Cavanlaşmaq dərmanı
Page 2 of 2 · 50%
– Zəriş, qızıl gül tapa bilmədim, buyur.
Zərintac çiçəkləri aldı. Uşaq onun ətəyini çəkib soruşdu:
– Nənə, sevgili budur?
– Budur, ay bala, budur.
Uşaq qəribə bir gülüşlə güldü, yanındakı totuq oğlanın qulağına nə isə pıçıldadı. Onlar qəhqəhə çəkərək getdilər. Ancaq Ağaəmi bunları hiss etmədi. O, gözlərini Zərintacdan çəkmirdi.
– Zəriş, – deyə yavaşdan pıçıldayırdı... – Bir dəqiqə gecikmişəm, məndən küsməmisən ki?
– A, niyə küsürəm ki, sağ-salamat gəlib çıxmısan, şükür, – deyə Zərintac ehtiyatdan onun qoluna girdi və pıçıltı ilə dedi:
– Ağır-ağır gedək. Cavanlaşdığımızdan ürəyimizin xəbəri yoxdur.
Əlbəttə, o zaman küçədə qol-qola getməmişdilər. O zaman Ağa əminin qolu təsadüfən Zərintacın qoluna toxunanda elə bil ikisini də elektrik cərəyanı vurmuşdu. İndi artıq elə deyildi. Yaş keçdikcə elə bil bədəndə işləyən elektrik stansiyası yavaş-yavaş dayanmışdı. Artıq cərəyan yox idi. İndi Ağaəmi Zərintacın əlindən tutanda elə bilirdi öz əlindən tutur. Ancaq öz rolunu çox gözəl oynayırdı: qırx il əvvəl elədiyi kimi yenə də məzəli sözlər danışırdı, gülürdü, Zərişin kefini açmağa, onu məşğul etməyə çalışırdı.
Yeni tikilmiş böyük bir yaşayış binasının qabağında dayanıb soruşdu:
– Bu yer yadındadır?
Zərintac ətrafa baxıb dedi:
– Yadıma gəlmir.
– Bu yerdə xırda dükanlar vardı. Qışda palçıq, yayda tozdan bura ayaq atmaq olmurdu. Hətta sən dedin ki, “məni əcəb yerə gətirib çıxartdın, ayaqqabılarım batacaq”. Geri qayıtdıq...
Bu “Qışda palçıq, yayda toz” olan yerdə indi asfalt güzgü kimi parıldayır, ağac ağacla danışırdı.
O biri səkiyə keçdilər. Bir az gedəndən sonra bu səfər Zərintac dayandı. Üzərində “özünəxidmət” yazılmış bir ərzaq mağazasını göstərib soruşdu:
– Bəs bu dükanın yerində nə olduğu yadındadır?
Ağaəmi xeyli düşündü, başını silkələdi. Zərintac dedi:
– Bu dükanın yerində lampa şüşəsi satılan xırda bir köşk var idi. Üstündə də şüşə əvəzinə səhvən “susa” yazmışdılar. Biz də oxuyub gülürdük. Sən də.
– Yadıma düşdü – deyə Ağaəmi onun sözünü kəsdi... – O köşkün yanında da çadralı bir qoca arvad tum satırdı. Mən almaq istədim, sən qoymadın ki, mədəni adam küçədə tum çırtlamaz.
Onlar bu cür xatirələr aləmində dolaşaraq yavaş-yavaş irəliləyirdilər. Bir məktəb binasının qabağında dayanıb xeyli baxdılar. Zərintac otuz beş il qabaq bu məktəbdə müəllimlik etmişdi. Ayrı bir binanın qabağında, skamyanın üstündə oturdular. Bu binada ticarət idarəsi yerləşirdi. Ağaəmi iyirmi ilə qədər bu idarədə baş mühasib işləmişdi. Bir az istirahətdən sonra yenə yollarına davam etdilər. Tez-tez Zərintac soruşurdu:
– Aquş, ürəyin ağrımır ki?
Ağaəmi gülə-gülə cavab verirdi:
– Hələ ki bir xəbər yoxdur. Deyəsən bu gün istirahətə çıxıb, ağrımayacaq.
– Aquş, yatmasan başın ağrıyacaq.
– Bu dünyanı qoyub yuxulamaq olar, Zəriş?
Nəhayət, onların ilk görüş yeri olan küçə qurtardı. Aşağıya enmək istəyirdilər ki, “tum-tum” – deyə çığıran xırıltılı bir səs nəzərlərini cəlb etdi. Tumsatan bişmiş alma kimi büzüşmüş, dazbaş, arıq bir kişi idi. Bu cür qocaların yaşını müəyyən etmək çox çətindir. Altmış da vermək olar, həştad da. Ağaəmi Zərintacı tum satan tərəfə çəkdi. Bığaltı gülümsünüb dedi:
– O vaxt qoymadın almağa. Qoy indi bir istəkan tum alım, kef çəkək.
Zərintac onu qolundan dartdı.
– Gəl, gəl. Bu yaşda küçədə tum çırtlayacayıq?
Qoca tumsatan istəkanı doldurub hazır saxlamışdı, onların danışıqlarına qulaq asırdı. Ancaq birdən onda dəyişiklik əmələ gəldi: gözlərini, ağzını açıb təəccüblə dayandı, əlləri əsdi, tum istəkanı ilə bərabər torbaya düşdü. Heyrətlə dedi:
– Zərintac!
Zərintac da, Ağaəmi də tez qocaya tərəf döndülər. Zərintac qorxu ilə ərinin qolundan tutdu, yavaşdan pıçıldadı:
– Baloğlan.
Qoca həyəcandan bir az da xırıldayan səsi ilə cavab verdi:
– Bəli, baloğlan... Mən sizi o saat tanıdım. Bu, – deyə o, Ağaəmini göstərdi.. – Bu yanındakı səni mənim əlimdən alan namərd deyilmi?
Ağaəmi:
– Ey, ey, namərd özünsən, – deyə əsəbi halda cavab verdi.
– Namərd sənsən, – deyə Baloğlan bir az da xoruzlandı. – Bu məhəllədə heç kəs mənim qorxumdan Zərintacın adını çəkə bilmirdi. Bilmirəm sən hardan gəlib çıxdın?
– O əhvalatın üstündən qırx il keçib, indi mənimlə davaya çıxacaqsan?
– Çox hərlədim səni, heyif ki, əlimə keçmədin. Onu alsaydım, – deyə Baloğlan Zərintacı göstərdi – mən də bir adam olmuşdum, sənin kimi cavan qalmışdım. İyirmi beş yaşında oğlana oxşuyursan. Amma mən... Bazarnıda gur-gur guruldayan qəssab dükanından gəlib düşdüm tum satmağa.
O, bürüşmüş, sulu gözlərilə hər ikisini süzdü, sonra acıqla çığırdı:
– Gedin, gedin, müştərinin qabağını tutmayın. Tum alan, ay tum alan...
Onlar Baloğlandan ayrıldılar. Zərintac qorxu ilə Ağaəmiyə baxdı. Əsəbiləşəndə o, həmişə əsim-əsim əsirdi. Amma gördü ki, yox, kişinin üzü gülür.
– Nə var Aquş, Baloğlan sənə ləzzət verdi deyəsən?
– Baloğlan yox... Onun nəyi adama ləzzət verə bilər? Elə bil keçmiş zamanın canlı heykəlidir. Amma bir sözü mənə xoş gəldi. Eşitdin nə dedi: “İyirmi beş yaşında oğlana oxşuyursan”. Deməli cavan qalmışam, hə, Zəriş? Deməli, sən məni yağ içində böyrək kimi saxlamısan, hə, Zəriş?
Restoranda yemək yedilər. Ağaəmi elə iştahla yeyirdi ki, Zərintac ondan gözünü çəkə bilmirdi. Restorandan çıxıb kinoya getdilər. Ağaəmi bir dəfə də olsun “oram ağrayır – buram ağrayır” sözünü demədi. Onda yorğunluq əlaməti də yox idi. Axşam üstü gün batanda Dağüstü parkdan şəhərə tamaşa etməyə başladılar. Şəhər yaşıllıq içində idi. Mazutdan qaralmış köhnə evlərin arasından təzə tikilmiş ağ, qəşəng evlər baş qaldırıb günəşi yola salırdılar. Zərintac düşüncə içərisində dedi:
– Bu qırx il bizi qocaltdı, şəhəri cavanlaşdırdı.
– Qocalığın adını çəkmə, arvad! – deyə Ağaəmi Zərintacın qolunu bərk sıxdı. Artıq mən onun dərmanını tapmışam. Təmiz hava, gəzmək, dolanmaq... xoş sözlər... Dadlı, şirin xatirələr... Həmişə kefini kök tut, dərdi-qəmi özünə yaxın qoyma. Pisi yaddan çıxart, yaxşını doldur şüşələrə, hər gün dərman əvəzinə iç. Bundan sonra qocaldıqdan bir kəlmə danışsan Baloğlana xəbər göndərəcəm ki, gəlib səni qaçırtsın.
Bu sözə ikisi də qəhqəhə çəkib uşaq kimi güldülər.
Evə gələn kimi Ağaəmi stolun üstünə yığdığı dərmanları zibil yeşiyinə atdı və Zərintaca dedi:
– Bundan sonra sənə bir yerim ağrıyır desəm, onda həqiqətən namərd olaram. Hazırlaş, səhər tezdən gedirik rayona. Nəvələrimizi görməyə. İndi isə mənə yemək ver, davasız-dərmansız acmışam.
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-cavanlasmaq-dermani
Use ← → keys to move, R for a random poem
More by this author
5 pərdə, 6 şəkildə*İştirak edənlər
Birinci pərdəBirinci şəkilHələ tikilməkdə olan evin birinci mərtəbəsi. Burada müvəqqəti olaraq tikinti idarəsi yerləşmişdir. Böyük səliqəsizlik hiss olunur. Zərifə əlində teleqram qaçaraq gəlir.*
İkinci pərdəİkinci şəkilBağça... Ceyran xalanın evinin qabağı. Bənövşə, Qəmər, Ceyran xala səhnəyə gəlib əllərindəki çamadanları yerə qoyurlar.*
Üçüncü pərdəDördüncü şəkilCeyran xalanın otaqlarından biri. Yan otaqda qonaqlıqdır. Gülüş və danışıq səsləri gəlir. Sonra qonaqlar Qasımı əhatə edərək bu biri otağa keçirlər.*
Poems by other poets
Dəst pədərəm babat,Bürid və kərdə mat,
Salma gözdən bu zaman, ey şəhi-əbrar məniSalma gözdən bu zaman, ey şəhi-əbrar məni,Qılma ənduhü qəmü dərdə giriftar məni,
ƏyriBu gün mən bir pəri gördüm: yerir, yürür, gəzir əyri.Tut yükünü, al bacını, qurma mənnən bazar əyri.
Bala deyə mənSənə qurban olum, sodagər başı,Əcəb qaldım bir cüt bala deyə mən,