Page 1 of 5

Üçüncü şəkil

Birinci şəklin dekorasiyası. Kamilə makinada yazır. Şeyda stolun üstünə böyük bir kağız açıb divar qəzeti düzəldir. Uzaqdan traktor səsi, kolxozçuların haray-hurayı eşidilir.

Şeyda (yaza-yaza öz-özünə deyir)

Normanı... normanı üç yüz faiz... üç yüz faiz həyata keçirmişdir. Ancaq... rəhbərlik... xüsusən sədr... yaramaz işlədiyindən...

Kamilə (əlini saxlayır)

Yoldaş müəllim, mən bayaqdan rica eləyirəm ki, yazdığınızı ürəyinizdə təkrar eləyin. Mənə mane olursunuz. Belə olmaz. Çaşıb arvad əvəzinə kişi yazdım.

Şeyda

Onun heç fərqi yoxdur. İkisi də eyni hüquqa malikdir. Ancaq, Kamilə can, hirslənməyin, mən istəyirəm, bu nömrədəki məqalələrin hamısı dərin olsun, mənalı olsun. Odur ki, hər cümləni ölçüb-biçməmiş, götür-qoy eləməmiş yazmıram.

Kamilə

Xahiş eləyirəm tez yazıb qurtarın. Bilirsiniz nə qədər işim var?.. Əmim gündə neçə protokol yazdırır, hamısını da gərək mən makinada çap eləyib, işə tikəm.

Şeyda

O protokolların barəsində bizim divar qəzetinə məqalə gəlib, budur, müxbir onların nə qədər mənasız olduğunu qeyd eləyir.

Kamilə

Amma əmim deyir ki, bu protokollar tarix yazanlar üçün lazım olacaq. Çox qiymətli vəsiqələrdir.

Şeyda

Vaxtınızı boş yerə sərf eləməyin, Kamilə can! Ondansa, gəlin mənə kömək eləyin, siz yanımda olanda mən özümü çox yaxşı hiss eləyirəm.

Kamilə

Mane olmayın, işim çoxdur. Bilmirəm niyə o cür geniş məktəb binasını qoyub burada işləyirsiniz?

Şeyda

Çünki bu otaqda məni bir qüvvə özünə cəzb edir.

Kamilə

Müəllimə yaraşmayan sözlər danışırsınız.

Şeyda

Niyə? Müəllimin qəlbi yoxdur, sevə bilməz? Bilirsiniz nə var? Kamilə, “mus-mus” deyincə birkərəlik Mustafa deyək, qurtarıb getsin. Açıq deyəcəyəm. Mən sizi sevirəm.

Kamilə (hirslə ayağa qalxır)

Şeyda, kifayətdir. Bu dərəcədə təhqir olmaz.

Şeyda

Niyə?.. Sevmək təhqirdir? Əgər sevgi təhqir olsaydı, onda gərək Leyli Məcnunu məhkəməyə verəydi.

Kamilə

Nə mən Leyliyəm, nə də siz Məcnun.

Şeyda

Daha yaxşı, mənim işim asanlaşır. İbn-Səlam yoxdur ki, qabağına Nofəli çıxardım. Kərəmov artıq-əskik danışar, göz açıb yumunca sizi qoltuğuma vurub ilim-ilim itərəm.

Kamilə (gülür)

Bəlkə mən özüm razı olmadım, onda necə?

Şeyda

Onda mən məsələni qoyaram kolxozun ümumi iclasına, sübut eləyərəm ki, Kamilə xanım öz hərəkətləri ilə məktəbdə dərslərin normal getməsinə mane olur.

Kamilə

Yaxşısı budur, gedim. Məni işləməyə qoymayacaqsınız...

Şeyda

Dayanın. Qulaq asın, görün, sizin üçün necə şeir yazmışam. (Oxuyur)

Ey sevgilim, dinlə ah-naləmi,
Mən sizə lap can-dildən məftunam.
Eşqdən yanıram pərvanə kimi,
Qəribəm, Kərəməm, paçti Məcnunam.

Kamilə (gülür)

Siz nə vaxt mənə ciddi bir şeir oxuyacaqsınız?

Şeyda

Siz mənə ciddi cavab verəndə. Belə yaramaz, Kamilə. Mən sevgi haqqında danışmaqdan da, şeir yazmaqdan da yorulmuşam. Ancaq sizdən qəti cavab ala bilmirəm ki, bilmirəm. (Ona yaxınlaşmaq istəyir)

Kamilə

Şeyda, məndən uzaqlaşın, özünüz bilirsiniz ki, əmim sizinlə danışmağıma razı deyil. Gəlib görsə, o qədər danlar ki...

Şeyda

Danlasın, ondan qorxan yoxdur ki, Kamilə, icazə verin qulağınıza iki kəlmə söz deyim...

Kamilə

Şeyda yaxın gəlməyin...

Gülərək stolun ətrafına hərlənirlər. Bu anda Mirzə Hüseyn içəri girir. Kamilə utanıb çıxır.

Mirzə Hüseyn

Mübarək olsun, yoldaş müəllim!

Şeyda

Mirzə Hüseyn, sən ki, əməkgünləri yazmağa getmişdin, bəs niyə belə tez qayıtdın?

Mirzə Hüseyn

Min dəfə üzr istəyirəm, tez qayıtdım və özüm də bilirəm ki, yaxşı iş görmədim. Rəhmətliyin balası, belə işin olanda papaq elə, biz də bilək ki, semafor bağlıdır. Yoxsa, mən nə bilim, sənin içəridə leksiyan var?

Şeyda

Mirzə Hüseyn, bu nə cür danışıqdır? Mənə böhtan atırsan, nədir?

Mirzə Hüseyn

Xeyr, mənim sizə yerdən göyə qədər hörmətim var. Bir də, oğul, sən gərək məndən çəkinməyəsən. Mən rindəm, mən gövhərin qədrini bilənlərdənəm. Deyir, qədri-zər zərgərşünasəd, qədri gövhər gövhəri.

Şeyda

Necə? Necə?

Mirzə Hüseyn

Bəs... qədri-zər zərgərşünasəd, qədri gövhər gövhəri.

Şeyda

Sən bunu haradan bilirsən, ey zinanın cövhəri! Bağışla ha, Mirzə Hüseyn, şairin ki, təbi gəldi, gərək desin, incimə... Kolxozda nə yenilik var?

Mirzə Hüseyn

Yeniliklərin hamısı köhnəlib, təzəsi çıxmayıb.

Şeyda

Sən özün də köhnəlmisən. Sağ ol, mən bir az tələsirəm.

Şeyda gedir. Mirzə Hüseyn onun arxasınca diqqətlə baxır, sonra narazı halda öz stoluna yaxınlaşır. Salmanov içəri girir.

Salmanov

Təksən? Dərə xəlvət – tülkü bəy.

Mirzə Hüseyn

Təzə xəbər.

Salmanov

Cırmaxla görüm.

Mirzə Hüseyn

Müəllim, Kərəmovun qardaşı qızı Kamiləni öpəndə üstünə gəlib çıxdım.

Salmanov

Mən ölüm ha?..

Mirzə Hüseyn

Canım üçün, canın üçün.

Salmanov

Hə, işimiz var ki...

Mirzə Hüseyn

İş demisən qalıb? Bütün işlərin başlanğıcı busə vasitəsilə olur, öpüş sevginin açarıdır.

Salmanov

Bəs yaxşı, qız hardadır, hara getdi?

Mirzə Hüseyn

Mən içəri girən kimi çıxdı.

Salmanov

Ay gözünə dönüm, sərf eləməyib ha... Yaxşı, mən bu əhvalatı Kərəmova xəbər verim ki, məlumatsız qalmasın.

Mirzə Hüseyn

Əlbəttə, səy eləmək lazımdır.

Salmanov

Bəs, sən necə? Səy eləmisən?

Mirzə Hüseyn

Bir Kərəmovun qol çəkməyi qalıb. Beş yüz manat dəmirçi Musaya pul yazmışam.

Salmanov

Halal xoşu olsun.

Mirzə Hüseyn

Haqq-hesab görüləndən sonra beş yüzün sol böyrünə yapışdırarıq bir dənə 2 rəqəmi.

Salmanov

Qolun qüvvətli olsun.

Mirzə Hüseyn

Bu eləyəcək iki min beş yüz. Beş yüzü dəmirçi Musaya çatanda, iki mini də mən fəqir ilə sən zavallıya yetişər.

Salmanov

Xətrin xoş olsun.

Mirzə Hüseyn

Səs gəlir, deyəsən, Kərəmovdur.

Kərəmov içəri girib portfelini stolun üstünə atır.

Kərəmov

Salmanov, götür telefonu, məni rayon icraiyyə komitəsi ilə calaşdır. İşlər yenə düz getmir.

Salmanov cəld telefonu götürür.

Mirzə Hüseyn

Yoldaş Kərəmov, bu bir neçə vərəqə imza atın.

Kərəmov

Mirzə Hüseyn, şəhərə gedəndə mənim qolumun bir peçatını qayırtdır, lazım olanda özün bas. Yoruluram qol çəkməkdən. (İmza atır)

Salmanov

Yoldaş Kərəmov, rayon cavab vermir.

Kərəmov

Ay barışna, barışna... Salmanov, indi ki, telefon sözümüzə baxmır, onda götür təliqə yaz, surəti rayon kənd təsərrüfatı şöbəsinə.

Salmanov

Əsli hara?

Kərəmov

Əslini özün bilirsən, rayon icraiyyə komitəsinə. Son dərəcə təcili, yaz! “Şəfəq” kolxozunun plan tərəfdən geridə qalmasının və irəliyə atılan böyük addımların bir azca ləngidilməsinin səbəbi... Yazdın?

Salmanov

Xeyr, yoldaş Kərəmov, hələ ruçkanı tapmamışam.

Kərəmov

Eh, Salmanov, sənin də yaxşı başın var, amma axmaq adama rast gəlib.

Mirzə Hüseyn

Taxıllar daşındı, yoldaş Kərəmov?

Kərəmov

Daşındı, ya daşınmadı, nə fərqi var? Vaxtında ki, raport göndərə bilməyəcəyəm. Bilmirəm ayrı kolxoz sədrləri neyləyirlər ki, planı yüz faiz yerinə yetirirlər. Özü də vaxtından qabaq. Çığır-bağırdır – məndən çox salan yoxdur. Ağıldır – məndə, gücdür – məndə. Bəs, niyə bu plan dönüb xərçəngə, elə hey günü-gündən geri gedir? Başım çıxmır.

Mirzə Hüseyn

Ürəkyandıran köməkçiləriniz yoxdur. Bu kağıza da qol çəkin.

Kərəmov oxumayıb qol çəkir.

Kərəmov

Kamilə mənim əmrimi çap elədi?

Salmanov

Yaxşı bilmirəm. Mən gördüm ki, müəllimlə...

Kərəmov

Müəllimlə nə? Mızıldama, sözünü bütöv de!..

Mirzə Hüseyn

Mən indicə bu otağa gələndə gördüm ki, Kamilə müəllimlə şirin söhbət eləyir. Əllərində də divar qəzeti.

Kərəmov

Divar qəzeti? Mənim kabinetimdə divar qəzeti?

Mirzə Hüseyn

Bəli, məqalələrini də makinada sizin qardaşınız qızı yazır.

Kərəmov

Salmanov, Kamiləni tez bura çağır!

Salmanov çıxır.

Mirzə Hüseyn

Yoldaş Kərəmov, eşitdiyimə görə, müəllim sizin haqqınızda mərkəzi qəzetə böyük bir məqalə hazırlayıb.

Kərəmov

Hazırlasın, mənim adımı ki, gördülər, çap eləməyəcəklər. Yoldaş Kərəmovu hamı tanıyır. Ancaq tanımayıb çap eləsələr ha, sən öl, bir qiyamət qopardaram ki, mərkəzdən gəlib tamaşa eləyərlər.

Salmanov və Kamilə içəri girirlər.

Hə, yaxın gəl görüm, mənim əmrimi yazdın!

Kamilə

Bəli, yazmışam, yoldaş Kərəmov!

Kərəmov

Gətir, baxım. Müəllimlə bu gün nə barədə gizli danışırdınız?

Kamilə

Bizim söhbətimiz gizli deyildi.

Kərəmov

Uzatma, yəqin gizlindən gəlib mənim idarəmin sirlərini səndən öyrənirmiş. Ancaq onu da bilsin ki, pedaqoq-medaqoq mənim qabağımda davam gətirə bilməz.

Kamilə kağızları gətirib Kərəmovun stolunun üstünə qoyur.

Kamilə

Bir sözünüz varmı?

Kərəmov

Yox, gedə bilərsən. Dayan! Katibimlə buxalterimi evə qonaq gətirəcəyəm, bozbaşdan-zaddan bişir. (Əli ilə Mirzə Hüseynlə Salmanovu göstərir)

Mirzə Hüseyn

Noxudunu bir az çox elə.

Kamilə cavab vermməyib çıxır. Kərəmov kağızlara bir-bir qol çəkir, yerə atır. Salmanov onları yerdən yığışdırır.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets