Üçüncü pərdə
Page 2 of 2 · 50%
Hüseyn
Karl Marks kolxozunun briqadiri?
Səməndərli
Hə. Karl Marks kolxozunun briqadiri. Bir ton taxıl artıq buraxarsan. Qənbərdən...
Hüseyn
Olmaz. Arxayın deyiləm.
Səməndərli
Mən cavabdehəm. Nədən qorxursan? Bir ton taxılın əvəzində sənin yanında bir çamadan qoyacaq. İçində də beş min manat.
Hüseyn
Bu Qənbərin məzənnəsidir?
Səməndərli
Bəs nə qədər, məni də yeməyəcəksən ki?
Hüseyn
Kilosu beş qəpiyə düşür.
Səməndərli
Yaxşı, ey mənfur kölgə. Çamadanın içindəki pullar balaladı, bir min artdı.
Hüseyn
Sərf eləməz.
Səməndərli
Bəsdir, özgə malı deyil ki? Hökumətin taxılıdır. Biz də hökumətin balası. Öz atamızın malını yeyirik.
Hüseyn
Yaxşı. Amma buradan çıxartmağı səndən.
Səməndərli
O hazır. Propusk cibimdə.
Hüseyn
Bəs mən pulları o qıza necə verim?
Səməndərli
Onu da öyrədim? Pulları bükərsən bir boğçaya, aranı xəlvət eləyib qabağında diz çöküb, ədəb ilə təqdim eləyərsən.
Hüseyn
Bir söz deməyim?
Səməndərli
Yox, uzun danışsan, ilişərsən. İkicə kəlmə. Ölüm, ya olum.
Hüseyn
O nə deyən sözdür?
Səməndərli
Onun mənasını sənin dayın da başa düşməz.
Hüseyn
Ölüm... İlişirəm, axı.
Səməndərli
Nağd deyil, ona görə ilişirsən. Əlində pul olandan sonra bülbül kimi danışacaqsan.
Hüseyn
Qənbər gəlir, sən ona əhvalatı danış, mən getdim.
Çıxır. Qənbər içəri girir.
Qənbər
Salam, heç kəs yoxdur ki?
Səməndərli
Heç kəs yoxdur. Danış, görək, nə var? Ürəyim partlayır.
Murad içəri girir. Oturub işləməyə başlayır.
Qənbər
Məhkəmə sədrini pul ilə almaq lazımdır, ayrı heç bir əlacı yoxdur.
Səməndərli
Bu gün təzə xəbər eşitmişəm. Məhkəmə sədrinin bacısı Firuzə xanım Qurbanovun arvadıdır. Qurbanov da vurulub Qumruya, arvadını boşamaq istəyir. Nə deyirsən, mən girələyim onu.
Qənbər
Bacarsan, lap nurələm nur olar. Amma buna mənim tədbirim deyərlər. Pul mütləq lazımdır, özü də çox.
Səməndərli
Pul da düzəlir. Anbar Hüseyni tovlamışam, altı verib ondan bir ton götürərsən, hə necədi, əridə bilərsən?
Qənbər
Göydə, bir ton bir ətək pul eləyər. Taxıl bu saat fır-fır fırıldayır. Oldu.
Səməndərli
Oldu. Böyük adamsan, ulu Hürmüzdə and içirəm ki, böyük vücudsan.
Qənbər
Taxılları nə vaxt aparıram?
Səməndərli
Günü sabah. Arabaları götür gəl, doldur sür bazara, vəssalam, di gəl gedək, ey mənim istinadgahım!
Çıxırlar.
Gülümov içəri girir. Stolun dalına keçib işləməyə başlayır.
Qurbanov (yarıkefli içəri girir)
Gülümov, afərin, yenə işləyirsən? İşlə, işlə, material verənlərin qabağına gərək qoz qoyaq.
Gülümov
Canımızı qoymuşuq, yoldaş Qurbanov! Siz rəhbər olan idarədə mən özümü ölümə verərəm.
Qurbanov
Sağ ol, sağ ol. Aşnamsan. Amma Gülümov, bu gün yəqin elədim ki, sənin ruhun yoxdur.
Gülümov
Lap mötəbər mənbədən eşitmisiniz, yoldaş Qurbanov?
Qurbanov
Mənimlə mübahisə eləmə, Gülümov, ruhun yoxdur. Ruhun olsaydı, burda oturub çötkə salmazdın. Gələrdin azsovxoztrestin skladına. Görərdin ki, Qurban Qurbanov taxıl tədarükü idarəsinin markasını necə yuxarı qaldırdı.
Gülümov
Xəbərim olmayıb, yoldaş Qurbanov! Üzr istəyirəm.
Qurbanov
İstəmə, verən deyiləm. Qərəz ki, nə uzadım, raykomda qanım qaraldı, durdum birbaş gəldim azsovxoztrestin skladına, gördüm aşnalarımın hamısı buradadırlar. Dörd adam iki şüşəni gücnən içib qurtarıblar. Təkbaşına üç şüşə vurdum, durdum.
Gülümov
Hansından vurdunuz, Qurbanov? Araq, yoxsa pivə?
Qurbanov
Nə pivə? Çıxart siyahıdan, pivəni sərxoşlar içər. Araq eşq atəşidir.
Gülümov
Məsləyimiz bir-birinə düz gəlir. Mənim də ixtisasım araqdır. Şərabla da aram yoxdur.
Qurbanov
Yox, Gülümov. Burda da səhv buraxdım. Şərab bəşəriyyətin zinətidir. Bütün qədim şairlər şərab haqqında ölməz əsərlər yazıblar.
Gülümov
Moddan düşüb. Zəmanəmizin şairləri bir kəlmə də şərabdan yazmırlar.
Qurbanov
Çünki tapmırlar. Şairə şərabı verən kimdir ki, onu hələ təsvir də eləsin. Şərab insanı yüksəldir, bu gün mən hirsimdən üç şüşə şərabı birnəfəsə içdim.
Gülümov
Bəs nə üçün hirsli idiniz?
Qurbanov
Hirsli olmayıb neyləyim? Raykom katibi üzümə vurur ki, idarəndə yeyirlər, dağıdırlar, arvad buradan gəldi, pul buradan getdi. Böhtandır da, böhtan adamı yandırar axı. Amma ürəyim elə yanır ki, elə bil yağsız tavada balıq qızardırlar. Qoy Qumrunu çağırıb bir stəkan su istəyim, bəlkə barışdı. Qumru!
Murad gəlir.
Murad
Buyurun, yoldaş Qurbanov? Məni çağırırsınız?
Qurbanov
Ədə, sənin adın Qumrudur? Sən Qumrusan?
Murad
Bəli.
Qurbanov
Bu nədir, a Gülümov. Üç şüşə mən içmişəm, niyə bu qələti eləmirəm? Heç bu cür arvad olar?
Gülümov
Kardır, yoldaş Qurbanov, dediyinizi eşitmir.
Qurbanov
Əvvəla ona de ki, müharibə vaxtı kar olmaq yaramaz. Tezliklə qulağını açdırsın. Sonra da adam nə qədər kar olsa, yenə də arvadla kişinin arasındakı fərqi başa düşər. Qumru!
Murad
Buyurun, yoldaş Qurbanov!
Qurbanov
Əstəğfürullah... Xərcim batmadı? Bir də cavab versə, məni tamam ayıldacaq ha... A Gülümov, mən ölüm, bunu çıxart siyahıdan, qoy işimizi görək.
Gülümov
Murad! Get işini gör, yoldaş Qurbanov səninlə deyil?
Murad
Siyahı? Baş üstə, bu saat gətirərəm.
Çıxır.
Qurbanov
Nəyi gətirir? Hara getdi?
Gülümov
Yəqin o elə başa düşdü ki, kağızlara qol çəkmək istəyirsiniz. Gətirməkçün getdi.
Qurbanov
Ay canım, indi mənim kağızlara qol çəkməli vaxtım deyil, xərcim batmadı? Yox, ayıldım. Onu qoyma kağız-kuğazları dartıb gətirsin.
Gülümov
Eybi yoxdur, vaxt tapıb qol çəkərsiniz. On-on beş gündür gecikir.
Qurbanov
Yox, kağızları görən kimi ayılacağam, get onu qoyma.
Gülümov
Baş üstə! (Çıxır)
Qurbanov
Ürək yanğısından ölürəm. Bu Qumru harada qaldı? Qumru!
Firuzə öz evlərindən çıxır.
Firuzə
Nə var? Nə səsini başına salmısan? Zəhrimar!..
Qurbanov
Ağzın şirin olsun.
Firuzə
Hələ sənin ağzını şirin eləyəcəyəm. Onda görərsən. Bu saat raykomu ispalkoma, ispalkomu raykoma qatmışam. Başın qatışıb arvadlara, kül başına, qulağının dibində dünyanı sökürlər, xəbərin yoxdur. Vallah, səni ittifaqda biabır eləyəcəyəm.
Qurbanov
Qulluq işinə qarışma, Firuzə, min kərə sənə demişəm.
Səməndərli içəri girir.
Firuzə
Kəs! Yoxsa, şapalağın birini də yemək istəyirsən?
Səməndərli
Aha, su və şlanq lazımdır. Yanğın qoxusu gəlir.
Qurbanov
Ay Səməndərli, yanan mənim ürəyimdir. Bu arvad mənim ürəyimi yandırdı.
Səməndərli
Səhv eləyirsiniz, müdir, Firuzə xanım kimi qadın dünyada təkdir.
Firuzə
O nə qanır, onun kişi başını yerə soxum.
Qurbanov
Ağzın şirin olsun.
Qumru içəri girir.
Qumru
Utanmayıb hələ məni çağırırsınız da.
Qurbanov
Bu da nə pis vaxtda gəldi.
Firuzə
Ağız ey, nə mənim ərimin başına dolanırsan? Gözümə görünmə, vallah, səni faşist soldatına döndərərəm.
Qumru
Ay ana, mənim sənin ərinlə heç bir işim yoxdur.
Firuzə
Mənə ana deyirsən, ağız? Vaxtında ərə getsəydin, mən boyda qızın vardı. Mənə sataşırsan ay... ay... Yapışın məndən, Səməndərli, yapış məndən.
Səməndərli
Yoldaş müdir, icazə verin arvadınızdan yapışım.
Qurbanov
Yaxşı eşit, Firuş! Mən səninlə yaşamıram və ayrılıram. Yeni həyat başlamaq istəyirəm. Sənin heç bir kəlmə də danışmağa ixtiyarın yoxdur. Sən öl xərcim batmadı?
Firuzə
Qanun var. Məhkəməsiz ayrılmağa ixtiyarın yoxdur.
Qurbanov
O sənin qulluğunda qalsın. Biz ZAQS ilə evlənmişik ki?.. Molla kəbini heçdir. Bizimki qurtardı.
Firuzə
Ay, ay, yapışın məndən.
Səməndərli
Arxayın olun, Firuzə xanım. Mən sizdən bərk yapışmışam, qiyamətə kimi qopmayacağam.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-asnalar-ucuncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
5 pərdə, 8 şəkildə*İştirak edənlər
Birinci pərdəBirinci şəkilUcqar kəndlərdən birində “Şəfəq” kolxozunun idarəsi, böyük səliqəsizlik, köhnə formalı rayon telefonu. Divarda iri xətlə yazılmışdır: “Tənqidi və şəxsi tənqidi yüksəklərə!” Səhnədə Salmanov və Mirzə Hüseyn. Pərdə açıldıqda Kərəmov çöldə kiminləsə danışaraq haray-hurayla içəri girir. Mirzə Hüseyn və Salmanov onu görüb, cəld ayağa qalxırlar. Kərəmov onlara əhəmiyyət vermədən stoluna yaxınlaşır və telefonu götürür.*
İkinci pərdəÜçüncü şəkilBirinci şəklin dekorasiyası. Kamilə makinada yazır. Şeyda stolun üstünə böyük bir kağız açıb divar qəzeti düzəldir. Uzaqdan traktor səsi, kolxozçuların haray-hurayı eşidilir.*
Üçüncü pərdəBeşinci şəkilKolxoz klubunun həyəti. Hər tərəf ağaclıq, otluqdur. Salmanov və Mirzə Hüseyn tribuna düzəltmək üçün stol, skamya gətirirlər, dallarınca Kərəmov çıxır.*