Page 2 of 4 · 25%

Gülümov gəlir.

Gülümov

Hazır. Buyurun, nə olub?

Qurbanov

Ya bunu rədd elə, ya da ki, əlimdən xata çıxacaq.

Gülümov

Murad, sən get, hələ vaxtı deyil. Sonra gələrsən.

Murad

Yazın, yoldaş Gülümov, yazmasanız başa düşmüyəcəyəm.

Gülümov

Yaza-yaza lap yazıçı olduq getdik. (Yazıb verir)

Murad

Nə vaxt deyərsiniz, onda gələrəm. Mənə nə var?

Çıxır.

Qumru

Mən görürəm ki, siz burada bütün idarəni ələ salmısınız. Ayrı yerə müraciət eləsəm, daha düz olar. (Çıxır)

Qurbanov

Bu nə deyir, a Gülümov? Niyə belə eləyir. Bəs sən mənə deyirsən ki, razılıq verib.

Gülümov

Mən onun nə dediyini başa düşürəm. Yəqin nişan istəyir.

Qurbanov

Nə nişanı? Bəs sənin aldığın mirvari nədir?

Gülümov

Mirvari hədiyyədir, nişan həmişə üzükdən olar. Arvaddır da. Qaş-daş sevən olurlar.

Qurbanov

Yox, bu daha evlənmək olmadı, talan oldu. Bu cür evlənmək sərf eləməz ki...

Gülümov

Üzük mütləq lazımdır, yoxsa məsələ uzanar.

Qurbanov

Axı mənim pulum hanı ki, üzük alım? Üzüyün biri, nə bilim, neçə mindir?

Gülümov

Bir çarə var. Amma deməyə qorxuram.

Qurbanov

Əgər bir bicliyin yoxdur, niyə qorxursan, de görək.

Gülümov

Biclik deyəndə, balaca bir götür-qoy eləmək istəyirəm.

Qurbanov

O necə götür-qoydur?

Gülümov

Selpodan bizimkilərə iki ton kartof düzəltmişəm. Heç kəs bilmir. Onu əritmək istəyirəm. Bizim işçilərin heç birisinin kartofa ehtiyacı yoxdur.

Qurbanov

Vəssalam?

Gülümov

Vəssalam. Bu götür-qoydan bir brilyant üzük əmələ gələr.

Qurbanov

Ay Gülümov, onsuz da adımız bədnamdır. Üstü açılar, yaxşı olmaz.

Gülümov

Nə üçün yaxşı olmur, yoldaş Qurbanov? Bəs, yaxşı, siz təkcə bir maaş ilə evə baxasınız, paltar alasınız, yemək yeyəsiniz?

Qurbanov

Sən öl, maaşım arağıma çatmır.

Gülümov

Yəni əslində üzük-zad hamısı boş şeylərdir. Marks “Kapital” əsərində yazıb ki, kommunizm dövründə üzük olmayacaq. “Kapital”ı oxumusunuz?

Qurbanov

Rabfakda oxuyanda ha istədim başlayam, olmadı. Ayıq olanda hövsələm gəlmədi. İçəndə də adam özü “Kapital”dan çox bilir.

Gülümov

Onda qol çəkin, məsələ həll olunsun.

Qurbanov

Gətir, bu da kartof. Material verənin gözü çıxsın. Amma ehtiyatlı ol ha...

Gülümov

O barədə çoxları gəlib məndən dərs ala bilərlər.

Qurbanov

Yaxşı, üzüyü ver, bəlkə damağı açıla. Gör ZAQS-a nə vaxt gedirik?

Gülümov

Mən onu yola gətirərəm. Gedin bir bəzənin. Qızın gözünə kül üfürmək lazımdır.

Qurbanov

Onu da düz deyirsən, məni raykomdan soruşsalar, de ki, ispalkoma getdi, ispalkomdan soruşsalar, de ki, raykoma getdi.

Gülümov

Baş üstə. Təki məndən soruşsunlar. Ağızlarını elə kolluğa sallam ki, bir gün çıxa bilməzlər.

Çıxırlar. Hüseyn və Səməndərli içəri girir.

Hüseyn

Səməndərli, amandır, ürəyim tıp-tıp tıppıldayır. Elə bil, sinəmdə atlı milisioner gəzir.

Səməndərli

Sənin vəziyyətin bu saat böyük Hamletin vəziyyətinə oxşayır. Ya Rəhilə və yaxud məhkəmələr qapısında tökülən qanlı göz yaşları. Ölüm, ya olum. Budur məsələ.

Hüseyn

O sözü dilim tutmur axı.

Səməndərli

Tutar, pul hazırdırmı?

Hüseyn

Hazırdır. Budur, dəsmala bükmüşəm.

Səməndərli

İçində nə qədərdir?

Hüseyn

Altı min.

Səməndərli

Azdır, bir min də artır.

Hüseyn

Bəsdir, məni dolama, taksi-zad kəsilməyib ki?

Səməndərli

Yaxşı. Mən burada bir kölgədə dayanacağam. Aha, Rəhilə gəlir, sən möhkəm ol, pulu verib sözünü dedin, çıx get. Dalını mən özüm danışaram.

Hüseyn

Tir-tir titrəyirəm.

Səməndərli

Sevginin gücündəndir. Hələ sən üç gün bərk qızdıracaqsan. O gəlir, mən gizləndim.

Gizlənir. Rəhilə içəri girir, o yan-bu yana baxır. Hüseyndən soruşur.

Rəhilə

Qurbanovu görmədiniz ki?

Hüseyn (Yaxınlaşıb diz çökür. Əlindəki bağlamanı Rəhiləyə verir. Rəhilə özü bilmədən bağlamanı alır)

Ööllum, ya oo... o...

Rəhilə

Nə deyirsən?

Hüseyn

İlişdim.

Rəhilə

Nəyə ilişdin?

Hüseyn

Zəhrimar yadımdan çıxdı, Səməndərli. Dayanım, ya gedim? (Səməndərli çıxır, ona işarə edir ki, getsin. Hüseyn gedir)

Rəhilə

Bu neyləyir? Dəli olub, nədir? Bu nə idi mənə verdi?

Səməndərli (gülür)

Mənə verin, Rəhilə xanım, bu yalandan saxta hədiyyədir. (Bağlamanı alır) Mən Hüseynə artistlik öyrədirəm.

Rəhilə

Artistlik öyrədirsiniz?

Səməndərli

Bəli, indi gördüyünüz səhnə, gənc bir oğlanın qıza hədiyyə təqdim etməsini təsvir edirdi. Ancaq heyf ki, imtahan verə bilmədi, çaşdı, sözünü demədi.

Rəhilə

Siz özünüz artistlik bacarırsınız ki, başqalarına da öyrədirsiniz?

Səməndərli

Əlbəttə, həyat müvəqqəti, incəsənət daimidir. Mən çox artistlər yetişdirmişəm. İstəyirsiniz sizi iki günün içində aktrisa eləyim?

Rəhilə

Yox, məndən aktrisa olmaz. Qurbanovu görmədiniz ki?

Səməndərli

Yoldaş Qurbanov elə bu saat çıxdı. (Rəhilə çıxır)

Səməndərli pulları tələsik əleyhqazın içinə qoyur. Hüseyn içəri girir.

Hüseyn

Getdi?

Səməndərli

Apardı.

Hüseyn

Axır sözü nə oldu?

Səməndərli

Əvvəlcə çəm-xəm eləyirdi. Pulu almaq istəmirdi. Elə ki, altı min manatın adını eşitdi, o saat hərbi vəziyyət dəyişdi. O daşürək yumşalıb, mum kimi oldu.

Hüseyn

Pul elə şeydir, bəs nə üçün getdi?

Səməndərli

Getdi, pulları saymağa.

Hüseyn

Qurban olum sənə, Səməndərli, daha nə dedi?

Səməndərli

Boynuna aldı ki, iki gündür səni sevirmiş.

Hüseyn

Zarafat eləmə, əşi. Bəs niyə demirdi?

Səməndərli

Çünki sevgi elə şeydir, sevgi çox qapıları bağlı qoyub, çox dilləri lal eləyib.

Hüseyn

Gərək elə günü bu gün gedəm onunla görüş təyin eləməyə.

Səməndərli

Yox, yox, aman günüdür, işi korlarsan, hələ sən onunla bir kəlmə də danışma. İndi hələlik, siz hicran alovunda cızbız kimi qovrulmalısınız. Gəl gedək.

Çıxırlar. Rəhilə və Qurbanov içəri girirlər.

Qurbanov

Vaxtım yoxdur. Gülümovun işlərinə istirahət günündən sonra baxacağam. Qoyun bir az da ruh məsələlərilə məşğul olaq.

Rəhilə

Siz ruh məsələlərilə məşğul olursunuz. Amma idarəni dağıdırlar.

Qurbanov

Yenə dedi “idarəni dağıdırlar”. Əşi, qız olasan, bu cür yaxşı demaqoq olasan. Qızım, mən işləyən idarə dağılmaz.

Qumru içəri girir.

Qumru

Amma mən sübut eləyərəm ki, idarə dağılır, anbar dağılır, Gülümov oğrudur.

Qurbanov

Qumru? Sən də? Əşi, sən uyma bunlara, gəl gedək, sənə xüsusi tapşırığım var.

Qumru

Əlini uzaq elə. Biz qoymarıq ki, xalq malını tarac eləyəsiniz.

Qurbanov

Bacım, siz uşaqsınız, fikirləşməmiş danışmayın, adamlara ləkə atmayın. Sən öləsən arvad-uşaq əlində qalmışıq. Gülümov bu idarənin sütunudur.

Rəhilə

Amma bu kağızlar deyir ki, Gülümov idarənin sütununu yerli-köklü oğurlayıb aparmaq istəyir. 12 ton taxıl israf olunur. Mən bu saat məsələni prokurora verirəm.

Qurbanov

O cür kağızlarla adam tutmazlar. Gülümov namuslu işçidir. Uşaq olmayın.

Əli kişi içəri girir.

Əli kişi

Yoldaş Qurbanov, bu arabalar kimindir qapının ağzında?

Qurbanov

Hansı arabalar?

Əli kişi

Bilmirəm, boş arabalardır. Arabaçılar deyir ki, taxıl aparmağa gəliblər.

Rəhilə

İş tərsinə düşüb. Bura taxıl gətirməkdənsə, buradan taxıl aparırlar.

Qurbanov

Bura bax, Əli dayı, get öz işinə. Hər yerə başını soxma, iş mənim başımdan aşıb, tələsirəm.

Çıxmaq istədikdə, Ağazadə ilə qarşılaşır.

Ağazadə

Qurbanov, sizi raykomda axtarırlar.

Qurbanov

Məni neyləyirlər? Qoymazlar başımızı aşağı salıb, işimizi görək.

Ağazadə

Başınızı aşağı salıb işinizi görsəydiniz, heç kəsin sizinlə işi olmazdı. Amma bu gördüyünüz işlər üçün məsuliyyət daşımalı olacaqsınız.

Qurbanov

Ey, ey, məni hədələmə ha! Yaxşı, gedim raykoma, yəqin yenə təlimatlandıracaqlar, gələrsən səninlə döş-döşə verib danışarıq.

Çıxır

Ağazadə

Gördünüz, tez suyu süzülə-süzülə getdi. Amma bilmir ki, məsələ qurtarıb. Mənim yoxlamam üzrə bütün materiallar prokurora verildi. Qurbanov haqqında da mənə elə gəlir ki, möhkəm ölçü götürüləcək. Qumru, biz gedək.

Qumru və Ağazadə çıxır.

Rəhilə

Əli dayı, gözətçilərə tapşır, kimin kağızı olur-olsun, bir kilo da taxıl buraxmasınlar.

Əli kişi

Uşaqsan?

Çıxırlar. Qənbər və Hüseyn gəlirlər.

Qənbər

Arabalar qapıdadır. Səməndərlini tapıb çıxardaq, gecikmək olmaz.

Hüseyn

Mən öz işimi görmüşəm. Yemişəm halvanı, minmişəm eşşəyi. Rəhilə xanımı da mən alandan sonra sən arabaları çoxalt, bazarı böyüt. Ayda sənə filan qədər taxıl verəcəyəm.

Qənbər

Taxıl, bala, elə şeydir ki, müştərisi həmişə qulağının dibindədir.

Gülümov gəlir.

Gülümov

Səməndərli haradadır?

Hüseyn

İndicə gələr. Nə var, Gülümov dayı. Kefsiz görünürsünüz?

Gülümov

Kefsiz niyə oluram? Gülümovun kefi lap yuxarıdır, dayının rəngi mənim xoşuma gəlmir. Qurbanov yoldaş qayıtmadı?

Hüseyn

Dayım bu saat getdi. Deyirdi ki, raykoma çağırırlar. Yəqin yenə qulluğunu böyüdürlər.

Gülümov

Yox, olsa-olsa, qulluğunu balacalatmaq üçün çağırırlar. İndi o vaxt deyil.

Hüseyn

Əşi, yox a... Heç dayıma bata bilərlər?

Gülümov

O boyda nemesə batdılar, dayın nədir ki... Ehtiyatlı olun. Bu saat dayıya-zada etibar yoxdur. (Çıxır)

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Əllər

Axşam dedikdə adamın gözünün qabağına gəlir: teatrlar, konsertlər, işıqlı bulvarlar, parklar, dost-aşna ilə söhbət, zarafat... Gündüz əgər işdən bir az yorulubsansa, axşam çıx dəniz kənarına, ya da ki, dağüstü parka. Axşam Bakısının böyük ahənglə vuran nəbzini duyduqdan, gənclərin yarpaqların pıçıltısına qarışan gülüşlərini eşitdikdən, Xəzərin sularında çimən gur işıqlarını gördükdən sonra adamda yorğunluq qalar? Bütün bu gözəlliyi yaradan, həyatımızın hər zaman işıqlı olmasını təşkil edən əməkçi insanların əlidir, quran, yaradan əllər...Mən NEP vaxtında Bakıya gəlmişəm. O zaman şəhər belə deyildi. Böyük küçələrdə az-maz işıq görünürdü, kiçiklərdə isə heç yox idi. Xüsusən yuxarı hissədə axşam zil qaranlıq demək idi. Qaranlıq olan kimi o zamankı qarışıq cəmiyyətin bütün xıltı üzə çıxırdı.

19637 min
Qanlı məktub

Əlihüseyn dəm üstündə idi. Günortadan bala-bala vurmağa başlamışdılar. İndi məclisin əsil qaymaq vaxtında durub getməli idi. Çünki bir saatdan sonra tamaşa başlayacaqdı. Əlihüseynin bu günkü rolunun cəmi üç cümləsi vardı: birinci pərdədə deyirdi: “Bəli, cənab”, ikinci pərdədə deyirdi: “Xeyr, cənab”, üçüncü pərdədə deyirdi: “Baş üstə, cənab!” – vəssalam. Əlihüseyn iyirmi ildir teatrda bu cür rollar oynayırdı, yaratdığı obrazların hamısı yumurta kimi bir-birinə oxşayırdı. “Yaratdığı obraz” deyəndə bir az yekə düşür, çünki Əlihüseyn heç nə yaratmırdı. Tamaşadan-tamaşaya yalnız paltarla qrimini dəyişirdi. Bəzən rejissor teatrda olmayanda heç qrim də eləmirdi. Vəziyyətindən son dərəcə razı idi. Əziyyətsiz, zəhmətsiz hər ay maaşını alıb qoyurdu cibinə.İndi, bu saat onun teatra getməyə heç həvəsi yox idi. Müftə bir məclis əlinə düşmüşdü. Bayaqdan üç dəfə Əlihüseynin sağlığına içmişdilər. Yemək də arası kəsilmədən gəlirdi. Səhnədə bir cənaba “bəli, xeyr, baş üstə” demək üçün bu cür məclisi qoyub getmək axmaqlıq olardı. Odur ki, teatrın müdirinə bir məktub yazıb, yağlı cümlələrlə oğlunun güya xəstə olduğunu, ona görə də tamaşaya gələ bilməyəcəyini xəbər verdi.

19635 min
Darvaza dram cəmiyyəti

Bizim həvəskarlardan ibarət bir dram cəmiyyətimiz vardı. Mürşüd adında bir oğlan rəhbərimiz idi. Mürşüdün müsbət cəhəti orasında idi ki, yaxşı təşkilatçı idi, həvəskar yığmağı, tamaşaçı toplamağı, paltar tapmağı, dekorasiya qurmağı bacarırdı. Zarafatcıl, üzügülər idi. Xətirli oğlan idi. Heç kəs onun sözündən çıxmırdı. Mənfi cəhəti orasında idi ki, aktyorluğu zəif idi, bir ayağı o birindən qısa idi. Ancaq rəhbər olduğu üçün baş rolları həmişə özü oynayırdı. Böyük bir hazır-cavablıqla da səhnədə öz axsaqlığına məna verməyə çalışırdı. Məsələn, Otellonu oynayanda Yaqoya deyirdi:– Yaqo, Əlcəzair müharibəsində məni qıçımdan yaraladılar, ondan bəridir axsayıram.

19636 min
İlk tamaşa

Gülüş qrim eləyirdi. Həyəcandan elə qızarmışdı ki, üzünü pudra ilə ağartmağa çalışırdı. Ona qədər bu rolda çıxış eləyən bütün aktrisalar qrim zamanı çalışırdılar ki, yanaqlarını qızartsınlar, gözlərinin ətrafındakı qırışları ört-basdır eləsinlər, səhnədə rola uyğun olaraq gənc görünsünlər. Amma Gülüş onsuz da gənc idi, çox gənc idi və bu rol onun ilk böyük rolu idi. O çalışırdı ki, qrim vasitəsilə özünü bir az yaşlı eləsin, səhnədə çox uşaq görünməsin.İki ay idi məşq eləyirdilər. Gülüş rola da, partnorlara da adət eləmişdi, baxış tamaşası kimi ən çətin imtahandan çıxmışdı, nazirliyin nümayəndələri, komissiya üzvləri onun oyununu xoşlamışdılar. Hətta onların içərisində xoş söz deməyə xəsislik edən, başı daz bir tənqidçi belə, başqalarının haqqında çox acı sözlər dediyi halda Gülüşü tərifləmişdi. Aktrisalar deyirdilər ki, bu tarixi bir hadisədir, o tənqidçinin ki, səni tərifləməyə dili tərpənib, deməli həqiqətən yaxşı oynayırsan.

9 min

Poems by other poets