Cavanlaşmaq dərmanı
Page 1 of 2
Ağaəmi kişi səhər gözlərini açan kimi arvadını çağırdı:
– Zərintac, Zərintac!
Zərintacdan səs çıxmadı. Ağaəmi kişi çox darhövsələ olduğu üçün yerindən qalxıb oturdu və bir az da bərkdən bağırdı:
– Zərintac, az, niyə cavab vermirsən?
Bir azdan Zərintac sakit addımlarla içəri girdi.
– A kişi nə var, niyə elə çığırırsan ki, ətini kəsmirlər ki?
– Tez dərmanımı gətir, – deyə Ağaəmi kişi ufuldadı. – Yenə böyrümün sancısı tutub.
Zərintac divarın dibindəki balaca stola yaxınlaşdı. Bu stolun üstü cürbəcür dərman şüşələri ilə və paketlərlə dolu idi. Zərintac bunlara diqqətlə baxıb soruşdu:
– Hansı dərmandır? O qədər yığmısan ki, çaş-baş salmışam.
– O böyük şüşədən bir xörək qaşığı, hirsimi yatırtmaq üçün, dalınca toz dərmanı, sancımı kəsməyə. Kağız torbanın üstündə qırmızı qələmlə yazmışam. “Sol böyrüm ağrıyanda, təcili”.
Zərintac əvvəlcə dərmanlara mat-mat baxdı, sonra nəlinlərini sürüyərək su dalınca getdi. Xeyli keçəndən sonra bir stəkan su ilə qayıtdı. Dərmanları Ağaəmiyə verdi. Ağaəmi bu dərmanları şərbət içən kimi içib, ağzını marçıldatdı, sonra təkrar uzanıb gözlərini tavana zillədi. Bu dərmanlarda belə xasiyyət vardı ki, gərək içəndən sonra on beş dəqiqə tərpənməyəsən.
Zərintac qapını yavaşcadan örtüb getdi. Ağaəmi kişi əlini-ayağını tərpətməkdən qorxaraq, qup-quru quruyub, uzandı, oğlu yadına düşdü. Kim bilir indi hansı dənizdə üzür. Axırıncı məktubunda yazırdı ki, xarici səfərə çıxır, iki aydan sonra qayıdacaq. Ağaəminin oğlu kapitandır. Uzaq Şərqdə işləyir. Hər ay ata-anasına pul göndərir, hədiyyələr göndərir. Ancaq onlar üçün bu puldan və hədiyyədənsə, onun üzünü tez-tez görmək daha əzizdir. Heyf ki, mümkün olmur. Uşağın bütün ömrü dənizlərdə, tufanlarda keçir. Hələ qız... Tibb institutunu bitirən kimi rayona göndərdilər. Oradaca ərə getdi. Əri də həkimdir. İki uşaqları da var. Tez-tez pul, sovqat göndərirlər. Ancaq onların da üzlərini hələm-hələm görmək olmur. İldə bir, bayramdan, bayrama... Maddi ehtiyacları yox idi. Uşaqların göndərdiklərindən başqa özləri də təqaüd alırdılar. Artıqlamasilə bəs eləyirdi. Ancaq heyif ki, tək qalmışdılar: yalnız qarı-qoca... hey, dünya, dünya... Əziyyət çək, uşaq böyüt, axırda yenə tək qal?
Ağaəmi zarıya-zarıya geyindi, əl-üzünü yudu və ayağını sürüyərək, yemək stolunun arxasında oturdu. Onun sifəti qıcqırmış xəmirə oxşayırdı. Çoxdan dəllək görməyən saçı səliqəsiz qayrılmış parik kimi idi. Ağ, pırpız bığları aşağı sallanmışdı. Bürüşmüş gözlərinin altı tuluqlanmışdı.
Zərintac onun qabağına yemək qoydu. Ağaəmi laübalı baxışlarla yeməyi süzüb yana itələdi. Zərintac təəccüblə baxanda dodağının ucunda dedi:
– Ürəyim istəmir.
– Lap xasiyyətini dəyişib, – deyə Zərintac onu məzəmmətlədi.
– Xırda uşaq anasına şıltaq eliyən kimi sən də mənə şıltaq eləyirsən. Tez ye, soyuyur.
Ağaəmi yenə yavaşdan dedi:
– Dərmanı gətir, bəlkə boğazımdan gedə.
– Hansı dərmandır?
– Su dərmanı. Üstündə “iştah” yazmışam.
İştah dərmanı içəndən sonra Ağaəmi xörəkdən bir-iki tikə aldı. Birdən boğazını tutub “zəhrimar yenə gecişməyə başladı” – deyə ətrafına baxdı. Zərintac otaqda yox idi. Yavaşdan səsləndi:
– Zərintac, Zərintac!
Zərintacdan yenə səs çıxmadı. Ağaəmi bu səfər lap bərkdən çığırdı:
– Zərintac, min dəfə demişəm məni tək qoyub getmə?
Zərintac donquldana-donquldana otağa gəldi.
– Səni mən bundan sonra beşikdə saxlayacağam, yeməyini də əmziklə verəcəyəm. İndi nə deyirsən?
– Boğazım gicişir, – deyə Ağaəmi zarıdı. – Qorxuram angina olam. O dərmanı gətir. Üstündə “boğaz” yazmışam.
Zərintac dərmanı verib yenə işinə getdi. Ağaəmi toz dərmanını dilinin üstünə tökib suyu içəndə birdən gözü divardakı təqvimə sataşdı və “27 dekabr” sözlərini oxudu; 27 dekabr, 1964-cü il. O, bir an düşündü, balaca gülümsündü, ətrafa baxıb yenə arvadını görmədikdə lap incə səslə mələyərək çağırdı:
– Zəriş, ay Zəriş!
Zərintac qapını açıb əsəbi halda dedi:
– Ağaəmi, sən daha ağ elədin. Bu qədər də dərman olar qarnına tökürsən?
Ağaəmi bir söz deməyib işarə ilə divardakı təqvimi ona göstərdi. Zərintac təqvimə baxıb təəccüblə çiyinlərini çəkdi. Ağaəmi güldü, yenə təqvimə işarə elədi. Zərintac eyməndi: “Kişinin başına hava gəlib, nədir?” deyə, fikirləşdi. Bu zaman Ağaəmi qalxıb onun qolundan tutdu, təqvimə yaxınlaşdırdı və dedi:
– Qırx il bundan qabaq, 1924-cü il, dekabrın 27-də baş vermiş tarixi hadisə yadından çıxıb?
Qırx il bundan qabaq? Dekabrın 27-də?.. Zərintac fikirləşdi, yadına bir şey sala bilmədi. Ağaəmi əyildi, pırpız buğlarla Zərintacın qulağını qıcıqlayaraq pıçıldadı: “İlk görüş”. Elə bil uzaq keçmişin üzərini örtmüş duman yavaş-yavaş çəkilməyə başladı. Zərintacın gözü qarşısına qıvırcaq saçları kəlağayının altından çıxmış, girdə, ağ üz, çatmaqaş gənc bir qız gəldi. Tində dayanıbdır, ora-bura baxır... Səliqə ilə geyinmiş, ucaboy, qara buğdayı cavan bir oğlan bu qıza yaxınlaşdı, bir dəstə qızılgül verdi... Zərintacın dodaqları güldü. Bir qolu ilə Ağaəmini qucaqlayıb pıçıldadı:
– Aquş.
– Yadına düşdü? – deyə Ağaəmi muncuq kimi düzülmüş qoyma dişlərini göstərərək güldü. – O gün sən mənə birinci dəfə görüş təyin eləmişdin. Mən də gül almağa getdiyim üçün bir dəqiqə gecikmişdim. Bircə dəqiqə... Sən isə bu bir dəqiqənin üstündə məndən küsmüşdün. Sonra, mən səni güldürdüm, barışdıq. Yadına gəlir?
Elə bil Zərintacda bir anlıq qadınlıq hissi oyandı. Saçları yenə də qıvırcıq idi, ancaq qar kimi ağ idi. Elə bil bu saçlar yavaş-yavaş əvvəlki şəklinə düşdü. Sifəti də qırışlardan təmizləndi. Yenə də şirmayı kimi oldu. Naz ilə gülümsünüb, Ağaəminin üzünə baxdı, sonra gözlərini aşağı saldı. Ağaəmi də elə bil cavanlaşdı. Birdən qıvraqlaşıb ayağa sıçradı. Gülər gözlərini arvadının üzünə zilləyib dedi:
– Dur gedək.
– Hara gedək?
– Ora, o tinə... Qırx il bundan qabaq olduğu kimi... heç olmasa bir günlüyə də olsa qocalığımızı, təkliyimizi unudaq. O günləri bir də təkrar yaşayaq.
Zərintac gülərək onun qolundan tutdu.
– A kişi, bizə gülərlər, deyərlər dəli olublar.
– Qoy nə deyirlər desinlər. O vaxt, iyirmi dördüncü ildə açıq görüşməkdən qorxmadıq, indi qorxacayıq! Dur bu qırx ilin dumanını dağıdaq. Geriyə, gəncliyimizə bir sıçrayış edək. Dur!
– Teatr çıxardaq?
– Teatr niyə? Həyat, əsil həyat... Səni mən asan tapmamışam. Yadındadırmı, bir oğlan var idi, səni istəyirdi, yadına gəlirmi?
Zərintac gözlərini süzüb dedi:
– Yadımdadır. Baloğlan. Elçi göndərmişdi. Atam vermədi ki, mənim xuliqana getməli qızım yoxdur.
Ağaəmi qürurla dedi:
– Amma mən istəyən kimi razı oldu.
– Baxtın gətirdi. Oğlan atamı hədələmişdi ki, qızı qaçırdacağam. Atam da qorxudan sən istəyən kimi razı oldu. Bu iş olmasaydı, ömründə məni sənə verməzdilər.
Ağaəmi qəhqəhə ilə güldü:
– Verməsəydilər, mən də qaçırdardım. Mənə nə var ey, cavan oğlan idim.
Zərintac onu əli ilə saxladı.
– Yavaş ey, yenə böyrünün sancısı tutar.
– Cəhənnəm olsun sancı-mancı. Dur, Zəriş, geyin get o tində məni gözlə, gəlirəm.
Bunu deyib Ağaəmi yan otağa keçdi və təzə kostyumunu geyinməyə başladı.
İstirahət günü idi. Günəş hamının üzünə gülürdü. Sərin bir gilavar ağacların budağı ilə oynayırdı.
Zərintac trolleybusdan düşüb oyan-buyana baxdı və donuxub qaldı. Neçə ildir buralara gəlməmişdi, nə qədər dəyişiklik vardı. Qırx il əvvəlki evlər yox idi. Yerində güllü-çiçəkli bir bağ salınmışdı. Təxminən onların ilk dəfə görüşdükləri tin olan yerdə bir hovuz tikmişdilər. Bu hovuzda fəvvarə vuran suyun şırıltısı ətrafa yayılırdı. Bağ adamla dolu idi. Rəngbərəng paltolara, yun parçalara bürünmüş xırda uşaqlar ora-bura qaçışırdılar.
Zərintac bu fəvvarənin yanında dayandı, ora-bura baxmağa başladı. Ağaəmi hələ görünmürdü. Zərintacın ürəyi narahat idi, birdən kişinin halı yolda xarablaşa, birdən sancısı tuta bilərdi. Son illər onu bir an belə olsun tək qoymurdu. Bulvara, gəzməyə də bir yerdə gedirdilər. Çünki qarı öz qocasının xasiyyətini yaxşı öyrənmişdi. Çox vasvası idi, kim hansı dərmanı nişan versə alıb gətirirdi və həkimsiz-məsləhətsiz içməyə başlayırdı. Bu gün isə birdən-birə cavanlıq iddiasına düşmüşdü.
O, fəvvarənin yanında dayanıb bunları düşündüyü zaman üç-dörd uşaq oynaya-oynaya yanına gəldilər. Beş-altı yaşında şeytansifət bir qız Zərintaca baxıb soruşdu:
– Nənə, sən kimi axtarırsan?
Zərintac güldü.
– Sevgilimi axtarıram, ay bala!
Uşaq yenə soruşdu:
– Adı Sevgilidir? Sənin nəvəndir?
– Elə nəvəm kimidir, – deyə Zərintac gülə-gülə cavab verdi.
– Özü böyük olsa da, lap xırda uşağa dönübdür.
Bu söhbət zamanı Ağaəmi meydana çıxdı. O, tamamilə dəyişmişdi. Bığları keçi buynuzu kimi yuxarıya qalxmışdı. Bir balaca yan qoyulmuş şapkası, paltosunun altından görünən kəpənək şəklində bağlanmış qırmızı qalstuku, təzəcə silinmiş və par-par parıldayan qara çəkmələri onu təqaüdə çıxmış artistlərə bənzədirdi. Əlində bir dəstə xrizantem var idi. O, Zərintaca yaxınlaşdı, çiçəkləri əda ilə uzadıb dedi:
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-cavanlasmaq-dermani
Use ← → keys to move, R for a random poem
More by this author
5 pərdə, 6 şəkildə*İştirak edənlər
Birinci pərdəBirinci şəkilHələ tikilməkdə olan evin birinci mərtəbəsi. Burada müvəqqəti olaraq tikinti idarəsi yerləşmişdir. Böyük səliqəsizlik hiss olunur. Zərifə əlində teleqram qaçaraq gəlir.*
İkinci pərdəİkinci şəkilBağça... Ceyran xalanın evinin qabağı. Bənövşə, Qəmər, Ceyran xala səhnəyə gəlib əllərindəki çamadanları yerə qoyurlar.*
Üçüncü pərdəDördüncü şəkilCeyran xalanın otaqlarından biri. Yan otaqda qonaqlıqdır. Gülüş və danışıq səsləri gəlir. Sonra qonaqlar Qasımı əhatə edərək bu biri otağa keçirlər.*
Poems by other poets
Dəst pədərəm babat,Bürid və kərdə mat,
Salma gözdən bu zaman, ey şəhi-əbrar məniSalma gözdən bu zaman, ey şəhi-əbrar məni,Qılma ənduhü qəmü dərdə giriftar məni,
ƏyriBu gün mən bir pəri gördüm: yerir, yürür, gəzir əyri.Tut yükünü, al bacını, qurma mənnən bazar əyri.
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,