Dördüncü pərdə
Page 3 of 3 · 67%
Sadıq
Salam. (Gülür)
İnci
Hə, nə dediniz? Mən yoldaşımı axtarıram.
Sadıq
Elə mən də tələsirəm. Ona görə də...
İnci
Üzr istəyirəm.
Sadıq
Hələlik... Görüşənə qədər... (Çıxır)
İnci
Üzr istəyirəm... (O biri tərəfə getmək istədikdə, Mürşüd qabağına çıxır)
Mürşüd
Bəlkə siz burada bir nəfər gözləyirsiniz? Bəlkə mən sizə mane oldum?
İnci
Xeyr... Lazımdırsa, mən gedə bilərəm. Siz bu gecə yəqin ki, çox məşğulsunuz.
Mürşüd
Qaldı ki... Dağ boyda günahı bir barmaq kağızla yumaq çətindir.
İnci
Onu sizə deyən gərək. Bu günahı axar çaylar da yuyub təmizləyə bilməz.
Mürşüd
Mən buradan çıxıb gedə də bilərəm.
İnci
Öz işinizdir.
Mürşüd
Əlvida! (Çıxa-çıxa öz-özünə deyir) Heç dəxli var? (Məktubdan oxuyur) “Gəl barışaq, daha mən dözə bilmirəm...” Heç dəxli var? Özü məktub yazıb, özü də fors eləyir. (Çıxır)
İnci (məktubdan oxuyur, öz-özünə deyir)
“Gəl barışaq, daha mən dözə bilmirəm...” Çox lazımdır.
İnci çıxır. Sadıq saatına baxa-baxa darıxmış halda gəlib böyük pilləkənlərin qabağında gəzişir. Gülər əlində məktub içəri girir. Sadığı görüb məktubu gizlədir.
Sadıq
Gülər!
Gülər
Deməli, hicran dərdi?
Sadıq
Bəli, hicran dərdi.
Gülər
Bəs o məsələ necə olsun? Sözünün üstündə durursan, yoxsa peşman olmusan?
Sadıq
Razıyam. Öz adıma evimizdə uşaq bağçası açacağam.
Gülər
Elə isə yaxın gəl.
Sadıq
Gəl deyirsən, gəlim də. Niyə gəlmirəm ki? Bunu çoxdan eləyəydin də, ay insafsız!
Gülər
Guya, sən özün çox insaflısan?
Sadıq
Oynayırsan, gəl, bir az fırlanaq.
Gülər
Nə sözüm var ki, fırlanaq da. Hava sümüyümə düşməsəydi, səninlə oynamazdım.
Süzə-süzə çıxırlar. Mirzə Qərənfil, Bərbərzadə, Maral gəlirlər.
Mirzə Qərənfil
Sizi mən cani-dildən təbrik eləyirəm. Mən sizin üçün əlləşməkdən yorulmuşam. Siz də gərək mənim üçün əlləşəsiniz.
Bərbərzadə
Əlbəttə, Mirzə Qərənfil. Biz sənə ömrümüz uzunu borcluyuq.
Maral
Elə onun üçündür ki, sənin xatirinə, biz Sənubəri yerli komitə tərəfindən bir otaqla mükafatlandırmışıq.
Mirzə Qərənfil
Necə? Sənubərə otaq? Maral xanım, sən bunu rəsmi deyirsən, qeyri-rəsmi?
Maral
Lap rəsmi!
Bərbərzadə
Rəsmidən də bir az o yana.
Mirzə Qərənfil
Deməli, mükafat?
Maral
Bəli, mükafat!
Mirzə Qərənfil
Demək otaq?
Bərbərzadə
Bəli, otaq!
Mirzə Qərənfil
Onda, elə isə bağışlayın. Mən bir az tələsirəm. (Tələsik çıxır)
Bərbərzadə
Tutdu.
Maral
Tutdu da sözdür! Gör indi nə olacaq!
Çıxırlar. Mirzə Qərənfil Sənubəri çəkərək içəri gətirir.
Sənubər
Məni hara aparırsan, Mirzə Qərənfil?
Mirzə Qərənfil
Mirzə Qərənfil sənə fəda olsun dəstəsilə. Ey mənim laçınım!
Sənubər
Nə oldu, fikrini dəyişdin?
Mirzə Qərənfil
Mən bayaq səninlə zarafat eləyirdim. Axı, küsəndən sonra barışmağın ayrı hüsnü var.
Sənubər
Demək sevirsən?
Mirzə Qərənfil
Göydə! O da sözdür? Bəs sən necə, sevirsən?
Sənubər
Mirəm.
Mirzə Qərənfil
Hə, bu olmadı. Ürəyimi sındırma, mənim bildirçinim, gəl görək.
Nəsirov, Bərbərzadə və Maral içəri girirlər. Mirzə Qərənfilin sözü yarımçıq qalır.
Nəsirov
Daha siz ən çox qonaqlar ilə məşğul olun. Mirzə Qərənfil kimi xəlvətə çəkilməyin. (Mirzə Qərənfilə) Nə var, özündə deyilsən?
Mirzə Qərənfil
Evlənirəm, yoldaş Nəsirov.
Nəsirov
Yenə? Kimi alırsan? Gizlindir, yoxsa bilmək olar?
Mirzə Qərənfil
Bilmək olar, niyə olmur? Sənubər xanımı.
Sənubər hirslə bir tərəfə çəkilir.
Nəsirov
Aha, bizim Sənubəri? Bəs otaq məsələsi necə, düzəldi?
Mirzə Qərənfil
Düzəldi, yoldaş Nəsirov, yerli komitə mükafat olaraq, Sənubər xanıma otaq düzəldib, hələlik orda yaşayacağıq.
Maral
Bıy, yazıq dəli olub ha... Biz Sənubəri istirahət evində bir aylıq istirahət otağı ilə mükafatlandırmışıq.
Mirzə Qərənfil
Nə? İstirahət evində?
Maral
Bəli, bəs necə?
Mirzə Qərənfil
Mənim evim yıxıldı, yoldaş Nəsirov!
Nəsirov
Mirzə Qərənfil, deməli, sən otağı sevirdin, Sənubəri yox?
Mirzə Qərənfil
Yoldaş Nəsirov!
Nəsirov
Etiraz eləmə, Qərənfil, sən pozğun adamsan.
Mirzə Qərənfil
Necə? Mən Mirzə Qərənfil – pozğun? Yox, yoldaş Nəsirov, qətiyyən düz demirsiniz. Məhəbbətdə, sədaqət məsələsində mənim qabağıma çıxan olmaz. (Sənubərə) Bura gəl, mənim qaranquşum. (Sənubərin qolundan tutmaq istəyir)
Sənubər
Çəkil, əlin mənə dəyməsin.
Mirzə Qərənfil
Yaxşı, yaxşı, gəl, incimə, mənim kəkliyim!
Sənubər
Kəkliyi ürəyində saxla yoxsa, ayrı arvadları oxşatmaq üçün quş tapmazsan. Cüvəllağı!
Mirzə Qərənfil
Görürsünüz, yoldaş Nəsirov? Bu da sizin təriflədiyiniz Sənubər!
Sənubər
Mirzə Qərənfil!
Mirzə Qərənfil
Mirzə Qərənfil sənə fəda olsun dəstəsilə. Buyur, mənim durnam.
Sənubər
“Səndən mənə yar olmaz” havasını bilirsən?
Mirzə Qərənfil
Bilirəm, niyə bilmirəm ki?
Sənubər
O havanı oxuya-oxuya get!
Hamı gülür, Mirzə Qərənfil pərt olur.
Bərbərzadə
Hə, Mirzə Qərənfil, sevgi quyusunun kankanı sən özünsənmiş.
Mirzə Qərənfil
Yoldaş Nəsirov!
Nəsirov
Daha sənə Nəsirov neyləsin? Sən həyatda kələfin ucunu itirmisən. Elə bir vəziyyətdə qalmısan ki, hamı səni artıq pozğun bir adam hesab eləyir. Halbuki özünü düzəldə bilərsən! Çirkin işlərdən, çirkin həyatdan əl çək, savadını artır.
Mirzə Qərənfil
Yoldaş Nəsirov!
Nəsirov
Bir kəlmə də danışmaq lazım deyil. Sənubər, sən yaxşı qızsan, amma bir az meşşanxasiyyətsən. Oxumağa get, mən sənin üçün otaq düzəltmişəm. Ərizə vermişdin, cavabı gəlib, bu günlərdə otaq verəcəklər, ananla bir yerdə orada yaşayarsan, bildin?
Sənubər
Baş üstə, yoldaş Nəsirov!
Nəsirov
Daha buralarda toplaşıb durmayın, qonaqların yanına gedin.
Hamı çıxır, Mirzə Qərənfil tək qalır.
Mirzə Qərənfil (tək)
Bəli, həyatda birinci dəfədir ki, məni utandırdılar. Sənubər əldən çıxdı, otaq əldən çıxdı, hörmət əldən çıxdı. Ortada qaldı quru bir adım. Qərənfil! O da ki, solub getdi.
Mirzə Qərənfil gedir. Gülər və Sadıq səhnəyə çıxırlar.
Gülər
Demək, daha bir də keçmiş söhbətlər təkrar olunmayacaq?
Sadıq
O söhbətlər qurtardı, Gülər, mən, doğrusu, elə birinci gecədən peşman olmuşdum, üzə vurmurdum.
Gülər
Bəs nə üçün bu barədə bir kəlmə İnciyə demirdin?
Sadıq
Necə demirdim? Eşidəndə ki, Mürşüdün arvadı sənin rəfiqəndir, ürəyimdə dedim ki, arxayın ol, Sadıq, işlər düzəldi. İnci bacıya nə vaxt rast gəlirdimsə səndən söhbət salırdım.
Gülər
Bəs bu xəbərlər niyə mənə çatmırdı?
Sadıq
Deməli, inanmırsan? Mən bu saat onu tapıb şahid göstərərəm.
Gülər
Lazım deyil, inanıram, yəqin elədir.
Sadıq
Yox, Gülər, mən bundan sonra şahidsiz-sübutsuz iş görməyəcəyəm, bir də səndən ayrılmalı halım yoxdur. Bircə dəqiqə səbir elə. Onu tapıb bura gətirim.
Sadıq çıxır. Mürşüd içəri girir.
Mürşüd
Aha, Gülər xanım, sizi axtarırdım, bu İnci inanmır ki, mən sizinlə danışanda peşman olduğumu demişəm.
Gülər
İnci nahaq iş görür. Daha elə sözlərin yeri yoxdur, köhnəni unutmaq lazımdır, hanı o?
Mürşüd
Budur burada, yenə qaşqabağını sallayıb.
Gülər
Eybi yoxdur, mən bu saat onun qaşqabağını açaram.
Çıxırlar. İnci ilə Sadıq içəri girirlər.
İnci
Gülərə şahid lazımdır? Zənn eləmirəm, Gülər sizi o qədər sevir ki, bütün sözlərinizə şahidsiz-sübutsuz inanar.
Sadıq
Budur, özünüz danışın. Bəs necə oldu?
Mürşüd ilə Gülər içəri girirlər.
Sadıq
Budur, özü gəldi.
İnci
Gülər!
Gülər
İnci, barışdın? Təbrik eləyirəm. Daha qaşqabağını niyə sallamısan?
İnci
Mən? Əksinə, deyirlər sən şahid-sübut axtarırsan?
Gülər
Heç bir şahid lazım deyil, mən öz Sadığıma inanıram.
İnci
Mən də Mürşüdə. Mürşüdsüz mənim bir dəqiqəm olmasın.
Mürşüd (Sadığa)
Eşitdin?
Sadıq
Bəs sən necə? Sən də eşitdin? Təbrik eləyirəm!
Mürşüd
Məhv olsun subaylıq!
Sadıq
Olsun, razıyam.
Mürşüd (İnciyə)
Arvad, bu gecə beş yerə bilet almışam, teatra, kinoya...
İnci
Mənə daha bilet lazım deyil. Bəs biz harada oturacağıq? Yerimiz haradadır?
Sadıq
Birinci sıra, birinci yer.
Mürşüd
Sizdən qabaqda heç kəs oturmayacaq.
Sadıq
Di gəlin gedək, Gülər xanım, buyurun!
Getmək istədikdə, Usta Segah içəri girir.
Usta Segah
Deməli, barışdınız? Sizi bir yerdə görmək bilirsiniz mənim bu qoca ürəyimi nə qədər cavanlaşdırır?
Sadıq
Usta, gəl bir bizim yoldaşlarımızla tanış ol.
Usta Segah
Böyük həvəs və şadlıqla. (İnci və Gülərlə görüşür) Bir az qoca olduğuma baxmayın, əlimdən bu cür cavan binalar çıxır.
Nəsirov və qeyriləri içəri girirlər.
Mürşüd (Sadığa)
Nəsirova de ki, barışmışıq.
Sadıq (Nəsirova)
Bir sözümüz var, yoldaş Nəsirov!
Nəsirov
Sözü mən deyəcəyəm. (Hamının yığıldığını görüb mitinqi açır) Yoldaşlar! Biz bu istirahət evini vaxtından iki ay qabaq qurtarmışıq. İşçilərimiz, staxanovçularımız, mühəndis və texniklərimiz alqışa layiqdirlər. Ancaq mühəndislərimizin bəzilərində iş məhəbbəti olduğu kimi ailə məhəbbəti nədənsə...
Sadıq
Yoldaş Nəsirov, biz hazırıq.
İkisi də barışdıqlarına işarə edirlər.
Nəsirov
Hə, çox gözəl. Məsələ aydındır. Deməli, bunlarda iş məhəbbəti də vardır, ailə məhəbbəti də, yoldaşlar! Binamız texnikanın son tələbinə uyğun olaraq tikilmişdir. Buna siz özünüz də şahid olacaqsınız. Buyurun, şərəfli əməkdən sonra burada istirahət edin! Biz isə yeni sahələrdə, yeni tikintilərdə məşğul olacağıq.
Lenti kəsir, qapılar açılır, hamı istirahət evinə daxil olur.
Pərdə
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-xosbextler-dorduncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Gülüş qrim eləyirdi. Həyəcandan elə qızarmışdı ki, üzünü pudra ilə ağartmağa çalışırdı. Ona qədər bu rolda çıxış eləyən bütün aktrisalar qrim zamanı çalışırdılar ki, yanaqlarını qızartsınlar, gözlərinin ətrafındakı qırışları ört-basdır eləsinlər, səhnədə rola uyğun olaraq gənc görünsünlər. Amma Gülüş onsuz da gənc idi, çox gənc idi və bu rol onun ilk böyük rolu idi. O çalışırdı ki, qrim vasitəsilə özünü bir az yaşlı eləsin, səhnədə çox uşaq görünməsin.İki ay idi məşq eləyirdilər. Gülüş rola da, partnorlara da adət eləmişdi, baxış tamaşası kimi ən çətin imtahandan çıxmışdı, nazirliyin nümayəndələri, komissiya üzvləri onun oyununu xoşlamışdılar. Hətta onların içərisində xoş söz deməyə xəsislik edən, başı daz bir tənqidçi belə, başqalarının haqqında çox acı sözlər dediyi halda Gülüşü tərifləmişdi. Aktrisalar deyirdilər ki, bu tarixi bir hadisədir, o tənqidçinin ki, səni tərifləməyə dili tərpənib, deməli həqiqətən yaxşı oynayırsan.
Hər ürəkdə sevgi varSəlimin gözü saata sataşan kimi dik yerindən qalxdı, açıq pəncərədən əyilib küçəyə baxdı. Bənövşəni görməyib həyəcanla otaqda gəzinməyə başladı. Saat on ikidə gedib, indi saat üçdür. Hardadır, niyə gəlmədi? Gedəndə dedi ki, yarım saata gəlirəm. Bəs nə oldu. Üç saatdan artıqdır, bəlkə bir bədbəxtlik üz verib, bəlkə maşın altında qalıb? Onun gözləri qarşısında elə dəhşətli mənzərə canlandı ki, düşüncəsini qırdı, tələsik geyinməyə başladı. O qədər tələsirdi ki, nə geyindiyini, necə geyindiyini bilmirdi. Qapıdan çıxanda gördüm ki, başı açıqdır. Qayıdıb şapkasını götürdü. Paltosunu pillələrdən düşə-düşə geydi. Küçəyə çıxanda birdən dayandı. Hansı tərəfə getsin, sağamı, solamı burulsun. Ümumiyyətlə hara gedəcəyini, Bənövşəni harda axtaracağını bilmirdi. Əvvəlcə tindəki mağazaya getdi. Mağaza adamla dolu idi. Səlim ha göz gəzdirdisə, Bənövşəni o adamların arasında görmədi. Mağazadan çıxıb yaxındakı çörək dükanına girdi. Hərçənd Bənövşə çörək almağa getməmişdi, şəkər alıb yarım saata qayıdacaqdı, ancaq bəlkə təzə çörək almaq istəyir, – deyə yaxındakı çörək dükanına girdi. Çörək dükanında adam az idi və Bənövşə də burada yox idi. Odur ki, Səlim yubanmayıb küçəyə çıxdı. Dayanıb, düşünməyə başladı. Elə bu vaxt ətrafına çoxlu adam toplanmış bir təcili yardım maşını onun nəzərini cəlb elədi. Səlimin ürəyi titrədi, qıçları əsdi, əvvəlcə ha çalışdısa, yerindən tərpənə bilmədi. Sonra bir təhər özünü ələ alıb, sürətlə dəstəyə yaxınlaşdı. Elə bu vaxt təcili yardım maşını yola düşüb getdi. Səlim titrək səslə ətrafdakı adamlardan soruşdu:– Nə olmuşdu, kim idi?
Cavanlaşmaq dərmanıAğaəmi kişi səhər gözlərini açan kimi arvadını çağırdı:– Zərintac, Zərintac!
Tükəzban xalanın məktəbiTərbiyə hekayələri silsiləsindən*Günlərin bir günündə Tükəzban xala xəstələndi və Yaşar qaldı ortada. Zakir ilə Mina başlarını itirdilər. Uşağı neyləsinlər, harda qoysunlar? Axırda qərara gəldilər ki, elə günü bu gün uşağı bağçaya aparsınlar, canları qurtarsın. Bu vaxta kimi yanlarında bağça adı çəkmək olmurdu. Nədənsə onlara elə gəlirdi ki, bağça uşağı xarab eləyir, tərbiyəsini pozur, orda onun geyiminə, yeməyinə baxan olmayacaq və ilax... Bu yeni fikirlər onları hər zaman narahat eləyirdi. İndi artıq əlac yox idi. Qocalığına baxmayaraq sap-sağlam olan Tükəzban xala birdən-birə qrip olmuşdu, bu xəstəliyin Yaşara sirayət eləməsi qorxulu idi, ona görə də uşağı tələsik bağçaya düzəltmək daha əlverişli idi. Heç olmasa bir neçə günlüyə. Bir neçə günə uşağın tərbiyəsi pozulmayacaqdı ki?..
Poems by other poets
Nə əcəb dovlət imiş seyri-şikari-Qarabağ,Nə gozəl nemət imiş sohbəti-yari-Qarabağ.
Müstəzad: İki salma boylu yarı sevmişəmİki salma boylu yarı sevmişəm,Birisi pəridir, birisi mələk,
AçıldıƏqlim başdan getdi, xiyalım çaşdı,Giriban çak oldu, bellər açıldı,
Ay ağa səniƏrş üzündə pərvaz edən buludlar,Gözlərim oxşatdı ay ağa səni.