Page 1 of 3

Beşinci şəkil

Kolxoz klubunun həyəti. Hər tərəf ağaclıq, otluqdur. Salmanov və Mirzə Hüseyn tribuna düzəltmək üçün stol, skamya gətirirlər, dallarınca Kərəmov çıxır.

Kərəmov

Hə, belə ha... Tribunanı düz o təpənin üstündə qoyun. Belə ha... İndi nolar, baxıb görsünlər ki, kolxoz geridə qalır, yoxsa irəli gedir? Siyahını da gətirib vurarsınız, bax, bu tribunanın qapısına... Qoy həmişə gözlərinin qabağında olsun.

Salmanov

Siyahıya o qədər əhəmiyyət verməyin, yoldaş Kərəmov, siyahıdan nə çıxar?

Kərəmov

Nə çıxsa, siyahıdan çıxar. Siz nə qanırsınız, idarə, haqq-hesab nə deyən sözdür? Mənə planı doldurmaq lazım deyil, hökumətə bir teleqram vurmaq lazımdır ki, plan doldu. Yaxşı, Mirzə Hüseyn, gedək materialları gətirək. Mən gərək məruzəyə hazırlaşam. Salmanov!

Salmanov

Bəli, yoldaş Kərəmov!

Kərəmov

Sən də get, bura çoxlu fənər gətir.

Mirzə Hüseyn

Gündüzün günortasında fənər nəyinizə lazımdır, yoldaş Kərəmov?!

Kərəmov

Onu mən bilirəm, nəyə lazımdır. Bəs elə bilirsiniz, mənim fəaliyyətim bir saatın, iki saatın içinə sığışar? Mən məruzəni indi başlayıb səhərə yaxın qurtaracağam. İşıq olmasa, camaatın üzünü görmərəm, yaxşı, gedək daha... Çox əcəb... Tribuna var, stol, skamya var... Daha kim deyə bilər ki, kolxoz geridə qalır? Gəlin, dalımca...

Çıxanda Ziynətlə Surxaya rast gəlir.

Hə, tir-tir əsirsiniz?

Ziynət

Kim?

Kərəmov

Siz. Hamınızı külə döndərəcəyəm.

Ziynət

Yaxşı deyil, Kərəmov, kolxoz sədri öz briqadirlərini hədələməz.

Kərəmov

Hədələyər, hələ iclasda briqadirlikdən çıxardar da.

Kərəmov, Salmanov və Mirzə Hüseyn çıxırlar.

Ziynət

Tribuna, qrafin, stol, zəng... Hər şey hazırdır.

Surxay

Belə işləri bacarır.

Ziynət

Bu iclas onun axırıncı iclası olar.

Surxay

Mən də belə düşünürəm.

Ziynət

Yaxşı, danış görüm, nə oldu?

Surxay

O səndən asılıdır. Ziynət can, məhsul bayramı yaxınlaşır... Bizim məsələmiz nə oldu?

Ziynət

Sən də, Surxay, radiokomitənin konsertləri kimi həmişə bir havanı çalırsan. Məhsul bayramına hazırlıq sənə tapşırılmışdı. Mən onu soruşuram, nə oldu?

Surxay (bir nəfəsə cavab verir)

Bütün tapşırıqlar yerinə yetirilib. Məhsul bayramı üçün şəhərdən artist briqadası gələcək, bizim musiqiçilərdən başqa hələ körpüdə işləyən fəhlələrin də orkestrini çağırmışam. Onlardan nümayəndə də gələcək. Rayon qəzetinin müxbirini xüsusi dəvət eləmişəm. Qərəz, elə toy olacaq ki, gəl görəsən.

Ziynət

Hamısını bu gün elədin?

Surxay

Hamısını bu gün... Razı qaldın?

Ziynət

Qaldım.

Surxay

Onda icazə ver, yenə köhnə havanı çalmağa başlayım.

Bayırdan Zalxanın səsi gəlir.

Ziynət

Zalxadır. Gəlib yenə bizi bir yerdə görəcək.

Surxay

Ziynət! Onunla dəmirçi Musa barədə söhbət apar, mənim işim var, gedirəm.

Ziynət

Yox, mən heç bir söz deyə bilmərəm. Sən danış.

Surxay

Yaxşı, dayan, onda ikimiz danışaq, sən qorxma, möhkəm dur...

Zalxa içəri girir.

Zalxa

Yenə də pıçı-pıçı? Ay ağrınızı alım, o qədər pıçı-pıçı elədiniz ki, kolxozda xırda uşaq əlindən ayaq atmaq olmur. Bəs deyil?

Surxay

Zalxa xala, siz həmişə bizi danlayırsınız.

Zalxa

Bu saat iş xirtdəkdən, kolxoz geridə qalır, bu nə bayramdır, bilmirəm. Bu nə siyahıdır vurmusunuz?

Surxay

Birinci sizin adınızdır.

Zalxa

Axı, bunu niyə vurmusunuz? Planı doldurmusunuz, ya nə olub? İş görməkdənsə, saqqız çeynəyirsiniz. (Ziynəti göstərir) Buna bax, bəxtəvər gündə bir paltar geyir.

Ziynət

Ay Zalxa xala, niyə geymirəm ki? Bəs, kimin üçün işləyib qazanıram?

Zalxa

Hələ bu kolxozu bir ağ günə çıxarın, sonra geyinmək gözünüzə görünsün.

Surxay

Sizin kimi bütün ili bir paltarda gəzməyəcək ki.

Zalxa

Daha mənim geyinib zivər-zivər gəzmək vaxtım keçib...

Ziynət

Heç keçib eləməyib. Təzə paltar sizə elə yaraşar ki...

Surxay

Adam da, vaxtsız-günsüz özünə qoca deyər? Belə bir zamanda yaşayan adam özünü vaxtından qabaq qocaltmaz. Anambacım olasız, xanım-xatın bir arvadsınız, sizə nə olub ki?

Zalxa

Balam, nə tərifləyirsiniz məni? Elçi-zad gəlməmisiniz ki.

Surxay

Əslinə qalsa, Zalxa xala, sizə bir mühüm söz demək istəyirik, amma qorxuruq.

Zalxa

Nədən qorxursunuz?

Ziynət

Xasiyyətiniz bir az tünddür, ondan qorxuruq.

Surxay

Bir söz deyən kimi o saat partlayırsınız.

Zalxa

Partlayaram, bəs necə? Deyin görüm, nə sözdür.

Surxay

Ziynət, başla.

Ziynət

Yox, sən başla.

Zalxa

Di söz güləşdirməyin!

Ziynət

Məsələ ondadır ki, Zalxa xala, görürsən ki... Surxay, sən de, mənim boğazım tutulub.

Surxay

Məsələ ondadır ki, bizi sizə elçi göndəriblər.

Zalxa

Hə, məni ələ salanın gərək başı çiynində qalmasın ha...

Ziynət

O yazığın qohum-qardaşı yoxdur, bizi göndərib sizin yanınıza...

Zalxa

Kimdir axı?

Surxay

Dəmirçi Musa.

Zalxa

Ah, onun ömrü çürüsün, bir o qalmışdı?

Surxay

Toxtayın, ay arvad, sözümüzün quyruğu qalıb.

Zalxa

Onun əlindən mən prokurora şikayət yazmaq istəyirəm.

Ziynət

Bilirsiniz o sizi nə qədər istəyir? Yazıqdır. Saqqalını qırxdırıb, görkəmini dəyişdirib ki, gözə xoş görünsün. Siz gərək onun baxışlarından ürəyində nələr olduğunu başa düşəsiniz.

Surxay

Utanmayın. Biz də sizin övladlarınız, nədən utanırsınız?

Zalxa

Onunla heç mələk də yola gedə bilməz.

Surxay

Uzun zaman subay qalmış adam həmişə bədxasiyyət olur, hirsli olur. Sonradan hamısı düzələcək.

Zalxa

Canım, onunla heç söhbət eləmək mümkün deyil, birtəhər adamdır.

Ziynət

Siz ona təsir eləyəndən sonra bütün xasiyyəti dəyişəcək.

Zalxa

Yox, mən gərək fikirləşəm.

Surxay

Əlbəttə, fikirləşin, amma burada bir iş var, Zalxa xala! O sizinlə söhbət eləməyə utanır, kütlədən ayrılıb, geridə qalıb. Siz bir qabaqcıl kolxozçu kimi, gözüaçıq yeni bir insan kimi gərək onunla söhbətə başlayasınız. Onda ürəyinin bütün dərdini sizə deyəcək.

Zalxa

Yox, mən gərək fikirləşəm.

Ziynət

Fikirləşməyə vaxt yoxdur. Onu bu gün iclasa gətirmək lazımdır. Siz deməsəniz, gəlməyəcək, Kərəmovla arası yoxdur.

Zalxa

Elə iş olar? Mən ona nə deyim? Sizin kimi pıçı-pıçı eləyim?

Surxay

Bu gecə siz Musa dayını bura gətirməsəniz, Kərəmov, Mirzə Hüseyn sübut edəcəklər ki, təqsirlərin hamısı ondadır.

Zalxa

Kərəmovla mən danışacağam.

Surxay

Sübut lazımdır. Sübut da Musada... Canlı şahiddir. Gedin, Zalxa xala, yazıqdır, əllərinizi uzadıb, onu fərdiyyətçilikdən çıxardın. Gedək, Ziynət, kömək elə.

Zalxa

Deyirsiniz, gedim də...

Qolundan tutub Zalxanı çıxardırlar. Kolxozçular yavaş-yavaş səhnəyə toplaşırlar.

Mehralı

Birinci biz gəlmişik. Deyəsən, heç kəs yoxdur.

Şirəli

Otur, yığışarlar. Yanını yerə qoy.

İbrahim kişi

Kərəmovun səsini eşitdiniz? Gur-gur guruldayırdı.

Təmraz

O cür guruldamağına baxma, qorxaqdır.

Mehralı

Haray salır ki, iclasda danışan olmasın. O cür məsələləri biz yaxşı bilirik...

Mirzə Hüseyn qaçaraq gəlir.

Mirzə Hüseyn

Kərəmov, hanı yoldaş Kərəmov?

Mehralı

Nə var, Mirzə Hüseyn? Tələyə düşmüş dovşan kimi nə o yan-bu yana qaçırsan?

Mirzə Hüseyn

Nə olacaq, şəhərdən iki maşın göndəriblər, içi dolu araba təkəri, Kərəmov yoxdur. Kərəmov! Yoldaş Kərəmov! (Gedir)

Şirəli

Nə qaçır!.. Məqalədən sonra yaman əl-ayağa düşübdür.

Mehralı

Məqalə çox gözəl yazılıb.

İbrahim kişi

Müəllimə əhsən!

Mehralı

İş müəllimdə deyil, müəllimin də müəlliminə əhsən.

Təmraz

Sən kimi nəzərdə tutursan?

Mehralı

Ziynəti, bu işləri Ziynət qaldırıb meydana çıxartdı. Gəlinim olsun, çox ağıllı, tədbirli qızdır.

Şirəli

Gözünü çək, Mehralı, gəlinin ola bilməyəcək. Surxay ona bərk bənd olub.

Şeyda içəri girir.

Mehralı

Xoş gördük, yoldaş müəllim! Əyləş. Gəl bura, aramızda otur. Kərəmov, deyəsən, səni bu gün hədələyirdi.

Şeyda

Hə, deyir ki, aslanı yaralamısan.

Şirəli

Sən də cavab ver ki, aslanı yox, çaqqalı yaralamışam.

Gülüşürlər.

Mehralı

Yaxşı, yoldaş müəllim, kefin yoxdur, nə olub?

Şeyda

Heç...

Mehralı

Yox, bu heçə oxşamır, nə var? Dərdini elə de, el hər dərdə şəfa tapar. Dərdini gizlədən, davasını tapmaz.

Şirəli

Dərdini qoy dərdim üstə, onu da mən çəkərəm.

İbrahim kişi

Dərdi verən, dərmanını da verər.

Təmraz

Dərd bir olsa, dirilməyə nə var?

Mehralı

Dərd xalvar ilə gələr, misqal ilə çıxar... Danış görək, utanma...

Şeyda

Heç... Bir elə dərdim yoxdur.

Mehralı

Kamilə haradadır? Gözümüzə dəymir.

İbrahim kişi

Yoxsa, yoldaş müəllim, dərdin qız sarıdandır?

Şeyda

Kərəmov qızı iclasa qoymadı.

Mehralı

Budur ha... Dərdin qabığını sındırdın, içindəki məlum oldu.

Şeyda

Bilirsiniz, onun başına nə oyun açır?..

Şirəli

Təqsir qızın özündədir, niyə onun əlində əsir-yesir qalıb, başa düşmürəm.

Şeyda

Deyir, mənə atalıq eləyib... Ona görə ürəyini sındırmaq istəmirəm.

Mehralı

Yox, qızı o vəziyyətdə qoymaq olmaz, müəllim, indi ki, sən onu o qədər istəyirsən...

Şirəli

Qız da, maşallah, yaxşı qızdır...

Mehralı

Qıza söz ola bilməz. İndi ki, ürəyiniz bir-birinə qonub, götür gəl evə, qoy Kərəmov çığıra-çığıra qalsın.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets