Gülüş qrim eləyirdi. Həyəcandan elə qızarmışdı ki, üzünü pudra ilə ağartmağa çalışırdı. Ona qədər bu rolda çıxış eləyən bütün aktrisalar qrim zamanı çalışırdılar ki, yanaqlarını qızartsınlar, gözlərinin ətrafındakı qırışları ört-basdır eləsinlər, səhnədə rola uyğun olaraq gənc görünsünlər. Amma Gülüş onsuz da gənc idi, çox gənc idi və bu rol onun ilk böyük rolu idi. O çalışırdı ki, qrim vasitəsilə özünü bir az yaşlı eləsin, səhnədə çox uşaq görünməsin.

İki ay idi məşq eləyirdilər. Gülüş rola da, partnorlara da adət eləmişdi, baxış tamaşası kimi ən çətin imtahandan çıxmışdı, nazirliyin nümayəndələri, komissiya üzvləri onun oyununu xoşlamışdılar. Hətta onların içərisində xoş söz deməyə xəsislik edən, başı daz bir tənqidçi belə, başqalarının haqqında çox acı sözlər dediyi halda Gülüşü tərifləmişdi. Aktrisalar deyirdilər ki, bu tarixi bir hadisədir, o tənqidçinin ki, səni tərifləməyə dili tərpənib, deməli həqiqətən yaxşı oynayırsan.

Bütün bunlara baxmayaraq, Gülüş həyəcan keçirirdi. Bu gün o, tamaşa salonunu dolduran min nəfər tamaşaçı ilə üz-üzə duracaqdı, onların nəfəsini hiss edəcəkdi. Gülüş düşünürdü ki, uca tramplindən ilk dəf dənizə atlanan üzgüçüdə də yəqin bu cür hisslər olur. Yəqin o da bu cür titrəyir, qorxur və əvvəlcədən bilmir ki, nə qədər dərinliyə cumacaq və sonra bu dərinlikdən necə üzüb çıxacaqdır. Onun əlləri əsirdi, dizlərində qəribə bir gücsüzlük əmələ gəlmişdi, elə bil təzəcə xəstəlikdən qalxmışdı.

O, yavaş-yavaş özünü sakit eləməyə çalışırdı ki, bu gün tamaşada iştirak etməyən aktrisalardan biri gəlib qulağına pıçıldadı:

– Murad teatrdadır. Birinci cərgədə oturub. Özüm gördüm.

Bunu deyib aktrisa getdi, heç hiss eləmədi ki, bu xəbərlə öz rəfiqəsini bir az da sarsıtdı. Stanislavski yaxşı deyib ki, aktyor obraz vəziyyətinə daxil olanda xarici aləmlə əlaqəsi tamamilə kəsilməlidir.

Muradın teatrda olması xəbəri Gülüşü teatrdan, qrim otağından, oynayacağı roldan tamam ayırdı, başqa bir aləmə saldı; Murad onun əri idi. Cavan, ucaboy, enlikürək, göyçək bir oğlan mühəndis, idarədə hörməti, yoldaşlar, dostlar arasında hörməti... Bir-birlərini sevirdilər.

İkisinə də elə gəlirdi ki, biri olmadan o biri yaşaya bilməz. İndi budur iki ildir ayrılıblar. İki il bundan qabaq Gülüş teatra girəndə Murad ondan üz çevirdi. Niyə? Bəlkə Murad teatrı sevmirdi, incəsənəti anlamırdı? Yox, ikisi də teatr aşiqi idi. Şəhərdə o teatr yox idi ki, hər tamaşasına baxmasınlar, özü də mütləq ilk gecə. Operaya, filarmoniyaya gələn bütün qastrolları dinləyirdilər.

Bir gün Gülüş səhnəyə getmək istədiyini söylədikdə Murad bu xəbəri istehza ilə qarşıladı. Ədəbiyyat, kino, teatr “dəlilərindən” söhbət saldı və dedi ki, şəhərdə istedadı olmaya-olmaya incəsənəti şöhrət tramplini eləmək istəyənlər onsuz da çoxdur. Sən də onlara qoşulma. Biz çox mədəni tamaşaçılarıq. Elə bu rolumuzu axıra kimi oynayaq.

Gülüş isə özündə daxili bir qüvvə hiss eləyirdi, bu da təsadüfi deyildi: ali məktəbdə oxuyanda özfəaliyyət dərnəklərində iştirak eləmişdi, həmin dərnəklərin rəhbərliyini edən rejissor əsasən dram teatrında işləyirdi. Hər rast gələndə ona deyirdi ki, gəl teatra, sənin yerin oradır, istedadın var. Murad isə buna inanmırdı və hər dəfə bu barədə söhbət düşəndə zarafatlarla, cürbəcür lətifələrlə onu bu fikirdən daşındırmağa çalışırdı. Ancaq səhnə elə maqnitdir ki, bir adamın daxilində istedadın dəmir qüvvəsi deyil, bu dəmirin tozu belə olsa, onu özünə tərəf çəkir. Gülüşü bu maqnit böyük bir qüvvə ilə özünə bağlamışdı. Təsadüfən yer də boşaldı, rejissor onu tapıb teatra apardı, müdirlə danışdılar və həmin saat əmri verildi.

Axşam Murad işdən qayıdanda əmrnamənin surətini görüb pərt oldu, kağızı əlində o yan-bu yana çevirib bir tərəfə atdı və hirslə dedi:

– Sən heç yerə getməyəcəksən!

– Niyə?

Murad cavab vermədi. Əsəbi və pərt halda pəncərəyə çəkilib dayandı. Gülüş ona yaxınlaşdı, qucaqlayıb üzündən öpdü, saçlarını sığalladı və yalvarıcı səslə teatrın, səhnənin gözəlliyindən, yüksəkliyindən danışmağa başladı. Murad yenə heç bir söz demədi. Hər zaman Gülüşün nəvazişləri altında əriyib muma döndüyü halda, bu gün daş kimi idi, – soyuq və bərk. Nəhayət, Gülüş etiraz dolu səslə soruşdu:

– Axı, niyə razı deyilsən, səbəbi nədir?

Bu zaman Murad sərt-sərt dönüb Gülüşə baxdı və yavaşdan, pıçıltıya bənzər bir səslə dedi:

– Mən şərikli arvad saxlayanlardan deyiləm!

– Nə? Şərikli arvad? – deyə Gülüş çığırdı. – Deməli sən belə düşünürsən ki, Mən səhnəyə yox, əxlaqsızlığa gedirəm? Deməli sən teatra bu cür baxırsan?! Tamaşalardan zövq alıb, əl çalıb, ürəyində fikirləşirsən ki, bu səhnədəkilərin hamısı namusunu itirmiş adamlardır?!

Murad Gülüşün bu qəzəbinə son dərəcə təəccüb edərək nə isə demək istədi, amma Gülüş onu danışmağa qoymadı:

– Bəs “arvad saxlamaq” nə sözdür sən işlətdin? Deməli sən məni saxlayırsan? Bəs yüksək ailə prinsipi, bəs qarşılıqlı məhəbbət? Bunlar hamısı boş sözlərdir? Mən indi başa düşdüm ki, səndə heç bir prinsip yoxdur, üzdə mədəni, ürəkdə feodalsan.

Gülüş tir-tir əsirdi, gözünə dolan yaş Muradı görməyinə mane olurdu, pəncərə qabağındakı qaraltıya müraciət edərək sözləri onun başından aşağı yağış kimi yağdırırdı:

– Elə bilirsən ki, mən sənət yox, əyləncə dalınca gedirəm? Əgər mənim məhəbbətimə, sənə olan saf, sadiq məhəbbətimə şübhə ilə baxırsansa, deməli, öz məhəbbətin ürəkdən deyil, yalandır. Yalnız vitrina üçündür. Deməli, sən həyatda aktyorluq eləyirsən, özün isə aktyorluğa alçaq gözlə baxırsan. Bu cür ailə, bu cür məhəbbət, bu cür aktyorluq mənə lazım deyil, mən həqiqi sənət dalınca gedirəm!

Gülüş bu sözləri deyib evdən çıxdı. İndi iki ilə yaxındır ki, Muradla bir dəfə olsun görüşməyib. Rəsmi ayrılmayıblar, ancaq yaşayıb-yaşamamaq üçün rəsmiyyətin heç bir mənası yoxdur. O, anası ilə yaşayır. Anası azsavadlı arvaddır, hələ indi də çadranı atmayıb, teatra, kinoya gedən deyil, yalnız televizor çıxandan sonra tamaşa nə demək olduğunu başa düşüb. Bütün bunlara baxmayaraq, Gülüşün səhnəyə getməsinə və bunun üstündə Muraddan ayrılmasına etiraz eləmədi, yalnız dedi ki:

– Sənə mən inanıram, Gülüş, ağılsız iş görməzsən.

Bütün bu səhnələr onun gözünün qabağından bir anda gəlib keçdi. Ancaq iradəsinin bütün qüvvəsini toplayaraq əsəbini, həyəcanını yatırdı, özünü yenə əvvəlki obraz vəziyyətinə saldı. Elə bu zaman rejissor köməkçisi radio ilə dedi:

– Gülüş xanım, hazır olun, indi sizin çıxışınızdır.

O durub tələsik getdi.


Gülüş səhnəyə çıxdıqda əvvəlcə Murad onu tanımadı. Yerişi, səsi, hərəkətləri Gülüşə, onun tanıdığı, bildiyi Gülüşə tamamilə yabançı idi. Gülüş – Gülüşlükdən çıxmışdı. Ayrı bir qadın idi, deyən, gülən, sevən gənc bir qadın, dramaturqun yaratdığı obraz.

Murad onu ilk dəfə idi ki, səhnədə görürdü, bu iki ildə onun oynadığı tamaşaların heç birinə gəlməmişdi, sevdiyi bir adamın müvəffəqiyyətsizliyinə, acizliyinə baxmaq istəmirdi. Əgər onun oynadığı rol haqqında salonda oturanlardan ağız büzən, pis fikir söyləyən olsaydı, Murad buna necə davam gətirə biləcəyini təsəvvür eləmirdi.

Bu gün isə Gülüş çox məsul bir rolda çıxış eləyirdi. Murad davam gətirə bilmədi, idarələrində təzə işə girmiş və onun Gülüşlə münasibətindən xəbərsiz bir mühəndislə bilet alıb gəldi.

Teatra girəndə, paltonu çıxaranda, o, hələ foyedəki bərli-bəzəkli tamaşaçıların, işıqların, çilçıraqların təsiri altında sevinirdi. Neçə vaxt idi ki, bu teatra ayaq basmamışdı, ona elə gəlirdi ki, burda hamı inciyib. “Niyə gəlmirdin, hardaydın?” – deyə ürəklərində onu məzəmmətləyirlər. Ancaq salonda öz yerində oturduqdan və səhnə qabağındakı böyük qırmızı məxmər pərdəni gördükdən sonra Gülüş, onun oynayacağı rol yadına düşdü və ürəyi döyünməyə başladı. Qorxu qarışıq bir həyəcan onu elə sardı ki, ətrafdakıları girmədi, hiss eləmədi. Yoldaşı nə isə danışırdı. Murad onun sözlərini eşitmirdi. Orkestrdən musiqi səsi gəldikdə o, əli ilə yavaşdan ürəyini tutdu ki, döyüntüsünü yanındakılar eşitməsinlər.

Nəhayət, pərdə açıldıqda, Gülüş səhnəyə çıxdıqda Murad əvvəlcə onu tanımadı, heç fikrinə gətirə bilməzdi ki, onun arvadında bu cür dəyişmək qabiliyyəti ola bilər. Səhnədən-səhnəyə hiss elədi ki, bu yalnız dəyişmək qabiliyyəti deyil, sənətkarlıqdır. Bəli, onun oyunu heç kəsin oyununa bənzəmirdi, təzə idi, tamamilə orijinal və təzə bir oyun. Onda heç bir təqlid nişanəsi yox idi. Nə böyük lirika, nə dərin dramatizm! O çıxdıqda səhnədən bir məlahət dalğası qalxıb salona yayılırdı və ilk növbədə Muradı təsiri altına alırdı. Yoldaşı tez-tez “Pəh, nə aktrisadır, nə gözəl oynayır, nə yaxşı oynayır!” – deyə qulağının dibini sökürdü, o isə heç bir söz demirdi, valeh olub qalmışdı.

Hər pərdədən sonra Gülüşə əl çalırdılar. Ancaq o, səhnəyə çıxmırdı, nə qədər alqışlasalar da, çıxmırdı. Murad düşündü ki, yəqin mənə görə çıxmır, hiss eləyirdi ki, Gülüş onun salonda olduğunu bilir.

Tənəffüslərdə Murad bir yerdə dayana bilmir, foyeləri gəzirdi. Evlənəndən sonra Gülüşün xahişi ilə papiros çəkməyi tərgitmişdi, ancaq ayrılan gündən çəkməyə başlamışdı. Bu gecə isə papirosu papirosa calayırdı.

Nəhayət, son pərdədə Gülüş rolunun ən faciəli səhnəsini elə apardı ki, Muradın gözləri yaşla doldu. Utandığından üzünü yana çevirmirdi, silmirdi ki, birdən onun ağladığını görərlər. Gözləri yaş pərdəsi ilə örtülü olaraq, böht içində qalmışdı. Bir də hiss elədi ki, yoldaşı onu dümsükləyir:

– Nə oturmusan? Dur, camaat dağılır.

Yalnız bu zaman Murad tamaşanın qurtardığını hiss elədi. Salondan çıxdılar. Palto üçün növbəyə durdular. Ancaq Murad bunların fərqinə varmadı. O, hələ gipnoz altında idi. Nəhayət, palto saxlayan arvad ondan nömrə istədikdə Murad başını silkələdi:

– Yox, hələ yox... – deyə ordan ayrıldı və ara qapıdan keçib birbaş səhnə arxasına gəldi. Gülüşün qrim otağının ona göstərdilər. Murad qapını açdı və içəri girməyə cürət etməyərək dayandı.

Artıq paltarını dəyişmiş və qrimini silmiş Gülüş onu görüb yavaş-yavaş ayağa qalxdı. Onlar göz-gözə dayandılar. Bir söz demədən, bir hərəkət göstərmədən uzun zaman bir-birinə baxıb dayandılar. Sonra Murad titrək, utancaq bir səslə dedi:

– Səni təbrik eləyirəm, Gülüş!

Gülüş pıçıldadı:

– İçəri gəl!

Murad otağa girəndən sonra gülümsünərək dedi:

– İki ildə birinci dəfə sənin səsini eşidirəm.

Murad ilk dəfə eşqini açan gənclər kimi qorxa-qorxa Gülüşün əlindən tutdu və yenə də o cür titrək səslə dedi:

– Mən hər gün səni görürdüm. Kölgə kimi həmişə arxanda idim.

– Bəs heç bir tamaşaya gəlmirdin? – deyə Gülüş onu divanda oturtdu.

– Qorxurdum, Gülüş! Sənin məğlub olacağından qorxurdum. O gün, ayrıldığımız gün sənə dediyim o kobud söz də yalnız bu qorxudan idi, istəyirdim bu cür sözlə səndə səhnəyə nifrət əmələ gətirim ki, müvəffəqiyyətsizliyinin şahidi olmayım. Sən isə ayrı cür başa düşdün.

– Bəs indi necə?

– İndi... yanıldığım üçün sevinirəm, – deyə onun iki əlini dodaqlarına yaxınlaşdırdı. – İndi mən səni ikiqat sevirəm, həm Gülüş, həm də aktrisa kimi. Sənin necə olduğunu bilmirəm. Bəlkə artıq gecdir, bəlkə mənim məhəbbətimi artıq səhnəyə bağışlamısan.

– Yox, – deyə Gülüş Muradın yanında oturdu, başını həsrətlə onun çiyninə qoydu. – Məhəbbəti bağışlamaq mümkün deyil. Səhnə insanı qurutmur, əksinə, daha həssas, daha kövrək eləyir. Mən səni hər gün görmürdümsə də, hiss eləyirdim. Gecələr, tamaşadan sonra evə tək getməyə qorxmurdum, çünki bilirdim ki sən məni ötürürsən.

– Bəs nə üçün bir dəfə də olsa dönüb arxana baxmırdın?

– Yenə o sözləri təkrar edəcəyindən qorxurdum.

– O günü, o ayrıldığımız mənhus günü unudaq, Gülüş, yaxşımı? Mənasız bir yuxu kimi ikimizin də yadımızdan çıxsın.

Gülüş başını qaldırdı, yenə uzun zaman göz-gözə dayandılar. Sonra ikisi də həsrətlə gülümsündü.

Səhnə onları küsdürmüşdü, səhnə də barışdırdı.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets