Page 1 of 3

Beşinci şəkil

İstirahət evi hazırdır. Hər yan bəzənib, ağaclardan rəngli fənərlər asılıb. Pərdə açıldıqda uzaqdan orkestr səsi gəlir. Cavanlar oynaya-oynaya səhnədən keçirlər. Sadıqla Mürşüd oynayaraq gəlirlər. Musiqi kəsilir.

Sadıq

Nə gözəl gecədir!

Mürşüd (fərəhlə istirahət evinə baxır)

Böyük sürətlə başa çatdırdığımız bu bina, bu şənlik günü daha da gözəl görünür.

Sadıq

Nəsirov olmasaydı, biz bir ay sonra da işimizi qurtara bilməzdik. Od kimi işləyir. Yaxşı adamdır, yaxşı da işçidir.

Mürşüd

Hamısından yaxşısı odur ki, uzunçuluqla arası yoxdur. Kim nə deyirsə-desin, iş adamıdır, söz adamı deyil.

Sadıq

Bizim də işimizə yaxşı qiymət qoydular. Şəhər sovetinin nümayəndəsi gördün nə cür danışırdı?

Mürşüd

Yaxşı danışdı. Amma Nəsirov bizdən danışanda, az qala, işləri korlamışdı.

Sadıq

Demə daha, elə hey söhbəti ora gətirirdi ki, mühəndislər arvadlarından küsüblər... Arvaddan küsməyin bura nə dəxli var? Sən mənim işimdən danış.

Mürşüd

İşdən danışmaqdan yorulmuşam, Sadıq. Bu arvadlar da gəlib çıxmadılar.

Sadıq

Sən bilən gələrlər?

Mürşüd

Eh, nə bilim, gedək bir az gəzək.

Sadıq

Gəzməyə həvəs var? Ah... A Gülər, a Gülər! Belə bir gecədə arvadlarımızla yan-yana gəzmək nə yaxşı olardı! Heyf ki, işlər korlanıb! Gəl, bir az hərlənək, dərdimiz azalsın.

Mürşüd

Gəl.

Oynaya-oynaya çıxırlar. Maral və Həlimə içəri girirlər. İstirahət evinin qapısına lent bağlayırlar. Bərbərzadə balkona çıxır, məhəccərə şüar vurur, sonra birdən Maralı görür.

Bərbərzadə

Bəli də, yerli komitənin də işini gərək zavxoz görə.

Maral

Ay qız, Həlimə, o çəkici bura ver. Səsi qulağıma gələndə, elə bil məni ilan vurur.

Həlimə

Sən də işləməyə vaxt tapmısan, ay Maral bacı? Rəqs əlimdən çıxdı. Bəs gündüz başın nəyə qarışıq idi?

Maral

Başımız qarışmışdı anbardan qız çıxartmağa.

Bərbərzadə

Camaat adam dolaşdırmaq üçün bəhanə axtarır. Qəribə işdir.

Maral

Həlimə, fikrin məndə olsun, onun-bunun boş sözlərinə qulaq asma.

Həlimə

Ay Maral bacı, nə putyovka verdin, nə də oynamağa qoyursan. (Yavaşca gedir)

Maral

Ay qız, çəkici bura ver, demirəm? Həlimə, bəs bu qız hanı? Məni bu cür yerlərdə tək-tənha qoyub hara getdi?

Bərbərzadə (səhnəyə düşür, ətrafa göz gəzdirir, Maral eşitsin deyə ucadan deyir)

Nə şairanə gecədir!

Maral

Maşallah, şeir yazmaqda mahirsən. (Hirslə) Bu nazik qəlbimin soltanı sənsən, sevgi quyusunun kankanı sənsən.

Bərbərzadə

Pis sözlərdir?

Maral

Hamısı rəngdir. Kankan, ayaqlar altında quyu qazan özünsən. Öz adını özgəyə niyə qoymusan? Təvəqqe eləyirəm, düşmən öz düşmənçiliyini eləsin.

Bərbərzadə

Maral, bağışla məni, bu canım ölsün ki, mən sənə o sözləri lap ürəkdən yazmışam. (Öz-özünə) Bilirdim ki, bu kankan mənə baha oturacaq.

Maral

Mənimlə danışma, get şairliyini eləməyə, katibə xanım səni gözləyir.

Bərbərzadə

Maral, yalvarıram, sənə. Bir bax gör, bu iki günün içində iki kilo arıqlamışam. Bir insafın olsun axı.

Maral

Mənim ürəyim səninlə ölənə kimi barışmaz. Mən səni yaxşı tanıyıram.

Bərbərzadə

Mən bu gündən sonra arvad görəndə gözlərimi də yumacağam, qulaqlarımı da.

Maral

Baxarıq.

Maral çıxır. Sənubər içəri girir. Bərbərzadəni görcək sevincək onun yanına gəlir.

Sənubər

Bərbərzadə, salam sənə.

Bərbərzadə

Yox-yox, istəmirəm. Get, get, amandır, gözümə görünmə.

Sənubər

Nə üçün axı? Danışmaq olmaz?

Bərbərzadə

Olmaz. Zəhmət çək o tərəflərə get. Buralara hərlənmə.

Sənubər

Bərbərzadə, qadınlarla bu cür rəftar eləmək olmaz.

Bərbərzadə

Anam, bacım, təvəqqe eləyirəm ki, daha mənim gözümə görünməyəsən. Ay balam, mənimlə müqavilən var?

Sənubər

Bunlar hamısı təhqirdir.

Bərbərzadə

Hər nədirsə, zəhmət çək, qadan alım. Zəhmət çək, indicə o gələr qan düşər. Sən məni tanımırsan, mən də səni. Xudahafiz.

Sənubər

Nə qədər kobudsan.

Bərbərzadə

Hər nəyəmsə, olanım budur. Get, indicə o qayıdacaq, get yolunla, qurban olum.

Maral içəri girib bunları görür. Şüarlar əlindən düşür.

Maral

Sən yenə kimin yolunda qurban olursan?

Bərbərzadə

Maral, ona de ki, getsin, bax, nə üzünü görürəm, nə də səsini eşidirəm.

Maral

Bəs indicə deyirdin ki, qurban olum sənə? Utanmaz! Ay aman, tər məni basdı. (Çıxır)

Sənubər (yerində fırlanır)

Heç mən sənin üzünə də baxmaq istəmirəm. Buna bax, a... (Çıxır)

Bərbərzadə

Yenə aləm qarışdı bir-birinə. Ay Maral, ay qız!.. Gedim könlünü alım. Yoxsa məhəbbətim ömürlük ləkəli qalacaq.

Bərbərzadə çıxır. Usta Segah və ikinci Gülər içəri gəlirlər.

Usta Segah

Hə, qızım, gəl görək, üzünü köçürtmüsən?

İkinci Gülər

Köçürtmüşəm, usta.

Usta Segah

Əcəb eləmisən. Lap mən deyən kimi yazmısan?

İkinci Gülər

Bəli! Amma mən bu sirri başa düşmürəm. Siz nə üçün özgənin adından özgəyə kağız yazdırırsınız.

Usta Segah

Mənası dərindir, qızım. Bizim mühəndisləri tanıyırsan ki? Qızıl kimi cavanlardır, səhv eləyib, arvadlarından küsüblər, indi peşman olublarsa da, barışa bilmirlər. Bu yazdığımız məktublar onların barışmağı üçün bəhanə olacaq. Bildin? Bu dörd cavanın ürəyini birləşdirmək, bir bina tikmək qədər həvəsli işdir. Bəs indi kağızları sahiblərinə necə çatdıraq? Bu, guya ki, İncidən Mürşüdə, bu da Gülərdən Sadığa. Bunları Mürşüdlə Sadığa mən özüm verərəm. Bəs İnci ilə Gülərə kim versin? Sən onları tanıyırsanmı, qızım?

Gülər

Tanımıram, usta.

Usta Segah

Bəs neyləyək? (Mirzə Qərənfil gəlir) Hə, budur, Mirzə Qərənfil kömək edər. Mirzə Qərənfil, dayan, sözüm var.

Mirzə Qərənfil

Usta Segah, xoş gördük! Məni bağışla. Bir az tələsirəm. Sənin xoş kəlamlarına qulaq asa bilməyəcəyəm.

Usta Segah

Biləcəksən. İnsanın ixtiyarı öz əlindədir. Burada oturub yarım saat söhbət eləməliyik. Söz yığılıb sinəmdə qalıb.

Mirzə Qərənfil

Qoy hələlik orada qalsın, tərpətmə.

Usta Segah

Xeyr, xeyr, mühüm məsələdir. (Oxuyur)

Söyləsin usta Segah,
Qərənfil də olsun agah.

Mirzə Qərənfil

Sənin ləqəbini tərs qoyublar, usta. Mən havaxt sənə rast gəlirəmsə, “Çahargah” oxuyursan, gərək adını dəyişib, Usta Çahargah qoyaydılar.

Usta Segah

Xeyr, səhvin var. Mən düz otuz il “Segah” oxumuşam. “Çahargah”a hələ təzə keçmişəm:

Qocalıq basıb məni, fəryadi-aha keçmişəm,
Cəmisi beş il olar ki, çarigaha keçmişəm.

Mirzə Qərənfil

Usta təvəqqe eləyirəm söz deyəndə oxuya-oxuya demə. Ay canım, opera-zad deyil ki!

Usta Segah

Yaxşı, qulaq as, ərzim var.

Mirzə Qərənfil

Ərzinə hörmətim var.

Usta Segah

Hörmətə məhəbbətim var.

Mirzə Qərənfil

Usta, sən bu cür uzun eləsən, mənim Nəsirov yoldaşdan töhmətim var.

Usta Segah

Gödəltdim. Qulaq as. Bax, bu iki məktub Mürşüdlə Sadığın həyat yoldaşlarına çatacaq. Bunların gərək zəhmətini çəkəsən.

Mirzə Qərənfil

Usta, bu təntənəli gündə mən məktub paylaya bilmərəm.

Usta Segah

İcazə ver, burada iki bənd oxuyum.

Mirzə Qərənfil

Yox-yox usta, paylaya bilmərəm. Tələsirəm. Mən, özün bilirsən ki, vəzifə sahibiyəm.

Usta Segah

Bu barədə dörd bənddən ibarət söz var. İcazə ver, “Çahargah” üstə deyim.

Oxumaq istəyir, Mirzə Qərənfil qoymur.

Mirzə Qərənfil

Bircə dayan, məktubları sahiblərinə çatdırmağa razı olaram, sənin xətrinə. Amma oxumağına qulaq asa bilməyəcəyəm.

Usta Segah

Eybi yoxdur, vaxt olar, özün yalvararsan, deməli, arxayın olum?

Mirzə Qərənfil

Arxayın ol, usta, arxayın ol. Bu saat tapşırıqlarına əməl olunacaq.

Usta Segah

Elə isə, xudahafiz. (İkinci Gülərə) Gedək, qızım.

Çıxırlar. Sənubər içəri girir.

Sənubər

Mirzə Qərənfil...

Mirzə Qərənfil

Mirzə Qərənfil sənə fəda olsun dibçəyilə.

Sənubər

İşlər pozuldu axı!

Mirzə Qərənfil

Pozuldu?

Sənubər

Zuldu.

Mirzə Qərənfil

Əşi, at da bu ixtisarı. Aydın danış görüm, necə pozuldu?

Sənubər

Açıq-aydın deyirəm ki, pozuldu.

Mirzə Qərənfil

Sən məndə can qoymadın. Bir az ətraflı danışsan olmaz?

Sənubər

İşlər pozuldu. Yəni ki, Bərbərzadə ilə Maral barışdılar. Məni də Bərbərzadə təhqir elədi.

Mirzə Qərənfil

Necə, necə? Deməli, axırıncı otaq ümidi də o dünyaya təşrif apardı?

Sənubər

Mirzə Qərənfil, sən bunun əvəzində Bərbərzadədən intiqam almayacaqsan?

Mirzə Qərənfil

Bacım, daha mənim səninlə haqq-hesabım qalmadı. Daha biz balansı bağlayıb, yekun vura bilərik.

Sənubər

Başa düşmürəm, Mirzə Qərənfil.

Mirzə Qərənfil

Yəni onu demək istəyirəm ki, daha sən məndən ötrü avara olma. “Səndən mənə yar olmaz” havasını eşitmisən?

Sənubər

Mişəm.

Mirzə Qərənfil

Mişsənsə, daha yaxşı. O havanı oxuya-oxuya get.

Sənubər

Mirzə Qərənfil, bu nə sözdür? Bəs mənə verdiyin vəd?

Mirzə Qərənfil

Səni and verirəm əzizlərinin canına, qoy yaşayım.

Sənubər

Daha sən məni quşa oxşatmırsan?

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İlk tamaşa

Gülüş qrim eləyirdi. Həyəcandan elə qızarmışdı ki, üzünü pudra ilə ağartmağa çalışırdı. Ona qədər bu rolda çıxış eləyən bütün aktrisalar qrim zamanı çalışırdılar ki, yanaqlarını qızartsınlar, gözlərinin ətrafındakı qırışları ört-basdır eləsinlər, səhnədə rola uyğun olaraq gənc görünsünlər. Amma Gülüş onsuz da gənc idi, çox gənc idi və bu rol onun ilk böyük rolu idi. O çalışırdı ki, qrim vasitəsilə özünü bir az yaşlı eləsin, səhnədə çox uşaq görünməsin.İki ay idi məşq eləyirdilər. Gülüş rola da, partnorlara da adət eləmişdi, baxış tamaşası kimi ən çətin imtahandan çıxmışdı, nazirliyin nümayəndələri, komissiya üzvləri onun oyununu xoşlamışdılar. Hətta onların içərisində xoş söz deməyə xəsislik edən, başı daz bir tənqidçi belə, başqalarının haqqında çox acı sözlər dediyi halda Gülüşü tərifləmişdi. Aktrisalar deyirdilər ki, bu tarixi bir hadisədir, o tənqidçinin ki, səni tərifləməyə dili tərpənib, deməli həqiqətən yaxşı oynayırsan.

9 min
Hər ürəkdə sevgi var

Səlimin gözü saata sataşan kimi dik yerindən qalxdı, açıq pəncərədən əyilib küçəyə baxdı. Bənövşəni görməyib həyəcanla otaqda gəzinməyə başladı. Saat on ikidə gedib, indi saat üçdür. Hardadır, niyə gəlmədi? Gedəndə dedi ki, yarım saata gəlirəm. Bəs nə oldu. Üç saatdan artıqdır, bəlkə bir bədbəxtlik üz verib, bəlkə maşın altında qalıb? Onun gözləri qarşısında elə dəhşətli mənzərə canlandı ki, düşüncəsini qırdı, tələsik geyinməyə başladı. O qədər tələsirdi ki, nə geyindiyini, necə geyindiyini bilmirdi. Qapıdan çıxanda gördüm ki, başı açıqdır. Qayıdıb şapkasını götürdü. Paltosunu pillələrdən düşə-düşə geydi. Küçəyə çıxanda birdən dayandı. Hansı tərəfə getsin, sağamı, solamı burulsun. Ümumiyyətlə hara gedəcəyini, Bənövşəni harda axtaracağını bilmirdi. Əvvəlcə tindəki mağazaya getdi. Mağaza adamla dolu idi. Səlim ha göz gəzdirdisə, Bənövşəni o adamların arasında görmədi. Mağazadan çıxıb yaxındakı çörək dükanına girdi. Hərçənd Bənövşə çörək almağa getməmişdi, şəkər alıb yarım saata qayıdacaqdı, ancaq bəlkə təzə çörək almaq istəyir, – deyə yaxındakı çörək dükanına girdi. Çörək dükanında adam az idi və Bənövşə də burada yox idi. Odur ki, Səlim yubanmayıb küçəyə çıxdı. Dayanıb, düşünməyə başladı. Elə bu vaxt ətrafına çoxlu adam toplanmış bir təcili yardım maşını onun nəzərini cəlb elədi. Səlimin ürəyi titrədi, qıçları əsdi, əvvəlcə ha çalışdısa, yerindən tərpənə bilmədi. Sonra bir təhər özünü ələ alıb, sürətlə dəstəyə yaxınlaşdı. Elə bu vaxt təcili yardım maşını yola düşüb getdi. Səlim titrək səslə ətrafdakı adamlardan soruşdu:– Nə olmuşdu, kim idi?

19699 min
Cavanlaşmaq dərmanı

Ağaəmi kişi səhər gözlərini açan kimi arvadını çağırdı:– Zərintac, Zərintac!

196412 min
Tükəzban xalanın məktəbi

Tərbiyə hekayələri silsiləsindən*Günlərin bir günündə Tükəzban xala xəstələndi və Yaşar qaldı ortada. Zakir ilə Mina başlarını itirdilər. Uşağı neyləsinlər, harda qoysunlar? Axırda qərara gəldilər ki, elə günü bu gün uşağı bağçaya aparsınlar, canları qurtarsın. Bu vaxta kimi yanlarında bağça adı çəkmək olmurdu. Nədənsə onlara elə gəlirdi ki, bağça uşağı xarab eləyir, tərbiyəsini pozur, orda onun geyiminə, yeməyinə baxan olmayacaq və ilax... Bu yeni fikirlər onları hər zaman narahat eləyirdi. İndi artıq əlac yox idi. Qocalığına baxmayaraq sap-sağlam olan Tükəzban xala birdən-birə qrip olmuşdu, bu xəstəliyin Yaşara sirayət eləməsi qorxulu idi, ona görə də uşağı tələsik bağçaya düzəltmək daha əlverişli idi. Heç olmasa bir neçə günlüyə. Bir neçə günə uşağın tərbiyəsi pozulmayacaqdı ki?..

197010 min

Poems by other poets