyüklərinin,Azərbaycan türklərininGerçək arzusudur Araz!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets · Homeland