Page 2 of 3 · 33%

Mirzə Qərənfil

Yox, daha quş qurtarıb. Nə olar, bir zəhmət çək, parkın o tərəflərində gəz. Mənim işim var. Axı mən dərd sahibiyəm. (Çıxır)

Sənubər (öz-özünə)

Ah, belə? Onda mən də gedərəm Bərbərzadə ilə Marala hamısını xəbər verərəm.

Sənubər çıxır. İnci və Gülər içəri girirlər, təzə tikilmiş evə diqqətlə tamaşa edirlər.

Gülər

Bina nə gözəl çıxıb.

İnci

Biz Mürşüdlə bu binanın üstündə pozuluşduq.

Gülər

Siz yaxşı ki, bina tikmək üstündə ayrılmısınız. Amma mənimki uşağın qorxusundan heç bina da tikmək istəmirdi.

İnci

İndi mən onu haradan tapım ki, açarı verim?

Gülər

Deməli, üç saatdan sonra qatar hərəkət edir. Üç saatdan sonra daha buranı görməyəcəyik.

İnci

Elə darıxıram ki. Həmişə mən bir yerə yola düşəndə sevinərdim. Bu gün, nədənsə, ürəyim darıxır.

Gülər (gülə-gülə)

Qoy bir fala baxım görək, bizim getməyimiz uğurlu olacaq, ya yox?

İnci

Xoşbəxtsən ki, kefin kökdür. Mən bir az da fikirləşsəm, gözlərimi saxlaya bilməyəcəyəm.

Gülər

Fala bax, fala bax, kefin açılsın.

İnci

Necə baxım?

Gülər

Budur bax. Gözünü yum, barmaqlarını bir-birinə tuşla.

Qızlar gözlərini yumurlar. Bərbərzadə ilə Maral içəri girirlər.

Bərbərzadə

Maral, səni inandırıram ki...

Maral (Gülərlə İncini göstərir)

Dayan-dayan, bunlar sənin anbarından çıxan qızlar deyil?

Gülər

Ay qız, biabır olduq.

Qaçırlar. Maral küsüb getmək istəyir.

Bərbərzadə (diz çökür)

Getmə, dayan, özün bil, inanırsan inan, inanmırsan yox. Bu mənim başım, bu da sənin əllərin.

Maral (naz ilə)

Get yolunda qurban olduğunu tap.

Bərbərzadə

Maral, axı mən sənə əhvalatı başdan danışdım.

Maral

Mən səninlə bir addım da atmaram.

Bərbərzadə

Maral, gəl məni incitmə, onsuz da ürəyimin yağını əritmisən.

Sənubər içəri girir.

Sənubər

Bərbərzadə, bir dəqiqə və gizlin.

Bərbərzadə (özünü itirir)

Ay qız, sən yenə gəldin? Yenə də qan düşəcək, çıx get burdan.

Sənubər

Bərbərzadə, mən sənə mühüm bir xəbər verəcəyəm.

Bərbərzadə

İstəmirəm, atam, istəmirəm.

Maral

Ay aman, tər məni basdı.

Bərbərzadə

Maral, sənə söz verirəm ki...

Maral

Mənimlə bir kəlmə də danışma.

Bərbərzadə (Sənubərə)

Bacım, niyə məndən əl çəkmirsən? Niyə məni bədbəxt eləyirsən?

Sənubər

Buna bax, a, mən səndən ötrü ölmürəm ki! Sözüm var, ona görə gəlmişəm.

Bərbərzadə

Qoysana ailə məsələləri ilə məşğul olum. Pah atonnan sənin!

Maral (Sənubərin üstünə hücum çəkir)

Ay qız, kişidən əl çəksənə. Nə yapışmısan qopmursan? Ay aman, ölürəm.

Sənubər

Mən sizdən heç bir şey istəmirəm, mühüm bir xəbər verməyə gəlmişəm. Mənə tapşırmışdılar, elə eləyim ki, siz evlənə bilməyəsiniz.

Bərbərzadə

Necə?

Maral

Nə dedin?

Sənubər

Sizin aranıza girmişdilər ki, evlənməyəsiniz.

Bərbərzadə

Açıq danış, görüm kim qoymurdu?

Sənubər

Mirzə Qərənfil.

Maral

Mirzə Qərənfil?

Sənubər

Fil...

Bərbərzadə

Onun harası fildir? O heç milçək də deyil.

Sənubər

Bax, bizim otağımız yox idi. Sənin də dörd otağın var. Qərənfil istəyirdi ki, bir hiylə ilə otağın ikisini keçirsin əlinə, bildin? Onunçün də sizi vuruşdururdu.

Bərbərzadə

Pah atonnan. Deməli, Maral, onun sənin tərəfindən mənə dediyi sözlər yalandır?

Maral

Bəs, deməli, o şeir də ürəkdən yazılıbmış? Necə idi?

Bərbərzadə

Dünyanın ən nazlı cananı sənsən.

Maral

Of, yenə birtəhər oluram. (Sənubərə) Yaxşı, bəs sən niyə onun sözünə baxırdın?

Sənubər

Çünki mənim də otağım yoxdur.

Maral (Bərbərzadəyə)

Bəs sonrası necədir?

Bərbərzadə

Sənə qurban olsun bu Bərbərzadə...

Maral

Ay aman, nə yaxşı sözlərdir! (Sənubərə) Deməli, sən onu sevmirsən?

Sənubər

Mirəm.

Bərbərzadə

Elə bu cür ixtisar eləmisən ki, məhəbbətin elə gödək çıxıb.

Maral

Eybi yoxdur. Yerli komitə səni otaqsız qoymaz. Sən ki, bizə belə yaxşılıq eləyib məsələnin üstünü açdın, mən də sənin məsələni elə bu gecə həll edəcəyəm.

Sənubər

Necə həll edəcəksən?

Maral

O mənim işimdir.

Sənubər

Necə axı?

Bərbərzadə

Söz güləşdirmə. Maral xanım ki deyir, demək, eləyəcək.

Maral

Sən yenə onunla danışırsan?

Bərbərzadə

Mən karam, lalam, mən pəs.

Sənubər (Marala)

Onda mən mane olmayım. Salamat qalın.

Maral

Xudahafiz.

Sənubər çıxır.

Bərbərzadə (həyəcan içərisində)

Maral, qorxsam da, utansam da, dizlərim titrəsə də... özüm şəxsən sənə yetirirəm ki...

Maral

Hə, de, de, tez ol! Ay aman, tər məni basdı...

Bərbərzadə (öz-özünə)

Ölmək ölməkdir, xırıldamaq nə deməkdir? (Marala) Mən səni sevirəm.

Maral (həyəcanla)

Ay, ciyərim kabab kimi tüstülənir.

Bərbərzadə

Eybi yoxdur. Kabab tüstüsü göz çıxarmaz.

Usta Segah içəri girir. Bir-iki dəfə öskürür.

Usta Segah

Bağışlayın mən sizə mane oldum,
Eşq yetirdiyinizə qane oldum.

Maral (özünü itirir)

Çox gözəl, yoldaş Bərbərzadə, yerli komitə bu məsələni həll edər. (Qaçır)

Bərbərzadə

Usta Segah, qoysana kasıbçılığımızı eləyək. Ya özün üçün bir söhbət yoldaşı tap məşğul elə, ya da ki, boynundan bir zəng as. Çünki bu cür gəzməyinlə sən bu gecə çoxlarına mane ola bilərsən.

Usta Segah

Bu sözü mənə deməyə səni məcbur eləyən məhəbbətdir. (Bərbərzadə Maralın arxasınca gedir. Usta bunu hiss eləmir, böyük həvəslə sözünə davam edir) Mən bir bülbül görmüşəm ki, gülün eşqi ilə özünü qəfəsə saldı və gülün eşqi ilə də həlak oldu. Necə ki, “Çahargah” üstə deyirlər. Bülbülü...

Dönüb heç kəsin olmadığını görür, pərt halda çıxır.

Mürşüd əlində konvert içəri girir.

Mürşüd

Sadığın başını güclə əkə bildim. Baxım görüm kim yazıb, nə yazıb? (Məktubu açır, bərkdən oxuyur) “Qaranlıq günümün işığı, könlümün yaraşığı Mürşüd! Gəl barışaq, daha mən dözə bilmirəm. Hicran dərdi barmaqlarıma güc verdi və bu məktubu yazmağa məcbur elədi. Səni axşam saat 9-a 5 dəqiqə qalmış böyük pilləkənlərin qabağında gözləyirəm. İmza İnci...” (Həyəcanla) Saat neçədir? Hələ beş dəqiqə qalıb. Hə, indi sevərsən. Səni gör ayrılıq nə günə saldı ki, məni qaranlıq gününün işığı, könlünün yaraşığı adlandırırsan. Heç sən mənə belə sözlər deməzdin. Yox, min belə məktub olsa, sözümdən dönmərəm.

Mürşüd çıxır. Usta Segah əlində zəng səhnəyə gəlir, çığırır.

Usta Segah

Sadıq, ay yoldaş Sadıq! (Zəngi çalır)

Sadıq (içəri girir)

Ay usta, bu zəngi əlinə alıb nə düşmüsən mənim dalımca?

Usta Segah

Mən bu zəngi çaldığım kimi, bu məktub da sənin ürəyinin tellərini çalacaqdır.

Sadıq

Məktub mənədir?

Usta Segah

Əlbəttə, sənədir.

Bağda səni axtarmaqdan, məndə qalmayıb tavan,
Bu elə məktubdur ki, qocanı eylər cavan,

Məktubu verir.

Sadıq

Sağ ol, usta, sağ ol! (Onu öpür)

Usta Segah

Eh... Gənclik, gənclik... Xoşbəxtlərsiniz, xoşbəxtlər... (Çıxır)

Sadıq (məktubu açıb baxır)

Arvaddandır! Məktubuna qurban olum, ay arvad! Oxuyum, görüm nə yazıb, “Qaranlıq günümün işığı, könlümün yaraşığı Sadıq!” Lap Gülərin sözləridir, xətti də özünün xəttidir. “Gəl barışaq.” Gözüm üstə. “Daha mən dözə bilmirəm.” Mən də həmçinin. “Hicran dərdi barmaqlarıma güc verdi.” Sağ ol səni, hicran dərdi. “Bu məktubu yazmağa məni məcbur elədi.” Əcəb elədi. “Səni axşam saat 9-a 5 dəqiqə qalmış böyük pilləkənlərin qabağında gözləyirəm. İmza Gülər...” (Sevinclə) Haradasan, Gülər, mən səni dəli kimi axtarıram!

Sadıq çıxır. Gülər əlində məktub içəri girir.

Gülər

Bəs İnci hanı? Görsə sevinəcək. Görəsən, nə yazıb: “Qaranlıq günümün işığı, könlümün yaraşığı Gülər!” Oxay, nə yalvarır. “Gəl barışaq.” Yalvarırsan? Elə mən də bunu istəyirdim. “Daha mən dözə bilmirəm. Hicran dərdi barmaqlarıma güc verdi və bu məktubu yazmağa məni məcbur elədi.” Əcəb olub. “Səni axşam saat 9-a 5 dəqiqə qalmış böyük pilləkənlərin qabağında gözləyirəm. İmza Sadıq.” Gözlə. Səni o qədər gözlətdirim ki... Bilet almışam, gedirəm. Elə gedəcəyim ki, heç xəbərin olmayacaq. Qoy bir İncini tapım!

Gülər çıxır. İnci bu biri tərəfdən gəlir.

İnci (məktubu açıb oxuyur)

“Qaranlıq günümün işığı, könlümün yaraşığı, İnci!” Bu nədir, kim yazıb? “İmza Mürşüd.” “Hicran dərdi barmaqlarıma güc verdi. (Gözlərini silir) Məni məcbur elədi... Səni axşam saat 9-a 5 dəqiqə qalmış böyük pilləkənlərin qabağında...” (Yenə gözlərini silir, saata baxır) Deməli, burada gözləyəcək. Qoy gözləsin. Of, ürəyim yaralı quş kimi çırpınır. Güləri tapım, görək, nə vaxt yola düşəcəyik. (Çıxmaq istədikdə, Sadıqla qarşılaşır)

Use ← → keys to move, R for a random poem

Random poem

More by this author

İlk tamaşa

Gülüş qrim eləyirdi. Həyəcandan elə qızarmışdı ki, üzünü pudra ilə ağartmağa çalışırdı. Ona qədər bu rolda çıxış eləyən bütün aktrisalar qrim zamanı çalışırdılar ki, yanaqlarını qızartsınlar, gözlərinin ətrafındakı qırışları ört-basdır eləsinlər, səhnədə rola uyğun olaraq gənc görünsünlər. Amma Gülüş onsuz da gənc idi, çox gənc idi və bu rol onun ilk böyük rolu idi. O çalışırdı ki, qrim vasitəsilə özünü bir az yaşlı eləsin, səhnədə çox uşaq görünməsin.İki ay idi məşq eləyirdilər. Gülüş rola da, partnorlara da adət eləmişdi, baxış tamaşası kimi ən çətin imtahandan çıxmışdı, nazirliyin nümayəndələri, komissiya üzvləri onun oyununu xoşlamışdılar. Hətta onların içərisində xoş söz deməyə xəsislik edən, başı daz bir tənqidçi belə, başqalarının haqqında çox acı sözlər dediyi halda Gülüşü tərifləmişdi. Aktrisalar deyirdilər ki, bu tarixi bir hadisədir, o tənqidçinin ki, səni tərifləməyə dili tərpənib, deməli həqiqətən yaxşı oynayırsan.

9 min
Hər ürəkdə sevgi var

Səlimin gözü saata sataşan kimi dik yerindən qalxdı, açıq pəncərədən əyilib küçəyə baxdı. Bənövşəni görməyib həyəcanla otaqda gəzinməyə başladı. Saat on ikidə gedib, indi saat üçdür. Hardadır, niyə gəlmədi? Gedəndə dedi ki, yarım saata gəlirəm. Bəs nə oldu. Üç saatdan artıqdır, bəlkə bir bədbəxtlik üz verib, bəlkə maşın altında qalıb? Onun gözləri qarşısında elə dəhşətli mənzərə canlandı ki, düşüncəsini qırdı, tələsik geyinməyə başladı. O qədər tələsirdi ki, nə geyindiyini, necə geyindiyini bilmirdi. Qapıdan çıxanda gördüm ki, başı açıqdır. Qayıdıb şapkasını götürdü. Paltosunu pillələrdən düşə-düşə geydi. Küçəyə çıxanda birdən dayandı. Hansı tərəfə getsin, sağamı, solamı burulsun. Ümumiyyətlə hara gedəcəyini, Bənövşəni harda axtaracağını bilmirdi. Əvvəlcə tindəki mağazaya getdi. Mağaza adamla dolu idi. Səlim ha göz gəzdirdisə, Bənövşəni o adamların arasında görmədi. Mağazadan çıxıb yaxındakı çörək dükanına girdi. Hərçənd Bənövşə çörək almağa getməmişdi, şəkər alıb yarım saata qayıdacaqdı, ancaq bəlkə təzə çörək almaq istəyir, – deyə yaxındakı çörək dükanına girdi. Çörək dükanında adam az idi və Bənövşə də burada yox idi. Odur ki, Səlim yubanmayıb küçəyə çıxdı. Dayanıb, düşünməyə başladı. Elə bu vaxt ətrafına çoxlu adam toplanmış bir təcili yardım maşını onun nəzərini cəlb elədi. Səlimin ürəyi titrədi, qıçları əsdi, əvvəlcə ha çalışdısa, yerindən tərpənə bilmədi. Sonra bir təhər özünü ələ alıb, sürətlə dəstəyə yaxınlaşdı. Elə bu vaxt təcili yardım maşını yola düşüb getdi. Səlim titrək səslə ətrafdakı adamlardan soruşdu:– Nə olmuşdu, kim idi?

19699 min
Cavanlaşmaq dərmanı

Ağaəmi kişi səhər gözlərini açan kimi arvadını çağırdı:– Zərintac, Zərintac!

196412 min
Tükəzban xalanın məktəbi

Tərbiyə hekayələri silsiləsindən*Günlərin bir günündə Tükəzban xala xəstələndi və Yaşar qaldı ortada. Zakir ilə Mina başlarını itirdilər. Uşağı neyləsinlər, harda qoysunlar? Axırda qərara gəldilər ki, elə günü bu gün uşağı bağçaya aparsınlar, canları qurtarsın. Bu vaxta kimi yanlarında bağça adı çəkmək olmurdu. Nədənsə onlara elə gəlirdi ki, bağça uşağı xarab eləyir, tərbiyəsini pozur, orda onun geyiminə, yeməyinə baxan olmayacaq və ilax... Bu yeni fikirlər onları hər zaman narahat eləyirdi. İndi artıq əlac yox idi. Qocalığına baxmayaraq sap-sağlam olan Tükəzban xala birdən-birə qrip olmuşdu, bu xəstəliyin Yaşara sirayət eləməsi qorxulu idi, ona görə də uşağı tələsik bağçaya düzəltmək daha əlverişli idi. Heç olmasa bir neçə günlüyə. Bir neçə günə uşağın tərbiyəsi pozulmayacaqdı ki?..

197010 min

Poems by other poets