Üçüncü pərdə
Page 2 of 3 · 33%
Bərbərzadə
Görərik.
Hərəsi bir tərəfə gedir. Mirzə Qərənfil ilə Sənubər içəri girirlər.
Mirzə Qərənfil (son dərəcə həyəcanlı)
Özü sənə dedi ki, qonaqlarım var?
Sənubər
Dedi.
Mirzə Qərənfil
Dedi arvadlarını boşayıb gəlib bizdə qalırlar?
Sənubər
Dedi.
Mirzə Qərənfil
Bəs sənin ürəyin getmədi?
Sənubər
Getmədi...
Mirzə Qərənfil
Nahaq. O yerdə gərək sən tirtap uzanaydın və çığıraydın ki, amandır, yoldaş Bərbərzadə, mühəndislər, bir hiylə ilə otağı əlimdən almaq istəyirlər.
Sənubər
Axı bundan nə çıxar, Mirzə Qərənfil?
Mirzə Qərənfil
Bədbəxt Mirzə Qərənfil sancılsın sənin yaxandan.
Sənubər
Bəs nə üçün bədbəxt?
Mirzə Qərənfil
Çünki bütün işlər korlanıb. İndi gərək mən düşüm Mürşüd ilə Sadığı arvadları ilə barışdırmağa ki, onlar oradan təşrif aparsınlar öz evlərinə. Burada mənim işim oldu iki smena. Buna can davam eləyər?
Sənubər (naz ilə)
Mirzə Qərənfil!
Mirzə Qərənfil
Əzilmək vaxtı deyil, mənim bildirçinim! Sən get Bərbərzadəni tap, de ki, mən onu axtarıram.
Sənubər
Sonra?
Mirzə Qərənfil
Sonra heç nə. Onu tap, mənim yanıma göndər, görüm bu nə əhvalatdır.
Sənubər
Görüşənə qədər. (Çıxır)
Mirzə Qərənfil (tək, öz-özünə)
Bunlar da arvadlarını boşamağa vaxt tapdılar. Yaxşı, tutaq ki, arvadları ilə barışdılar. Otaq boşaldı. Bərbərzadəni birtəhər tovlayıb otağın ikisini keçirdərik əlimizə. Sonra Sənubəri əkmək asandır. Çox oyan-buyan eləyər, işi verərik məhkəməyə. Otağın biri mənə qalar, biri ona. Gözəl tədbirdir.
Nəsirovun səsi eşidilir. Mirzə Qərənfil cəld səhnədən çıxır. Mürşüd, Sadıq, Nəsirov danışa-danışa gəlirlər.
Nəsirov
Hə, gördünüz ki... Ağlınız başınızda olsaydı, bu cür səhv eləməzdiniz! Usta Segah kimi savadsız bir adam sizin, ali təhsilli mühəndislərin qələtini çıxartmazdı.
Mürşüd
Olur da, yoldaş Nəsirov!
Nəsirov
Gərək olmasın. Biz gün-gündən irəli getməliyik. Bu evi qurtarandan sonra biz bir ali məktəb binası tikməyə başlayacayıq. Görək orada neyləyəcəksiniz. Belə getsə, əlbəttə, yaxşı iş meydana çıxartmaq çətin olacaq. (Getmək istəyir, birdən dayanır). Mənim tapşırıqlarımı yaddan çıxartmayın ha...
Sadıq
Nə tapşırıq?
Nəsirov
Arvad... barışmaq... Yadınıza düşdü?
Mürşüd
Düşdü, yoldaş Nəsirov, düşdü, amma...
Nəsirov
Uzatmayın, məsələni tez qurtarın! (Çıxır)
Mürşüd (onun arxasınca)
Bu nə deyir axı? Bu niyə bizi sıxışdırıb divara? Mən dedim arvaddan ayrılaram, başım cəncəldən qurtarar. Arvad boşamaq özü böyük cəncəl imiş.
Sadıq
Əşi, bir tərəfə baxanda, yoldaş Nəsirov haqlıdır da... Budur, ikimiz də, elə bil, on günün içində on il qocalmışıq. Əvvəlki ruh yüksəkliyi, əvvəlki həvəs yoxdur. Fikrimiz harada isə başqa yerdədir.
Mürşüd
Axı ayrı əlacı yox idi.
Sadıq
Necə yox idi? Lap götürək məni, mənim özümü. Deyən gərək, ay axmaq, nə üçün arvadın sözünə baxmırdın? Uşaq deyir, çox gözəl, razı ol. Ondan yaxşı şey nə var ki? Totux-motux bir gözəl oğlum olacaqdı, onu çılpaqlandırıb alacaqdım qucağıma.
Mürşüd
Uşağı sətəlcəm eləyərsən.
Sadıq
Yayda, istidə. Qucağıma alıb, bax bu cür oxuyardım:
Dədəsi alsın qadasını,
Ellər sevsin balasını.
Hər evdə beş-beş olsun,
Bizim evdə on beş olsun.
O da mənə deyəcəkdir: “dədə”. Pəh, nə qəribə olacaqdı! Mən – dədə?
Mürşüd
Uşaqsız ailənin nə ləzzəti var ki?
Sadıq
Nə bilim, o vaxt mənim başıma bir ağıl qoyan yox idi... O vaxt elə bilirdim ki, ailə mənə manc olur, irəli getməyə qoymur. Ailəsiz xoşbəxt olaram. Halbuki indi başa düşürəm, ailə xoşbəxtliyin ocağı imiş.
Mürşüd
Biri varmış, biri yoxmuş... Nağıl danışırsan? Nə tez peşman olmusan?
Sadıq
Doğrusu, yumşalmışam. Bu gün gəlib desə ki, “barışaq”, gözüyumulu razı olaram.
Mürşüd
Amma mənim heç vecimə də deyil. Özü gəlib xahiş eləsə də barışmaram.
Sadıq
Məsələ onun və ya sənin yalvarmağında deyil ki! Məni düşündürən ayrı məsələdir; biz yenidən ailəmizə qayıtsaq, əvvəlki sevgi yenə də ola bilərmi?
Mürşüd
Mən əminəm ki, sizin məhəbbətiniz əvvəlkindən də artıq olacaq, dərd mənim dərdimdir.
Sadıq
Eh, nə danışırsan? Sənin yoldaşın ipəkdir. Sənin adını onun yanında çəkəndə gözləri yaşarır. Dünyada bir dənə məğlubedilməz qadın varsa, o da bizim Gülərdir. Ah, Gülər, Gülər... Düzü, mənim bütün ümidim açılış gecəsinədir. Bəlkə orada bir növ ilə vəziyyəti düzəldə bildik. Hə, sən nə deyirsən?
Mürşüd
Nə bilim? İstəyirsən mən sənin yoldaşına dəvətnamə verim, gəlsin, barışın.
Sadıq
Aha, yumşaldın, yumşaldın, ürəyin gedir, amma boynuna almağa utanırsan. Dur gedək, Bərbərzadədən iki dəvətnamə alaq, dur.
Usta Segah eyvanda görünür.
Usta Segah
Yoldaş mühəndislər, ikiniz də bura zəhmət çəkin.
Sadıq
Amma bileti nə aldıq! Gəlirik, a kişi!
Onlar çıxırlar. Nəsirov, Bərbərzadə və Mirzə Qərənfil səhnəyə gəlirlər.
Nəsirov
Mirzə Qərənfil, artıq işimizin axırıncı günləridir. Mənim bütün tapşırıqlarım saatı-saatına, dəqiqəsi-dəqiqəsinə hazır olacaqdırmı?
Mirzə Qərənfil
Hər şey hazır olacaq, yoldaş Nəsirov.
Nəsirov
De görüm, parkın bəzənmə planı kimdədir?
Mirzə Qərənfil
Bərbərzadədədir.
Bərbərzadə
Məndə yoxdur, gərək Mirzə Qərənfildə olsun.
Mirzə Qərənfil
Bərbərzadə?! Onu mən sənə verdim.
Bərbərzadə
Xeyr, əstəğfürullah, mən heç o planı görməmişəm.
Nəsirov
Mübahisə kəsilsin! Mirzə Qərənfil, bilmirəm sən mənim köməkçim olub neyləmisən? İşin səhərdən axşama kimi onunla, bununla pıçı-pıçı danışmaqdır. Bu cür işləmək olmaz. De görək, şüarlar hazırdırmı? Müxtəsər.
Mirzə Qərənfil
Müxtəsər, yox.
Nəsirov
Bəs nə hazırdır? Təcili olaraq planı tapıb işə girişin! Yerli komitəni tərpətmək lazımdır. Bu işləri görmək üçün sizə yarım saat vaxt verirəm.
Bərbərzadə
Yerli komitəni heç üç aya tərpətmək olmaz, yoldaş Nəsirov!
Mirzə Qərənfil
Bəli, bəli!
Nəsirov
Yenə hamınızdan yaxşı işləyən Maraldır. Siz “bəli” deyirsiniz, ancaq işinizdə sürət yoxdur. Gəlin bəri.
Çıxırlar. İnci və Gülər gəlirlər.
İnci
Bəs burada heç kəs yoxdur ki!
Gülər
Biz onları haradan tapacağıq?
İnci
Çıxaq gedək, ay qız, mən utanıram.
Gülər
Niyə utanırsan? Mən heç utanıb eləmirəm. Sadığa rast gəlsəm, bilmirəm neyləyəcəyəm. Ondan qulağıma bəzi sözlər gəlir. Deyirlər, gecələr skamyaların üstündə yatır.
İnci
İndi ki, ayrılmısan, nəyinə borcdur? Neyləyir eləsin.
Gülər
Yox, axı... Necə olsa, adam yanır.
İnci
Nə deyirsən de, amma qız ki, bir dəfə ərə getdi, gərək ayrılmaya. Ailədə min söz olar, düz deyirəm, ya yox?
Gülər
Eh, İnci!.. Bilirsən, mən lap uşaqlıqdan bu tərbiyə işlərinə həvəsliyəm. Mənim istədiyim nə idi, sadə bir şey. Övlad. Bir qız, ya da oğlan.
İnci
Oğlan yaxşıdır.
Gülər
Mən qızı çox sevirəm. Mən onu çiçək kimi bəzəyərdim. Amma o daşürəkli məni bu zövqdən məhrum eləmək istəyirdi. Ayrıldım. Yaxşı eləyib ayrıldım. Nə deyirsən?
İnci
Ayrılandan sonra mən sənə nə deyə bilərəm? Əvvəldən soruşsaydın, onda deyərdim ki, ayrılma.
Gülər
Bəs, yaxşı, o məsləhəti özünə niyə eləmədin?
İnci
Arvadların sonrakı ağlı. Nə deyim? Daldan atılan daş topuğa dəyər. O mənə həmişə deyərdi ki, İnci can, qoy bu istirahət evini qurtaraq, sonra gör nə qədər gəzəcəyik. Amma mən: “Yox, elə bu saat, vəssalam”. İndi öz-özümə fikirləşirəm ki, nə olmuşdu? Hara tələsirdin? Eh, Gülər, Gülər, ürəyim elə kövrəlib ki, ayıb olmasaydı, başımı sənin çiyninə qoyub uşaq kimi ağlayardım.
Gülər
Ay qız, ağlama, nə üçün ağlayırsan?
İnci (gözünü silir)
Ağlamıram ki, deyirəm, ağlayardım.
Uzaqdan Usta Segahın “Gülər, a Gülər!” deyə səsi eşidilir.
Gülər
Aha, yenə çağırdı. Ay qız, qulaq as!
İnci
Nə olub, kimi çağırırlar?
Gülər
Bilmirəm, kim isə məndən əl çəkmir. Nə vaxt bura gəlirəmsə: “Gülər, Gülər!” deyib çağırır.
Gülər
Eşitdin?
Yenə Usta Segah “Gülər, Gülər” – deyə səsi eşidilir.
İnci
Qəribə işdir.
Gülər
Mən gedib onu tapacağam. Səs bu tərəfdən gəlir. Sən burada otur, bu saat gəlirəm.
İnci
Ay qız, orada sən kimi tapacaqsan? Getmə!
Gülər (səhnə arxasına)
Dayan, dayan, mən sənə Güləri göstərərəm.
Gülər çıxır. İnci dərin fikrə gedir. Sadıq gəlib keçmək istədikdə, birdən-birə onu görüb dayanır, yaxınlaşır.
Sadıq (çox utancaq)
İnci bacı! Siz çoxdan gəlmisiniz?
İnci (birdən ayılır)
Hə, yox, elə indicə gəlmişəm.
Sadıq
Siz bu gün çox qəmlisiniz.
İnci
Qəm olmasa, adam sevincin qədrini bilməz.
Sadıq
Düzdür. Bizim müəllimimiz həmişə deyərdi ki, soyuq olmasa, adam istini hiss etməz. Sizinçün isti deyil ki?
İnci
Nə üçün soruşursunuz?
Sadıq
Heç, söhbət üçün dedim. Mən, ümumiyyətlə, söhbət eləməyi çox sevirəm. Amma mövzu tapmıram, həmişə söhbət eləyəndə ya istidən danışıram, ya da soyuqdan.
Kitabxana.az · https://kitabxana.az/en/works/sabit-rehman-xosbextler-ucuncu-perde
Use ← → keys to move, R for a random poem
More by this author
Axşam dedikdə adamın gözünün qabağına gəlir: teatrlar, konsertlər, işıqlı bulvarlar, parklar, dost-aşna ilə söhbət, zarafat... Gündüz əgər işdən bir az yorulubsansa, axşam çıx dəniz kənarına, ya da ki, dağüstü parka. Axşam Bakısının böyük ahənglə vuran nəbzini duyduqdan, gənclərin yarpaqların pıçıltısına qarışan gülüşlərini eşitdikdən, Xəzərin sularında çimən gur işıqlarını gördükdən sonra adamda yorğunluq qalar? Bütün bu gözəlliyi yaradan, həyatımızın hər zaman işıqlı olmasını təşkil edən əməkçi insanların əlidir, quran, yaradan əllər...Mən NEP vaxtında Bakıya gəlmişəm. O zaman şəhər belə deyildi. Böyük küçələrdə az-maz işıq görünürdü, kiçiklərdə isə heç yox idi. Xüsusən yuxarı hissədə axşam zil qaranlıq demək idi. Qaranlıq olan kimi o zamankı qarışıq cəmiyyətin bütün xıltı üzə çıxırdı.
Qanlı məktubƏlihüseyn dəm üstündə idi. Günortadan bala-bala vurmağa başlamışdılar. İndi məclisin əsil qaymaq vaxtında durub getməli idi. Çünki bir saatdan sonra tamaşa başlayacaqdı. Əlihüseynin bu günkü rolunun cəmi üç cümləsi vardı: birinci pərdədə deyirdi: “Bəli, cənab”, ikinci pərdədə deyirdi: “Xeyr, cənab”, üçüncü pərdədə deyirdi: “Baş üstə, cənab!” – vəssalam. Əlihüseyn iyirmi ildir teatrda bu cür rollar oynayırdı, yaratdığı obrazların hamısı yumurta kimi bir-birinə oxşayırdı. “Yaratdığı obraz” deyəndə bir az yekə düşür, çünki Əlihüseyn heç nə yaratmırdı. Tamaşadan-tamaşaya yalnız paltarla qrimini dəyişirdi. Bəzən rejissor teatrda olmayanda heç qrim də eləmirdi. Vəziyyətindən son dərəcə razı idi. Əziyyətsiz, zəhmətsiz hər ay maaşını alıb qoyurdu cibinə.İndi, bu saat onun teatra getməyə heç həvəsi yox idi. Müftə bir məclis əlinə düşmüşdü. Bayaqdan üç dəfə Əlihüseynin sağlığına içmişdilər. Yemək də arası kəsilmədən gəlirdi. Səhnədə bir cənaba “bəli, xeyr, baş üstə” demək üçün bu cür məclisi qoyub getmək axmaqlıq olardı. Odur ki, teatrın müdirinə bir məktub yazıb, yağlı cümlələrlə oğlunun güya xəstə olduğunu, ona görə də tamaşaya gələ bilməyəcəyini xəbər verdi.
Darvaza dram cəmiyyətiBizim həvəskarlardan ibarət bir dram cəmiyyətimiz vardı. Mürşüd adında bir oğlan rəhbərimiz idi. Mürşüdün müsbət cəhəti orasında idi ki, yaxşı təşkilatçı idi, həvəskar yığmağı, tamaşaçı toplamağı, paltar tapmağı, dekorasiya qurmağı bacarırdı. Zarafatcıl, üzügülər idi. Xətirli oğlan idi. Heç kəs onun sözündən çıxmırdı. Mənfi cəhəti orasında idi ki, aktyorluğu zəif idi, bir ayağı o birindən qısa idi. Ancaq rəhbər olduğu üçün baş rolları həmişə özü oynayırdı. Böyük bir hazır-cavablıqla da səhnədə öz axsaqlığına məna verməyə çalışırdı. Məsələn, Otellonu oynayanda Yaqoya deyirdi:– Yaqo, Əlcəzair müharibəsində məni qıçımdan yaraladılar, ondan bəridir axsayıram.
İlk tamaşaGülüş qrim eləyirdi. Həyəcandan elə qızarmışdı ki, üzünü pudra ilə ağartmağa çalışırdı. Ona qədər bu rolda çıxış eləyən bütün aktrisalar qrim zamanı çalışırdılar ki, yanaqlarını qızartsınlar, gözlərinin ətrafındakı qırışları ört-basdır eləsinlər, səhnədə rola uyğun olaraq gənc görünsünlər. Amma Gülüş onsuz da gənc idi, çox gənc idi və bu rol onun ilk böyük rolu idi. O çalışırdı ki, qrim vasitəsilə özünü bir az yaşlı eləsin, səhnədə çox uşaq görünməsin.İki ay idi məşq eləyirdilər. Gülüş rola da, partnorlara da adət eləmişdi, baxış tamaşası kimi ən çətin imtahandan çıxmışdı, nazirliyin nümayəndələri, komissiya üzvləri onun oyununu xoşlamışdılar. Hətta onların içərisində xoş söz deməyə xəsislik edən, başı daz bir tənqidçi belə, başqalarının haqqında çox acı sözlər dediyi halda Gülüşü tərifləmişdi. Aktrisalar deyirdilər ki, bu tarixi bir hadisədir, o tənqidçinin ki, səni tərifləməyə dili tərpənib, deməli həqiqətən yaxşı oynayırsan.