Nizami yalnız klassik İran ədəbiyyatında deyil, bütün dünya ədəbiyyatında müstəsna yer tutan bir şairdir. Onun şeri, həm özü yaratdığı yeni janr (eşq əfsanəsi), həm bu janr ilə tam ahəngdə olan məzmun və məna (ruhi təhlil), həm özünəməxsus kəskin ifadəli (rəmzli) dili, həm heç bir şeyi gözdən qaçırmayan qavrayışlı görüş (qüdrətli təsvir), həm yüksəklərdə uçan geniş təxəyyüllü parlaq obraz və təşbehlər, həm də təsadüfə yer vermədən hər şeyi dəqiqləşdirib anladan və tək bir kökə bağlayan qavrayışlı fəlsəfə (vəhdəti-vücud nəzəriyyəsi) ilə eni-boyu ölçülməyən ucaman bir əsərdir. Bu əsərdə bizi özünə cəlb edən amil şair Nizaminin yanında eyni gözəllik, qüdrət və mətinliklə bərabər yeriyən filosof Nizamidir. Şairə böyük Hötenin təqdir etmiş olduğu dərinlik, təmkin, sakitliyini təmin edən onun bu müdrik munisi, öz sözü ilə desək, “əkdəş”idir.

N i z a m ə d d i n ləqəbini daşıyan Nizamidə Şərqin bəlkə də heç bir şairinə nəsib olmayan bir fikir nizamı vardır. Bu nizam, başqa ifadəylə desək, bu sistem incəliklərinə varılarsa, ahəngdar bir ideologiya və dünyagörüşü sistemindən ibarətdir. Həmin sistem elə bir sistemdir ki, 800 il bundan əvvəl düşünülmüş olmasına baxmayaraq, yaşadığımız bu böhranlı günlərdə belə aktual deyiləcək qədər təzə və yenidir.

Tədqiqatımızın sonuncu bölməsi bu sistemin ana xətlərini aydınlaşdırmağa həsr edilmişdir. Orada xülasələşdirilmiş fikir sistemi oxucuların görəcəyi kimi, bugünkü bəşəriyyətin susadığı “Nizami-aləm” (“dünya nizamı”) baxımından belə yeni və əbədi məsələləri ehtiva etməkdədir.
Insanlığın şərəfini biliyi sevməkdə, fərdin səadətini cəmiyyət üçün çalışmaqda görən, hissənin mənafeyini tamın salamatlığında axtaran şair dövləti ictimai ədalət qurmağa borclu bir varlıq kimi qəbul edir.

Millətlər və dövlətlərarası nizam və ahəngə gəlincə, bu, onun fikrincə, “millətlərin dillərini ancaq vasitəsiz anlamaq surətiylə təmin edilə bilər”.

Hər böyük və həqiqi sənətkar kimi Nizami də millilik və vətənsevərlik xüsusiyyətini daşımaqla bərabər, yaratdığı ədəbi obrazlarla təlqin etdiyi fikir meydanında milli çərçivədən kənara çıxmış, bütün bəşəriyyətə şamil olan duyğularla həyəcanlanmış, millətlər və ölkələrin fövqündə olduğu kimi, dövrlər və əsrləri yarıb keçən yüksək və dünyaya şamil bir qayğıya cavab verə biləcək “söz”ü tapmağa çalışmışdır. Bizim qənaətimizcə bu “söz” İskəndərin möcüzəsində tapılmışdır.

Bu möcüzə bugünkü bəşəriyyətlə birlikdə bizim də gerçəkləşməsini görmək istədiyimiz idealdır.
Millətlərə yalnız mənəvi avtoritet ilə nüfuz etmək, ruhlarını anlayaraq, varlıqlarına qarşı ehtiram etmək!


Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Başlanğıc

Nizaminin nəzmini oxursan,Sözündə sən onu hazır bularsan.

19491 min
Şərq İslam mədəniyyətinin üç ortağı

Məşhur ərəb tarixçisi İbn-Xəldunun hələ XIV əsrdə qeyd etdiyi kimi, İslam mədəniyyəti yalnız ərəblərin yaratdığı bir abidə deyil, İslam dinini qəbul etmiş xalqların birlikdə tikdikləri binadır. Islam mədəniyyətinin bu xüsusiyyəti Şərq islam dünyası haqqında danışdığımız hissəsində daha aydın şəkildə nəzərə çarpır.La literature Arabe adlı əsərində Abbasilər dövrünü təsvir edən fransız alimi Hart, miladi VIII əsrdəki ərəb mədəniyyətinin vəziyyətindən bəhs edərkən ərəb olmayan ünsürlərin təsirini göstərir. Bu dövrdə “ilahiyyat və hüquq elmləri ərəb olmayanların təsiri altında idi; bunun kimi, idarə məqamları, dövlət mənsəbləri və ədliyyə işləri də onların əlində idi; ədəbiyyat da onlar tərəfindən yazılırdı”.

19491 min
Şərq İslam mədəniyyətiyyətinə mənsub şəxsiyyətlər üçün keçirilən yubileylər

Son illərdə Şərq islam mədəniyyətinə mənsub böyük şəxsiyyətlərin xatirələrini anmaq üçün ildönümləri keçirmək xoş bir ənənə şəklini almışdır.Bunlardan birincisi, 1000 illiyini qeyd etmək üçün İran dövləti tərəfindən Firdovsiyə həsr olunmuş yubileydir. Ikincisi, 1050-ci ildönümü münasibətilə İslam aləminin və ümumiyyətlə, mədəni dünyanın müxtəlif mərkəzlərində avropalıların Avitsenna dedikləri İbn-Sina üçün keçirilmiş yubileydir. Üçüncüsü də, 500 illiyi münasibətilə Türk dünyasının bəzi mərkəzlərində Nəvai üçün keçirilən yubileydir.

19493 min
Şərq İslam mədəniyyətində Azərbaycanın rolu

Müəyyən millət və xalqdan olanların İslam mədəniyyətinin inkişafındakı yerlərini təyin etmək istəyi nisbətən yaxın zamanların işidir. Coğrafi ərazilərin bu xüsusdakı əhəmiyyətlərini göstərmək isə daha qədimdir.Türk olmaları etibarilə azərbaycanlıların İslam mədəniyyətinə xidmət etmiş türklər arasında yerləri olduğu kimi, bir Şərq islam məmləkəti olmaq üzrə də, Azərbaycanın bu işdə mühüm bir rolu vardır.

19496 min

Poems by other poets