Neçə illərdir ki, biz yeni ili Şahingildə qarşılayırıq. Qəribə dəstəmiz var; məndən əlavə bir də bəstəkar, rəssam, alim, mühəndis və Şahinin özü. (Əlbəttə, arvadlarla bərabər) Biz hamımız orta məktəbi bir yerdə bitirmişik, hər yeni il gecəsində mütləq görüşürük.

Şahin nazirlikdə işləyir, tanış-bilişi çoxdur. O gün olmur ki, evində qonağı olmasın. Onlar ər-arvad üzügülər, qonaqsevərdilər. Nazirdən başlamış xidmətçiyə, kuryerə qədər kim evlərinə gəlir-gəlsin, süfrələrinin lap başında əyləşdirəcəklər.

Onların dostları da çoxdur, mağazada işləyənlər, su, papiros satanlar, nə bilim, evlər müdiri və qeyriləri onun başına and içirlər. Biz təəccüblə deyəndə ki: “ay Şahin, sən bu cür adamlarda nə görmüsən?” O belə cavab verir:

– Siz onlara yuxarıdan aşağı baxmayın, xalq məsəlidir deyərlər, “hər ürəkdə bir aslan yatır”.

Şahinin bu xasiyyətini bildiyimizdən qərara gəlmişdik ki, adlarını çəkdiyim adamlardan başqa heç kəsi bu yeni il qonaqlığına çağırmayacağıq. Şahinin geniş bir mənzili var, ona görə də həmişə burda toplaşırıq. Arvadlar yemək-içmək və fasiləsiz danışmaq məsələlərilə məşğul olurlar, biz isə yazbaşı töylədən buraxılan danalar kimi atlanıb-düşürük, oyun çıxardırıq, mənim orijinal bir nömrəm var. O da “kasa rəqsi”dir. Kasaları su ilə doldurub bir padnosa düzürəm və başıma qoyub rəqs eləyirəm. Suyun bir qətrəsi də dağılmır. Bəstəkar yoldaşımız ağzı ilə ev quşlarını təqlid edir. Gözünü yumub qulaq asırsan, gah elə bilirsən otağa bir sürü xoruz-toyuq dolub, gah da sənə elə gəlir ki, ətrafında qaz, ördək, hinduşka gəzir. Rəssam çay işində mütəxəssisdir. Çay dəmləməkdə, bir ovcunda beş-altı armudu stəkan stola gətirməkdə o qədər məharət qazanıb ki, biz onun adını virtuoz-fenomen qoymuşuq. Mühəndis tamaşalardan monoloq söyləməyi sevir, ona elə gəlir ki, səhnəyə yetməməklə teatr tarixinə böyük bir zərbə vurub. Çörək kəsən bıçağı əlinə alıb Otellonun monoloqunu qışqıranda biz artıq yəqin bilirik ki, səhər açılıb, evə getməyin vaxtıdır. Alim – dirijordur. Yüz qram içən kimi radionun qabağında oturub əllərini işə salır, nəinki musiqi verilişlərinə, hətta saatın işləməyinə, tamadanın danışığına da dirijorluq eləyir. Arvadı and içir ki, buradan gedəndən sonra yuxuda da dirijorluqdan əl çəkmir. Şahin isə bizim məclisimizin təlxəyidir. Ortada bir az süstlük əmələ gələn kimi çığırırıq: “Təlxək, başla görək!” Şahin başlayır oyun çıxartmağa... Gülməyinə gülmürüksə də bir az kefimiz açılır.


Dünən yenə Şahingildə toplaşdıq. Ancaq ilk addımdan qanımız qaraldı. Qoltuqlarımızı, ciblərimizi dükandan aldığımız ərzaq-azuqə ilə doldurub haray-həşirlə Şahinin mənzilinə daxil olduqda yanında yad bir adamın dayandığını gördük. Donub qaldıq. Yuxarıda dediyim kimi biz məclislərimizə əlavə heç kəsi qəbul eləmirik. Şahinin nə ixtiyarı var ki, ştatda yer olmaya-olmaya öz başına adam götürür? Bu kimdir ki, çağırıb, qonaqlığımızı korlayıb?

Hələ kim olduğunu bilməmişdən bu adamın xarici görkəmi bizdə nifrət əmələ gətirmişdi: kobud sifəti vardı, burnu, dodaqları elə iri idi ki, üç adamın arasında bölüşdürmək olardı. Bu bolluğun qarşısında gözləri elə xırda idi ki, elə bil iynə ilə deşmişdilər. Başı daz, üzü qapqara idi.

Mən bu adamı başdan-ayağa süzdükdən sonra yavaşca pıçıldadım:

– Köhnə il bizə nə yaman hədiyyə qoyub gedir?

Mühəndis cavab verdi:

– Bəlkə yeni il hədiyyəsidir?

Alim dedi:

– Mənhus tipə oxşayır...

Bəstəkar donquldandı:

– Mən axıra kimi oturmayacağam, yeni il başlanan kimi gedirəm.

Rəssam pıçıldadı:

– Mən onun karikaturasını çəkməsəm adımı dəyişib rəngsaz qoyaram.

Bu xırda-xuruş pıçıltılardan sonra yenə sükut edib, yad adama tamaşa eləməyə başladıq.

Şahin öz hərəkətindən yəqin çox utanırdı. Boynu çiynində bizə yaxınlaşdı və günahkar quzular kimi mələdi:

– Ə... nə dayanmısınız, a yoldaşlar, paltoları çıxardıb mənim bu dostumla tanış olun də...

Biz “tipə” tərəf yüngül bir baş tərpədib (guya bu bizim tanış olmağımız idi), otağa keçdik. Gödəkboy, cılız bir qadın bizim müqəddəs yeni il stolumuzun ətrafında fir-fir fırlanırdı. Bunu görəndə artıq mənim səbir kasam daşdı, dişimi-dişimə qısıb Şahindən soruşdum:

– Deyəsən biz artığıq, sənin ayrı qonaqların var?

Şahin heç mətləbə dəxli olmayan bir cavab verdi:

– Bu Səlimədir, Səlimin həyat yoldaşı (Səlim dedikdə “tipi” göstərdi) Oturun, tanış olun...

Biz “Səlimin həyat yoldaşı” tərəfə də yüngül bir baş tərədib oturduq. Məclisdə buz kimi soyuq bir sükut vardı. Bu yad adamların yanında hamı özünü çəkməyə çalışırdı. Nəhayət, yeni ilə lap yaxınlaşanda dostlar mənim üzümə baxdılar. Bu baxışların mənasını o saat başa düşdüm. Yəni demək istəyirdilər ki, dur, yeni ilin sağlığına bir ağıllı dərin nitq söylə.

Ayağa qalxdım. Səlim ilə Səlimə göyərçinlərin arasına düşmüş qarğalar kimi stolun lap ayağında yetimtək oturmuşdular. Səlimin üzü bir az da qaralıb badımcanı rəngə çalırdı. Mən onlar tərəfə baxmamağa çalışaraq dedim:

– Yoldaşlar! Badələrinizi doldurun, sözüm var.

Elə bunu demişdim Səlim ayağa qalxdı, utancaq halda mənə müraciət elədi:

– Bağışlayın. “Badələrinizi doldurun” demək olmaz. Qədəhləri doldurmaq olar.

– Düzdür!.. – deyə mən fəlsəfi dərinliklə səhvimi boynuma aldım.

– Səhv eləmişəm Qədəhlərinizi doldurun, yeni ilin sağlığına qədəh qaldıraq.

Səlim yenə ayağa qalxıb utancaq halda dedi:

– Qədəh dolandan sonra dönüb olur badə.

“Qədəhlərinizi doldurun, yeni ilin sağlığına badə qaldıraq” – desəniz daha düzgün olar.

Bu düzəlişində də Səlim haqlı idi, ancaq mən tənqidi o qədər də sevmədiyimdən dözə bilməyib əsəbi halda Şahinə dedim:

– Sən bu ədəbiyyat professorunu məclisə bizim səsimizi kəsmək üçün çağırmısan?

Mənim bu sözümü yoldaşlar bəyəndilər, onlar da öz etirazlarını bildirdilər və elə bir haray-huray əmələ gəldi ki, arvadlar ətəklərimizi cırıb dağıtmasaydılar, Şahinin evində yeni il qabağı böyük qarışıqlıq düşəcəkdi.

“Professorla” arvadı əsəbləşib ayağa qalxdılar, ancaq Şahin işarə ilə onlara nə başa saldısa təkrar yerlərində oturdular. Yenə şaxtalı bir sükut oldu. Bu sükut nə qədər çəkəcəkdi, bilmirəm. Saatın on ikini vurması bizi ayıltdı. Bütün günü hazırlaşdığımıza baxmayaraq, yeni il elə asta addımlarla gəlmişdi ki, xəbərimiz olmamışdı. Cəld qalxdıq, tələm-tələsik badələri (az qala çaşmışdım ha...) qədəhləri doldurub, yeni ili böyük üzürxahlıqla qarşıladıq. “Professor” da içdi. Ancaq üzgözünü elə turşutdu ki, qəribə bir şəklə düşdü. Bəstəkar əyilib qulağıma dedi:

– Bu cür eybəcər professor ömrümdə görməmişəm.

Mənim artıq kefim durulmuşdu. Odur ki, dostuma bu cür cavab verdim:

– Professor deyil lap akademik də gəlsə, şənliyimi pozan deyiləm. Mən ölüm, bir xoruz kimi banla, bizi yuxudan ayılt!

Bəstəkar mənim xahişimi yerinə yetirdi. Əvvəlcə arvadlar gülməyə başladılar, sonra hamımız qoşulduq. Bu gecə içərisində ilk qəhqəhəmiz eşidildi. Bu zaman qulağımıza bir bülbül səsi gəldi. Susub ətrafa baxdıq. Səlimin qalın dodaqları arasında elə bil bülbül oturmuşdu, cəh-cəh vururdu. Qulaqlarımıza inana bilmirdik, bu cür kobud adamdan bu qədər incə səslər? Bir azdan bülbül səsi gözəl bir muğama çevrildi. Sonra muğam çoban bayatısı ilə qurtardı.

Güclü bir alqış otağı sardı. Biz yəqin elədik ki, bu adam ədəbiyyat professoru deyil, musiqiçidir, məşhur çalğıçıdır. Onun bu nömrəsinin adına estradada “bədii fit” deyirlər. Bu maraqlı çıxışından sonra təzə qonağımızın elə bil dodaqları da bizim gözümüzə incə göründü, rəngi də deyəsən, bir qədər ağardı. Məhəbbəti ürəyimizdə yavaş-yavaş cücərməyə başladı.

Rəssam “Çay-çay” deyib o biri otağa keçdi və bir neçə stəkanı havada yelləyərək qayıtdı. Biz başa düşdük ki, dostumuz Səlimə özünü göstərmək istəyir. Ancaq Səlim heç bir təəccüb əlaməti göstərmədi, o, əvvəlcə rəssamı süzdü və sonra gülümsəyərək arvadına dedi:

– Səlimə, samovar qaynayır, gəl çay tök, qonaqlara ver!

Səlim bunu deyib samovara çevrildi. Bəli, onun qaşı, gözü, sifəti, bütün bədəni samovar kimi qaynamağa başladı. Səlimə tez ona yaxınlaşdı, güya qalstuku samovarın lüləyidir, ordan xəyali stəkanlara çay süzməyə başladı. Səlim birdən soruşdu:

– Səlimə, bəs nəlbəki hanı?

– Nəlbəkini rəqsə saxlamışam, – Səlimə gülə-gülə cavab verdi.

Səlim pianoya yaxınlaşdı. “Nəlbəki” havasını çalmağa başladı. Əşi, ay canım, bu qədər də məharət olar? O qalın barmaqların təmasından nə gözəl rəqs havası əmələ gəlirdi. Bəstəkar pərt halda yanıma sıxılıb oturmuşdu, bu qədər kobud adamda bu qədər incə ruh olduğunu o heç təsəvvür eləməzdi. Hələ arvadı Səlimə... Nə gözəl oynayırdı. Səni inandırıram ki, filarmoniyanın rəqqasələri bu balacaboy, cılız qadının yanından əyilə-əyilə keçərlər. Nə deyim?.. Yaxşı ki, “Kasa rəqsi”ni ifa eləməmişəm, biabır olardım...

Rəqs qurtaran kimi Səlim çil-çırağı söndürdü, balaca bir şamın işığı altında “Hamletin” “Olum ya ölüm” monoloqunu dedi. (Yaxşı dedi. Mühəndis rəng verib, rəng alırdı). Sonra gözəl bir səslə “Koroğlu”dan Çənlibel mahnısını oxudu və dirijorluq edərək bizi də xor ilə oxumağa məcbur elədi. O, dirijorluq elədikcə, alim yaman paxıllıq çəkirdi. Arvadı gülə-gülə qulağıma dedi: “Özündən betərinə rast gəlib”.

Qərəz nə deyim? Bu adam bizim əlimizə göydən düşmüşdü, məclisimizin bəzəyi idi. Biz bu cür yeni il hədiyyəsi üçün Şahinə təşəkkür elədik. Mən Səlimdən soruşdum:

– Sizin əsil sənətiniz nədir?

– Mən bu tindəki ərzaq mağazasının müdiriyəm, arvadım da təzə univermaqda satıcıdır, – deyə Səlim cavab verdi və vidalaşaraq bizdən ayrıldı.


Mağaza müdiri? Satıcı? Biz bu adları eşitdikcə ağız büzməyə, belə adamlara yuxarıdan baxmağa adət eləmişik. Biz elə bilirdik ki, mağaza müdiri ki oldu, gərək yeyə, başqalarını aldada... İndi Şahinin izahından belə məlum olurdu ki, Səlim iqtisad fakültəsini qurtarıb, bir çöpə belə xəyanıt eləməyən qabaqcıl mağaza müdirlərindən hesab olunur. Hər ikisi – ər də, arvad da – çox mədəni, işgüzar, sevimli adamlardır.

Bəli, bu bizim üçün çox qiymətli yeni il hədiyyəsi oldu.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets