Page 3 of 5 · 40%

Dördüncü şəkil

Çöldə bir meydança. Bir tərəfdə dəyə, dəyənin qabağında çayçı. Uzaqdan dağlar və ilan kimi qıvrılıb gedən çay görünür. Salmanov çay içir. Mirzə Hüseyn tələsik içəri girir.

Salmanov

Di gəl çıx da, ürəyim partladı axı, danış!

Mirzə Hüseyn

Çayçını yola sal.

Salmanov (çayçını səsləyir)

Ququş, qadan alım, gəl pulunu al! (Çayçı pulu alıb gedir) Hə, nə oldu?

Mirzə Hüseyn

Üstümdə bir qəpik də qalmadı. Üzülüşüb gedirdilər ki, Kərəmov işi korladı.

Salmanov

Necə korladı?

Mirzə Hüseyn

Çığır-bağır salmağa başladı ki, iki min beş yüz manata araba təkəri qayırmazlar. Mən də dedim, yoldaş Kərəmov, özünüz qol çəkmisiniz. Gözünü döyə-döyə qaldı. Deyir, dəmirçi Musa məni aldadıb, onu məhkəməyə verəcəyəm.

Salmanov

O pis oldu. Musa məhkəmədə üstünü açacaq.

Mirzə Hüseyn

Allah vurmuşdu. Onun sözünə inanan kimdir? Əlimizdə sçot var.

Salmanov

Sçotu özün yazmısan?

Mirzə Hüseyn

Özüm. Daşdan keçər.

Salmanov

Yeni əlifba ilə?

Mirzə Hüseyn

Bəs necə? Köhnə ilə imza qəbul eləməyə ixtiyarım yoxdur.

Salmanov

Elə burada korlamısan. Musa yeni ilə bir hərf də yaza bilmir.

Mirzə Hüseyn

Başa düşən olmaz, qorxma, Musa kursa yazılıbdır. Məsələnin üstü açılınca savadlanar.

Salmanov

Qəzetdə bir yandan işləri korladı. Gedək onun yanına, bir az tərifləyək.

Mirzə Hüseyn

Düzdür, tərif ona tiryək kimi təsir edir.

Getmək istəyirlər, Salmanov tez geri dönür.

Salmanov

Bu yoldan gəl. Hamının məndən zəhləsi getsə, mənim də bu müəllimdən zəhləm gedir.

Mirzə Hüseyn

Şeyda bu tərəfə gəlir? Düzdür, yolu dəyişsək yaxşıdır.

Çıxırlar. Şeyda və Kamilə içəri girirlər.

Şeyda

Bircə dəqiqəliyə mənə qulaq as, əgər xoşun gəlməsə, heç bir kəlmə də oxumaram.

Kamilə

Yox, istəmirəm. Keçən dəfə oxuduğunuz şeirdən mən hələ özümə gəlməmişəm. Qəribəm, Kərəməm, paçti Məcnunam, ha, ha, ha... Elə də şeir olar? Siz sevgidən, gözəl mənzərələrdən yazın. Onda qulaq asaram.

Şeyda

Ay qız, bu oxumaq istədiyim, şeir deyil.

Kamilə

Bəs nədir?

Şeyda

Məqalə. Sizin əminiz haqqında.

Kamilə

Məqalə? Göstərin görək... (Qəzeti açıb baxır) Sən yazmısan? Eh, səhv elədim, siz yazmısınız?

Şeyda

Siz yox, sən. (Əlindən tutur)

Kamilə

Şeyda, əlimi buraxın.

Şeyda

Mənə siz əvəzinə sən deməsən buraxmayacağam.

Kamilə

Yaxşı... burax, qoy qəzeti oxuyum.

Baş-başa verib oxuyurlar.

Şeyda

Bax, burasını, axırını diqqətlə oxu!

Kamilə (oxuduqdan sonra)

Sən neyləmisən, Şeyda? Bu məqalədən sonra əmim səni öldürəcək.

Şeyda

Əgər sən məni sevmirsənsə, qoy öldürsün.

Kamilə

Bu saat o söhbətin yeri deyil.

Şeyda

Kamilə! Əminlə bizim aramızda böyük mübarizə başlayacaq, heç olmasa, sən axır sözünü de, məni sevirsən, ya yox?

Kamilə

Şeyda! Hər sözü açıb deməzlər, axı. Özün başa düşmürsən?

Şeyda

Kamilə can...

Şeyda sevincək ona yaxınlaşır. Bu halda kolxozçular: Mehralı, Şirəli, Təmraz, İbrahim kişi və qeyriləri içəri girirlər. Kamilə utanıb çıxır.

Mehralı

Salam, Şeyda müəllim, deyirlər, bu gün qiyamət eləmisən. (Çayçıya) Beş stəkan məxməri çay ver, Ququş! Qırağında ləb yeri də olsun...

Hamısı oturur.

Şeyda (onlarla görüşür)

Mehralı dayı çay içməkdə də rekord vurmaq istəyir.

Şirəli

Müəllim, qəzet yanındadırsa ver, baxaq.

Mehralı

Ay müəllim, gəl lap mənim yanımda əyləş, yumşaq yerdə... A Ququş, müəllimə bir samovar çayı.

İbrahim kişi

Sənin o qələminin şiş ucuna mən qurban.

Təmraz

Nə olubdur ki? Dünən imtahanı verdik qurtardı, bu gün müəllimə təzədən nə hörmətdir?

Mehralı

Ay Təmraz, sən bilməyən işlər dünyada çoxdur. Müəllim qaz vurub, qazan doldurub.

Şeyda

Ay Mehralı dayı, o qədər də küyləmə. Mən nə böyük iş görmüşəm ki?

Mehralı

Daha neyləyəcəksən? Deyirlər, kişinin eni ilə uzununu barabarlaşdırmısan. Hələ bundan artıq da bir iş görmək istəyirdin? Oxu görək.

Şeyda

Mən sizə hamısını oxumayacağam. Təkcə Kərəmov haqqında yazılmış yerləri oxuyum, qulaq asın.

Mehralı

Oxu, nəfəsinə qurban, oxu...

Şeyda (oxuyur)

Kərəmov, kolxozun adından istifadə edərək hər zaman öz mənfəətlərini irəli sürür, qolçomaq quyruqlarını, oğruları müdafiə edir. Qərəz hamısını oxumuram. Nəticəsi budur: Kərəmov kolxoza mane olur. O, iş başından götürülməsə, “Şəfəq” kolxozu irəliyə gedə bilməyəcək.

Şirəli

Sağ ol, bala. Hamımızın ürəyindən tikan çıxartmısan.

Təmraz

Mənim bu əhvalatdan heç xəbərim olmayıb. Muştuluq istəsəydiniz, verərdim.

İbrahim kişi

Gərək, Mehralı, elə günü bu gün işə əncam çəkək.

Mehralı

Məqaləni iclasda müzakirə eləmək lazımdır.

Məmmədəli içəri girir.

Məmmədəli

Salam, yoldaşlar.

İbrahim kişi

Ay, əleykə... Gəl otur, ağzımız dada gəlsin.

Şirəli (stəkanı yanı üstə qoyur)

Durun, yavaş-yavaş gedək.

Mehralı

Hara gedirik? Məmmədəli bir-iki ağız deməsə, mən heç ayağa qalxa bilmərəm. O nə idi, ay Məmmədəli, o gün deyirdin: qənim olsun, məskənim olsun...

Məmmədəli

Canım üçün, Mehralı dayı, heç kefim yoxdur. Soyuq dəyib, matoru xarab olmuş maşın kimi boğazım tır-tır tırıldayır.

İbrahim kişi

Qəbulumuzdur, oxu.

Mehralı

Yenə, necə olsa, ət suyudur. Deyir, qatıq tökülsə, yeri qalar, ayran tökülsə nəyi qalar? Oxu görək.

Məmmədəli

Səsimin yaxşı vaxtında dağa-daşa oxuyuram, qulaq asan olmur, pis vaxtında siz tutursunuz yaxamdan. (Oxuyur)

Yarım səri-kuyində təki məskənim olsun...
Cənnət adı çəksəm, mənə tanrım qənim olsun.

Mehralı

Qənim olsun, bala, qənim olsun.

Məmmədəli oxuyub qurtarır, hamı əl çalır.

Məmmədəli

Bugünlük bəsdir.

Mehralı

Çox sağ ol. Ruhumuzu şad elədin. (Çayçıya) Ay Ququş, gəl çayların pulunu al!

Təmraz

Mehralı, sən zəhmət çəkmə, məndə xırda var.

Mehralı

Xeyr, bu il çay mənim hesabımadır. (Pulları verir) Gəlin bir gedək, camaatla da məsləhətləşək. Müəllim, sən də gəl. Sən bugünün qəhrəmanısan.

Çıxırlar. Kamilə və Ziynət içəri girir.

Kamilə

Ziynət, bacım, səni təcili qucaqlamaq istəyirəm.

Ziynət

Nə olub, niyə belə həyəcanlısan?

Kamilə

Of, ürəyim tıp-tıp tıppıldayır.

Ziynət

Ay qız, bir dayan, açıq danış!

Kamilə

O mənə dedi ki, səni sevirəm.

Ziynət

Kim?

Kamilə

Müəllim.

Ziynət

Nə olar deyəndə? Müəllim öz tələbəsini sevməlidir.

Kamilə

Yox, Ziynət, o dedi ki, məni bir sevgili kimi sevir, mənsiz bir dəqiqə yaşaya bilmir. Amma mən qaya kimi dinməz dayandım. Əvvəlcə bir kəlmə cavab vermədim, sonra...

Ziynət

Sonra nə oldu?

Kamilə

Sonra daha davam gətirə bilmədim. Mən də ürəyimi açdım... Ziynət, gəl səni qucaqlayım.

Ziynət

Qoy mən səni qucaqlayım... Xoşbəxtsən!

Kamilə

Amma dərd məni götürüb, Ziynət, bu gün qəribə bir gündür, həm şadam, həm də peşman. Bu gün həm biz sevgimizi bir-birimizə açmışıq, həm də qəzetdə Şeydanın məqaləsi çıxıb. Heç əmim bizim toyumuza icazə verər?

Ziynət

İcazəsiz gedərsən.

Kamilə

Yox, əmimi incitmək istəmirəm. Nə qədər acıdil, kobud da olsa, yenə də mənə atalıq eləyib.

Surxay içəri girir.

Surxay

Yenə göyərçinlər kimi nə baş-başa vermisiniz?

Ziynət

Surxay, mən səni axtarırdım, yaxşı ki, özün gəldin.

Surxay

Axtarsaydın, tapardın. Mən bu cavan ömrümü sənin dalınca gəzməyə sərf eləmişəm. Kamilə ilə Şeydadan ibrət götür, bir dəqiqə bir-birilərindən ayrılmırlar.

Kamilə

Heç yox... Mən neçə gündür Şeydanın üzünü də görməmişəm.

Surxay

Baho, Kamilə burda imiş ki... Heç xəbərim olmayıb... Bağışlayın, üzr istəyirəm. Neçə gündür, Şeydanın üzünü görməmisiniz?

Kamilə

Nə bilim, neçə gündür. (Ziynətə) Hələ o barədə heç kəsə demək olmaz.

Surxay

Amma Şeyda indicə mənə ayrı sözlər danışdı.

Kamilə

Nə danışdı ki?

Surxay (Ziynətə)

Gör necə qızaracaq... (Kamiləyə) Müəllim birtəhər idi. Baş-ayaq vururdu. Deyirdi, guya, bu gün məsələ həll olunub, bu yaxınlarda toydur, guya, ürəyini açıb sizə deyib, siz də ona müsbət cavab vermisiniz. Bıy, ay Kamilə, niyə belə qızardınız?

Kamilə

Lap rüsvay oldum. (Çıxır)

Ziynət

Həmişə sən bu qızı utandırırsan, Surxay.

Surxay

Bəs biz? Biz nə vaxt bu cür utanacayıq?

Ziynət

Hələ dayan, o söhbətlərin vaxtı deyil.

Surxay

Bəs nə zaman, məni başa sal, görüm, nə zaman danışacayıq? O vaxtlar ikimiz də adi kolxozçu idik, mən bir işarə vurdum, dedin gözlə, vaxtı deyil. Çox gözəl. Sonra olduq manqabaşçısı, yenə dedin gözlə, səbr elədim. İndi briqadirik, yenə gözləyim? Birdən sabah səni götürüb ispalkom elədilər, onda mən neylərəm? Gəlib deyə bilərəm ki, yoldaş ispalkom, səni sevirəm.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets