Tükəzban xalanın məktəbi
Page 1 of 2
Tərbiyə hekayələri silsiləsindən
Günlərin bir günündə Tükəzban xala xəstələndi və Yaşar qaldı ortada. Zakir ilə Mina başlarını itirdilər. Uşağı neyləsinlər, harda qoysunlar? Axırda qərara gəldilər ki, elə günü bu gün uşağı bağçaya aparsınlar, canları qurtarsın. Bu vaxta kimi yanlarında bağça adı çəkmək olmurdu. Nədənsə onlara elə gəlirdi ki, bağça uşağı xarab eləyir, tərbiyəsini pozur, orda onun geyiminə, yeməyinə baxan olmayacaq və ilax... Bu yeni fikirlər onları hər zaman narahat eləyirdi. İndi artıq əlac yox idi. Qocalığına baxmayaraq sap-sağlam olan Tükəzban xala birdən-birə qrip olmuşdu, bu xəstəliyin Yaşara sirayət eləməsi qorxulu idi, ona görə də uşağı tələsik bağçaya düzəltmək daha əlverişli idi. Heç olmasa bir neçə günlüyə. Bir neçə günə uşağın tərbiyəsi pozulmayacaqdı ki?..
Yaşarı tələm-tələsik geyindirib yola düşdülər. Yaşarla bir yerdə küçəyə çıxmaq ata-anası üçün əzab idi. Onu elə öyrətmişdilər ki, “Al” sözündən başqa heç nə bilmirdi. O dükan yox idi ki, Yaşar qabağında dayanıb çığırmasın: “Al!”. Oyuncaq gördü – “al,” kitab gördü – “al”, dondurma satana rast gəldilər – “al”, Yaşar ata-anasına “al”dan başqa ayrı söz demirdi. Bu xasiyyətini bildikləri üçün onu dükan olmayan yollarla, dolama-dolaşıq küçələrlə aparırdılar.
Yaşarın atası Zakir elmlər namizədi idi. Anası Mina isə can həkimi. İkisi də oğlanlarından uzaq idilər. Zakir əvvəl vaxtlar (Yaşar kiçik olanda), gecə-gündüz dissertasiya yazmaqla məşğul idi. Nəinki oğluna baxmağa, çörək yeməyə belə vaxtı olmurdu. Bu vaxt hələ Mina tibb institutunda oxuyurdu. Uşağı Minanın anası Tükəzban xala saxlayırdı. Sonra Zakir müdafiə elədi, Mina da institutu qurtardı. Ancaq yenə də uşaqla məşğul olmağa vaxt tapmadılar. Mina iki yerdə işləyirdi. Gündüzlər rayon həkimi kimi evləri gəzir, axşamlar da xəstəxanada növbə çəkirdi. Zakirin isə müdafiədən sonra dərsləri ikiqat artmışdı. İki institutda dərs dediyinə baxmayaraq, hələ elmi bir müəssisədə yarım ştat işləyirdi. Uşağa yenə də Tükəzban xala baxırdı. Onlar uşağı yalnız gecələr yanlarında yatırdırdılar. Səhər tezdən Mina işə gedəndə Yaşarı nənəsinin yanına aparır, axşam isə Zakir evə gətirirdi. Yaşar səhər yuxulu-yuxulu evdən çıxır, axşam da yorğun və yenə də yuxulu evə gəlirdi. İmkan olsaydı onlar Yaşarı heç evə gətirməzdilər. Ancaq Tükəzban xalanın otağı çox balaca idi. Uşaq havasız otaqda yata bilməzdi.
Onlar Yaşarın bütün günü neylədiyini, nənəsinin yanında nə ilə məşğul olduğunu bilmirdilər. Səhərlər yuxudan durmaq, geyinmək, yemək və küçəyə çıxmaq elə sürətlə olurdu ki, ana oğlunun üzünə baxmağa imkan tapmırdı. Yolu da qaça-qaça gedirdilər. Yaşar yol uzunu anasına nə isə danışırdı, ancaq Minanın fikri xəstələrində idi, əhəmiyyət vermirdi. Ərinə deyirdi:
– Bütün yolu ay danışır ha...
Zakir gülüb cavab verirdi:
– Mən evə gətirəndə də danışır. Qorxuram böyüyüb demaqoq ola.
Bu fikir onu qorxutmur, əksinə güldürürdü.
Nəhayət gedib bağçaya çatdılar. Bağça çox mərtəbəli təzə bir binanın birinci mərtəbəsində yerləşirdi. Qapını açıb işıqlı bir koridora girdilər. Ağ xalat geymiş gənc bir qız onları qarşıladı, bağçaya təzə uşaq gətirildiyini görüb dedi:
– Bu saat müdirəmiz Həlimə xanımı çağırım. Oturun. Gözləyin.
Qız müdirəni çağırmaq üçün getdi. Onlar dinməz oturub gözlədilər. Adətən, evdə nadinc olan, necə deyərlər, daşı-daş üstündə qoymayan Yaşar küçəyə çıxan kimi nənəsinin təbiri ilə desək dilini qarnına qoyur və barmağını belə tərpətmirdi. Bu gün də o, qərib adamlar kimi anasına qısılıb dayanmışdı.
Bir azdan uca boy, ağ saç, nurani siması olan bir qadın, müdirə Həlimə xanım içəri girdi və onlarla görüşdü.
Mina özünü tanışlıq vermək istədikdə Həlimə xanım gülümsünərək:
– Mən sizi tanıyıram, – deyə onun sözünü kəsdi; – buyurun, mənə dair qulluğunuz.
Mina sumkasından bir dəstə kağız çıxara-çıxara dedi:
– Bu uşağı bağçaya gətirmişik. Budur kağızları da var.
Həlimə xanım Yaşara baxdı, bir ana nəvazişilə onun pırpız tüklərini sığalladı, sonra soruşdu:
– Adın nədir, bala?!
Yaşar Həlimə xanımın üzünə baxdı, sonra dönüb anasından soruşdu:
– Cavab verim?
– Əlbəttə, – deyə Mina oğlunu qucaqladı, – böyük söz soruşanda adam cavab verər.
Yaşar təəccüblə dedi:
– Bəs nənəm deyir ki, hər soruşanın dilinə dil vermə.
Bu sözü eşidən kimi atası Yaşarı dümsüklədi və dişlərini qıcıyıb hirslə pıçıldadı:
– Ayıbdır, müəlliməyə adını de!
Yaşar Həlimə xanımı başdan ayağa kimi süzdü, sonra laubalı cavab verdi:
– Adım Cuppuludur.
Bu sözə Zakir də, Mina da güldülər. Həlimə xanım da gülümsündü. Yenə Yaşarın başını sığallayıb dedi:
– Cuppulu ad olmaz, ay bala!
Nədənsə Yaşar bu nəvazişdən xoşlanmadı, dəli keçilər kimi kənara sıçrayıb tərs-tərs cavab verdi:
– Hamı mənə Cuppulu demir ki? Təkcə nənəm...
– Bəs atan sənə nə deyir ?
– Şar.
– Nə?
– Şar da ad olar?
– Kök, yumru olduğum üçün atam mənə şar deyir.
– Bəs anan sənə nə deyir?
– Yaşar.
– Hə, deməli sənin adın Yaşardır?
– Bəs familyan nədir?
– Familyam yoxdur, – deyə Yaşar tez cavab verdi.
– Familyan var, ancaq sən bilmirsən. Sonra ata-anandan soruşub öyrənərsən.
Həlimə xanım bu sözü deyib əlindəki kağızları qoymaq üçün masasına tərəf getdi, o zaman o, Yaşar ilə anası arasında böylə bir pıçıltı eşitdi.
Yaşar – Bu arvad mənim lap ürəyimi üzdü.
Mina – Sus, elə danışma, eşidər. Səni bağçaya götürməz.
Bu pıçıltı Həlimə xanımı geri qayıtmağa, Yaşarı bir az da sınaqdan keçirməyə məcbur elədi. O əyilib uşağın üzünə baxdı və soruşdu:
– Hansı küçədə yaşayırsınız?
– Nikolayevskidə, dumun yanındı.
– Ora haradır? Mən elə adres tanımıram.
– A... – deyə Yaşar təəccüb, etiraz dolu bir səs çıxartdı, üz-gözünü qoca arvadlar kimi büzüşdürdü və ata-anasına müraciətlə dedi:
– Qara gün, heç yeri tanımır ki...
Bu sözdən sonra Zakirlə Minanın təbəssümləri donub dodaqlarında qaldı. Həlimə xanım qapqara qaraldı, ancaq üzə vurmayıb uşaqdan soruşdu:
– Hərfləri oxuya bilərsən?
– Yox a... qramotum yoxdur.
Həlimə xanım nə isə düşündü və sualları dalbadal verməyə başladı:
– Oğlum, de görüm böyüyüb nə olacaqsan?
– Təqaüdçü.
– Məktəbə nə vaxt gedəcəksən?
– Elə günü bu gün gedərəm, bunlar aparmırlar ki? (Ata-anasını göstərdi) öz keflərindədirlər.
– Nənən səni çox istəyir.
– İstəyirdi. Amma indi zəhləsini tökmüşəm, deyir ki, sən məktəbə gedən günü Bibiyə nəzir aparacam.
– Bibi kimdir?
– Bibi heybətin böyüyü... Nənəm deyir gecələr gəlir, gündüzlər yoxa çıxır. Nəzir aparandan xoşu gəlir.
Həlimə xanıma diqqətlə baxıb göz vurdu:
– Rüşvət alır da...
– Şeir oxumaq bilirsən?
– Şey? Şey nədir?
– Şey yox, şeir. Yaz barədə, quşlar barədə.
– Ürəyimi çəkmə sən Allah. Şey nədir?
Sonra da anasına tərəf dönüb dedi:
– Məmə, bu kaftar məni çox incidəcək?
Heç kəsin gözləmədiyi bu söz Həlimə xanımı elə sarsıtdı ki, o birdən birə qapqara qaraldı. Sual dolu gözlərlə ata-ananın üzünə baxdı. Onlar isə utandıqlarından başlarını aşağı dikdilər. Mina xəcalət çəkə-çəkə dedi:
– Düzünü bilsəniz onun böyüməsindən bizim xəbərimiz olmayıb, həmişə nənəsilə qalır.
Bu söz Yaşarın xoşuna gəlmədi, tez dilləndi:
– Həmişə qalmıram, ay məmə, həzrət Abbas haqqı, bir ay orucluğu nənəmin qonşusugildə keçirtmişəm. Ağzı oruc həmişə nənəmin hövsələsi dar olur, ona görə də məni qonşuya qovur, qonşuda da arvad düzdür yaxşı arvaddır, ancaq bir az əli əyridir, nənəmin kibritini çırpışdırıb, amma əri xuliqan peçat. Özü də daş-başçı, gündə yüzlüyə pul demir. Nənəm deyir əvvəl-axır onun yeri qazamatdır...
Zakir elə hirslənmişdi ki, dodaqları titrəyirdi. O dişini dişinə sıxıb dedi:
– Daha bəsdir, kəs, danışma.
Yaşar bu sözü ayrı cür başa düşdü. O elə zənn elədi ki, atası sözünə inanmır, ona görə də balaca barmaqlarilə kök üzünü şappıldadıb atasına müraciətlə dedi:
– Bu ölsün.
Həlimə xanım yumşaq, lakin qəti səslə dedi:
– Daha kifayətdir.
Yaşar yenə nə isə demək istəyirdi, Mina qolundan çəkdi, Həlimə xanım ona qapını göstərib dedi:
– Ay bala, sən o koridorda gözlə, ata-ananla iki kəlmə sözüm var.
Vəziyyətin çox ciddi olduğunu Yaşar da başa düşmüşdü. O yavaş addımlarla otaqdan çıxdı. Həlimə xanım onun arxasınca baxıb Minadan soruşdu:
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-tukezban-xalanin-mektebi
Use ← → keys to move, R for a random poem
More by this author
Atalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.
Altı qızın atasıArvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!
Yeni il hədiyyəsiNeçə illərdir ki, biz yeni ili Şahingildə qarşılayırıq. Qəribə dəstəmiz var; məndən əlavə bir də bəstəkar, rəssam, alim, mühəndis və Şahinin özü. (Əlbəttə, arvadlarla bərabər) Biz hamımız orta məktəbi bir yerdə bitirmişik, hər yeni il gecəsində mütləq görüşürük.Şahin nazirlikdə işləyir, tanış-bilişi çoxdur. O gün olmur ki, evində qonağı olmasın. Onlar ər-arvad üzügülər, qonaqsevərdilər. Nazirdən başlamış xidmətçiyə, kuryerə qədər kim evlərinə gəlir-gəlsin, süfrələrinin lap başında əyləşdirəcəklər.
Cənnət xuliqanıProloq*– Sevil gəlmədi.
Poems by other poets
ماه را ماند که میتابد همی نور از رخش
Ol gün ki çıxdı Şişədə meydana dördaşıqOl gün ki çıxdı Şişede meydana dördaşıq,Qoydu tamam evleri viranə dördaşıq.
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,