Contents
  1. Səkkizinci şəkil
  2. Doqquzuncu şəkil
  3. Onuncu şəkil

Page 2 of 4 · 25%

Rəcəb

Yavaş, Xosrov dadaş, bığım anadangəlmədir.

Xosrov

A... bu Rəcəbdir ki...

Roza

Rəcəb, sənsən? Bəs, Alagöz haradadır?

Rəcəb

Burada, döngədə gizlətmişəm.

Roza

Xosrov, çadramı ver, gedib onu bura gətirim?

Bürünüb çıxır.

Rəcəb

Qiyamət qızlar tapmısınız, dadaş. Pərviz qardaş da, sən də... Təmiz fikirlə deyirəm ey. Ürəyinə şeytan girməsin.

Xosrov

Şeytanın mənim ürəyimdə nə işi var? Bura bax, Rəcəb, nökərçilikdən nə çıxar? Gəl səni düzəldim, neft mədənlərindən birində fəhləlik elə.

Rəcəb

Bacararam?

Xosrov

Bacaranlar səndən artıq adamlardır? Əlaltından bizim işimizə də kömək eləyərsən, razısan?

Rəcəb

Hən da.

Xosrov

Hən da nədir? De, razısan, ya yox?

Rəcəb

Allah səndən razı olsun.

Roza ilə Alagöz gəlirlər. Hər ikisi çadranı açır.

Roza

Bilmirəm siz bu qara kəfəndə necə gəzirsiniz?

Alagöz

Xosrov qardaş, Pərviz bizi Yasamal altında gözləyəcək.

Xosrov

Özü ayaqla getdi?

Rəcəb

Pay-piyada.

Roza

Biz sizinçün fayton danışmışıq, indi bu saat yəqin Şamaxı yolunda gözləyir.

Alagöz

Faytonla hara gedəcəyik?

Xosrov

Pərvizi Yasamal altından götürüb birbaş Biləcəriyə, oradan da gecə qatarı ilə Mahaç-Qalaya.

Alagöz

Biləcəri, Mahaç-Qala... Təzə yerlər, təzə həyat... həm maraqlıdır, həm də qorxulu. Uf...

Roza

Nə var, indidən yorulmusan?

Alagöz

Mübarizə nə çətin iş imiş.

Roza

Bərkə-boşa düşəndən sonra öyrəşərsən.

Xosrov

Koroğlunun Nigarı, Qaçaq Nəbinin Həcəri bu cür yaranıb.

Alagöz

Əgər, Nigar, Həcər oluncaya qədər tutulmasam...

Roza

Qorxma, quş qəfəsdən uçandan sonra onu təzədən ora qaytarmaq çətindir.

Rəcəb

Bura Alagöz xanımın evinə çox yaxındır, uzaqlaşsaq yaxşıdır.

Alagöz

Rəcəb düz deyir.

Xosrov

Gedək.

Roza

Gedək, Alagöz, nə dayanmısan?

Alagöz

Bakı ilə vidalaşıram. Görəsən, bu küçələri, bu evləri bir də görəcəyəmmi?

Xosrov

Pərvizlə siz ən xoşbəxt günlərinizi Bakıda keçirəcəksiniz. Bizim həyatımız əsl həyatımız gələcəkdədir. Alagöz bacı, gedək! Rəcəb, düş qabağa, şübhəli adam görəndə işarə elə.

Rəcəb

Gəlin dalımca, mən bu dərsi dünəndən yaxşı əzbərləmişəm.

Gedirlər. İmamqulu ilə Əlibaba əllərində iki çamadan içəri girirlər.

Əlibaba

Bir az dincələk, nəfəsim kəsildi.

İmamqulu

Dayan, bir ətrafa baxım görüm, şübhəli adam yoxdur ki? (Ətrafı gözdən keçirir) Qorxulu bir şey yoxdur, oturmaq olar.

Əlibaba

Oturaq bu çamadanların üstündə.

İmamqulu

Ehtiyatlı ol, yüz min manat pulun üstündə oturursan.

Əlibaba

Allahın altında bu yüz minin mincə manatı mənim olaydı.

İmamqulu

Əlibaba, başıma bir fikir gəlib.

Əlibaba

Nə fikir?

İmamqulu

Bəlkə çamadanları dəyişək.

Əlibaba

Doğru deyirlər ki, qoçunun ağlı tapançasında olur, dəyişək, bəs o biri çamadanların içinə nə qoyaq? Açıb təhvil götürəcəklər, axı.

İmamqulu

Məndə bu cür iki çamadan var, ikisinin də içi pul ilə dolu.

Əlibaba

O bəylər qurddur, onlara qəlp pul yeritmək çətindir.

İmamqulu

Başa düşməzlər. Elə məharətlə kəsiblər ki, ancaq bankda seçə bilərlər. Hərdənbir paçkanın içində yeridirəm, bilən olmur.

Əlibaba

Bəlkə aparıb banka qoydular. Onda bir mərəkə qopar ki, Kəblə Muxtar dərimizə saman təpər.

İmamqulu

Kəblə Muxtar bizi nə cür tapacaq? Biz bilirsən harada olacağıq?

Əlibaba

Harada olacağıq?

İmamqulu

Monte Karloda. Əsl qumar oradadır, hə?

Əlibaba

Hə.

İmamqulu

Dur, tez ol, yubanmaq olmaz, cəsarətli olmaq lazımdır.

Əlibaba

Hərçi badəbad. Olan olsun, torba dolsun, gedək.

Gedirlər. İşıqlar sönür.

Doqquzuncu şəkil

Mehmanxana. Nəsrullah bəygilin mənzili. Otaqda heç kəs yoxdur. Qapı döyülür, bir azdan Məşədinin başı görünür, o ətrafa baxır, ayağının ucunda içəri girir.

Məşədi (pıçıltı ilə, qapıdan çölə)

Gəl içəri, Hacı, gəl.

Hacı (ehtiyatla otağa girir)

İcazəsiz otağa girmək bunlarda böyük biədəblik hesab olunur.

Məşədi

Açıq qapıya girərlər. Bəs haradadırlar?

Hacı

Yəqin o biri otaqdadırlar hələ yatırlar.

Məşədi

Gün günortadır, bu vaxta kimi yatmaq olar?

Hacı

Deyir o tərəflərdə adətdir, adamlar hamısı gündüzlər yatırlar, gecələr səhərə kimi işləyirlər.

Məşədi

Əcəb tərs adətləri var.

Qapı döyülür.

Hacı

Cavab verək, verməyək?

Məşədi

Səsini çıxartma, bizə nə!

Kəblə Muxtar qapıdan boylanır, tacirləri görüb içəri girir.

Kəblə Muxtar

Nəsrullah bəy hələ yatır?

Məşədi

Yatırlar.

Kəblə Muxtar

Onda bəs niyə buranı kəsdirmisiniz? Gedin işinizə, kişilərin istirahətinə mane olmayın.

Hacı

Səni onlara görəsən kim vəkil təyin eləyib?

Kəblə Muxtar

Hacı, dünən axşam evimdəydin, sənə ağır söz demədim.

Hacı

Deyərdin, payını da alardın.

Kəblə Muxtar

Ay nəməkbəharam! Qarnını yarsalar, bir pud mənim duzum çıxar!

Məşədi

Yavaş danışın, dalaşmağa yer tapmısınız? Tacirlərin adını batırmayın, ayıbdır.

Kəblə Muxtar

Sən də çəkil bu yana, kasəlisin biri kasəlis.

Məşədi

Kasəlis özünsən... ağzımı açır ey...

Kəblə Muxtar

Hamınız mənim çörəyimi yeyib qudurmusunuz.

Hacı

Çörəyin çox idi, qızına verəydin, qoşulub qaçmayaydı...

Kəblə Muxtar

Ailəmin adını çəkmə, mən sən deyiləm ki, dörd yerdə arvad saxlayım, dördünü də acından öldürüm!

Məşədi

Sus... Səs gəlir, deyəsən, yuxudan oyandılar.

Üçü də susub, qulaq asırlar. Bu halda qapı taybatay açılır.

Mirzə Əlabbas hövlnak içəri girir.

Mirzə Əlabbas

Kəbleyi, fəlakət!

Kəblə Muxtar

Nə olub, qızın meyidi tapılıb?

Mirzə Əlabbas

Yox canım, bankdan...

Kəblə Muxtar (onun sözünü kəsir)

Bir az yavaş danış. Kişiləri yuxudan oyadarsan.

Mirzə Əlabbas

Bankdan gəlirəm. Verdikləri çek qəbul olunmadı.

Kəblə Muxtar

Nə ixtiyarları var, qəbul eləməsinlər, gərək təcili Fitilbörkə göndərsinlər.

Mirzə Əlabbas

Yalandan yazıblar, nömrə də yalandır, familiya da yalandır, hamısı yalandır.

Hacı

Mirzə Əlabbas, bir az yavaş danış, o biri otaqdadırlar, eşidərlər.

Məşədi

Vallah, çıxıb tükümüzü yolarlar.

Kəblə Muxtar

Qoy dursunlar, yüz min manatı geri alacağam. İstəmədim ingilis pulunu, bədbəxt Kəblə Muxtar!..

Mirzə Əlabbas

Nə yüz min manat?

Kəblə Muxtar

Bəs xəbərin yoxdur? Yüz min nağd göndərmişəm! Əlibaba və İmamqulu vasitəsilə.

Mirzə Əlabbas

Veriblər?

Kəblə Muxtar

Bəs, necə? Bu da qəbzləri. (Cibindən qəbz çıxardıb Mirzə Əlabbasa verir)

Mirzə Əlabbas (oxuyur)

Qəbzəlvüsul. Sonra, dalını oxuya bilmirəm. Bunu hansı dildə yazıblar, Kəbleyi?

Kəblə Muxtar

Bilmirəm, bizim dildə deyil?

Məşədi

Yəqin firəngcədir.

Hacı

İngilis dilində olar.

Mirzə Əlabbas

Bir kəlmə də oxumaq olmur. Təkcə “Qəbzəlvüsul” bizim əlifbayladır. Bir də altdan yazılıb Nəsrullah bəy Otaylinski, Əhməd bəy Butaylinski. Qalanı kim bilir hansı millətin dilindədir?

Kəblə Muxtar

Mirzə Əlabbas, qolumdan tut, dizlərim əsir, başım fırlanır.

Mirzə Əlabbas

A yekə kişi, adam da adama yüz min manat nağd pul verər?

Kəblə Muxtar

Nə bilim, mən nə bilim? Ay Hacı, düşmənçiliyimiz qalsın bir tərəfdə, bir kəlmə ağıllı söz de, partlayıram.

Hacı

Ürəyini sıxma, Kəbleyi, bu saat özləri durub bizi arxayın eləyərlər.

Məşədi

Bəlkə zarafat eləyiblər.

Kəblə Muxtar

Bu boyda zarafat olar?

Rəşid Məğrur içəri girir.

Rəşid Məğrur

Əli Məsrur, səni redaksiyada gözlədim, gözlədim, axırda bura gəldim.

Mirzə Əlabbas

Bankda idim.

Rəşid Məğrur

Bizim pulumuz gəlib?

Mirzə Əlabbas

Xəbər tuta bilmədim, başım qarışıq oldu.

Kəblə Muxtar

Gətirib küçəyə töküblər, yığışdırmadın?

Rəşid Məğrur

Kəbleyi, min ton kağız sifariş eləmişəm, xırtdəyə kimi borca girmişəm, o cür sözlərin yeri deyil. Əli Məsrur, tez banka get, öyrən.

Mirzə Əlabbas

Mən qələt eləyərəm, bir də banka ayaq basaram. Saxta çek gətirmisən deyə polisə xəbər verirdilər, güclə yaxamı qurtardım.

Rəşid Məğrur

Saxta çek?

Kəblə Muxtar

Deyəsən dəli olmağa başlayıram. Əlimayağım əsir.

Hönkürüb ağlayır. Bu halda açıq qapıda Mirzə Cəlil, Hüseyn, Ağa və Əyyub əmi görünür.

Əyyub əmi

Nə olub burada? Kəblə Muxtar, niyə belə ağlayırsan?

Kəblə Muxtar

Ölmüşəm, a kişilər, basdıranım yoxdur.

Hacı (Məşədiyə)

Kaş ki, ölsün, basdıran tapılar.

Mirzə Cəlil

Bu həmən Kəblə Muxtardır?

Əyyub əmi

Bəli.

Mirzə Cəlil

Qızın istədiyi adamla gedib, ölməyib ki, ağlayırsan?

Kəblə Muxtar

Əşi, qız nədir, oğul nədir, hamısı qırılsınlar, gözümdən bir gilə yaş çıxmaz. Pulum gedib, qazancım gedib. Buna div ürəyi dözə bilməz. Siz savadlı adamlara oxşayırsınız, Mirzə, qadan alım, gör bu qəbz hansı dildə yazılıb?

Qəbzi Mirzə Cəlilə verir.

Mirzə Cəlil (qəbzə baxır)

Nəsrullah bəy Otaylinski, Əhməd bəy Butaylinski.

Kəblə Muxtar

Bəli, qadan alım, məşhur milyoner tacirlərdir, bu da yüz min nağd əsginasın qəbzidir.

Mirzə Cəlil

Hə, yavaş-yavaş məsələ aydınlaşır. Mən bu adamları yaxşı tanıyıram.

Kəblə Muxtar

Tanışlarındır? Şükür Allaha. Oxu, qadan alım, onların dilini sən yaxşı bilərsən.

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

Poems by other poets