Tükəzban xalanın məktəbi
Page 2 of 2 · 50%
– Nənəsinin adı nədir?
– Tükəzban.
Həlimə xanım acı bir təbəssümlə onların hər ikisinə müraciətlə dedi:
– Sizin oğlunuz Tükəzban xalanın məktəbini əla bitirib, ona görə də bizim bağçaya yaramır.
Mina təəccüblə soruşdu:
– Götürmürsünüz?
– Yox! – deyə Həlimə xanım qəti cavab verdi: – Əvvəlcə tərbiyə eləyin, sonra bağçaya gətirin. Burda bizim gözəl uşaqlarımız var, müasir, mədəni, tərbiyəli, şeir, mahnı oxuyurlar, məktəbə getməyə hazırlaşırlar. Sizin oğlunuzu götürüb bu uşaqların tərbiyəsini təhlükə altına almağa mənim ixtiyarım yoxdur. Bir il evdə onunla məşğul olun.
Zakir:
– Sizin ixtiyarınız yoxdur... – deyə nə isə söyləmək istəyirdi ki, Həlimə xanım:
– İxtiyarım var... – deyə onun sözünü kəsdi. – Mən yaşda da sizdən böyüyəm, təcrübədə də. Siz ikiniz də müasir dövrdə doğulub tərbiyə almısınız. Böyütdüyünüz uşaq isə yeddi yaşı olduğuna baxmayaraq elə bil on doqquzuncu əsrin adamıdır, bazardan gəlib, alverçilərin məclisində yetişib.
Bu səfər Mina nə isə demək istəyirdi ki, koridorda bir haray qaldı, Yaşarın səsi eşidildi. Həlimə xanım:
– Gedin!.. – deyə onları yola saldı. – Oğlunuzu da özünüzlə aparın, yoxsa bağça uşaqlarının istirahətini poza bilər.
Evə necə gəldiklərini bilmədilər. Yaşarı bir saatlığa qonşuya tapşırıb qaçdılar Tükəzban xalanın üstünə.
Tükəzban xala başını yun şal ilə bağlayıb yorğan döşəyin içində oturmuşdu, zəncəfil ilə çay içirdi. Onları görən kimi stəkanı bir tərəfə qoyub əllərini dizlərinə vurdu, qorxu ilə çığırdı:
– Vay, dədəmin evi yıxılsın, cubbuluya nə olub?
Mina:
– Heç bir şey olmayıb, – deyə əvvəlcə anasının nəbzinə baxdı, əlilə qızdırmasını yoxladı, sonra zəncəfil dəmlənmiş çayniki pəncərənin içinə qoyub, bir stul verdi, özü də ayrı bir stulun üstündə oturdub
– Ana! – deyə sözə başladı. – Əvvəla budur ki, yüz dəfə sənə demişəm, zəncəfil ürəyini döyündürür, içmə. Sonra bu isti paltarlara bu qədər bürünmə. Dəhlizə çıxanda təzədən soyuq dəyər.
Tükəzban. Neyləyim? Ha eləyirəm özümü tərlədə bilmirəm, tərləsəm yaxşı olaram.
Mina. Mən sənə dərman verərəm, tərləyərsən.
Zakir. Mətləbə keç.
Zakirin bu sözü Tükəzban xalanı təzədən qorxutdu.
– Mina, nə olub, açıq danış, balam hardadır? – deyə qızına yalvardı.
– Balana heç nə olmayıb, evdədir, – deyə Mina onun sözünü kəsdi və bir az düşünüb dedi:
– Məsələ orasındadır ki, Yaşarı uşaq bağçasına qoymaq istədik, götürmədilər.
Mina tutulub qaldı, bir söz deyə bilmədi, Zakir onun sözünü tamamladı:
– Çünki nənəsi onun tərbiyəsini pozub, uşaq elə gündədir ki, müəllimin suallarına adam kimi cavab verə bilmədi. Elə bil bu dünyada böyüməyib, ayrı bir dünyadan gəlib.
Tükəzban xala qıp-qırmızı qızardı, balaca, bürüşmüş, ancaq xəncər kimi iti gözlərini kürəkəninin gözünə dirəyib bir qədər dayandı, sonra elə bil hansı qüvvə isə onu cavanlaşdırdı:
– Aha!.. – deyə iti səslə bərkdən səsləndi. – Deməli ikinizin də başınız daşa dəyib, ona görə də ayılıb mənim yanıma gəlmisiniz?
Mina təəccüblə ərinə baxdı:
– Bu nə sözdür?
Tükəzban xala onların hərəkətlərinə, sözlərinə əhəmiyyət vermədən sözünə davam elədi:
– Deməli ata-ana olduğunuzu indi başa düşmüsünüz? Bəs mən sizə oğlunuzdan şikayət eliyəndə, “sözümə baxmır” deyəndə qulaq asmırdınız, deyirdiniz “Qocasan, geri qalmısan, bircə nəvənə baxmaq istəmirsən?” – Səhər tezdən gətirib yanımda qoyub bir də gecə dalınca gəlirdiniz, fikirləşmirdiniz ki, mən tək qoca arvad bu uşağı necə saxlayıram? Ağzımı açan kimi pul çıxardıb verirdiniz, elə bilirdiniz ki, hər məsələni pul ilə həll etmək olar. Bəs o pula bir şey almaq lazımdır ya yox? Bir xörək bişirib uşağa vermək lazımdır ya yox? Hava xoş olanda onu da özümlə bazar-dükana aparırdım, hava xarab olanda qonşuya tapşırırdım, onlar da ki savadsız, tərbiyəsiz adamlardır. Qızımsan, heç olmasa bir dəfə soruşa idin ki, ana sənə kim bazarlıq eləyir?
– Özün bilirsən ki mən işləyirəm, ana!
– Bəs ərin?
Zakir hirslə dedi:
– Mən bekar deyiləm ki? Mən də işləyirəm də...
Zakirin bu sözü hirsli deməyi Tükəzban xalanı lap özündən çıxartdı. O, uzun sümüklü barmaqlarını Zakirə tərəf uzadıb çığırdı:
– İkiniz də işləyirsiniz. Eləmi? Uşaqla məşğul olmağa, ona kitab oxumağa, şeir öyrətməyə vaxtınız yoxdur, eləmi? Bəs futbola getməyə vaxt tapırdın? Dostlarınla bulvara getməyə, inturistə getməyə, saatlarla nərd oynamağa vaxt tapırdın?
Tükəzban xala üzünü qızına çevirdi:
– Bəs sən dərzilərə, dəlləklərə getməyə, saatlarla telefonla danışmağa vaxt taprıdın? İki yerdə işləməyin, bir yerdə işləyin. Gərək mütləq özünüzü həlak eləyib maşın alasınız? Oğlunuzun tərbiyəsi sizin üçün maşından qiymətsiz idi?
Tükəzban xala elə tərləmişdi ki, üzü yağ sürtülmüş kimi işıldayırdı, Ağ cunayı dəsmal ilə üzünü silib Minaya dedi:
– Mən tərləyib yaxşı oldum, sənin dərmanına ehtiyacım qalmadı.
Zakir ayağa qalxdı, Minanın qolundan tutub gülə-gülə Tükəzban xalaya dedi:
– Nənə! Biz tərlədik və ayıldıq. Bu gün, biz iki dəfə məktəb qurtardıq, bir uşaq bağçasının məktəbini, bir də Tükəzban xalanın məktəbini.
Onlar qapıdan çıxanda Tükəzban xala arxalarınca çığırdı:
– Teatra, kinoya gedəndən-gedənə balamı gətirin yanıma.
fevral, 1970
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-tukezban-xalanin-mektebi
Use ← → keys to move, R for a random poem
More by this author
Atalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.
Altı qızın atasıArvad xəstəxanaya gedəndə Pirəliyə sarı dönüb zırıltılı səslə dedi:– Uşaqlardan muğayat ol!
Yeni il hədiyyəsiNeçə illərdir ki, biz yeni ili Şahingildə qarşılayırıq. Qəribə dəstəmiz var; məndən əlavə bir də bəstəkar, rəssam, alim, mühəndis və Şahinin özü. (Əlbəttə, arvadlarla bərabər) Biz hamımız orta məktəbi bir yerdə bitirmişik, hər yeni il gecəsində mütləq görüşürük.Şahin nazirlikdə işləyir, tanış-bilişi çoxdur. O gün olmur ki, evində qonağı olmasın. Onlar ər-arvad üzügülər, qonaqsevərdilər. Nazirdən başlamış xidmətçiyə, kuryerə qədər kim evlərinə gəlir-gəlsin, süfrələrinin lap başında əyləşdirəcəklər.
Cənnət xuliqanıProloq*– Sevil gəlmədi.
Poems by other poets
ماه را ماند که میتابد همی نور از رخش
Ol gün ki çıxdı Şişədə meydana dördaşıqOl gün ki çıxdı Şişede meydana dördaşıq,Qoydu tamam evleri viranə dördaşıq.
Qit'ə: Nazirə söylədim mənə şam gətirNazirə söylədim: mənə şam gətir,Dedi: vallah dolanmıram əlinki
TəcnisQəni Mövlam, budur səndən diləkim,Gələ bir gün bu diyarə sevdiyim,