Page 4 of 5 · 60%

Ziynət

Surxay, boş söhbətlər eləmə, gəl yanımda otur, gör nə deyirəm...

Surxay

Yox... Daha üsyan eləyirəm. Bax, bu ağaclar, otlar, güllər, çiçəklər hamısı mənə deyir ki, nə durmusan, get onun əllərindən tut, “hə” cavabı almayınca, buraxma. (Ziynətin əlindən tutur)

Ziynət (gülür)

Surxay! Ağacların, otların sözünə qulaq asma, burax əlimi...

Kərəmov təcili içəri girir. Onlar ayrılırlar.

Kərəmov

Hanı qəzet?

Surxay

Nə qəzet?

Kərəmov

Hamınızı damlayacağam. Qəzeti mənə tapın. Mirzə Hüseyn, Salmanov! (Çıxır)

Ziynət

Bir çətinliyə düşən kimi o saat əlaltılarını axtarır.

Surxay

Eybi yoxdur. Bizim yoxlamamız onların işlərini alt-üst eləyər.

Ziynət

Məsələ də ondadır ki, alt-üst eləyə bilmədi.

Surxay

Yoxlama qurtardı?

Ziynət

Qurtardı, üstlərində bir qəpik də pul qalmadı.

Surxay

Gör, nə ustadırlar.

Ziynət

Ancaq bir məsələ var. Dəmirçi Musanın təkərlər üçün iki min beş yüz manat pul almasına inanırsan?

Surxay

İnanmıram, Musa kişi o qədər pul almaz.

Ziynət

Məncə, heç bir qəpik də almayıb.

Surxay

Bəs imzası yoxdur.

Ziynət

Var. Ancaq yeni əlifba ilədir. Musa kişi hələ heç bir dəfə də dərsə gəlməyib, yeni əlifbanı da bilmir. Deməli, onun əvəzinə başqası imza atıb. Bilmirəm, həqiqəti necə öyrənək.

Surxay

Musanın özündən soruşmaq lazımdır.

Ziynət

Heç deyərmi?

Surxay

O məndə. Dəmirçi Musa bu saat ən böyük sirlərini mənə deyir. Hələ sən olmasaydın, heç arabalar da işə düşməyəcəkdi.

Ziynət

Doğrudan, Surxay, bu sirri mənə aç, nə üçün dəmirçi Musa məni görəndə bir cür olur.

Surxay

Bir cür yox, çox cür olur.

Ziynət

Mən söz deyən kimi, o saat “baş üstə” deyir. Görəsən, işin içində nə var?

Surxay

İstəyirsən açıb sənə deyim?

Ziynət

Hə, de görüm, nə var?

Surxay

Günlərin bir günündə, dəmirçi Musanın zindanının dibində, axşama iki saat ya qalardı, ya qalmazdı.

Ziynət

Müxtəsər danış.

Surxay

Yaxşı, müxtəsər ki... yazıq kişi aşiq olubdur.

Ziynət

Kimə?

Bayırdan səs gəlir.

Surxay

Zalxa arvaddır. Gəlib yenə tutacaq xirtdəyimdən... Gedək.

Ziynət

Gedərik, sən de görək, dəmirçi Musa kimə aşiq olub?

Surxay

Bilirsən kimə? Haman bu Zalxa arvada.

Ziynət

Nə danışırsan? Bəs yaxşı, Zalxa arvada aşiq olub, mənə niyə hörmət eləyir?

Surxay

Çünki... deyir ki... Zalxa arvada, deyir, təkcə Ziynət təsir eləyə bilər. Zalxa arvadı görən kimi yazıq qaçır, özünü itirir, eşqin şiddətindən dalaşmağa, söyməyə başlayır.

Ziynət

Nə qəribə eşqdir.

Surxay

Bəs necə? Eşq insanı cürbəcür şəklə salır.

Ziynət

Demək, Zalxa arvadın xətrinə mənə hörmət eləyir?

Surxay

Yalnız onun xətrinə. İndi sən gərək o yazığa kömək eləyəsən, Ziynət can!

Ziynət

Necə kömək?

Surxay

Gərək Zalxa arvadı başa salasan.

Ziynət

Mən qorxuram, Surxay, Zalxa arvada o cür söz demək olar?

Surxay

Qorxma, ürəyindən olacaq.

Zalxa içəri girir.

Zalxa

Yenə baş-başa vermisiniz? Bəs deyil? Burada kölgədə oturub, pıçı-pıçı eləməkdənsə, gedin kolxozun işlərini düzəldin. Kərəmov dağıtdı kolxozu. Buna bax, nə mənim üzümə baxır? (Surxayı göstərir)

Surxay

Ay Zalxa xala, mən sizə neyləmişəm?

Zalxa

Neyləmisən? Bundan artıq neyləyəcəksən? O töylənin divarına vurulan siyahıda hanı mənim adım? Sənə demədimmi ki, birinci gərək mənim adımı yazasan?

Surxay

Ay Zalxa xala, o staxanovçu çobanların siyahısıdır. Sən ki, çoban deyilsən.

Zalxa

Hər kiminki olur-olsun, siyahıdır, yoxsa yox? Gərək mən Zalxanın adı başda olsun. Hələ qoy məhsul yığımını qurtaraq, sonra sizinlə danışacağam. Gedirəm Kərəmovu axtarmağa. (Çıxır)

Surxay

Bu Zalxa xaladan yaxşı pulemyotçu çıxar.

Ziynət

Heç onunla sevgi barəsində danışmaq olar? (Getmək istəyir)

Surxay

Onu yalnız sevgi yumşaldar. Dayan, getmə...

Ziynət

Mən getdim, sən qalırsan, qal.

Surxay

Yox-yox... Sənsiz mən burada neyləyəcəyəm?

Çıxırlar. Kərəmov əlində qəzet, Salmanov, Mirzə Hüseyn içəri girirlər.

Kərəmov

Salmanov, görürsənmi? Görürsənmi, Mirzə Hüseyn?

Mirzə Hüseyn

Hələlik bir şey görmürük, yoldaş Kərəmov.

Kərəmov

Mənə toxunublar, Mirzə Hüseyn... (Bir qədər sükutdan sonra) Aslanı yaralayıblar. Aslan yaralananda neyləyər, bilirsənmi, Mirzə Hüseyn?

Mirzə Hüseyn

Bilmirəm, yoldaş Kərəmov. Mən məktəbdə oxuyanda həmişə heyvanat dərsindən zəif qiymət alardım.

Kərəmov

Aslan yaralananda onun qabağında fil də dayana bilməz. Dedim, mənə dəymənin, dəydilər, eybi yoxdur, özləri zərər çəkəcəklər. Bir papaq eləsəm, bütün Bakı bir-birinə dəyər.

Salmanov

Əlbəttə, yoldaş Kərəmov.

Mirzə Hüseyn

Bu işlərin hamısının mayeyi-fəsadı Ziynətdir. Şeydaya məqaləni yazdıran da odur, yoxlamanı təşkil eləyən də. Eşitdiyimə görə, şəhərdə bizim deputatla danışıb.

Kərəmov

Nə olar deputatla danışanda? Deputat kimdir, xalqın nökəri. Deputat gərək gündə iki dəfə mənim kefimi xəbər alsın ki, yoldaş Kərəmov, necəsən? Eh, yanıram, Mirzə Hüseyn, yanıram. Yaxşı, Ziynət, mən mən olum, sən də sən. Aslanı yaralamaq asan məsələ deyil. Yaralı aslanın nərəsinə Ziynət-miynət davam gətirə bilməz. A kişilər, axı, mən bu kənddə qiyamət yaratmışam, qiyamət. Mən nə üçün vuruşmuşam? Mən nə üçün bu kolxozu yaratmışam? Qəzetdə biabır olmaq üçünmü? Salmanov, təcili yaz!

Salmanov

Kağız hazırdır, yoldaş Kərəmov.

Kərəmov

Təcili. Surəti rayon icraiyyə komitəsinə və rayon prokurorluğuna.

Salmanov

Bəs əsli hara?

Kərəmov

Əslini də göndərməyə yer taparıq, son yaz.

Salmanov

Hazır.

Kərəmov

Yaz: mən 1895-ci il rəcəbülmürəccəb ayında bir muzdur ailəsində anadan olmuşam.

Salmanov

Yoldaş Kərəmov, sizin tərcümeyi-halınız məndə çoxdur. Əmr verin, hər idarəyə bir nüsxə göndərim.

Kərəmov

Yox, bu təzə tərcümeyi-haldır. Burada mən hamısını deyəcəyəm. Yaz: altaylığında anam, rəhmətlik Səkinə...

Mirzə Hüseyn

Allah rəhmət eləsin.

Kərəmov

Allah ölənlərinə rəhmət eləsin... Harada qalmışdıq, Salmanov?

Salmanov

Rəhmətlik ananız haqqında danışırdınız.

Kərəmov

Hə, anam vəfat elədi və atam ilə bərabər mən də çölə, işləməyə getməyə məcbur oldum.

Salmanov

Altaylıq uşaq yeriyə bilməz, axı?

Kərəmov (hirsli halda)

Kərəmov yeriyər.

Salmanov

Bəlkə bir az böyüdəsiniz.

Kərəmov

Yaxşı, olsun bir yaşından. Bir yaşında uşaq gəzər?

Salmanov

Əlindən tutsan, gəzər.

Kərəmov

Yaz, bir yaşından.

Salmanov

Yoldaş Kərəmov, iş ki, belə oldu, qoy mən evdə, arxayınlıqla oturub sizin üçün ətraflı bir tərcümeyi-hal düzəldim.

Kərəmov

Yaxşı, düzəlt, sonra gətir ver, qol çəkim. Aslanı yaralayıblar. Gör yaralı-yaralı nə tufan qoparacağam, Mirzə Hüseyn!

Mirzə Hüseyn

Bəli, yoldaş Kərəmov!

Kərəmov

Müəllim Şeydanın məvacibini vermə.

Mirzə Hüseyn

Əlbəttə, vermərəm.

Kərəmov

Aylarla gəlib mənim qapımda dayansa, qəbul eləməyəcəyəm. Adə, dərd məni yandırır, a kişilər. Dəmirçi Musa beş-altı araba təkəri təmir eləmək üçün iki min beş yüz manat pul alıb. Basıb yeyirlər kolxozu, vallah, basıb yeyirlər. İki min beş yüz manata qırx dənə təzə araba almaq olardı.

Mirzə Hüseyn

Yazıqdır, yoldaş Kərəmov, əziyyəti çox olub.

Salmanov

Ona toxunmayın, gecəli-gündüzlü işləyib.

Kərəmov

Yox-yox, ürəyiyumşaq olmayın, dəmirçi Musaya mərtoy tutacağam, aləmi yandırıb-yaxacağam. Təcili kağız yaz, Salmanov! Son dərəcə təcili... Teleqram vur...

Salmanov

Nə barədə?

Kərəmov

Dayan, dayan, lazım olmadı. Lap başımı itirmişəm. Axşam iclas çağırıb, gərək düz səhərə kimi tək özüm danışam. Gedək!

Onlar gedirlər. Saqqalını qırxdırmış dəmirçi Musa və Zalxa arvad qarşı-qarşıya çıxırlar.

Zalxa (onun üzünə çox diqqətlə baxır)

A yoldaş, sən buralarda nə axtarırsan?

Musa

Mən buralarda həyata, eşqə ziynət olan bir şəxsi axtarıram.

Zalxa

Başa düşmədim, yəni nə axtarırsan? Kənd sovetini istəyirsən, yoxsa kolxozu?

Musa

Heç birisini. Əl çək məndən!

Zalxa

Sənin sənətin nədir?

Musa

Mən hər zaman dəmirlə əlləşən polad ürəkli bir adam idim. İndi isə sevgi ürəyimi döndərib mum elədi.

Zalxa

Demək, dəmirçi imiş. Sən burada dəmirçi Musanı tanıyırsanmı? Uzunsaqqal bir kişidir.

Musa

Sükut! O artıq yoxdur. Uzunsaqqal dəmirçi Musa dəllək dükanında qaldı, mən Musanın təzə bir şəkliyəm.

Zalxa

Bıy, bu elə dəmirçi Musa özü imiş. A kişi, bəs saqqal hanı? Bu nə biabırçılıqdır?

Musa

Saqqal eşq ilə mənim aramdakı müharibədə şəhid oldu.

Zalxa

Ətin tökülsün, a kişi! Utanmadın, qocalıqda özünü bu şəklə saldın? O uzun şivə saqqala hayfın gəlmədi?

Musa

Sükut! Ey insanların ən bədbəxti! Tükün uzunluğu axmaqlıq nişanəsidir ki, onu da Allah qadınlara verib.

Zalxa

Bədbəxt niyə oluram, ay üzüqara! Bədbəxt sənin kimi cavanlıqda yuxulayıb qocalıqda ayılanlardır. Dünyanın hansı kefini, hansı ləzzətini görmüsən ki, hələ özünü xoşbəxt də hesab eləyirsən?

Musa

Çəkil gözlərimin səkisindən, əlimə-ayağıma dolaşma!

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets