Atalar deyirlər ki, söz vaxtına çəkər. Elə keçən il bu vaxt, bizim məhəllədəki Əhməd evləndi. Əhmədin atası Qənbər kişinin bizim tərəflərdə tanımayan az tapılar. Böyük bir idarənin anbar müdiridir. Evi də düz anbarın yanındadır. Qapıbir qonşudular. Çox rica edirik ki, bu, sizin ağlınıza pis-pis fikirlər gətirməsin, Qənbər kişini hələ bu vaxta kimi əliəyrilikdə tutan olmayıb. Düzdür, bir az qohumbazlığı var, məsələn, oğlu müavinidir, arvadı tədarükçü adı ilə məvacib alır. Ancaq bunların işə heç bir təsiri yoxdur. Anbar düpbədüz, aptek tərəzisi kimi işləyir. Söhbət bunda deyil, söhbət Əhmədin toyundadır. Bir toy oldu ki, gəl görəsən. Zurna çalan kim, şabaş yığan kim, tar dəstəsi gətirən kim, müxtəsər, Əhməd gözəl qız aldığına o qədər sevinmişdi ki, qırx gün, qırx gecə toy çalsaydı yenə ürəyi soyumazdı.

Əhmədin öz savadı yediillikdən yuxarı deyildisə də, qız ali məktəbdə oxuyur, adı Ceyrandır. Həqiqətən adına layiq qızdır... Yeriyəndə min can alır, danışanda elə bil bülbül oxuyur, güləndə ətrafa sanki gül səpələnir. Qərəz, toyda oturanlara elə gəlirdi ki, Ceyran nağıl kitablarının səhifələrindən çıxıb bir baş bu toya gəlib.

Əhməd yerə-göyə sığmırdı. “Orda oturma, burda otur, orda dayanma, burda dayan, çiyninə şal gətirin, ikitərəfli küləkdən qıza soyuq dəyər, bir az kənarda oturun, qıza istidir. Ceyran, qadası, bircə tikə çörək ye! Ceyran, sən Əhmədin canı, yarımca stəkan çay iç...”

Əhməd bu cür sözlər deyə-deyə sevgilisinin başına fırfıra kimi fırlanırdı. Özü də elə gərgin döyüş vəziyyətində idi ki, guya bu saat onun Ceyranına haradansa hücum gözlənilir və o da bu yolda özünü ölümə verməyə hazırdır. Xanəndə bütün gecəni Ceyran haqqında mahnı oxudu. Hətta, məşhur “Kəklik” mahnısını da dəyişib bu cür oxudu:

Sürmə qaşda nə gəzər,
Ceyran daşda nə gəzər,
Belə yarı olanın,
Ağlı başda nə gəzər.

Ceyran stolun başında Əhmədlə yanaşı oturmuşdu. İpək kimi yumşaq, burma-burma saçları çiyinlərinə tökülür, onu daha da gözəlləşdirirdi. Çöldə dekabr küləyi vıy-vıy vıyıldayırdısa da, ev isti idi. Ceyran bəzən üzünü ağ kalağayısı ilə yelləmək istəyirdi. Əhməd cəld atılıb onu yelpikləyir və qızın əlinin də tərpənməsinə razı olmurdu. Qonaqlardan birinə duz lazım oldu. Ceyran qabağındakı duz qabını ona uzatmaq istədi. Əhməd hirsindən qıpqırmızı qızardı. Duzqabını özü aparıb qonağın qabağına qoydu və Ceyranın qulağına pıçıldadı:

– Sən niyə ağır duzqabını qaldırırsan? Qoy özü götürsün.

Müxtəsər, toy qiyamət toy idi, hamı sevinirdi, hamı ura deyib qışqırırdı. Cavanlar öz aralarında pıçıldaşırdılar: “Əhməd çox gözəl bir Ceyran ovlayıb, mahir ovçu imiş!”.


İndi bu toydan xeyli vaxt keçib. İki ay qabaq onların evlərinin qabağından keçirdim. Gördüm Qənbər kişi qapılarının yanında dayanıb dəmi çəkir, dəmi çəkənlərdə bir xasiyyət var, heç vaxt ciblərində spiçka olmaz, odur ki, mən spiçka vermək üçün bir az əylənməli oldum.

Evin qabağında böyük bir yük maşını durmuşdu. Maşının üstündə dayanmış Əhməd mənə baxıb gülümsündü. Onun gözəl kostyumu, kəpənəkli qalstuku və qazan papağına oxşayan dama-dama şapkası var idi. Bir az mənasız yerə bir-birimizə baxıb irişdik, sonra Əhməd bu məşğələdən darıxıb üzünü evə sarı çevirdi:

– Ay uşaq, nə oldu, gecikirik!.. – deyə çağırdı. Küçə qapısı açıldı, bir qadın çiynində böyük bir kisə ağır addımlarla gəlib, maşının yanında dayandı. Əhməd bir az əyildi ki, kisəni qaldırsın. Gördü əli çatmır, bərkdən dedi:

– Bir az çiynini qaldırsan olmaz?

Qadın barmaqları üstünə qalxıb kisəni bir təhər maşının içinə qoydu. Geri dönəndə mən onu tanıdım. O, Ceyran idi. Onun əynində köhnə paltar var idi. Saçları üz-gözünə tökülmüşdü. Mən təəccüblə soruşdum:

– Bu təzə gəlin deyil?

Qənbər kişi fəxr ilə gülümsünüb dedi:

– Özüdür ki, var. Anbarımda yükdaşıyan vəzifəsinə təyin eləmişəm. Od parçasıdır, iki gün qabaq xəstəxanadan gəlib.

– Necə məgər? Xəstə idi?

– Yox... Nəvəm olub... Oğlandır...

Bu söhbət zamanı Ceyran yenə böyük bir kisə gətirib maşının içinə qoydu. Geri dönüb çox ağır və dolu kisə ilə qayıtdı. Kisənin ağırlığı altında onun beli ikiqat olmuşdu. Yarı yolda Ceyran ağırlığa davam gətirmədi. Kisə diyirlənib yerə düşdü, ha istədi çiyninə qaldırsın, gücü çatmadı. Biz üç kişi dayanıb bu hadisəyə tamaşa edirdik. Ceyran qantər içində ağır nəfəs alır və çalışırdı ki, kisəni qucağına götürsün, bacarmırdı. Axırı yerlə sürüməyə məcbur oldu. Bu zaman Qənbər kişi qaşlarını çatıb bərkdən qışqırdı:

– Ay bala, nə eləyirsən, kisə yırtılar!

Ceyran maşının yanında güclə kisəni qaldırdı. Əhməd “Kostyumu bulaşmasın” deyə bir az kənarda dayanıb barmağının ucu ilə kömək elədi. Qənbər kişi mənə sarı dönüb dərin bir məna ilə dedi:

– Kisənin içindəki undur, un ağır olan şeydir.

Bu zaman içəridən bir qadın səsi eşidildi:

– Ay gəlin, boyuna qurban olum, gəl uşaq ağlayır.

Əhməd Ceyrandan əvvəl cavab verdi:

– Ay ana, əlində işi var, çaydan-zaddan ver, səsini kəssin.

Qənbər kişi gülümsünərək mənim qulağıma pıçıldadı:

– Arvadım gəlinini yaman çox istəyir. Ən acı sözü “boyuna qurban olum”dur.

Nəhayət maşın doldu. Əhməd tayaların üstünə qəzet salıb səliqə ilə əyləşdi. Qənbər kişi mənimlə görüşüb şoferin yanında oturdu.

Ceyran lap yavaşdan dedi:

Bəs evdə pul qoymursunuz?

Bu sözü Qənbər kişinin qulağı aldı. Başını kabinədən çıxarıb dedi:

Üç-dörd gün də birtəhər dolanın. Toyunuzun borcunu hələ verib qurtarmamışam.

Maşın yola düşdü. Ceyran çox peşman, qəmgin və ümidsiz gözlərlə maşının arxasınca baxıb evə döndü. Mən də bu hadisədən kədərləndim. İstədim papiros yandıram, gördüm spiçkam Qənbər kişidə qalıb.

Yol getdikcə xeyli düşündüm. Xanəndənin sözləri yadıma düşdü.

“Ceyran daşda nə gəzər”.

Görəsən yazıq Ceyranı kim ürküdüb bu daşlığa salıb?!.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Ərəboğlu

1922-ci ilin yay aylarından biri idi. Maarif Komissarlığı tərəfindən qastrola göndərilmiş teatr truppası xüsusi təsdiq olunmuş marşrutla rayonları və kəndləri dolaşır, tamaşalar verirdi. Bu tamaşaları təşkil eləmək çox çətin idi. Əvvəla ona görə ki, nəqliyyat vasitəsi yox idi, aktyorlar bəzən otuz-qırx kilometr yolu piyada getməli olurdular. Sonra günlərlə oturub dekorasiyanı gözləyirdilər. Dekorasiya araba ilə daşınırdı. Rayonların bir çoxunda, xüsusən kəndlərdə bina yox idi, çox vaxt açıq havada oynamalı olurdular. Bütün bu əziyyətlərə baxmayaraq truppada böyük həvəs və ruh yüksəkliyi vardı, çünki onları hər yerdə əziz qonaq kimi qarşılayırdılar. Teatra o qədər maraq vardı ki, bilet üstə, yer üstə dava-dalaş düşməsin deyə, milisə müraciət etməli olurdular.Nəhayət, aranda işlərini qurtarıb dağ rayonlarından birinə getməli oldular. Dekorasiyaları iki arabaya yükləyib axşamdan göndərdilər. Səhər tezdən aktyorlar iki faytona doluşub yola düşdülər. Bütün yolu, oxudular, çaldılar, deyib-güldülər, rayon mərkəzinə çatanda elə bir hadisə baş verdi ki, qorxudan bilmədilər neyləsinlər. Faytonların hər tərəfini silahlı adamlar bürüdü. Onları tüfəng qabağında revkomun binasına apardılar, artist olduqlarını yəqin elədikdən sonra buraxdılar. Üzlərinə baxan, sözlərinə qulaq asan olmadı. Gecələmək üçün yer belə çox çətinliklə düzəltdilər.

196311 min
At

Kislovodskda istirahət edirdik. Çkalov küçəsində, mərhum İsmayıl Hidayətzadə ilə qonşuluqda mənzil tutmuşduq. Bizim opera teatrımız bura qastrola gəlmişdi. İsmayıl bu teatrın həm direktoru, həm də baş rejissoru olduğu üçün bütün günləri işləyirdi, ancaq hərdən (teatrın istirahət günlərində) onların səfalı həyətində oturub söhbət edirdik. Soltan xanım çox yaxşı çay dəmləyirdi, bizdə armudu stəkanlardan bu çayı içə-içə “mırt vururduq”. İsmayıl məzəli söhbətləri dinləməyi çox sevirdi. Özü də başına gələn hadisələri, eşitdiyi-bildiyi əhvalatı gülməli şəklə salıb danışmağı bacarırdı.İki-üç gün ürəkdarıxdırıcı sısqa yağış yağandan sonra nəhayət gün çıxmışdı. Səhər saat on olardı. Mən həyətdə gəzişirdim ki, uzaqdan bir səs eşitdim. Kim isə məni çağırdı. Səs gələn tərəfə getdikdə gördüm ki, İsmayıl öz bağlarından mənə əl eləyir.

19634 min
Əllər

Axşam dedikdə adamın gözünün qabağına gəlir: teatrlar, konsertlər, işıqlı bulvarlar, parklar, dost-aşna ilə söhbət, zarafat... Gündüz əgər işdən bir az yorulubsansa, axşam çıx dəniz kənarına, ya da ki, dağüstü parka. Axşam Bakısının böyük ahənglə vuran nəbzini duyduqdan, gənclərin yarpaqların pıçıltısına qarışan gülüşlərini eşitdikdən, Xəzərin sularında çimən gur işıqlarını gördükdən sonra adamda yorğunluq qalar? Bütün bu gözəlliyi yaradan, həyatımızın hər zaman işıqlı olmasını təşkil edən əməkçi insanların əlidir, quran, yaradan əllər...Mən NEP vaxtında Bakıya gəlmişəm. O zaman şəhər belə deyildi. Böyük küçələrdə az-maz işıq görünürdü, kiçiklərdə isə heç yox idi. Xüsusən yuxarı hissədə axşam zil qaranlıq demək idi. Qaranlıq olan kimi o zamankı qarışıq cəmiyyətin bütün xıltı üzə çıxırdı.

19637 min
Qanlı məktub

Əlihüseyn dəm üstündə idi. Günortadan bala-bala vurmağa başlamışdılar. İndi məclisin əsil qaymaq vaxtında durub getməli idi. Çünki bir saatdan sonra tamaşa başlayacaqdı. Əlihüseynin bu günkü rolunun cəmi üç cümləsi vardı: birinci pərdədə deyirdi: “Bəli, cənab”, ikinci pərdədə deyirdi: “Xeyr, cənab”, üçüncü pərdədə deyirdi: “Baş üstə, cənab!” – vəssalam. Əlihüseyn iyirmi ildir teatrda bu cür rollar oynayırdı, yaratdığı obrazların hamısı yumurta kimi bir-birinə oxşayırdı. “Yaratdığı obraz” deyəndə bir az yekə düşür, çünki Əlihüseyn heç nə yaratmırdı. Tamaşadan-tamaşaya yalnız paltarla qrimini dəyişirdi. Bəzən rejissor teatrda olmayanda heç qrim də eləmirdi. Vəziyyətindən son dərəcə razı idi. Əziyyətsiz, zəhmətsiz hər ay maaşını alıb qoyurdu cibinə.İndi, bu saat onun teatra getməyə heç həvəsi yox idi. Müftə bir məclis əlinə düşmüşdü. Bayaqdan üç dəfə Əlihüseynin sağlığına içmişdilər. Yemək də arası kəsilmədən gəlirdi. Səhnədə bir cənaba “bəli, xeyr, baş üstə” demək üçün bu cür məclisi qoyub getmək axmaqlıq olardı. Odur ki, teatrın müdirinə bir məktub yazıb, yağlı cümlələrlə oğlunun güya xəstə olduğunu, ona görə də tamaşaya gələ bilməyəcəyini xəbər verdi.

19635 min

Poems by other poets