Nizamidə Qafqaz
Page 2 of 3 · 33%
Dərbənd səfəri və işləri bitdikdən sonra İskəndər İrana dönür. Daha sonra Hindistana səfər edir. Buradan da Çinə yollanır.
Iskəndər Çində ikən ruslar Qafqaza soxulurlar. Bərdəni talan edib Nüşabəni əsir alırlar.
Iskəndərin ordusu ilə bərabər Çində olan Abxaziya hakimi Duvali Qafqazdan qaçıb yanına gələn birisindən hadisəni eşidir. Hadisəni bütün çılpaqlığı ilə İskəndərə ərz edir. Bu məlumatında Duvali deyir ki: “Ruslar hücum edərkən Dərbənd ətrafına gəlmiş, gəmilərlə dənizə çıxmış, sahillərə çoxlu əsgər çıxarmışlar; köhnə kinləri təzələmiş, oraları yerlə yeksan edib əllərinə nə keçibsə götürmüşlər. Anbarlarda nə yeyəcək, nə də geyəcək bir şey qoymamışlar. Xəzinəni qarət etmişlər, tacdakı almazları qopartmışlar, taxtdakı ipəkləri cırmışlar; Bərdə mülkünü tutmuş, bolluq içində olan bu şəhəri tamamilə qarət etmişlər; gördüyünüz o gözəllərdən birisini də sağ buraxmamışlar; nəhayət, Nüşabəni də əsir alıb özlərilə bərabər aparmışlar!”.
Vəziyyəti bu cür izah etdikdən sonra Duvali, İskəndərdən yardım diləyir və dediklərinə bunları da əlavə edir:
“Görəcəksiniz, bir azdan Rum və Xorasana da tamah salacaqlar”.
Faciədən xəbər tutan İskəndər qəzəb və hiddət içində bunları deyir:
“Bir yola düşüm, görərsiniz nə qədər rus başı əzəcəyəm. Dünyada nə rusdan, nə də ona uymuş Burtasdan bir əsər qoymayacağam. Bu intiqamı ruslardan almasam, mən İskəndər deyil, bir köpəyəm. Burtasın ciyərini deşməsəm, ondan da, rusdan da betər bir məxluqam!”.
Beləcə qərar verən İskəndər Türküstan, Xarəzm və Qıpçaq çölü yolu ilə Qafqazın köməyinə tələsir. Qıntal adlı bir sərkərdənin başçılıq etdiyi rus ordusu ilə qarşılaşır. Rus ordusu, deyildiyi kimi, alanlarla da müttəfiq imiş.
Rus ordusu ilə Rum ordusunun qarşılaşması şair tərəfindən müfəssəl verilir. Bu təfsilata görə, ruslara Rum padşahının böyük bir ordu ilə gəldiyini xəbər verirlər; həmin xəbərə görə, Rum ordusu yel sürətilə gələn bir dağ kimi imiş; yürüşündən yer sarsılırmış. Bu orduda polad zirehlərə bürünmüş iki yüz fil varmış ki, “yerin qanını qaynadırlarmış”.
Rus ordusunun sərkərdəsi vəziyyəti belə görüb tədbir tökür: “yeddi rusdan” toplanmış bir qoşun yaradır; “Burtas, Alan və Xəzran”dan topladığı adamlardan da “bir dəniz və dağ” əmələ gətirir; burdan ta Qıpçaq çölünə qədər yer üzünü qılınclılar və dəmir geyimlər bürüyür. Sayılması mümkün olmayan bu ordunun yalnız cəbhə hissəsi 9000000-u aşırmış!...”
Qıntal öz ordusu qarşısında söylədiyi nitqdə kobud və döyüşkən rusların zərif rumlularla çinlilərə şübhəsiz qalib gələcəyini söyləyir.
Rum ordusu Qıntalın nitqində deyildiyi kimi, təkcə rumlu və çinlilərdən deyil, mərkəzi rumlulardan ibarət olmaqla bütün xalqlardan toplanmış, birləşmiş bir imperiya ordusu imiş.
Nizami döyüşə başlamazdan əvvəl İskəndərin topladığı hərbi şurada aşağıdakı görkəmli sərkərdələrin adlarını çəkir: bu müşavirədə Çindən – Qıdırxan, Xütəndən – Qurxan, Mədaindən – Rəis, Yəməndən – Vəlid, Abxaziyadan – Duvali, Reydən – Hindi, Kəyanilərdən – istəxrli Qubad, Mazəndarandan – gilanlı Zərivənd, Xavərandan – Pəşəng, İraqdan – Vəfur, Ermənistandan – Bəziyar varmış.
Bu siyahını verdikdən sonra, şair daha çox təfsilatla baş ağrıtmamaq üçün; “Yunan, Firəng, Misir, Şam və adı çəkilməyən bir çox məmləkətləri” qeyd etməklə kifayətlənir.
Iskəndər, “xalqlardan ibarət” bu yığıncaqda bir nitq söyləyir. Bu nitqində o, düşmənin qüvvət və cəsarətini qeyd etməklə bərabər, zəif cəhətlərini də göstərir. “Qüvvətləri cahilliklərindən irəli gələn rusların təbiətcə üstün gücünə silah və bilik sayəsində üstün gələcəyik” – deyir.
Silahdaşlarına ruh və ümid vermək üçün İskəndər öz nitqində siyasi bir momentə də işarə edir. Çox mühüm olan həmin momenti qeyd etməyə bilmərik.
Iskəndər rus ordusundan əsla qorxmadığını, “dağlardan axan sellərin müttəfiqlərə müsaid” olduğunu qeyd etməklə sözünü belə davam etdirir:
“Xəzər dağından Çin dənizinə qədər bütün yerlər başdan-başa türklərlə doludur. Türklərin rumlarla yaxınlığı olmasa və rumlulara ruslardan da artıq kin bəsləsələr də, buradakı türklərin oxları ilə rusları məğlub etmək çox mümkündür”.
Iki ordu arasında təfsil və təsviri sözün uzanmasına səbəb ola biləcək çox qanlı döyüşlər başlayır. Altı-yeddi dəfə, dastanlardakı pəhləvan mübarizələri şəklində, həyəcanlı və qəhrəmancasına döyüşlərdən sonra, İskəndərin özü tərəfindən məğlub edilən “silah batmaz, güc yetməz və adama bənzəməz rus divi”nin məharətlə atılmış bir kəmənd vasitəsilə sürüklənib yerə salınması ilə başlanan “cəng-məğlube” (“meydan müharibəsi”), “vəhşi rusların” qaçması, Qıntalın əsir düşməsi və Qafqazın istiladan qurtulması ilə başa çatır.
Mədəni dünya ordusu qalib gəlir. Bu qələbənin əhəmiyyətini Nizami, rus sərkərdəsi Qıntalın “bu yerləri ələ keçirsək, aləmi məğlub edər, dünyanı tutar, cahana hökmranlıq edər, daim hökmdar olarıq” mənasını verən aşağıdakı sözlərilə ifadə etmiş olur:
Gər in dəstgah-ra be dəst avərim,
Bər eqlim-e aləm şekəst avərim.
Cəhanra begirim, şahi konim
Həme sale sahib-kolahi konim.
Bu qələbə nəticəsində Nüşabə xilas olur və Abxaziya hakimi Duvali ilə birlikdə Bərdəyə qayıdır.
Hər bir siyasi və hərbi zəfərini bir könül zəfərilə xoşbəxtləndirən İskəndər, ruslar üzərindəki bu parlaq qələbəsini də, döyüş zamanı gözlənilməz bir şəkildə “rus divi”nə qarşı qəhrəmanlıq göstərmiş olan “çinli bir türk gözəli”nin vüsalı ilə zinətləndirir.
“Iskəndərnamə”nin müqəddiməsində Nizami “hər qapıdan topladığı bir dürr” (inci) ilə “gəlin kimi bəzəkli” bir ev qurduğunu söyləyir. O, hər şeydən öncə, “divarların möhkəm olmasına” əhəmiyyət vermişdir. Tarixi mövzu təməli üzərində ədəbiyyat binası tikən şair “təqəddüm və təəxxür”də (anaxronizmdə) eyib görməmiş; “doğru məqsədə dolanbac yollarla getmək iqtidarında olduğundan” bu cəhətdən ona güzəşt edilməsini istəmişdir. “Çünki, – demişdir, – bəzəkli nəzm dilində çox da doğruluq aramazlar”.
Bu fikri bizim öyrəşdiyimiz müasir tərzdə söyləmiş olsaydı, Nizami, “ədəbiyyat riyaziyyat deyil, dəqiqlikdən çox, mübhəmlik və fantaziya tələb edir” – deyərdi.
Nizaminin “bəzək” dediyi şeyə XIX əsrin filosofu Spenser “duz” demirmi?!.. İnsanlar doğrunu dada gətirmək üçün ona, duz qədər olsa da, yalan qatırlar. Nizami bu “duz”un, öz təbirincə desək, “bəzəyin” meyarını da verir: “doğruya bənzəyən yalan”. Belə bir yalanı o, “yalana bənzəyən doğrudan” üstün tutur. Deməli, XII əsrin mənzum romançısı ədəbi yaradıcılığı eynilə əsrimizin mənsur romançıları kimi anlayır.
Kitabın sonunda üzərində daha ətraflı dayanacağımız Nizami sənətkarlığı mövzusu baxımından maraqlı olan bu müqəddimədən sonra şairin Qafqaz haqqında verdiyi məlumatların “bəzək və həqiqət” tərəflərini ayıra bilərik:
Iskəndər Nizaminin idealizə etdiyi bir qəhrəmandır. Tarixçilər bu tarixi şəxsiyyətin Qafqaza gəlmədiyini söyləməkdə olsunlar; bu, Nizamini İskəndəri ədəbi bir surət olaraq, buralara gətirməkdən saxlaya bilməz. O, bu barədəki bütün müxtəlif rəvayətəri məmnuniyyətlə qəbul edir, çünki bu, şairə öz qəhrəmanlarının başını ürəkdən maraqlandığı rəvayət və hadisələrdən hörülmüş bir çələnglə “bəzəmək” imkanını verir.
Nizami məhəbbətin, qadınlığın, gözəlliyin, ədalət, rifah və sayıqlığın aşiqidir. Canı qədər sevdiyi yurdunun bu barədə olan tarixi və əfsanəvi bütün xatirələrini də sevir və sənətində bu sevgisinin inikasına həvəslə yer verir. Dünya folkloru, tarixi və ədəbiyyatından ona məlum olan hər hansı gözəlliyi də öz sənət süzgəcindən keçirərək, sevdiyi Qafqaza gətirmək Nizami “bəzəkçiliyinin” özünəməxsusluqlarından biridir.
Ermənistan və Bərdə hökmdarı olub, gözəl Şirini özünə vəliəhd təyin edən Məhinbanunun əsl adı, Nizamiyə görə, Şəmiradır. Bu adın Neynəvanın (Nineviyanın – red.) əfsanələrə çevrilmiş kraliçası Semiraminin adı ilə əlaqədə olduğu aşkardır. Şübhə yoxdur ki, xəyal ilə həqiqəti bir-birinə qatmaq üsulunu məharətlə tətbiq edən sənətkar, ona məlum olmuş Semirami əfsanəsindən ilhamlanmış və bundan sevdiyi yurdunun keçmişini bəzəmək üçün istifadə etmişdir.
Qədim yunan mifologiyasında bir rəvayətə görə Amasyada, başqa bir rəvayətə görə Dağıstanda, indi “Qızlar”adını bir yerdə olduqları qəbul edilən amazonları, Nizami yurdunun tarixində bolluq, abadlıq və gözəlliyi ilə tanınmış Bərdədə yerləşdirmişdir. Nüşabənin təmsil etdiyi “qadınlar səltənəti” qədim amazonlar əfsanəsinə verilmiş “yeni bəzək”dən başqa bir sey deyildir.
Bərdədə, həqiqətdə də, bir “qadınlar səltənəti” olmuşdurmu məsələsi mübahisələr doğura bilər. Lakin Məsudinin “Arranın Bağdadı” və İbn Hövqəlin “Rey və İsfahandan sonra, dünyanın ən böyük bərəkətli və gözəl yeri” – deyə tərif etdikləri abad Bərdənin ruslar tərəfindən talan edilməsi, əhalisinin qılıncdan keçirilməsi, gözəl qadınlarının əsir aparılması tarixi bir həqiqətdir. Bu qanlı həqiqəti, ərəb mənbələri kimi, erməni qaynaqları da qeyd edirlər.
Yurdunu ürəkdən sevən ustad onun başına gələn faciələri, üstündən yüz illər keçsə də, qəlbən yaşayır, onun ən zəruri ehtiyac və qayğıları ilə maraqlanır, yurdunun bütün ağrılarını ədəbi qəhrəmanları ilə bərabər yaşayır və çarələrini onlara tapdırmaqla, öz vətəndaşlıq və insanlıq borcunu yerinə yetirmiş olurdu. Bunun üçündür ki, Nizami İskəndəri Qafqaza gətirir və burada öz sevdiklərilə dost etmiş, düşmən saydıqları ilə vuruşdurmuşdur.
Gözəl kraliça Nüşabənin ruslar tərəfindən qaçırılması, bəlkə də müqəddəsliyə qəsd etmiş düşmənin zülmlərini göstərmək üçün fantaziyadan irəli gələn şairanə bir simvoldur. Fəqət biz bu simvolu bizə yaxın dövrdə, Xəzər sahillərini talan edən kazak basqınlarında da görürük. XVII əsr rus qarətçilərindən məşhur kazak Stenka Razinin oğurladığı “İran şahzadəsi” ilə olmuş macərası məşhurdur.
Kitabxana.az · https://kitabxana.az/en/works/resulzade-azerbaycan-sairi-nizami-nizamide-qafqaz
Use ← → keys to move, R for a random poem
More by this author
Xanımlar, bəylər!Millət yolunda çalışanlarımızdan bir böyüyü ilə halallaşırıq.
Hümmət və qeyrət vaxtıdırİlahi, havaxtacan bizlər gecə-gündüz fikrə qərq və millətimizin dərdini və dalda qalmağını özümüzə vəzifə biləcəyik? Məgər bizlərə tərəqqi etməyə maneə vardır? Bəli, vardır! Nə şeydi bizə mane olub? Hümmətsizlik, kibr və qürur, mədəniyyətə ədəmi-meyl. Müsəlmanam – deyib, oturub, baxmaq. Bəli, bir para əhli-maariflərimiz yeri düşəndə köhnə islam mədəniyyətilə təfaxür edərlər ki, bu hal alim babası ilə fəxr edən cahil nəvənin gülünc halına bənzər. Zamanımızda millətimizin təfaxür eləməli nəyi vardır? İlahi, nə oldu o günlər? Bu cürə də insaniyyət olarmı? Pəs gündə beş-altı nahaq qan töküyoruz. Bununla belə Allahdan rəhm ümid ediriz?! Va milləta! Bu nə əhvaldır biz düşmüşük? Məgər vaxt gəlməyib ki, bu dərdlərin çarəsini edək?! Bir kərə ətrafımıza baxaq, bizdən səvayi sərgərdan kim qalıb? Qardaşlar! Gəlin hamımız birdən hümmət edək, məktəbxanələr açaq, cəmiyyəti-xeyriyyələr təsis edək, füqərayə əl tutaq. Ta Allah da bizim əlimizdən tutsun. Hədisi-şərifi-nəbəvi varid olubdur ki, füqərayə əl tutmaq insanın ömrünü uzun eylər. Əbəs yerə deyilməyibdir məlum ki, füqəraların məskənləri pulsuzluqdan çirkli və mütəəffin saxlanır və buna görə o yerlərdən bəzi naxoşluqlar hadis olur ki, qonşulara da sirayət edir. Hər ayinə dövlətlilər füqəralara əl tutalar, yəqin ki, onlar da fəqirlikdən xilas olub, öz məskənlərini təmiz edərlər. O naxoşluqların qapısı başlanar. Və qeyrilər də səlamət olar. Pəs nəfəqə insanın ömrünü uzadar. Budur! Axirət səvabı isə daha artıq.Bu vaxta bizə lazım və vacibdir ki, hümmət edib, elm öyrənməyə və öyrətməyə və öyrətdirməyə səy və kuşiş qılaq. Elmsiz heç bir nöqsanımız götürülməyəcəkdir. Elmin fəzilətində bu bəsdir ki, peyğəmbərimiz əleyhissəlam hədisi-mütəəddidə elə bizlərə tapşırıblar, əzon cümlə bu aşağıdakılardır ki, nəzmə çəkmişəm.
Əsli və KərəmMilli aşıqlarımızın avamımız üzərində böyük təsirlər icra edərək söylədikləri "Əsli və Kərəm" hekayəsindən iqtibas olunan "Əsli və Kərəm" operasına mən keçən cümə gecəsi birinci dəfə tamaşa ediyordum. Üzeyir bəy arkadaşımızın musiqarlıqdaki birinci əsəri və gərək İslam və gərək Türk aləmində birinci olan "Leyli və Məcnun" operasına tamaşa eləmiş, sonra Bakıdan ayrılmışdım. "Leyli və Məcnun"dan sonra yazılan musiqi əsərlərinin heç birini görməmişdim. Beş il keçmişdir. Tainki keçən dəfə "Fərhad və Şirin”i görmüş, beş ildəki tədənniyə ürəyim ağrımışdı. Fəqət "Əsli və Kərəm" operasının tamaşası bu ağrını sağaltdı."Əsli və Kərəm" operasının misalını təlxis etmək istəməz. Çünki, camaatımız mükərrərən oynanılmış olan bu operanı görməmiş olsalar belə "Əsli və Kərəm" nağılını oxumuşlar və yaxud eşitmişlərdir.
Mirzə Fətəli Axundzadə (məqalə)Bundan 77 il öncə, 28 Şubat *(fevral)* 1878-də, Mirzə Fətəli Axundzadə vəfat etmişdir. Axundzadə Azərbaycan ədəbiyyatında hürr *(azad)* düşünmə tərzinin ən böyük bir müməssilidir *(nümayəndəsidir)*. Bu günə qədər belə Azərbaycan səhnələrindən düşməyən və mədəni dünyanın bütün dillərinə çevrilmiş bulunan komediyalarında və fəlsəfi-publisistik əsərlərində, Mirzə Fətəli Müslüman dünyasının ictimai və siyasi bütün sahələrində radikal islahata lüzum olduğunu müdafiə ediyordu. Hərarətli bir vətənsevər sifətilə, Mirzənin qəlbi, məmləkətinin geriliyinə acıyordu. Dünya mədəniyyətini bir bütün olaraq tərəqqi edən o, Müslüman millətlərin çağdaş Batı Avropa tərəqqi karvanına qatılmaları yolunu arıyordu. Hürriyyət fikri, insanlıq şərəf və heysiyyəti, düşünüş sərbəstisi və hər türlü istibdad təzyiqindən qurtulma əzmi Mirzənin yaradıcılığında əsas motivi təşkil edirdi. Bu hürriyyətləri imha *(məhv)* və təhdid edən siyasi, ictimai və dini hər növü müəssəsələr, onun, böyük bir məharət və sənətkarlıqla yazılan əsərlərində amansızca xırpılanıyordu *(kiçildilirdi)*. O, on səkkizinci yüz il batısının aydınladıcı fikirlərinin Doğuda bir təmsilçisi idi. Sözün, yazının, dini və fəlsəfi düşünüşün hürriyyət və sərbəstisini savunan (qoruyan) Mirzə Fətəli, qadın-kişi hər iki cinsin, həyatın hər sahəsində, eşit haklara malik olmasını istiyordu. Kişilər də, qadınlar da, onun anlayışına görə, eyni dərəcədə oxur-yazar olur, eyni təhsili görməlidirlər. Elm, yanlış anlaşılmış dinçiliyin məngənəsindən qurtulmalıdır. Dövlət istibdadının da, ölçülü ədalət qanunlarıyla mülayimləşməsini, bütün hərarətiylə tələb ediyordu. Fəlsəfi-publistik əsərlərindən, məşhur "Kəmalüd Dövlənin Cəmalüd Dövlə ilə məktublaşmalarının bir yerində eynilə bu sətirləri oxuyuruq: "... əslinə baxılırsa, iş millətimizin dinsiz və Allahsız olmasında deyildir. İstənilən şey yalnız, indiki dövrün və mədəniyyətin icablarını nəzərdə bulunduraraq, İslamiyyətin islahı, həm də əsaslı bir islahıdır. Bu islah tərəqqinin və mədəniyyətin ruhuna uyğun, insanların hürr və bütün haqq və vəzifələrində tamamilə eşit *(bərabər)* olmaları əsasına dayanmalı, siyasi müəssəsələrinin tədbirli bir şəkildə islahı surətilə Doğu istibdadı tədil olunmalı *(dəyişdirilməli)*, müslüman qadınlarla kişilər üçün ümumi və məcburi təhsil saxlayan bir dövlət rejimi qurulmalıdır". Belə bir rejimin qüvvədən felə keçirilə bilməsi üçün, Mirzə Fətəli, özəl bir qeyrət və əzmlə ərəb hərflərinin latın hərflərinə təbdili *(əvəzetmə, dəyişdirmə)* surətiylə yazımızın islahı xüsusunda təşəbbüsə keçmiş; İstanbula getmiş, Tehrana müraciət etmişdir. Başqalarının haqqını qəsb və tarixi həqiqətləri təhrif etməkdə eşsiz *(misilsiz)* və rəqibsiz olan bolşeviklər, yağmaçılara xas bir küstahlıqla *(həyasızlıqla)*, Mirzə Fətəlini də mənimsəməkdən çəkinmədilər. Hər hanki baxımdan təhlil edilirsə edilsin, ta iliklərinə qədər inanmış bir liberal olan Mirzə Fətəlini, liberalizmin "burjua hürriyyətçiliyi" deyə təzyif *(təqdim edən)* edən bolşeviklərə dost bir insan, deyə göstərmək füzulluqu *(boşboğazlığını)*, ancaq, hürr fikir və kəlam sahiblərinin qafaları patlatılan, mətbuatı inhisar altında bulunduran kommunist diktatorluğunda təsəvvür edilə bilir. Mirzə Fətəli "Şərq istibdadı"nın yumşaldılmasını istiyordu. Halbuki, bolşeviklərin qurduqları diktatorluq rejimi ən geniş fantaziləri belə göl-gədə buraxan bir dəhşət və vəhşət tablosu ərz etməkdədir. Bu, tarixdə eşinə *(tayı-bərabərinə)* rastlanmayan bir zülm və mütləqiyyət rejimidir. Mirzə Fətəli, Batı Avropa mədəniyyətini idealizə ediyordu. Sovetlər isə, burjua vəsfini *(tərifini)* verdikləri bu mədəniyyətə arxalarını çevirmiş, ona amansız bir hərb elan etmişlərdir. Avropa mədəniyyətinə intibah etmək niyyətilə Azərbaycan ilə Türkiyə latın hərflərini tətbiqə başladıqları bir sırada, Sovet Azərbaycanı və onunla birlikdə Sovetlər Birliyindəki bütün digər Türk Cümhuriyyətləri kommunistlərin təzyiqiylə, rus əlifbasına keçdilər. Bu hal əsla, nə Axundzadənin xəyalına sığardı, nə də onun Avropalaşma sisteminə uyardı. Bu tədbir ancaq və ancaq Sovetlərin yürütdükləri kültür politikasıyla tam bir ahəng təşkil edir ki, indiki halda bu politika "Sovyet Nasyonalizmi" adı altında formulə edilən bir sistem şəklinə qonmaqdadır. Rus millətinə "ağa-bəyi" rolunu ayıran bu sistemdə, gözlərini insanlıq kültürünə doğru çevirən hər hərəkət "İrticai bir kosmopolitizm" töhmətiylə təlim olunmaqdadır. Kommunizmin ana fikri olaraq tərvic olunan Allahsızlıqdan bəhs edərkən, bolşeviklər, çox dəfə Mirzə Fətəlinin adını anıyorlar. Onun ateistliyindən bəhs açarlar. Bu, bir iftiradır. Bu yalana əsla inanmayınız. Mirzə Fətəli, yuxarıda söyləmiş olduğumuz kimi, Allah fikrinə, yəni mütləq həqiqət idealına qarşı qətiyyən mücadilə etmiyordu. Onun mücadilə etdiyi şey, iman və düşüncəyə müsəlləd *(canı ilə bağlı)* olan isxolastik *(orta əsr)* təfəkkür tərzi idi. Bu növü düşünüş tərzi indi bütün abusluğuyla *(totallığı ilə)* Sovetlərdə hakimdir. O Sovyetlərdə ki, kommunizm xaricində kimsəyə özəl bir dünya görüşünə sahib olmaq haqqı tanınmamaqdadır. Sovyetlər dövlətinin tərvic etdiyi *(rəvac verdiyi)* rəsmi əqidə, bütün Sovyet vətəndaşları, daha doğrusu bolşevik kölələri üçün məcburi bir mahiyyət daşımaqdadır. Əksini düşünənlərin yeri, edam edilmədilərsə, ya həbs, ya da toplama kamplarıdır *(sürgün düşərgələridir)*. Əziz Azərbaycanlılar, bir daha təkrar ediyoruz: bolşevik ajanlarının, Sovyet ədəbiyyatçı və sözdə tənqidçilərinin nəqarətlarına əsla inanmayınız! Söz hürriyyətinin, mətbuat sərbəstliyinin, inanış, din və düşünmə istiqlalının, liberal dövlət üsuli-idarəsinin böyük mücahid; şəkilcə də, muhtəvaca *(məzmunca)* da milli və müasir Azərbaycan ədəbiyyatının qurucusu və latın əslindən gələn yeni Türk əlifbasının qəbulu üçün savaşan böyük islahatçı Mirzə Fətəlinin, bu unudulmaz hürriyyət qəhrəmanının, təqdis etdiyi bütün əsasları kökündən rədd edən kommunizmə və bu doktrinin təmsilçiləri bulunan bolşeviklərə dost olması qətiyyən təsəvvür olunamaz!